Məhkəmə qərarları › İş №2-1(122)-45/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-45/2024

23.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-45/2024 23.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X7 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı və cavabdeh Şərur Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı “2016, 2017, 2021, 2022-ci illər üzrə ona ödənilməli olan kirayə pullarının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2016, 2017, 2021, 2022-ci illər və 2023-cü ilin əvvəlindən hazırki dövrədək olan müddət ərzində almadığı kirayə pullarının ona ödənilməsi öhdəliyinin cavabdeh Şərur Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, uzun müddət Azərbaycan Respublikası Silahlı Qüvvələrində 22 (iyirmi iki) il xidmət etmişdir. Öz arzusu ilə əlaqədar olaraq xx.xx.2015-ci il tarixdə ehtiyata buraxılmışdır. 2016-cı ilin yanvar ayında kirayə pulu xərcələrinin ödənilməsi ilə bağlı Şərur Rayon İcra Hakimiyyətinə lazımi sənədləri təqdim etmişdir. Lakin Şərur Rayon İcra Hakimiyyətindən ona kirayə pulu ödənişi verilməsi barədə heç bir cavab verilməmişdir. 2017-ci ilin əvvəlində sənədləri yenidən toplayaraq Şərur Rayon İcra Hakimiyyətinə təqdim etmişdir. Ondan sonra Şərur Rayon İcra Hakimiyyəti tərəfindən ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən 2018-2019 və 2020-ci illəri əhatə edən dövr üçün yaşayış sahəsinin kirayəsi məbləğində hər ay hesablanmaqla qərarda nəzərdə tutulan kompensasiya ödənişləri edilmişdir. Lakin 2016, 2017, 2021, 2022-ci illər və 2023-cü ilin əvvəlindən hazırki dövrədək olan müddət ərzində yaşayış sahəsinin kirayəsi üçün vəsait ona ödənilməmişdir. Şərur Rayon İcra Hakimiyyəti tərəfindən 14 mart 2023-cü il tarixdə verilmiş cavabda Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən verilmiş 31 yanvar 2023-cü il tarixli, 112 nömrəli arayışa əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j ” bəndi ilə (öz arzusu ilə) ehtiyata (istefaya) buraxıldığı, arayışda qeyd olunmuş ehtiyata buraxılma səbəbi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 16 noyabr 2012-ci il tarixli, 94 nömrəli qərarında öz əksini tapmadığına görə həmin vəsaitin ödənilməsi qanuna müvafiq hesab edilməmişdir. İddiaçı göstərilənlərə əsasən 2016, 2017, 2021, 2022-ci illər və 2023-cü ilin əvvəlindən hazırki dövrədək olan müddət ərzində almadığı kirayə pullarının ona ödənilməsi öhdəliyinin cavabdeh Şərur Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 29 sentyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı AR Müdafiə Nazirliyi tərəfindən mənzillə təmin edildiyindən iddia tələbini dəqiqləşdirirərək hazırki iddia tələbinin “2016, 2017, 2021, 2022-ci illər üzrə ona ödənilməli olan kirayə pullarının ödənilməsi öhdəliyinin Şərur Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması”na dair olduğunu bildirib, həmin tələb üzrə qərar qəbul edilməsini xahiş edərək bu barədə yazdığı 29 sentyabr 2023-cü il tarixli ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmənin 29 sentyabr 2023-cü il tarixli, 2-1(122)-454/2023 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Şərur Rayon İcra Hakimiyyəti iddiaya dair məhkəməyə ünvanlanan 11 may 2023-cü il tarixli, 5-23/2-2537/2023 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, vətəndaş İddiaçı 14 mart 2023-cü il tarixdə Şərur Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 16 noyabr 2012-ci il tarixli, 94 nömrəli qərarının 1-ci bəndinə əsasən muxtar respublikada yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş, zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay qərarda nəzərdə tutulmuş müvafiq məbləğlərdə kompensasiya ödənilir. İddiaçı öz arzusu ilə ehtiyata buraxıldığından yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməsi və mənzil növbəsinə alınması mümkün olmamışdır. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 23 yanvar 2024-cü il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Şərur Rayon İcra Hakimiyyəti tərəfindən Şərur rayon Qarahəsənli kənd sakini İddiaçı ünvanlanmış 14 mart 2023-cü il tarixli, 178 nömrəli məktubdan məlum olur ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 16 noyabr 2012-ci il tarixli, 94 nömrəli qərarının 1-ci bəndinə əsasən muxtar respublikada yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş, zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay qərarda nəzərdə tutulmuş müvafiq məbləğlərdə kompensasiya ödənilir. Verilən sorğuya əsasən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Şərur Rayon idarəsi tərəfindən verilmiş 31 yanvar 2023-cü il tarixli, 112 nömrəli arayışdan məlum olmuşdur ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi ilə (öz arzusu ilə) ehtiyata buraxılmışdır. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən bildirilir ki, hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzil və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirilir ki, Kərimov X1 Muxtar Respublikası Nazirlər Kabinetinin 16 noyabr 2012-ci il tarixli, 94 nömrəli qərarının 1-ci bəndi və “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində göstərilən əsaslarla ehtiyata buraxılmadığından, yəni öz arzusu ilə ehtiyata buraxıldığından ona yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilməsi və mənzil növbəsinə alınmağı qanunauyğun deyil. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı xx xxxxx 1976-cı il tarixdə doğulmuşdur. - EZ seriyalı, ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən məlum olur ki, İddiaçı xx.xx.2015-ci ildə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılmışdır. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 3 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 14 mart 2023-cü il tarixli, 732 nömrəli arayışdan görünür ki, ünvan 4 ünvanında yaşayan İddiaçı aşağıdakı ailə üzvləri vardır: X5 - həyat yoldaşı (1980), X3 –qızı (2001), X4 – oğlu (2004). Arayışın qeyd hissəsində İddiaçı və ailə üzvlərinin xx.xx.2021-ci ildə bu ünvanda kirayə yaşadıqları qeyd olunmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 20 iyul 2022-ci il tarixli, 4432 nmrəli məktubdan məlum olur ki, o, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli, 569 nömrəli Fərmanına uyğun olaraq, 1992-1997-ci illərdə Azərbaycan Ordusunda həqiqi hərbi xidmətə başlamış, müvafiq komissiya tərəfindən mənzil növbəsinə qəbul edilmiş hərbi qulluqçuların və ehtiyatda (istefada) olan şəxslərin adlı siyahısında 915-ci sıradadır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 31 may 2023-cü il tarixli, 2141 nömrəli məktubdan aydın olur ki, vətəndaş İddiaçı Azərbaycan Ordusunda qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamış və onun adı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci tarixli, 569 nömrəli Fərmanına əsasən Azərbaycan Ordusunda 20 (iyirmi) təqvim ili və daha çox qüsursuz xidmət etmiş dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına daxil edilmişdir. - Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 25 iyul 2023-cü il tarixli, 3-23-69/2-813/2023 nömrəli məktubdan görünür ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 16 noyabr 2012-ci il tarixli, 94 nömrəli qərarının 1-ci bəndinə əsasən muxtar respublikada yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay həmin qərarda nəzərdə tutulmuş məbləğdə kompensasiya ödənilir. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi) Şərur Rayon İdarəsinin Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə təqdim etdiyi 5 may 2021-ci il tarixli, 208 nömrəli arayışa əsasən İddiaçı “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndi ilə (öz arzusu ilə) ehtiyata (istefaya) buraxılmışdır. Həmin arayışda qeyd edilmiş ehtiyata buraxılma səbəbi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 16 noyabr 2012-ci il tarixli, 94 nömrəli qərarında öz əksini tapmadığına görə İddiaçı həmin vəsaitin ödənilməsi qanunamüvafiq hesab edilməmişdir. Həmçinin o da qeyd edilir ki, Şərur Rayon İcra Hakimiyyəti tərəfindən 2021, 2022 və 2023-cü illər üçün mənzil və fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsinə görə kompensasiya ödənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə təqdim edilmiş, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular və onlarla birlikdə yaşayan ailə üzvlərinin sayı barədə məlumatların siyahısında İddiaçı adı qeyd edilməmişdir. Məktuba həmçinin Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 16 noyabr 2012-ci il tarixli, 94 nömrəli qərarı Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (hazırda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi) Şərur Rayon İdarəsi tərəfindən verilmiş arayış, Şərur Rayon İcra Hakimiyyətinin 25 may 2021-ci il tarixli, 104 nömrəli, 28 fevral 2022-ci il tarixli, 30 nömrəli və 28 fevral 2023-cü il tarixli, 5-28/2-58/2023 nömrəli məktubları əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun: 12.1-ci maddəsinə əsasən hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə gəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. 12.2-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. 12.7-ci maddəsinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). 12.10-cu maddəsinə əsasən hərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarının: 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay Bakı şəhərində – 150 manat, Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat, başqa şəhər və rayon mərkəzlərində – 75 manat, digər yaşayış məntəqələrində –55 manat olmaqla yalnız nağdsız qaydada kompensasiya ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının hüquqi marağı 2016, 2017, 2021, 2022-ci illər üzrə ona ödənilməli olan kirayə pullarının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır və tələbinin hüquqi əsasını “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci hissəsi təşkil edir. İddiaçının Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Komando heyətində zabit qismində həqiqi hərbi xidmət keçməsi və xx.xx.2015-ci il tarixdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” AR Qanununun 41.0.9-cu bəndinə (öz arzusu ilə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması işin tərəflər arasında mübahisələndirilməyən hallarına aiddir. Məhkəmə qeyd edir ki, qanunvericilikdə öz arzusuna əsasən ehtiyata buraxılmış hərbi qulluqçular barəsində bu cür ödənişlərin nəzərdə tutulmaması onu deməyə əsas verir ki, qanunverici bu şəxslərlə bağlı məsələyə münasibət bildirməməklə həmin şəxsləri göstərilən siyahıya daxil etməmiş və qanunvericiliklə onlar barəsində mənzil kirayəsi xərclərinin ödənilməsi məsələsi tənzimlənməmişdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul 2022-ci il tarixli qərardadında qeyd edilmişdir ki: Nəzərə alınmalıdır ki, sosial hüquqların məzmunu, həyata keçirilməsi və s. sosial-təminat xarakterli məsələlərlə bağlı qanunverici tərəfindən müvafiq tənzimlənmə müəyyən edilərkən, dövlətin iqtisadi vəziyyətinin, cəmiyyətin, yaxud onun müəyyən bir hissəsinin dövlət yardımına və dəstəyinə ehtiyacının olub-olmaması kimi məqamların nəzərə alınması xüsusi əhəmiyyət kəsb edir.... “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41-ci maddəsi ilə nəzərdə tutulan əsaslarla həqiqi hərbi xidmətdən ehtiyata buraxılan hərbi qulluqçular Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu statusuna malik olan hərbi qulluqçulardır. Lakin qeyd edilməlidir ki, hərbi qulluqçu statusuna malik olma faktı öz-özlüyündə ehtiyata və ya istefaya buraxılmış bütün hərbi qulluqçuların yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) və s. sosial təminatlar əldə etmək şərtlərinin və əsaslarının eyni olması anlamına gəlmir. Bu zaman hərbi qulluqçuların dövlət və ictimai əhəmiyyəti yüksək olan bir xidmətdən - həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmasının əsaslarının diqqətə alınması xüsusi əhəmiyyət kəsb edir.... Qeyd edilməlidir ki, qanunverici “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci hissəsinə görə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada yaşayış sahəsi və ya torpaq sahəsi almaq hüququnu təsbit edərkən, məhz hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallarda bu sosial təminatdan yaralanmasını nəzərdə tutmuşdur. Belə ki, əvvəldə də göstərildiyi kimi, qeyd edilən maddənin 7-ci hissəsində, habelə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin 8-ci hissəsində müvafiq olaraq məhz yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslərin (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə) təmin edildiyi müəyyən edilmişdir. Oxşar müddəa Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli Qərarının 1-ci hissəsində də əks olunmuşdur. Beləliklə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Odur ki, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi və s. ilə təmin olunması qanunvericilikdə nəzərdə tutulmamışdır və tamamilə fərqli əsaslardan irəli gələn nəticələrin fərqli qaydada tənzimlənməsi, dövlət və ictimai əhəmiyyətli bir xidmətdən ikinci qrupa aid əsaslardan dolayı ehtiyata buraxılmış hərbi qulluqçulara bu hüquqların tanınmaması bərabərlik prinsipinin pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndinin 4-cü abzasına əsasən ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Beləliklə həm Qanunda, həm də Nazirlər Kabinetinin qərarında yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını, 15 təqvim ili və daha çox xidmət etmiş müddətindən artıq xidmət hərbi qulluqçuları, azı 5 təqvim ili xidmət etmiş Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçuların mənzil kirayə haqqı ilə təmin edilməsi nəzərdə tutmuşdur. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-ci bəndinin dördüncü hissəsində konkret olaraq ehtiyata və ya istefaya buraxılan hansı hərbi qulluqçulara mənzil kirayə xərclərinin ödənilməli olması qeyd edilmişdir. Həmin hissədə nəzərdə tutulan hərbi qulluqçulara aid şərt iddiaçıya münasibətdə mövcud olmamışdır. Həmçinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli, 174 nömrəli qərarında da konkret olaraq ehtiyata və ya istefaya buraxılmış hansı hərbi qulluqçuların mənzil kirayə haqlarının ödənilməsi qeyd edilmişdir. Qərarda adları sadalanan hərbi qulluqçuların sırasında öz arzusu ilə ehtiyata və ya istefaya buraxılan zabitlər göstərilməmişdir. Göründüyü kimi, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı və s. ilə təmin edilməsi yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirilmişdir. Məhkəmə qeyd olunanlara və Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərardadında göstərilənlərə istinadla belə qənaətə gəlir ki, iddiaçı öz arzusu ilə xidmətdən ehtiyata buraxıldığından, qanunvericilikdə nəzərdə tutulmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququ olan şəxslərin dairəsinə düşmür. Odur ki, istinad edilən qanun normalarında təsbit olunmuş şərtlər iddiaçı tərəfindən təmin olunmadığından, cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya 2016, 2017, 2021, 2022-ci illər üzrə ona ödənilməli olan kirayə pullarının ödənilməsindən imtinası əsaslı olmuşdur. Beləliklə, İddiaçı cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı “2016, 2017, 2021, 2022-ci illər üzrə ona ödənilməli olan kirayə pullarının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Şərur Rayon İcra Hakimiyyətinə qarşı “2016, 2017, 2021, 2022-ci illər üzrə ona ödənilməli olan kirayə pullarının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar