Məhkəmə qərarları › İş №2-1(122)-452/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-452/2025

16.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-452/2025 16.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, iddiaçı X5 qanuni nümayəndəsi Qanuni nümayəndə2 qızının iştirakı ilə, iddiaçı X5 qanuni nümayəndələri Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 qızının cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "xx.xx.2014-cü il təvəllüdlü oğulları X5 adının "Təhsin"dən "Tahsin" adına dəyişdirilməsinə icazə (rəy) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı Qanuni nümayəndə1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ordubad rayonu, Düylün kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəlik tərəfindən oğlu X5 adına verilmiş 27 oktyabr 2014-cü il tarixli, 08 nömrəli doğum haqqında akt qeydinin soyadı, adı və atasının adı qrafasında düzəliş edilərək X3 qeyd edilməsi öhdəliyinin cavabdeh Naxçıvan "ASAN xı̇ dmət" mərkəzində qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Qanuni nümayəndə2 qızı ilə 18 dekabr 2009-cu il tarixdə, Ordubad rayonu, Düylün kənd İƏDÜ nümayəndəliyində 09 nömrə ilə nikaha daxil olmuşdur. Birgə nikahlarından iki övladları dünyaya gəlmişdir. X2 xx.xx.2014cü il tarixdə anadan olmuşdur. Təhsinə 27 oktyabr 2014-cü il tarixdə Ordubad rayonu, Düylün kənd İƏDÜ nümayəndəliyi tərəfindən 08 nömrə ilə doğum haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə soyadı, adı və ata adı qrafasında X8, atası qrafasında Qanuni nümayəndə1, anası qrafasında Qanuni nümayəndə2 qızı olaraq qeyd edilmişdir. Qeyd edir ki, onlar həmin vaxt qeydiyyat şöbəsində oğlunun adının Təhsin deyil, Tahsin olaraq qeyd edilməsini bildirmişdir. Lakin qeydiyyat şöbəsi əməkdaşları səhvliklə Təhsin olaraq qeyd etmişdirlər. Əlavə olaraq qeyd edir ki, oğlunun adının dəyişdirilməsi üçün Naxçıvan Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixdə bildirilmişdir ki, uşağın adının dəyişdirilməsi ilə bağlı hər hansısa əsas aşkar edilmədiyindən müvafiq məhkəməyə müraciət edilməsi xahiş olunur. Daha sonra məsələ ilə bağlı Naxçıvan ASAN Xidmət mərkəzində qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş, ona cavab olaraq xx.xx.2024-cü il tarixdə bildirilmişdir ki, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanları icazə verə bilər. Doğum akt qeydində düzəliş olunması üçün müvafiq məhkəməyə müraciət edilməyi tövsiyə olunmuşdur. Məsələ ilə bağlı həll yolu tapa bilmədiyindən məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı göstərilənlərə əsasən məhkəmədən Ordubad rayonu, Düylün kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəlik tərəfindən oğlu X5 adına verilmiş 27 oktyabr 2014-cü il tarixli, 08 nömrəli doğum haqqında akt qeydinin soyadı, adı və atasının adı qrafasında düzəliş edilərək X3 qeyd edilməsi öhdəliyinin cavabdeh Naxçıvan "ASAN xı̇ dmət" mərkəzində qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan 06 yanvar 2022-ci il tarixə təyin edilmiş iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclasında iddiaçı X5 qanuni nümayəndəsi Qanuni nümayəndə1 tərəfindən məhkəməyə yeni iddia ərizəsi təqdim edilərək, iddiaçı X5 valideynləri kimi qanuni nümayəndələri Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 qızının xx.xx.2014-cü il təvəllüdlü oğulları X5 adının "Təhsin"dən "Tahsin" adına dəyişdirilməsinə icazə (rəy) verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdiklərini bildirmişdir. Məhkəmənin protokol qərardadı ilə təqdim edilmiş yeni iddia ərizəsi icraata qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyəti iddiaya dair 23 yanvar 2024-cü il tarixli, 5-5/2-108/2025 nömrəli məktubla məhkəməyə göndərilən yazılı münasibətini onunla əsaslandırmışdır ki, Qanuni nümayəndə1 Naxçıvan Şəhər İcra Hakimiyyətinə ünvanladığı 20 avqust 2024-cü il tarixli, 5-5/1-Ə-131-6/2024 №-li müraciətində 22 sentyabr 2014-cü il təvəllüdlü övladı X5 adının dəyişdirilərək "Təhsin” adı kimi yazılmasına köməklik göstərilməsini xahiş etmişdir. Müraciət Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyanın icraatına daxil olduqdan sonra uşağın adının dəyişdirilməsi ilə bağlı hər hansısa əsas aşkar edilmədiyindən ərizəçiyə müvafiq məhkəməyə müraciət etməli olduğu tövsiyə edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Həmin Məcəllənin 54.1-ci maddəsinin müddəalarına əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun mənafeyi baxımından adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən icazə verə bilər. Həmin Məcəllənin 54.4-cü maddəsinə əsasən 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Həmin Qaydaların 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayə Komissiyası tərəfindən uşağın daşıdığı adın onun mənafeyinə xələl gətirməməsi, 18 yaşına çatdıqdan sonra uşağın öz adını dəyişmək hüququnun olması, valideynlər tərəfindən uşağa qoyulacaq “Tahsin" adının ərəb mənşəli olması, habelə “Təhsin” adının cinsinə uyğun gəlməyən və ya gülünc ad olaraq səslənməməsi və uşağın maraqlarına zidd olan digər hər hansı əsasların aşkar olunmaması nəzərə alınaraq, adın dəyişdirilməsi məqsədəmüvafiq hesab edilməmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 16 may 2025-ci il tarixə təyin edilmişdir. İddiaçı X5 qanuni nümayəndəsi Qanuni nümayəndə1 və cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə1 və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 qanuni nümayəndəsi Qanuni nümayəndə2 qızı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. 17 fevral 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən X8 adının “Tahsin” kimi dəyişdirilməsini istədiyini, məktəbdə də hamının onu “Tahsin” adı ilə çağırdığını, “Tahsin” adının mənasının “hökm” olduğunu bildirib, adının “Tahsin” kimi dəyişdirilməsini xahiş etmişdir. Yazılı sübutlar: - Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən ünvan 2 ünvanında yaşayan Qanuni nümayəndə1 ünvanlanmış 03 sentyabr 2024-cü il tarixli, 5-5/2-Ə-131-6/2024 nömrəli məktubdan görünür ki, uşağın adının dəyişdirilməsi ilə bağlı hər hansısa əsas aşkar edilmədiyindən müvafiq məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. - Naxçıvan "ASAN xı̇ dmət" mərkəzində qeydiyyat şöbəsi tərəfindən Naxçıvan şəhəri, Ə.Əliyev küçəsi, ev 15B ünvanında yaşayan Qanuni nümayəndə1 ünvanlanmış 11 oktyabr 2024-cü il tarixli, 3-16-5/8-15-1453/2024 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları icazə verə bilər. Belə ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti yanında “Qəyyumluq və Himayə Komissiyası”nın xx.xx.2024-cü il tarixli, 5-5/2-Ə-131-6/2024 nömrəli məktubunda X5 adının “Tahsin”ə dəyişdirilməsi ilə bağlı hər hansı əsas aşkar edilmədiyi qeyd olunmuşdur. Bu səbəbdən xx.xx.2024-cü il tarixli müraciətin təmin edilməsi mümkün deyildir. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, X8 22 sentyabr 2014-cü il tarixdə doğulmuşdur. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, Qanuni nümayəndə1 xx xxxxx 1982-ci il tarixdə doğulmuşdur. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, Qanuni nümayəndə2 qızı 19 mart 1986-cı il tarixdə doğulmuşdur. - "xxxx" MMC tərəfindən verilmiş 15 oktyabr 2024-cü il tarixli, 07 və 08 nömrəli arayışlardan görünür ki, Qanuni nümayəndə1 və X8 “Cahan-İnşaat MMC ” şirkətinin inşa etdiyi “(Gənclər Şəhərciyi” (Ünvan: Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 15 (B Bloku), 5-ci mərtəbə, 2 nömrəli mənzildə yaşayırlar. - 18 dekabr 2009-cu il tarixli, AZ-İ seriyalı, 420626 nömrəli nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, xx xxxxx 1982-ci il təvəllüdlü Qanuni nümayəndə1 ilə 19 mart 1986-cı il təvəllüdlü Qanuni nümayəndə2 qızı 18 dekabr 2009-cu il tarixdə nikah bağlamışlar. Nikah şəhadətnaməsinə əsasən ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 09 nömrə ilə qeyd edilmişdir. - 27 oktyabr 2014-cü il tarixli, AZ-İİİ seriyalı, 080813 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X8 22 sentyabr 2014-cü il tarixdə Naxçıvan şəhərində doğulmuşdur. Ata adı Qanuni nümayəndə1, ana adı Qanuni nümayəndə2 qızı qeyd olunmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 27 oktyabr 2014-cü il tarixdə 08 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin baxdığı bir sıra işlərdə müəyyən etmişdir ki, adın verilməsi və dəyişdirilməsi ilə əlaqədar məsələlər Konvensiyanın 8-ci maddəsində təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququnun təsir dairəsinə düşür (X6rşı iş üzrə 2008-ci il 21 oktyabr tarixli Qərar, §43 və Macalin X4rşı iş üzrə 2015-ci il 15 sentyabr tarixli Qərar, §21). Məhkəmə qeyd etmişdir ki, dövlətlər adların tənzimlənməsi sahəsində geniş mülahizə sərbəstliyinə malik olsalar belə, onlar adların fərdlərin şəxsi həyatındakı rolunu inkar edə bilməzlər. Adlar özünüfərdiləşdirmənin və özünümüəyyənetmənin mərkəzi elementidirlər. Əsaslandırılmış müvafiq səbəb olmadan şəxsin ada malik olmaq və ya adını dəyişmək hüququna məhdudiyyətin qoyulması Konvensiyanın 8-ci maddəsinin məqsədləri ilə uzlaşmır. Başqa şəxslərin hüquqlarına vurulmuş hər hansı faktiki zərər olmadan formal olaraq qanuni məqsədə istinad etmək bu hüququn məhdudlaşdırılmasına haqq qazandıra bilməz (Daróczy Macarıstana qarşı iş üzrə 2008-ci il 1 oktyabr tarixli Qərar, §32). Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 26.1-ci maddəsinə görə hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. - 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 53-cü maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir. - 54-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. Uşaq öz aralarında nikahda olmayan şəxslərdən olubsa və atalıq qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmayıbsa, müvafiq icra hakimiyyəti orqanı uşağın maraqlarını əsas tutmaqla onun soyadının, ananın bu xahişlə müraciət etdiyi anda daşıdığı soyada dəyişdirilməsinə icazə vermək hüququna malikdir. 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” xx.xx.2000-ci il tarixli 279 №li Fərmanının 2.9-cu bəndinə müvafiq olaraq həmin Məcəllənin 53.4, 54.1-54.3-cü maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının həyata keçirdiyi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən adın uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. - 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. - 10.3-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. - 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 28.1 və 28.1.1-ci maddələrinə əsasən fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı tərəf subyektiv hüquqa malik olmuşdur. İddiaçı X5 qanuni nümayəndələri Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 qızının əsas hüquqi marağı xx.xx.2014-cü il təvəllüdlü oğulları X5 adının "Təhsin" adından "Tahsin" adına dəyişdirilməsinə icazə (rəy) verilməsindən ibarətdir. Yuxarıda sadalanan qanunvericilik normalarından göründüyü kimi, qanunverici uşağın adının 18 yaşına çatana qədər dəyişdirilməsinə icazə verilməsi üçün iki əsas meyar müəyyən etmişdir: 1.valideynlərin birgə xahişi; 2.uşağın mənafeyinin nəzərə alınması. Hazırkı iş üzrə uşağın adının dəyişdirilməsi üçün valideynlərin birgə razılığının olması işin mübahisəsiz halıdır. X1 22 sentyabr 2014-cü il tarixdə doğulmuş, onun 22 sentyabr 2024-cü il tarixdə 10 yaşı tamam olmuşdur. 17 fevral 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən X8 adının “Tahsin” kimi dəyişdirilməsini istədiyini, məktəbdə də hamının onu “Tahsin” adı ilə çağırdığını bildirmiş, adının dəyişdirilməsinə öz razılığını bildirmişdir. Uşağın mənafeyinə gəldikdə, məhkəmə qeyd edir ki, Konstitusiyanın 32-ci maddəsinin İİ hissəsinə əsasən, qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Həmin müddəadan göründüyü kimi, bu hüququn əsas məqsədi şəxsi və ailə həyatıhüququnun həyata keçirilməsinə qanunsuz (özbaşına) müdaxilənin qarşısını almaqdan ibarətdir. Beləliklə, o, ilk növbədə dövlətin neqativ öhdəliyi kimi ifadə olunur. Lakin burada dövlətin pozitiv öhdəliklərinin mövcudluğu da istisna edilmir. Şəxsi adı fərdin özünümüəyyənetməsinin fundamental amillərindən biridir, onun başqalarından fərqləndirilməsi məqsədlərinə xidmət edir. Ad, şəxsiyyətin fərdiləşdirilməsinin əsas təzahürlərindən biri olaraq şəxsi həyat sahəsinə daxildir. Ad hüququ həm də ona görə əhəmiyyətlidir ki, insan öz adı ilə ictimai münasibətlərdə iştirak edir və onun olmaması şəxsiyyəti hüquq və vəzifələri əldə etmək və həyata keçirmək imkanından məhrum edə bilər. Belə ki, Mülki Məcəllənin 26.2-ci maddəsinə əsasən, fiziki şəxs hüquq və vəzifələri öz adı ilə əldə edir və həyata keçirir. Digər tərəfdən ad hüququnun təzahürü kimi ad almaq hüququ mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur (Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3-cü maddəsi). Belə ki, hüquqların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Ad almaq hüququnun məhdudlaşdırılması üçün məqbul sayılan əsas kimi uşağın mənafeyinin qorunması çıxış edə bilər. Bu mənada qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 79 nömrəli qərarı ilə təsdiqedilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə müvafiq olaraq uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, qanunvericilik uşağın mənafeyinin həm ad qoyulması, həm də adın dəyişdirilməsi zamanı nəzərə alınmasının müəyyən etmişdir. Yəni inzibati orqan uşağın adının dəyişdirilməsi barədə ərizəyə baxarkən də yeni adın onun mənafeyinə uyğun olub olmamasını qiymətləndirməli, bu zaman şəxsin hüquqlarına müdaxiləni yuxarıda qeyd olunan askpekdə, yəni çəkişən maraqların mütənasibliyi baxımından dəyərləndirməlidir. İşin hallarından görünür ki, cavabdeh imtina cavabı verərkən uşağın hazırkı adının onun mənafeyinə uyğun olduğuna istinad etsə də, adının dəyişdirilməsinin və verilən yeni adın onun mənafeyinə zərər yetirib-yetirməməsini qiymətləndirməmiş, formal olaraq valideynlərin bu hüququnun məhdudlaşdırılmasına gətirib çıxaran qərar qəbul etmişdir. Məhkəmə cavabdehin imtinasına qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla əlavə olaraq qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Buna görə, sözügedən məsələdə qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istisna olmaqla adın, ata adının və soyadın dəyişdirilməsi hüququna malikdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Məhkəmə həmçinin qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsi tərəfindən sözügedən məsələyə şəxsi həyata və ailə həyatına hörmət hüququnu tənzimləyən 8-ci maddənin kontekstindən yanaşılır. Avropa Məhkəməsinin yerləşmiş presedent hüququna görə bir şəxsi adını (soyadını) dəyişdirməyə sövq edən ciddi səbəblər ola biləcəyini diqqətə alan AİHM, dövlət öz təşkilati sisteminin normal fəaliyyətini təmin etməyə yönəlmiş legitim marağa sahib olduğundan çıxış edərək əhalinin dürüst qeydiyyatının aparılması, şəxsi kimliyin müəyyən olunması və ya müəyyən bir adı (soyadı) daşıyanların müəyyən bir ailə bağılılıqlarının qurula bilməsi kimi ictimai marağın tələbləri nəzərə alındığında ad (soyadı) dəyişdirmə imkanına qanuni məhdudiyyətlər gətirilə biləcəyini qeyd etmişdir. Bununla yanaşı, bu sahədə razılığa gələn Dövlətlər hər nə qədər geniş mülahizə səlahiyyətinə sahib olsalar da, AİHM şəxsi həyata və ailə həyatına hörmət hüququna gətirilən məhdudiyyətin “zəruriliyinin” inandırıcı olub-olmadığını dəyərləndirmək üçün xüsusilə yerli hakimiyyət orqanları tərəfindən təqdim olunan və yerli məhkəmələr tərəfindən müraciəti rədd etmək üçün istinad olunan əsası rəhbər tutmaqdadır. Beləliklə, AİHM adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı şəxslərin müraciətlərinin təmin edilməsindən dövlət orqanları tərəfindən imtina edilməsi məsələsinə yanaşmada onların şəxsi həyata hörmət göstərilməsi hüquqlarını istifadə etmələrinə müdaxilə təşkil etdiyi prinsipindən hərəkət edir. Müvafiq olaraq AİHM-in yerləşmiş presedent hüququna görə bu cür bir müdaxilə bir məqsəd ya da məqsədlərə çatmaq üçün “qanunla nəzərdə tutulduğu”, 8-ci maddənin 2-ci bəndi baxımından bir və ya birdən çox qanuni (legitim) məqsədə yönəlmiş olduğu və bu məqsədlərə çatmaq üçün “demokratik bir cəmiyyətdə zəruri olduğu” halda Konvensiyaya zidd hesab edilmir. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, adın dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsindən qiymətləndirilməli olan konstitusion hüquqdur. Ona görə də, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. İş materiallarından da görünür ki, uşağın hər iki valideyni onun adının “Təhsin” adından “Tahsin” adına dəyişdirilməsinə razılıqlarını ifadə etmişlər. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçıların məqsədi əslində övladlarının adının başqa ada dəyişdirilməsi deyil, məhz əvvəlki adda bir hərfin dəyişdirilməsindən, yəni, “Təhsin” adının “Tahsin” adına dəyişdirilməsindən ibarətdir. Başqa sözlə məqsəd adın düzgün ifadə tərzi ilə, o cümlədən düzgün səslənməsi ilə bağlıdır ki, bu qəbildən olan dəyişikliyin edilməsi üçün qanunvericiliklə hər hansı qadağa nəzərdə tutulmamışdır. Eyni zamanda məhkəmə hesab edir ki, dəyişdirilməsi xahiş edilən “Tahsin” adı uşağın mənafeyinə xələl gətirə biləcək, həmçinin onun cinsinə uyğun gəlməyən və ya gülünc ad deyildir. Belə olan halda aydındır ki, hazırkı halda həmin adla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndində nəzərdə tutulan məhdudiyyətlər mövcud deyil. Həmçinin həmin adın digər əsaslara görə uşağın mənafeyinə uyğun olmaması, həmin adın verilməsi ilə cəmiyyətin maraqları və digər şəxslərin hüquqlarına müdaxilə edilməsi işin halları ilə müəyyən edilmir. Məhkəmə qeyd edir ki, cavabdeh orqanın imtinasında göstərilən arqument hazırkı iddianın təmin edilməməsi üçün qanuni əsas sayıla bilməz. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyəti iddiaçının tələbindən imtina etməkdə haqlı olmamışdır. Beləliklə, iddiaçı X5 qanuni nümayəndələri Qanuni nümayəndə1 və Qanuni nümayəndə2 qızının cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "xx.xx.2014-cü il təvəllüdlü oğulları X5 adının "Təhsin"dən "Tahsin" adına dəyişdirilməsinə icazə (rəy) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. xx.xx.2014-cü il təvəllüdlü X5 adının "Təhsin"dən "Tahsin" adına dəyişdirilməsinə icazə (rəy) verilməsi öhdəliyi cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar