Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-451/2024 08.05.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “İddiaçı xidməti müqaviləsinə xitam verilməsinə əsas olmuş Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin 30 noyabr 2018-ci il tarixli, 1010/2268 nömrəli Əmrinin qanunsuz və əsassız hesab edilərək, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi X1rşı mübarizə bölməsinin rəisi vəzifəsinə bərpa edilməsi tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun Dövlət Gömrük Komitəsində işə bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2-1(112)-11174/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “işə bərpa” tələbi barədə Bakı İnzibati Məhkəməsinin icraatında olan 2- 1(112)-11174/2023 saylı iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması məsələsinə baxılmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2- 1(122)-1596/2023 nömrəli qərardadı ilə iddiaçının vəkili və nümayəndəsi Vəkil 29 noyabr 2023-cü il tarixli iddianın dəqiqləşdirilməsi barədə ərizəsi təmin edilərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia tələbi aşağıdakı variantda icraata qəbul edilmişdir: “İddiaçı xidməti müqaviləsinə xitam verilməsinə əsas olmuş Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin 30 noyabr 2018-ci il tarixli, 1010/2268 nömrəli Əmrinin qanunsuz və əsassız hesab edilərək, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi X1rşı mübarizə bölməsinin rəisi vəzifəsinə bərpa edilməsi”. Bundan sonra iddianın mümkünlüyünün yoxlanılması məsələsinə baxılaraq, iş üzrə şifahi icraat qaydasında mümkünlük iclası 08 may 2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçının vəkili və nümayəndəsi X5 məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı vəkili və nümayəndəsi X3 iştirakı olmadan məhkəmə iclasının keçirilməsinə etiraz etməmiş və məhkəmə iddiaçının vəkili və nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçının vəkili və nümayəndəsi X5 tərəfindən məhkəməyə göndərilmiş 13 fevral 2024-cü il tarixli ötürülmüş müddətin bərpasına dair ərizədən görünür ki, iddia ərizəsində qeyd edildiyi kimi 2018-ci ilin sentyabr ayında İddiaçı məzuniyyət götürmüş və ailəsi ilə birlikdə xarici ölkəyə səfərə getmişdir. Həmin dövrdə səhhətində bir qədər narahatlıq ortaya çıxmış və bir müddət davamlı olaraq ürək bulanması və kəskin ürək ağrılarından əziyyət çəkmişdir. Ailə üzvlərinin köməyi ilə İsveçin Stokolm şəhərində yerləşən xəstəxanalardan birinə aparılmış və müayinə olunmuşdur. Həkimlərin qənaətinə görə həmin an artıq insult keçirmişdir. Xəstəxana həkimləri dərhal onu əməliyyat otağına yerləşdirərək ürəyini anju etmişlər. Əməliyyatdan sonra müalicənin davam etməsinə baxmayaraq sol ayağı və əlini insult səbəbi ilə hərəkət etdirə bilməmişdir. Daha sonra ölkəyə qayıtması Covid 19 pandemiyasının yayılması ilə əlaqədar mümkün olmamışdır. Xəstəliyin sürətli yayılmasına görə sərhədlər bağlanmış və bir neçə il müddətinə ölkəyə qayıda bilməmişdir. Belə ki, 30 noyabr 2018-ci il tarixli Əmr ona təqdim edildiyi vaxtdan 30 gün müddətində məhkəməyə müraciət etməl olduğu halda, yuxarıda qeyd edilmiş üzrlü səbəblərə görə bu müddət buraxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). İddiaçı yuxarıda qeyd olunan xüsusuatları, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133-cü maddəsini əsas gətirərək, məhkəməyə müraciət etmək üçün nəzərdə tutulan müddətin ötürülməsinin üzrlü hesab edilməsi və müddətin bərpa olunaraq, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə təqdim edilmiş ötürülmüş müddətin bərpası barədə ərizəyə uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsini, işin mümkün sayılaraq mahiyyəti üzrə baxılmasını və iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin nümayəndəsi X8 izahat verərək, iddiaçının gömrük orqanlarından xaric edilməsi haqqında əmrin 30 noyabr 2018-ci il tarixdə verildiyini, o vaxtdan artıq 6 ilə yaxın müddət keçdiyini, iddia mübahisələndirmə haqqında iddia hesab olunduğundan qanunvericiliklə nəzərdə tutulmuş iddia müddəti tələbinə iddiaçı tərəfindən əməl edilmədiyini, buna görə də iddianın mümkünsüz hesab edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, buraxılmış müddətin bərpasına dair ərizəni və iş materiallarına əlavə edilmiş digər sənədləri (etiraz, arayış) tədqiq edərək hesab edir ki, iddiaçının vəkili və nümayəndəsi tərəfindən təqdim edilmiş ərizə təmin olunmamalı və iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 5.1., 5.2., 6.1., 6.2., 7., 8.5-ci bəndlərində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. İddiaçının tələbinin məzmunundan aydın olur ki, iddia tələbi iki hissədən ibarətdir: 1. İddiaçı xidməti müqaviləsinə xitam verilməsinə əsas olmuş Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin 30 noyabr 2018-ci il tarixli, 1010/2268 nömrəli Əmrinin qanunsuz və əsassız hesab edilməsi; 2. Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi X1rşı mübarizə bölməsinin rəisi vəzifəsinə bərpa edilməsi. İddia tələbinin birinci hissəsindən də aydın olduğu kimi iddiaçı Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin 30 noyabr 2018-ci il tarixli, 1010/2268 nömrəli Əmrinin qanunsuz və əsassız hesab edilməsini, yəni ləğvini tələb edir. İlk öncə, hazırki iddianın növünü müəyyənləşdirərkən aydın olur ki, iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati məhkəmə icraatı qaydasında mübahisələndirmə haqqında iddia şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsindən (ləğv olunmasından və ya dəyişdirilməsindən) ibarətdir. İddiaçının mübahisələndirdiyi inzibati akt 30 noyabr 2018-ci il tarixdə qəbul edilmişdir. İddiaçı mübahisələndirdiyi inzibati akt qəbul edildikdən təqribən 5 il sonra, yəni xx.xx.2023-cü il tarixdə məhkəmyə müraciət etmişdir. İddiaçı ötürülmüş müddətin bərpasına dair ərizəsində səhhəti ilə bağlı problemlər yaşadığını və sonradan Covid 19 pandemiyası ilə əlaqədar ölkəyə qayıda bilmədiyini əsas gətirsə də, məhkəmə bu halları müddətin bərpasına əsas verən mötəbər hal kimi qiymətləndirmir. Belə ki, iddiaçı 2018-ci ilin sentyabr ayında məzuniyyətə çıxdıqdan sonra işə qayıtmamışdır və bu halın doğuracağı hüquqi nəticələrdən xəbərdar olmuşdur. İddiaçının istinad etdiyi hallar həmin vaxt və sonra onun məhkəməyə müraciət etmək imkanını aradan qaldırmır. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. İddiaçının tələbinin ikinci hissəsinə münasibətdə isə qeyd edilməlidir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi X1rşı mübarizə bölməsinin rəisi vəzifəsinə bərpa edilməsi yalnız iddia tələbinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq əmr ləğv edildikdən sonra mümkün ola bilər. Buna görə də məhkəmə hesab edir ki, əmrin ləğv edilməsi barədə iddia mümkünsüz olduğundan, hüquqi müqəddəratı həmin tələblə bağlı mübahisənin həllindən bilavasitə asılı olan digər tələb də belə bir hüquqi zərurət olmadığı üçün müzakirə edilmədən mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 24.2-ci maddəsinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.3-cü maddəsinə əsasən ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. - 24.4-cü maddəsinə görə təbii fəlakət və digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından bir il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. - 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında iddia müddətinin tətbiqinin əhəmiyyəti barədə aşağıdakılar göstərilmişdir: “Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, mülki işin qanuna uyğun həlli baxımından əvvəlki Mülki Məcəllənin iddia müddətinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. Konstitusiya Məhkəməsinin Plenumu özünün “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında əksini tapan hüquqi mövqeyini təkrarlayaraq qeyd edir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: Birinci o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir. İkinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Üçüncü, iddia müddətləri tərəflərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Avropa İnsan Hüquqları Məhkəməsi analoji hüquqi mövqedən çıxış edərək “Miraqali Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli qərarının 3.4-cü bəndində göstərilmişdir ki, birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsi ilə də yerinə yetirə bilər. Məhkəmə tərəfindən iddiaçı tərəfə istər məhkəmə iclaslarında, istərsə də müvafiq yazışmalar yolu ilə dəfələrlə hüquqi yardım edilmişdir. Lakin hazırki vəziyyətdə iddianın mümkünlük şərtlərini aradan qaldırmaq mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “İddiaçı xidməti müqaviləsinə xitam verilməsinə əsas olmuş Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin 30 noyabr 2018-ci il tarixli, 1010/2268 nömrəli Əmrinin qanunsuz və əsassız hesab edilərək, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi X1rşı mübarizə bölməsinin rəisi vəzifəsinə bərpa edilməsi tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35, 38.1, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı vəkili və nümayəndəsi Vəkil Əjddər oğlunun 13 fevral 2024-cü il tarixli ötürülmüş müddətin bərpasına dair ərizəsi təmin edilmir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “İddiaçı xidməti müqaviləsinə xitam verilməsinə əsas olmuş Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin 30 noyabr 2018-ci il tarixli, 1010/2268 nömrəli Əmrinin qanunsuz və əsassız hesab edilərək, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsi X1rşı mübarizə bölməsinin rəisi vəzifəsinə bərpa edilməsi tələbi”nə dair iddiası mümkün sayılmır. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-451/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-451/2024
08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver