Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-45/2023 06.03.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinə qarşı "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin 12 sentyabr 2022-ci il tarixli, 21 nömrəli qərarının ləğv edilməsi və cavabdehin üzərinə onun X4 Avtobazada və Naxçıvan 5 nömrəli Tikinti trestində işlədiyi müddəti ümumi iş stajına daxil etməklə ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının bərpa etməklə 01 sentyabr 2022-ci il tarixdən 01 yanvar 2023-cü ilədək alınmamış pensiyanın ödənilməsi öhdəliyinin qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin üzərinə onun X4 Avtobazada və Naxçıvan 5 nömrəli Tikinti trestində işlədiyi müddəti ümumi iş stajına daxil etməklə ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının bərpa edilməsi və xx.xx.2022-ci il tarixdən bu günədək alınmamış pensiyanın ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, əmək pensiyaçısıdır. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinə təqdim etdiyi ərizə və digər təsdiqedici sənədlər nəzərə alınmaqla “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin pensiya təyin edən komissiyasının xx.xx.2018-ci il tarixli, 19219 nömrəli qərarına əsasən ona İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Lakin sonradan cavabdeh 2022-ci ilin sentyabr ayında ona təyin olunan əlilliyə görə əmək pensiyasının ödənişini dayandırmış və bununla əsaslandırmışdır ki, onun X4 Avtobazada və Naxçıvan 5 nömrəli Tikinti trestində işləməsi ilə bağlı əmək kitabçasında aparılan qeydlərin olmasına baxmayaraq, həmin təşkilatların Dövlət arxivlərinə təhvil verilən sənədlərində adı olmadığı üçün həmin illərin ona sığorta stajı kimi hesablanması qanun xaricindədir. Bu barədə o, dəfələrlə cavabdehə müraciət edərək, əmək kitabçasında olan iş stajları ilə bağlı həmin təşkilatların X8 təhvil verilən sənədlərində adının olmamasının onun günahı olmadığını bildirmişdir. Buna görə ona təyin olunan əmək pensiyasının ləğv edilməsi qanunsuzdur. İddiaçı bir sıra qanunvericilik normalarına istinad edərək qeyd edir ki, əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtlərindən biri müəyyən müddət əmək stajına malik olmaq və buna uyğun olaraq sosial sığorta stajının ödənilməsi və hesablanmasıdır. Cavabdehin ona ünvanlanmış cavablarından görünür ki, onun ümumi sığorta stajı 15 il 8 ay hesablanmışdır. Lakin ərizədə təqdim edilmiş sənədlərdən görünür ki, onun ümumi iş stajı 23 ildən artıqdır. İddiaçı hesab edir ki, bu qanunsuzdur və cavabdehin üzərinə pensiyanın bərpa edilməsi öhdəliyi qoyulmalıdır. İddiaçı yuxarıda göstərilənlərə əsasən İPM-nin 2.2.2, 33 və 73.1-ci maddələrinə əsasən cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin üzərinə onun X4 Avtobazada və Naxçıvan 5 nömrəli Tikinti trestində işlədiyi müddəti ümumi iş stajına daxil etməklə ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının bərpa edilməsi və xx.xx.2022-ci il tarixdən bu günədək alınmamış pensiyanın ödənilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, məhkəmənin 07 dekabr 2022-ci il tarixli, 2-1(122)-317/2022 nömrəli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsi iddiaya qarşı 22 dekabr 2022-ci il tarixli, 02/1799 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxxx 1955-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 31 yanvar 2018-ci il tarixli, 19219 nömrəli qərarına əsasən 10 yanvar 2018-ci il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə müvafiq olaraq İİ dərəcəli əlilliyə görə 126,69 manat məbləğində əmək pensiyası təyin edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsi ilə əlilliyə xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşdırılması kimi anlayış verilmişdir. Şəxsin əlilliklə əlaqədar əmək qabiliyyəti olmayan hesab edilməsi üçün, ilk növbədə, əlillik müəyyən edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 6 mart 2006-cı il tarixli, 377 nömrəli Fərmanına əsasən əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Naxçıvan şəhər Tibbi Sosial Ekspert Komissiyasının 10 yanvar 2018-ci il tarixli, SER RX- 01 seriyalı, 000394 nömrəli rəyinə əsasən İddiaçı ümumi xəstəliklər səbəbindən 01 yanvar 2023-cü il tarixədək ikinci qrup əlillik təyin edilmişdir. İddiaçı əmək kitabçasında olan məlumatlarına əsasən o, 03 may 1973-ci ildən 09 may 1975-ci il tarixədək (2 il 6 gün) hərbi xidmətdə olmuş, 01 noyabr 1972-ci il tarixdən əmək fəaliyyətinə başlayaraq müxtəlif vəzifələrdə işləmiş və onun xx.xx.1980-ci il tarixədək 6 il 8 ay 9 gün iş stajı müəyyən olunmuşdur. İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1999-cu il tarixədək (19 il 8 gün) Naxçıvan 5 nömrəli Tikinti Trestində rəngsaz olaraq, daha sonra isə 3-cü dərəcəli sürücü, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək (1 il 2 ay 21 gün) Müdafiə Nazirliyinin Mülki Müdafiə İdarəsinin Naxçıvan Mülki Müdafiə regional şöbəsində sürücü vəzifəsində işləmişdir. Beləliklə, İddiaçı əmək kitabçasında olan qeydlərə əsasən, onun 26 il 11 ay 8 gün iş stajı vardır. Lakin 1990-cı il tarixdən 1993-cü il tarixədək X4 Avtobazada və 1997-ci il tarixdən 1999-cu il tarixədək Naxçıvan 5 nömrəli Tikinti Trestində işlədiyi dövrlər mübahisəlidir. Belə ki, X9 şöbəsi tərəfindən Fondun Naxçıvan Şəhər İdarəsində pensiya təminatının qanunvericiliyə uyğunluğunun yoxlanılması zamanı vətəndaşın əmək stajını təsdiq edən sənədlərə baxıldıqda məlum olmuşdur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 11 avqust 2022-ci il tarixli, 13/1115 nömrəli arxiv arayışında iddiaçının 1990-cı il tarixdən 1993-cü il tarixədək X4 Avtobazada və 1997-ci il tarixdən 1999-cu il tarixədək Naxçıvan 5 nömrəli Tikinti Trestində işlədiyi illərin əmək haqqı cədvəllərində adına rast gəlinmədiyi halda həmin dövrlər iş stajı kimi əmək pensiyasının hesablanması zamanı nəzərə alınmışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri nəzərdə tutulmuşdur. Həmin Qanunun 12.1-ci maddəsinə uyğun olaraq əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İ qrup əlillərin qanunla tələb edilən sığorta stajına malik olması bu növ pensiyanın təyin edilməsi üçün yetərlidir. İİ və İİİ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə təyin edilir. Qeyd edilməlidir ki, 1992-ci ilin yanvarın 1dən 2006-cı il yanvarın 1-dək sığorta stajının hesablanmasında qanunvericiliklə müəyyən edilmiş qaydada başlıca tələb məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi hesab olunduğundan, həmin dövrlər əmək kitabçasında qeyd olunmaqla bərabər, eyni zamanda, əməkhaqqı alınması haqqında arxiv arayışları ilə də təsdiq olunmalıdır. Ona görə ki, məcburi dövlət sosial sığorta haqqı, şəxslərin almış olduqları əməkhaqqı əsasında ödənilir, yəni əməkhaqqı alınmamış dövr məcburi dövlət sosial sığorta haqqı ödənilməmiş dövr hesab olunur və əmək pensiyası təyinatı zamanı həmin dövrlər sığorta stajına daxil edilmir. Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair qanunvericilik normalarından asılı olaraq sığortaolunanların sığorta stajlarını üç dövrə bölmək mümkündür: əmək haqqına və digər gəlirlərə görə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin tətbiq edilmədiyi 01 yanvar 1992-ci ilə olan dövr: əmək haqqına və digər gəlirlərə görə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin tətbiq edildiyi 01 yanvar 1992-ci ildən 01 yanvar 2006-cı ilə olan dövr: əmək haqqına və digər gəlirlərə görə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin tətbiq edildiyi və həmin ödənişlərin sığortaolunanların fərdi uçot sistemində əks olunduğu 01 yanvar 2006-cı ildən sonrakı dövr. İkinci dövr üzrə sığorta stajının hesablanmasında başlıca tələb qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi sayılır. "Məcburi dövlət sosial sığorta ödəmələri üzrə borcların tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Qanununa əsasən, bir sıra hallarda ödənilməmiş məcburi dövlət sosial sığorta haqları dövlət tərəfindən silinmişdir. Məcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsi həmin haqların ödənilməsini ifadə edir. Lakin əmək haqqının ödənilmədiyi aylar işçinin həmin dövrdə sosial sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərir. Buna görə də məcburi dövlət sosial sığorta ödəmələri üzrə borcların silinməsi əmək haqqının almadığı ayların sığorta stajına daxil olunmasına səbəb olmur və pensiya təyinatı zamanı həmin aylar sığorta stajına daxil edilməməlidir. Beləliklə, iddiaçının 15 il 8 ay sığorta stajının olmasına baxmayaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi əmək pensiyasının minimum məbləğindən (116,27) az olduğu üçün onun pensiya işi 12 sentyabr 2022-ci il tarixli, 21 nömrəli qərara əsasən ləğv edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinə qarşı qaldırdığı iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, 2- 1(122)-45/2023 nömrəli qərardadı ilə iddia tələbi dəyişdirilərək, "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin 12 sentyabr 2022-ci il tarixli, 21 nömrəli qərarının ləğv edilməsi və cavabdehin üzərinə onun X4 Avtobazada və Naxçıvan 5 nömrəli Tikinti trestində işlədiyi müddəti ümumi iş stajına daxil etməklə ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının bərpa etməklə 01 sentyabr 2022-ci il tarixdən bu günədək alınmamış pensiyanın ödənilməsi öhdəliyinin qoyulması tələbi” kimi icraata qəbul edilmişdir. Bundan sonra 09 yanvar 2023-cü il tarixli, 2-1(122)-45/2023 nömrəli sərəncam cavabdehə göndərilərək dəyişdirilmiş iddia tələbinə münasibət bildirilməsi tələb olunmuşdur. Cavabdehin eyni məzmunlu 25 yanvar 2023-cü il tarixli, 02/103 nömrəli yazılı münasibəti (etirazı) həmin tarixdə məhkəməyə daxil olmuşdur. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 08 fevral 2023cü il tarixli, 2-1(122)-45/2023 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək şifahi məhkəmə baxışı iclası 06 mart 2023-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, əlavə olaraq iddia tələbində bugünədək alınmamış pensiya məbləğinin ödənilməsini xahiş etsə də, tələbdə iddia ərizəsi yazılan vaxtın nəzərdə tutulduğunu, əlillik müddətinin 01 yanvar 2023-cü il tarixədək təyin edildiyini, ona görə də iddia tələbində “bugünədək” sözünün “01 yanvar 2023-cü ilədək” kimi oxunmasını, həmçinin məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin nümayəndəsi X7 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı iş materiallarına cavabdehin məktubunu, qərarı, məktubu, arayışı, əmək kitabçasının təsdiq edilmiş surətlərini, qeydiyyat yeri barədə arayışı və şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, ilk növbədə, verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-nin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin 01 dekabr 2022-ci il tarixli, 02/1687 nömrəli məktubdan görünür ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 11 və 13-cü maddələrinə müvafiq olaraq xx.xx.2018-ci il tarixdə hüququnun yarandığı 10 yanvar 2018ci il tarixdən 126.69 manat məbləğində İİ dərəcəli əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Bu Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda, İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti ilə, bu maddədən göstərilən sığorta stajı olduqda təyin edilir. "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Aparatının Audit şöbəsi tərəfindən İdarədə aparılan yoxlama zamanı məlum olmuşdur ki, X6 verilən 11 avqust 2022-ci il tarixli, 13/1115 №-li arxiv arayışında onun X4 Avtobazada işlədiyi 1990-1993 və Naxçıvan 5 №-li Tikinti trestində işlədiyi 1997-1999-cu illərin əmək haqqı cədvəllərində adına rast gəlinmədiyi göstərildiyi halda həmin dövrlər iş stajı kimi əmək pensiyasının hesablanması zamanı nəzərə alınmışdır. xx.xx.2006-cı il tarixədək sığorta stajına əsasən formalaşan pensiya kapitalı ilə fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi əmək pensiyasının minimum məbləğindən (116.27) az olduğu üçün pensiya işi xx.xx.2022-ci il tarixli 21 nömrəli qərara əsasən ləğv edilmişdir. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin əmək pensiyası təyin edən komissiyasının 12 sentyabr 2022-ci il tarixli, 21 nömrəli qərarından görünür ki, vətəndaş İddiaçı tələb olunan 15 il 8 ay sığorta stajı olmasına baxmayaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğu üçün vətəndaşa həmin maddənin müddəalarına zidd olaraq pensiya təyinatı aparıldığından xx.xx.1955-ci il tarixdə anadan olmuş, ünvan 2 ünvanında yaşayan İddiaçı xx.xx.2018-ci il tarixdə 19219 nömrəli qərara əsasən İİ dərəcəli əlilliyə görə, qanunsuz olaraq, təyin edilmiş əmək pensiyasının ləğv edilməsi və xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilmiş 11779 manat 41 qəpik məbləğində pul vəsaitinin Fondun Şəhər İdarəsinin yığım hesabına geri qaytarılması qərara alınmışdır. - 01 noyabr 1972-ci il tarixli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1972-xx.xx.1973-cü il tarixədək 2 nömrəli Mənzil İstismar İdarəsində rəngsaz, xx.xx.1973-xx.xx.1975-ci il tarixədək hərbi xidmətdə olmuş, xx.xx.1975-xx.xx.1976-cı il tarixədək fəhlə, xx.xx.1976-xx.xx.1976-cı il tarixədək İİ dərəcəli fəhlə, xx.xx.1976xx.xx.1976-cı il tarixədək İİ dərəcəli çilingər, xx.xx.1976--ci il tarixədək İV dərəcəli molyar, xx.xx.1977-xx.xx.1977-ci il tarixədək İİ dərəcəli molyar, xx.xx.1978-xx.xx.1978-ci il tarixədək Vİ dərəcəli rəngsaz, xx.xx.1978-xx.xx.1979-cu il tarixədək tikinti idarəsində İV dərəcəli molyar, xx.xx.1979-xx.xx.1980-ci il tarixədək İV dərəcəli molyar, xx.xx.1980-ci il tarixədək Vİ dərəcəli rəngsaz, xx.xx.1981-ci il tarixədək İİİ dərəcəli sürücü, xx.xx.1981-ci il tarixədək İİİ dərəcəli tokolojnik, xx.xx.1982-ci il tarixədək əvəzedici sürücü, xx.xx.1983-cü il tarixədək Vİ dərəcəli molyar, xx.xx.1983-cü il tarixdən xx.xx.1997-ci il tarixədək İİİ dərəcəli sürücü, xx.xx.1999-xx.xx.2000-ci il tarixədək Naxçıvan mülki müdafiə idarəsində sürücü vəzifəsində işləmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 11 avqust 2022-ci il tarixli, 13/1115 nömrəli arayışdan görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan X1 sənədlərinə baxdıqda müəyyən olundu ki. İddiaçı xx.xx.1980-ci il tarixli, 61 "k" №-li əmrlə Vİ dərəcəli "rəngsaz" qəbul edilmiş, xx.xx.1981-ci il tarixli, 89 "k №-li əmrlə İİİ dərəcəli sürücü keçirilmiş, 18.12 1981-ci il tarixli, 182 “k” №-li əmrlə Avtokran briqadasına İİİ dərəcəli “tokolojnik” keçirilmiş, xx.xx.1982-ci il tarixli, 143 “k” №-li əmrlə əvəzedici “sürücü” keçirilmişdir. 1983-cü ilə dair əmr kitabları avqust-dekabr aylarından başladığına görə işini dəyişməsi barədə hər hansı bir əmrə rast gəlinmədi. Lakin xx.xx.1983-cü il tarixli, 136 “k” №-li əmrlə "sürücü" vəzifəsində çalışması və növbəti əmək məzuniyyəti bitdiyi üçün işdə hesab olunması, xx.xx.1990-cı il tarixli, 11 L №-li əmrlə ona həvalə olunmuş avtomaşının mühərriki sıradan çıxdığına görə xx.xx.1990-cı il tarixdən tarifin ödənilməsi, xx.xx.1991-ci il tarixli, 113 "k" №-li əmrlə "sürücü" vəzifəsində çalışması və əmək məzuniyyəti bitdiyi üçün işdə hesab olunması, xx.xx.1992-ci il tarixli, 24 "k" №-li əmrlə İV dərəcəli "çilingər" vəzifəsinə təyin edilməsi, xx.xx.1997-ci il tarixli, 05 L №-li əmrlə X2 ləğv olunduğu üçün köçürmə yolu ilə Naxçıvan Mexanizasiya və Avtonəqliyyat Müəssisəsinə göstərilən vəzifələrə təyin edilən işçilər siyahısında vəzifəsinin İİİ dərəcəli “sürücü” olaraq qeyd olunması, xx.xx.1999-cu il tarixli, 131 “k” №-li əmrlə işdən azad olunması əmr kitablarında göstərilmişdir. Arayışın qeyd hissəsində X1 əmr və əməkhaqqı kitabları 1993-cü ilə qədər olduğu və 1993-cü ilə dair əmr kitabında adının göstərilmədiyi, 1994-1997-ci illərə dair sənədlərin Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyi, 1990- 1993-cü illərə dair əməkhaqqı cədvəllərində də adına rast gəlinmədiyi, Naxçıvan 5 №-li Tikinti trestinin İxtisaslaşdırılmış Mexanizasiya və Avtomobil müəssisəsinin 1997-1999-cu illərə dair əməkhaqqı cədvəllərində adına rast gəlinmədiyi qeyd edilmişdir. - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxx 1955-ci il tarixdə ünvan 3 ünvanında yaşayır. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05 dekabr 2022-ci il tarixli, 2014 nömrəli arayışdan görünür ki, Qarayev X5 şəhəri, Şaxtaxtinski, ev 28 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş: - Fondun Naxçıvan şəhər idarəsi tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı pensiya işinin materiallarında olan: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 31 yanvar 2018-ci il tarixli, 19219 nömrəli qərarına əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinə müvafiq olaraq İİ qrup əlilliyə görə xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək hər ay 126.69 manat olmaqla pensiya təyin edilmişdir. - İddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinə ünvanlanan 29 yanvar 2018-ci il tarixli ərizədən görünür ki, İddiaçı ona əlilliyə görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsi tərəfindən verilmiş 19 yanvar 2018-ci il tarixli, 39 nömrəli arayışdan görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1975-ci il tarixədək SSRİ Silahlı Qüvvələrində əsgər qismində müddətli həqiqi hərbi xidmət keçmişdir. - Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasının 10 yanvar 2018-ci il tarixli, 17 nömrəli müayinə qərarından görünür ki, İddiaçı 5 il müddətinə ilkin olaraq ümumi səbəblərə görə İİ qrup əlillik dərəcəsi verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naxçıvan Tibbi Sosial Ekspert Komissiyasının SER RX-01 000394 nömrəli TSEK-də müayinə aktından çıxarışdan görünür ki, xx.xx.1955-ci il təvəllüdlü, Naxçıvan şəhəri, Şaxtaxtı 28 ünvanında qeydiyyatda olan İddiaçı ümumi səbəbə görə ikinci qrup əlillik verilmişdir. Əlillik müddəti 01 fevral 2023-cü il tarixədək müəyyən edilmişdir. - “Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanmış 06 fevral 2023-cü il tarixli, 02/43 nömrəli məktubdan görünür ki, İddiaçı işə qəbul olunması, işdən azad olunması, iş dəyişməsi, əmək məzuniyyəti haqqında əmrlərin və əməkhaqqı cədvəllərinin surətləri məhkəməyə göndərilmişdir. Məhkəməyə ünvanlanmış 1991, 1992 və 1993-cü illərin əməkhaqqı cədvəllərinin surətindən görünür ki, İddiaçı həmin illərdə əməkhaqqı almışdır. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən onun pensiyasının ləğv edilməsinə əsas olmuş müvafiq qərarı mübahisələndirərək, həmin qərarın əsası kimi göstərilən 1990-1993-cü və 1997-1999-cu illərdə əməkhaqqı cədvəllərində adının qeyd olunmamasının onun günahı olmadığını bildirərək, pensiyasının bərpa edilməsini tələb edir. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi müvafiq məktublardan və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatdan aydın olur ki, aparılan müvafiq yoxlamalardan sonra X4 Avtobazada 1990-1993 və Naxçıvan 5 №-li Tikinti trestində 1997- 1999-cu illərin əmək haqqı cədvəllərində onun adına rast gəlinməmiş və həmin illərin sosial sığorta stajından çıxıldığından tələb olunan staj ödənilməmiş, buna görə iddiaçının pensiyasının ləğv edilməsi məqsədi ilə müvafiq qərar qəbul edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, Bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən əlilliyi olan şəxslərə əmək pensiyasının təyin edilməsi şərtləri və qaydası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 4.1.2-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası Bu Qanuna uyğun olaraq əmək pensiyasının növlərindən biri kimi müəyyən edilmişdir. - 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. - 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərti ilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti ilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun: - 67-ci maddəsinin 3-cü abzasına əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. - 67-ci maddəsinin 8-ci abzasına əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 5.3-cü bəndinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsi nəzərə alınaraq, əlilliyə görə əmək pensiyasının təyin edilməsi zamanı əmək qabiliyyətli yaş dövrü şəxsin 15 yaşından etibarən hesablanır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx xxxxx 1955-ci ildə anadan olmuş, 1972-ci ildən əmək fəaliyyətinə başlamış, 1973-1975-ci illərdə hərbi xidmət keçmiş, 1975-ci ildən başlayaraq əmək fəaliyyətini davam etdirmişdir. İddiaçı 31 yanvar 2018-ci il tarixli, 19219 nömrəli qərara əsasən 10 yanvar 2018-ci il tarixdən 01 yanvar 2023-cü il tarixədək İİ qrup əlilliyə görə pensiya təyin edilmişdir. Pensiya təyin edilərkən iddiaçının 26 il 11 ay 8 gün sosial sığorta stajının olması müəyyən edilmiş və ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.13-cü maddəsinə əsasən pensiya təyin edilmişdir. Sonradan 12 sentyabr 2022-ci il tarixli, 21 nömrəli qərar qəbul edilərək iddiaçının pensiyası ləğv edilmişdir. Qərarın qəbul edilməsinə səbəb iddiaçının X4 Avtobazada 1990-1993 və Naxçıvan 5 №-li Tikinti trestində 1997-1999-cu illərin əmək haqqı cədvəllərində onun adına rast gəlinməməsi, stajının 26 il 11 ay 8 gündən 11 il azalaraq 15 il 8 aya düşməsi, buna görə də qanunvericiliklə tələb olunan minimum sosial sığorta stajının ödənilmədiyi göstərilmişdir. İlk öncə, qeyd olunmalıdır ki, iddiaçının tələbi iki hissədən ibarətdir:
1. "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin 12 sentyabr 2022-ci il tarixli, 21 nömrəli qərarının ləğv edilməsi;
2. cavabdehin üzərinə onun X4 Avtobazada və Naxçıvan 5 nömrəli Tikinti trestində işlədiyi müddəti ümumi iş stajına daxil etməklə ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının bərpa etməklə 01 sentyabr 2022-ci il tarixdən 01 yanvar 2023-cü ilədək alınmamış pensiyanın ödənilməsi öhdəliyinin qoyulması. İddiaçının tələbinin birinci hissəsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının tələbi və hüquqi marağı ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.13-cü maddəsinə əsasən 10 yanvar 2018-ci il tarixdən 01 yanvar 2023-cü il tarixədək İİ qrup əlilliyə görə təyin edilmiş əmək pensiyasının ləğv edilməsinə səbəb olan 12 sentyabr 2022-ci il tarixli, 21 nömrəli qərarın ləğv edilməsidir. Mübahisələndirilən qərarın mahiyyəti iddiaçının X4 Avtobazada 1990-1993 və Naxçıvan 5 №-li Tikinti trestində 1997-1999-cu illərin əmək haqqı cədvəllərində adına rast gəlinmədiyindən həmin illərin sosial sığorta stajından çıxılması ilə bağlıdır. İddiaçının əmək kitabçasındakı qeydlərə əsasən onun pensiya hüququ yaranan günədək 26 il 11 ay 8 gün sığorta stajına malikdir. Cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasında qeyd edilsə də, 1990-cı il tarixdən 1993-cü il tarixədək X4 Avtobazada və 1997-ci il tarixdən 1999-cu il tarixədək Naxçıvan 5 nömrəli Tikinti Trestində işlədiyi illərin əmək haqqı cədvəllərində adına rast gəlinmədiyinə istinad edərək həmin illərin sosial sığorta stajından çıxılması qənaətindədir. Bu hal isə iddiaçının sosial sığorta stajının azadılmasına və qanunvericiliklə iddiaçıya münasibətdə tələb edilən minimum əmək stajı tələbinin ödənilməməsinə səbəb olur. Həmçinin həmin illər sosial sığorta stajından çıxıldığından iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi minimum əmək pensiyası təminatına imkan vermir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əmək kitabçasındakı qeydlər cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Məhkəmə tərəfindən də iddiaçının əmək kitabçasındakı məlumatların mötəbərliyi qəbul edilir. Belə ki, iddiaçının 1990-cı il tarixdən 1993-cü il tarixədək X4 Avtobazada və 1997-ci il tarixdən 1999-cu il tarixədək Naxçıvan 5 nömrəli Tikinti Trestində işlədiyi illərin əmək haqqı cədvəllərində adına rast gəlinməməsi iddiaçının əmək kitabçasındakı həmin dövrə aid qeydlərin mötəbərliyini öz-özlüyündə aradan qaldırmır. Belə ki, cavabdeh tərəfindən iddiaçının sosial sığorta stajı kimi qəbul olunmayan əmək fəaliyyəti dövrü xx.xx.2006-cı ilədək mövcud olduğundan həmin tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun müddəalarının tələblərinə münasibətdə həll edilməli və cavabdehin dəlilləri də həmin Qanunun müddəaları əsasında təhlil olunmalıdır. Çünki “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin ifadə etdiyi hüquqi mövqeyə görə, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimləmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. İddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndi iş stajını sübut edən əsas sənədin əmək kitabçası olduğunu təsbit edirdi. Əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Baxılan işdə iddiaçının əmək kitabçasında, əmək kitabçalarının doldurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Həmçinin cavabdeh inzibati orqan tərəfindən iddiaçının 1991, 1992 və 1993-cü illərdə işlədiyi dövrlərdə əməkhaqqı cədvəllərində adının qeyd olunmadığından həmin illər mübahisələndirilsə də məhkəmənin sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanan sənədlərdən də aydın olur ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən iddiaçının işlədiyi X4 Avtobazada 1990-1993-cü illərin əməkhaqqı cədvəllərində iddiaçının adı qeyd olunmuşdur. Buna görə də cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən arqument əsassız hesab edilir və həmin illər sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının X4 Avtobazada işlədiyi 1990-1993-cü illər, Naxçıvan 5 nömrəli Tikinti Trestində işlədiyi 1997- 1999-cu illərin sosial stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti, ümumiyyətlə, tələb olunmamalıdır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən pensiya hüququ yarandığı tarixədək 26 il 11 ay 8 gün sosial sığorta stajına malikdir. Həmçinin mübahisələndirilən qərarda artıq ödənilmiş 11779 manat 41 qəpik pul məbləğinin qanunvericiliyin tələblərinə uyğun olaraq geri qaytarılması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Hazırkı halda, əmək pensiyaçısının artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Cavabdeh bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə, yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh də bu barədə heç bir dəlil irəli sürmür. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı cavabdeh inzibati orqanın 12 sentyabr 2022-ci il tarixli, 21 nömrəli qərarının ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur, buna görə də iddia tələbi bu hissədə təmin edilməlidir. İddiaçının tələbinin ikinci hissəsinə münasibətdə qeyd edilməlidir ki, tələbin ikinci hissəsinin hüquqi taleyi birinci hissəsinə əsasən həll edildiyindən bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçının pensiyasının ləğv edilməsinə səbəb olan 12 sentyabr 2022-ci il tarixli, 21 nömrəli qərarın ləğv edilməsi iddiaçının pensiyasının bərpa edilməsi deməkdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıya 10 yanvar 2018-ci il tarixli, 19219 nömrəli qərar əsasında təyin edilmiş pensiyanın bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. - 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. - 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qanunvericiliyin tələbinə əsasən inzibati orqan tərəfindən inzibati akt qəbul edilərkən işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar əsasında və inzibati icraat zamanı əldə edilmiş sübutlara istinad edilməklə yazılı şəkildə əsaslandırılması nəzərdə tutulsa da, mübahisələndirilən qərar qəbul edilərkən qeyd olunan tələbə əməl edilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş mübahisələndirilən inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və dəyişdirilməsini məhkəmədən tələb edə bilər. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin 12 sentyabr 2022-ci il tarixli, 21 nömrəli qərarı ləğv edilməli və cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin üzərinə İddiaçı X4 Avtobazada və Naxçıvan 5 nömrəli Tikinti trestində işlədiyi müddəti ümumi iş stajına daxil etməklə ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının bərpa etməklə 01 sentyabr 2022-ci il tarixdən 01 yanvar 2023-cü ilədək alınmamış pensiyanın ödənilməsi öhdəliyi qoyulmalıdır. Nəticəvi hissə:
Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 68, 69, 70, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilir. "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin 12 sentyabr 2022-ci il tarixli, 21 nömrəli qərarı ləğv edilir. Cavabdeh Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin üzərinə İddiaçı X4 Avtobazada və Naxçıvan 5 nömrəli Tikinti trestində işlədiyi müddəti ümumi iş stajına daxil etməklə ona təyin edilmiş əlilliyə görə əmək pensiyasının bərpa etməklə 01 sentyabr 2022-ci il tarixdən 01 yanvar 2023-cü ilədək alınmamış pensiyanın ödənilməsi öhdəliyi qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
SƏDRLİK EDƏN: HİCRAN MURADOV