Məhkəmə qərarları › İş №2-1(122)-448/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-448/2025

15.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-448/2025 15.08.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X13 Heydər oğlunun sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə, üçüncü şəxs X6, üçüncü şəxs X6 vəkili və nümayəndəsi Vəkil2 və üçüncü şəxs X1 (eyni zamanda üçüncü şəxs X3 nümayəndəsi) iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "X6 adına verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda Babək rayon Gülşənabad kənd ərazisində yerləşən 1006. kv.m torpaq sahəsi və istifadəsinə dair sətirdə X6 istifadəsini istisna edən müvafiq düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X6 adına verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda Babək rayon Gülşənabad kənd ərazisində yerləşən 1006. kv.m torpaq sahəsi və istifadəsinə dair sətirdə X6 istifadəsini istisna edən müvafiq düzəlişin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin 17 yanvar, 22 aprel və 03 iyun 2025-ci il tarixli, 2-1(122)-448/2025 nömrəli qərardadı ilə müvafiq olaraq X10; X7 və X4; Babək rayon Cəhri Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 15 avqust 2025-ci il tarixə təyin olunmuşdur. İddiaçının vəkili, cavabdehin nümayəndəsi və üçüncü şəxs X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə qeyd olunan şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən iddiaçı tərəfə 30 iyul 2025-ci il tarixli yardım məktubu ünvanlanaraq hazırkı iddia tələbinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olduğu, iddiaçının subyektiv hüququnun mövcud olmadığı bildirilərək, iddia tələbinin dəqiqləşdirilməsi və iddianın predmet aidiyyətinin müəyyən edilməsi üçün müddət təyin olunmuşdur. Yuxarıda qeyd olunan hallar məhkəmə iclasında iddiaçı tərəfin diqqətinə bilavasitə çatdırılmışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: -1.1, 1.2, 1.3 və 1.4-cü bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -2.2-ci bəndinə əsasən işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. -3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. -3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. - 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. - 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərti ilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. - 12-ci bəndinə əsasən inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. - 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımi qaydada qaldırılması da aiddir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 nömrəli Qərarının: - 17-ci bəndinə əsasən Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun: - 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır. Torpaq məcəlləsinin: - 73-cü maddəsinin birinci hissəsinə əsasən torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; Məhkəmənin əsaslandırması: İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının hüquqi marağı X6 adına verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda Babək rayon Gülşənabad kənd ərazisində yerləşən 1006. kv.m torpaq sahəsi və istifadəsinə dair sətirdə X6 istifadəsini istisna edən müvafiq düzəlişin edilməsindən, başqa sözlə daşınmaz əmlakın dövlət reyestri xidmətində aparılmış qeydiyyatın 0.1006 ha torpaq sahəsinə münasibətdə qismən ləğv edilməsindən ibarətdir. Məhkəmə icraatı gedişində toplanılmış sübutlardan müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında Naxçıvan MR Babək rayonu, Gülşənabad kəndində 0.1006 ha torpaq sahəsi ünvanında yerləşən, ümumi sahəsi 100.25 kv.m olan qeyri-yaşayış binası İddiaçı tərəfindən arvadı X5 bağışlanılmışdır. xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi” əsasında Gülşənabad kəndində 0.1006 ha torpaq sahəsi ünvanında yerləşən, ümumi sahəsi 100.25 kv.m olan həmin qeyri-yaşayış binası X7 tərəfindən oğlu X2 bağışlanılmışdır. xx.xx.2024-cü il tarixdə isə “Daşınmaz əmlakın alqı-satqı” müqaviləsi əsasında isə qeyd olunan əmlak X4 tərəfindən X8 45000 (qırx beş min) manata satılmışdır. İddiaçı hazırkı iddia tələbini irəli sürərkən mübahisəli torpaq sahəsinin 15 il müddətinə icarəyə verilməsinə dair onunla Payız Bələdiyyəsi arasında bağlanılmış 11 iyul 2013-cü il tarixli qərara istinad etmişdir. Torpaq məcəlləsinin 73-cü maddəsinin birinci hissəsi nəzərdə tutur ki, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə xitam verilir: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-hissəsinin və 75-ci maddəsinin 2-ci hissəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 719.1 və 719.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 iyun 2023-cü il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, ... qüvvədə olan qanunvericilikdə torpaq sahəsi və onun üzərindəki tikiliyə hüquqların müəyyən edilməsi məsələsi iki müxtəlif yanaşmaya əsasən nizamlanır. Birinci yanaşmaya uyğun olaraq, istənilən tikili yerləşdiyi torpaq sahəsinin mühüm tərkib hissəsi sayılır və onlar birlikdə vahid daşınmaz əşyanı təşkil edirlər. Bununla da, superficies solo cedit prinsipinə əsasən onlar vahid mülkiyyət hüququ obyekti olaraq nəzərdən keçirilirlər. Mülki Məcəllənin 135.4-cü maddəsinin üçüncü cümləsinə, 135.10-cu maddəsinə, 190-cı maddəsinə uyğun olaraq, torpaq sahəsi üzərində mülkiyyət hüququ eyni zamanda, həmin sahənin tərkib hissəsinə çevrilən, yəni ondan dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ayrıla bilməyən daşınmaz əşyalar üzərində mülkiyyət hüququnu da əhatə edir və bu səbəbdən onlar birlikdə vahid daşınmaz əşya, vahid mülkiyyət obyekti kimi çıxış edirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmetinə daxil olan əmlaklar daşınmaz əmlakın dövlət reyestrində vahid əmlak kimi qeydiyyata alınmış, iddiaçı tərəfindən vahid əmlak olaraq arvadına bağışlanılmış və sonradan da vahid əmlak kimi yuxarıda qeyd olunan digər müqavilələrin predmeti olmuşdur. Bununla da iddiaçı artıq başqa şəxsə ötürdüyü əmlak barədə subyektiv hüququn sahibi hesab edilə bilməz. Çünki, mübahisəli torpaq sahəsində yerləşən fərdi-müəyyən əşya olan qeyri-yaşayış binası sonradan iddiaçı ilə üçüncü şəxs X7 arasında bağlanmış müqavilə əsasında ona təhvil verildiyindən iddiaçı qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsindən X6 istifadəsini istisna edən şərtlərlə ona verilməsini tələb etmək hüququna malik deyildir. Belə ki, onun bu hüququ qeyri-yaşayış sahəsinin H. Zeynalovaya təhvil verildiyi andan aradan qalxmışdır. Məhkəmə qeyd edir ki, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. İddianın mümkünlüyü ilə bağlı prosessual normanın tələblərinə görə iddiaçı hüquqlarının pozulduğunu əsaslandırdığı halda iddia mümkün sayıla bilər. İddia tələbi mümkünlük şərtlərinə o halda cavab verə bilər ki, iddiaçının mübahisələndirdiyi məsələlər onun üçün hüquqi nəticə yaratmış olsun. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, hazırkı mübahisə predmeti olan əmlak üzrə qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama) əsasında aparıldığından iddia tələbinə daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə mülki məhkəmə icraatı qaydasında baxıla bilər. Həmçinin qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbində qeyd edilən tələb inzibati icraatın predmeti olmadığından qanunla qorunan maraqlarının pozulmasını əsaslandıran hallar mövcud deyil. İddiaçı hüquqlarının məhz cavabdeh inzibati orqan tərəfindən pozulmasını, tələbini nəyə görə cavabdeh kimi qoyduğu həmin quruma qarşı qaldırmasını əsaslandırmamış, hansı hüququnun məhz hansı orqan tərəfindən pozulduğunu sübuta yetirə bilməmişdir. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Çünki, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 13.7-ci maddəsinə əsasən üzərində mülkiyyət hüququ qeydiyyata alınan torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz əmlak obyekti kimi qeydiyyata alınır və İPM-in 35.1-ci maddəsi nəzərdə tutur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı "X6 adına verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışda Babək rayon Gülşənabad kənd ərazisində yerləşən 1006. kv.m torpaq sahəsi və istifadəsinə dair sətirdə X6 istifadəsini istisna edən müvafiq düzəlişin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35, 38.1, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar