Məhkəmə qərarları › İş №2-1(122)-453/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-453/2025

23.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-453/2025 23.02.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi Nümayəndə və cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsə qarşı "X7 tərəfindən 27 fevral 2014-cü il tarixli bağışlama müqaviləsi əsasında ona verilmiş Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 0.20 hektar torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq ona çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan şəhər ikinci dövlət notariat kontorunda 27 fevral 2014-cü il tarixli müqaviləsi əsasında X9, Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin qeydiyyat tarixi xx.xx.1999, qeydiyyat nömrəsi JN216A reyestr nömrəsi KOD 10304005 nömrəli çıxarış əsasında 0.20 ha torpaq sahəsinə yerində baxış keçirməklə İddiaçı adına dövlət qeydiyyatı haqqında çıxarış və texniki pasportun verilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 mülkiyyətində olan Naxçıvan şəhəri, Qaraçuq kəndində olan torpaq sahəsini 27 fevral 2014-cü il tarixində Naxçıvan şəhər ikinci dövlət notariat kontorunda müqavilə əsasında Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin qeydiyyat tarixi xx.xx.1999-cu il, qeydiyyat nömrəsi JN216A, reyestr nömrəsi KOD 10304005 nömrəli şəhadətnaməyə əsasında 0.20 ha torpaq sahəsini ona bağışlamışdır. Ona bağışlanmış Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 20 ha torpaq sahəsinə çıxarış və texniki pasportun verilməsi üçün Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlak Dövlət Kadastr və Reyestri” publik hüquqi şəxsə müraciət etmişdir. 01 oktyabr 2024-cü il tarixində Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlak Dövlət Kadastr və Reyestri” publik hüquqi şəxs onun ünvanına bildiriş göndərərək əmlaka naturada baxış keçirilən zaman torpaq sahəsinin sənəd üzərində 2029.60 kv.m olmasına baxmayaraq, faktiki olaraq 1894.66 kv.m olduğu bildirmiş, çıxarışın və texniki pasportun verilməsindən imtina etmişdir. X7 mülkiyyətində olan Naxçıvan şəhər Qaraçuq kəndində yerləşən Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin qeydiyyat tarixi xx.xx.1999-cu il, qeydiyyat nömrəsi JN216A, reyestr nömrəsi KOD 10304005 nömrəli şəhadətnamə əsasında 0.20 ha torpaq sahəsini ona bağışlamış, həmin torpaq sahəsinin azalması ilə bağlı heç bir hərəkət olunmamışdır. O, şifahi olaraq daşınmaz əmlaka müraciət edərək digər yəni onunla sərhəd olan qonşularında torpaq sahəsinin ölçülməsini bildirsə də, heç bir ölçü aparılmamış, lakin ona bağışlanan torpaq sahəsinin azaldılması bildirilmişdir. Əvvəlki ölçü işləri aparılan zaman torpaq sahəsi düzgün verilmiş, hazırda ona verilmiş torpağı tələb edir. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən Naxçıvan şəhər ikinci dövlət notariat kontorunda 27 fevral 2014-cü il tarixli müqaviləsi əsasında X9, Naxçıvan MR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin qeydiyyat tarixi xx.xx.1999, qeydiyyat nömrəsi JN216A reyestr nömrəsi KOD 10304005 nömrəli çıxarış əsasında 0.20 ha torpaq sahəsinə yerində baxış keçirməklə İddiaçı adına dövlət qeydiyyatı haqqında çıxarış və texniki pasportun verilməsi öhdəliyinin Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı məhkəməyə 09 yanvar 2025-ci il tarixli yeni iddia ərizəsi təqdim edərək, X7 tərəfindən 27 fevral 2014-cü il tarixli bağışlama müqaviləsi əsasında ona verilmiş Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 0.20 hektar torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınaraq ona çıxarışın verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 10 yanvar 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında protokol qərardadı ilə yeni iddia ərizəsi icraata qəbul edilmiş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxs iddiaya dair 27 yanvar 2025-ci il tarixli, 04/57 nömrəli və 28 yanvar 2025-ci il tarixli, 04/58 nömrəli məktublarla məhkəməyə ünvanlanan yazılı münasibətini onunla əsaslandırmışdır ki, Naxçıvan şəhəri, Qaraçuq kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında X9 adına 0.20 hektar hüquqi torpaq sahəsi qeyd olunmuş, ailə üzvlərilə birlikdə (cəmi 2 nəfər) Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarı ilə JN-216A kadastr nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə 2029,61 m² həyətyanı torpaq sahəsi mülkiyyətinə verilmişdir. "Mülkiyyət sənədlərindəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması məqsədilə "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Naxçıvan şəhərinin bütün yaşayış məntəqələrində, o cümlədən Qaraçuq kəndində torpaq sahələrinin sərhədləri yenidən dəqiqləşdirilmişdir. Dəqiqləşdirmədən sonra publik hüquqi şəxsin informasiya bazasında Yunis Əsgərov və ailə üzvlərinin faktiki istifadəsində 1953,9 m² (sənəd üzrə sahədən 75,71 m² az) həyətyanı torpaq sahəsi uçota alınmışdır. "Torpağın mülkiyyətə verilməsinə dair" JN-216A kadastr nömrəli Şəhadətnaməyə əsasən X10 verilmiş Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 2029,60 m² torpaq sahəsinin sənəd üzrə vəziyyəti ilə faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Bəhs edilən uyğunsuzluq torpaq islahatı aparılan zaman çöl-ölçmə işlərində yol verilən səhvliklər nəticəsində torpaqların hüquqi sənədlərində göstərilən ölçüləri ilə faktiki istifadə vəziyyəti arasında konfiqurasiya fərqlərindən ibarətdir. Torpaq islahatı həyata keçirilməsi məqsədilə planaalma işləri aparılan zaman torpaq sahələrinin sərhəd döngə nöqtələri naturaya uyğun müəyyənləşdirilmədiyindən JN-216A kadastr nömrəli torpaq sahəsinin kəsir hissəsinin hansı fiziki və ya hüquqi şəxsin mülkiyyətində, istifadəsində olmasını müəyyənləşdirmək mümkün deyildir. Belə ki, torpaq islahatı aparılan zaman JN-216A kadastr nömrəli torpaq sahəsinin qonşuluğunda yerləşən JN-215A kadastr nömrəli torpaq sahəsi 1866,16 m², JN- 217A kadastr nömrəli torpaq sahəsi 1787,52 m², JN-203A kadastr nömrəli torpaq sahəsi 2315,77 m² və JN-204A kadastr nömrəli torpaq sahəsi 1863,20 m² olduğu halda faktiki istifadə vəziyyətinə müvafiq olaraq 1874 m², 1861,3 m², 2120,8 m² və 1902,0 m² təşkil edir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 23 fevral 2026-cı il tarixə təyin edilmişdir. 23 fevral 2026-cı il tarixə təyin edilmiş şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini dəqiqləşdirərək "X7 tərəfindən 27 fevral 2014-cü il tarixli bağışlama müqaviləsi əsasında ona verilmiş Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 0.20 hektar torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq ona çıxarışın verilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin üzərinə qoyulması” tələbi kimi oxunmasını xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə iddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin nümayəndəsi X5 məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxs tərəfindən Naxçıvan şəhəri, Qaraçuq kəndində yaşayan İddiaçı ünvanlanan 01 oktyabr 2024-cü il tarixli, ********** nömrəli bildirişdən aydın olur ki, Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən əmlaka hüquqların dövlət qeydiyyatı haqqında və texniki sənədlərin hazırlanması ilə bağlı ərizəyə baxılmışdır. Əmlaka naturada baxış küçirilən zaman məlum olmuşdur ki, torpaq sahəsi sənəd üzrə 2029.60 m2 olmasına baxmayaraq, faktiki olaraq 1894.66 m2 olduğu məlum oldu. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında xx.xx.2016-cı il tarxili, 818 nömrəli fərmanının 2.3.2-ci bəndinə əsasən yazılı razılığı olmadığı üçün ərizənin icrası mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilir. - Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən 02 mart 2018-ci il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxxx 1967-ci il tarixdə Naxçıvan rayonu, Qaraçuq kəndində doğulmuş Əsgərov X4 şəhəri, Qaraçuq kəndində pasport qeydiyyatındadır. - 27 fevral 2014-cü il tarixli bağışlama müqaviləsinin surətindən görünür ki, X1 MR Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin qeydiyyat tarixi xx.xx.1999, qeydiyyat № JN216A reyestr KOD 10304005 №-li çıxarışa əsasən Naxçıvan MR, Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 0.20 ha torpaq sahəsini oğlu İddiaçı bağışlamışdır. Həmin müqavilə imzalanarkən bağışlanan yaşayış evinə görə İddiaçı bağışlanmanı bütünlüklə qəbul etmişdir. - JN-216A nömrəli, KOD 10304005 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X14 və X6 Babək rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarı ilə 0.20 hektar torpaq sahəsi verilmişdir. - Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxs tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 10 aprel 2025-ci il tarixli, 04/189 nömrəli məktubla Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən JN-215A, JN-217A, JN-203A və JN-204A nömrəli torpaq sahələrinə dair verilən "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamələrin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. - Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin mütəxəssisi Asif Rzayev tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən aydın olur ki, müraciət əsasında ünvan 3 ünvanında yerləşən əmlaka onun tərəfindən xx.xx.2025-ci il tarixində naturada baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, JN-216A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnaməpe torpaq sahəsi 2029.60 m² göstərilməsinə baxmayaraq, naturada həmin sahənin hasar və çəphər daxilində 1894.66 m² olduğu müəyyən edildi. Torpaq sahəsi uzun illər çəkilmiş hasar və çəpər daxilindədir. - Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxs tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 03 iyun 2025-ci il tarixli, 04/298 nömrəli məktubdan məlum olur ki, “Mülkiyyət sənədlərindəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması məqsədilə “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Naxçıvan şəhərinin bütün yaşayış məntəqələrində, o cümlədən Qaraçuq kəndində torpaq sahələrinin sərhədləri yenidən dəqiqləşdirilmişdir. Dəqiqləşdirmədən sonra qeyd olunan Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən “Torpağın mülkiyyətə verilməsinə dair” JN-216A kadastr nömrəli Şəhadətnaməyə əsasən X10 verilmiş torpaq sahəsinin qonşuluğunda yerləşən, JN-215A və 217A kadastr nömrəli torpaq sahələrinə dair torpaq islahatı aparılan zaman tərtib olunmuş mülkiyyət sənədindəki ölçülər ilə faktiki sahə arasında fərq olduğu müəyyən olunmuşdur. Lakin dəqiqləşdirmə işlərindən sonra vətəndaşlara verilən **********05, **********54-10301, **********48-10301 və **********06-10301 reyestr nömrəli hüquqi sənədlərdə göstərilən sahə ilə faktiki sahə eynilik təşkil edir. Məktuba sxematik plan əlavə olunmuşdur. - Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxs tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 22 iyul 2025-ci il tarixli, 04/389 nömrəli məktubdan məlum olur ki, müraciətdə qeyd olunan suallar üzrə mövcud vəziyyət aşağıdakı kimidir: 1. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-216A kadastr nömrəli Şəhadətnamə ilə iddiaçının X7nun mülkiyyətinə verilmiş Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 0,20 hektar həyətyanı torpaq sahəsinin koordinatları, Qaraçuq kəndinin həyətyanı torpaq sahələrinin yerquruluşu planında qeyd olunmuş koordinatlarla uyğunzuzluq təşkil edir. 2. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-216A kadastr nömrəli Şəhadətnamə ilə iddiaçının X7nun mülkiyyətinə verilmiş Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 0,20 hektar həyətyanı torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcuddur. Torpaq islahatının həyata keçirilməsi məqsədilə planaalma işləri aparılan zaman torpaq sahələrinin sərhəd döngə nöqtələri naturaya uyğun müəyyənləşdirilmədiyindən bəhs edilən uyğunsuzluq hansı hissədə, hansı ölçüdə, hansı fiziki və ya hüquqi şəxsin mülkiyyətində, istifadəsində olmasını müəyyənləşdirmək mümkün olmamışdır. 3. “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 216A kadastr nömrəli Şəhadətnamə ilə iddiaçının X7nun mülkiyyətinə verilmiş Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 0,20 hektar həyətyanı torpaq sahəsinin indiki vəziyyətdə üçüncü şəxslər tərəfindən istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşməsini müəyyən etmək mümkün olmamışdır. - Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxs tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 28 iyul 2025-ci il tarixli, 04/397 nömrəli məktubdan aydın olur ki, JN-216A kadastr nömrəli torpaq sahəsinin qonşuluğunda yerləşən **********05 reyestr nömrəli torpaq sahəsi JN-215A nömrəli “Torpağın mülkiyyətə verilməsinədair” Şəhadətnamə, **********06-10301 reyestr nömrəli fərdi yaşayış evi JN- 217A kadastr nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. **********44-10301 reyestr nömrəli fərdi yaşayış evi **********05 reyestr nömrəli torpaq sahəsinin, **********48-10301 reyestr nömrəli fərdi yaşayış evi **********06-10301 reyestr nömrəli fərdi yaşayış evinin bölünməsi nəticəsində yaranmışlar. Torpaq sahəsi və fərdi yaşayış evlərinə dair əsasverici sənədlərin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin aparıcı mühəndisi Şəmistan Quliyev tərəfindən məhkəmənin sorğusuna əsasən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2-1(122)- 453/2025 nömrəli məktubuna əsasən Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən mübahisəli torpaq sahəsinə baxış keçirildi və ölçmə işləri aparıldı. Həmin ərazidə yerləşən bütün qonşu torpaq sahələri ölçüldü. "Torpağın mülkiyyətə verilməsinə dair" JN-216A nömrəli Şəhadətnamədə göstərilən torpaq sahəsinin koordinatları ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluqlar aşkarlandı. İddiaçının X7nun mülkiyyətinə verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair" JN-216A nömrəli Şəhadətnamədə 2029.6 m2 torpaq sahəsi qeyd olunmasına baxmayaraq, faktiki 1954 m² torpaq sahəsinin iddiaçının istifadəsində olduğu müəyyən olundu. Həmin torpaq sahəsinin 51.5 m² hissəsi həyətin aşağı tərəfində yerləşir və həmin ərazidən ümumistifadə olan su arxı keçir. 22.5 m² hissəsi isə qonşu mülkiyyətçi X11 istifadəsindədir. Lakin həmin hissə X11 hüquqi sənədlərində qeydə alınmamışdır. Digər kəsir 75.6 m² torpaq sahəsinin hansı fiziki şəxsin mülkiyyətində, istifadəsində olmasını müəyyənləşdirmək mümükün olmadı. - Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 01 oktyabr 2025-ci il tarixli, 04/1352 nömrəli məktubdan aydın olur ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsə qarşı "X7 tərəfindən 27 fevral 2014-cü il tarixli bağışlama müqaviləsi əsasında ona verilmiş Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 0,20 hektar torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınaraq ona çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair 2-1(122)-453/2025 nömrəli işlə bağlı müraciətdə qeyd olunan suallar üzrə mövcud vəziyyət aşağıdakı kimidir: 1. "Torpağın mülkiyyətə verilməsinə dair" JN-216A kadastr nömrəli Şəhadətnamə ilə X16 və X3 mülkiyyətinə verilmiş, Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 0,20 hektar həyətyanı torpaq sahəsinin hüquqi sənəddə göstərilən ölçüləri ilə faktiki istifadə vəziyyətinin ölçüləri uyğunsuzluq təşkil edir. 2. Xidmətin arxivində saxlanılan məlumatlar və rəqəmsal kadastr xəritəsi üzərində aparılan araşdırmalardan məlum olmuşdur ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli 29 nömrəli qərarına əsasən Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 0,20 hektar həyətyanı torpaq sahəsi "Torpağın mülkiyyətə verilməsinə dair" JN-216A kadastr nömrəli Şəhadətnamə ilə X16 və X3 mülkiyyətinə verilmişdir. Xidmətin informasiya bazasında Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naxçıvan Şəhər Şöbəsi tərəfinden həmin torpaq sahəsinə dair kadastr planının tərtib edilməsi barədə məlumat mövcud deyil. 3. Qaraçuq kəndində torpaq islahatı aparılan zaman mülkiyyət sənədlərində torpaq sahələrinin sərhədləri naturaya uyğun göstərilmədiyindən "Torpağın mülkiyyətə verilməsinə dair" JN-216A kadastr nömrəli Şəhadətnamə ilə X16 və X3 mülkiyyətinə verilmiş Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 0,20 hektar həyətyanı torpaq sahəsinin hazırda üçüncü şəxslər tərəfindən istifadə olunan torpaq sahələri ilə üst-üstə düşməsini müəyyənləşdirmək mümkün deyil. 4. Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 0,20 hektar həyətyanı torpaq sahəsinin Qaraçuq kəndində torpaq islahatı aparılan zaman tərtib edilmiş yerquruluşu planında göstərilmiş ölçülərə uyğun hazırlanmış və Xidmətin informasiya bazasında uçota alınan faktiki istifadə vəziyyətini əks etdirən sxematik planı (AutoCAD variantında), həmin torpaq sahəsinə dair "Torpağın mülkiyyətə verilməsinə dair" JN-216A kadastr nömrəli Şəhadətnamənin surəti və 2001-ci ilə aid ortofotoplan məhkəməyə göndərilmişdir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Həsən Babayev tərəfindən tərtib edilmiş 15 oktyabr 2025-ci il tarixli, 947 nömrəli məhkəmə ekspertizasının rəyinin nəticə hissəsindən aydın olur ki, qərardadın 1-ci sualı üzrə rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, mülki iş materiallarında və məhkəmə tərəfindən ekspertiza tədqiqatına təqdim edilmiş Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Nurlan Fətəliyevin elektron imzası ilə təsdiq edilmiş 03 oktyabr 2025-ci il tarixli mütəxəssis məktubunda olan məlumatlara əsasən "Torpağın mülkiyyətə verilməsinə dair" JN-216A kadastr nömrəli Şəhadətnamə ilə X16 və X3 mülkiyyətinə verilmiş, Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 0,20 hektar həyətyanı torpaq sahəsinin hüquqi sənəddə göstərilən ölçüləri ilə faktiki istifadə vəziyyətinin ölçülərinin uyğunsuzluq təşkil etdiyi müəyyən edilmişdir. Qərardadın 2-ci sualı üzrə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Nurlan Fətəliyevin elektron imzası ilə təsdiq edilmiş 03 oktyabr 2025-ci il tarixli mütəxəssis məktubuna olan məlumatlara əsasən xidmətin arxivində saxlanılan məlumatlar və rəqəmsal kadastr xəritəsi üzərində aparılan araşdırmalardan məlum olmuşdur ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli 29 nömrəli qərarına əsasən Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 0,20 hektar həyətyanı torpaq sahəsi "Torpağın mülkiyyətə verilməsinə dair" JN-216A kadastr nömrəli Şəhadətnamə ilə X16 və X3 mülkiyyətinə verilmişdir. Xidmətin informasiya bazasında Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Naxçıvan Şəhər Şöbəsi tərəfindən həmin torpaq sahəsinə dair kadastr planının tərtib edilməsi barədə məlumatın mövcud olmadığı müəyyən edilmişdir. Qərardadın 3-cü sualı üzrə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Nurlan Fətəliyevin elektron imzası ilə təsdiq edilmiş 03 oktyabr 2025-ci il tarixli mütəxəssis məktubuna olan məlumatlara əsasən Naxçıvan şəhəri Qaraçuq kəndində torpaq islahatı aparılan zaman mülkiyyət sənədlərində torpaq sahələrinin sərhədləri naturaya uyğun göstərilmədiyindən "Torpağın mülkiyyətə verilməsinə dair" JN-216A kadastr nömrəli Şəhadətnamə ilə X16 və X3 mülkiyyətinə verilmiş Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 0,20 hektar həyətyanı torpaq sahəsinin hazırda üçüncü şəxslər tərəfindən istifadə olunan torpaq sahələri ilə üst-üstə düşməsini müəyyən etmək mümkün deyildir. Rəyə həyətyanı torpaq sahəsinin 2 ədəd plan-sxemləri əlavə olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 139-1.1.8-ci maddəsinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. - 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. - 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə X8 Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. - 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; - 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. - 23.2-ci maddəsinə əsasən daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun: - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. - 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”nın: - 5.1-ci bəndinə əsasən çöl və kameral şəraitdə aparılmış ölçmə işlərinin nəticəsində torpaqların faktiki (naturadakı) yerləşmə vəziyyətinə dair hər bir torpaq sahəsi barədə əldə edilmiş yeni kadastr göstəriciləri hüquqmüəyyənedici sənədlərdə əks olunmuş məlumatlarla və məkan göstəriciləri ilə müqayisə edilərək, uyğunsuzluqlar müəyyənləşdirilir və aradan qaldırılması ilə bağlı ərazi vahidləri üzrə layihələr tərtib olunur. - 5.2-ci bəndinə əsasən ərazi vahidləri üzrə layihələrdə fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqların faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar (sərhəd, yerləşmə və konfiqurasiya fərqləri) göstərilir və bu uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması ilə bağlı görülən tədbirlər barədə qeydlər öz əksini tapır. - 5.3-cü bəndinə əsasən sistemə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsi təmin olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı və məqsədi X7 tərəfindən 27 fevral 2014-cü il tarixli bağışlama müqaviləsi əsasında ona verilmiş Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 0.20 hektar torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq ona çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. Cavabdeh inzibati orqan iddiaçıya ünvanladığı imtinanı onunla əsaslandırmışdır ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-216A kadastr nömrəli Şəhadətnamə ilə iddiaçının X7nun mülkiyyətinə verilmiş Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 0,20 hektar həyətyanı torpaq sahəsinin faktiki vəziyyəti ilə sənəd üzrə vəziyyəti arasında uyğunsuzluq mövcud olmuş, yəni "Torpağın mülkiyyətə verilməsinə dair" JN-216A nömrəli Şəhadətnamədə 2029.6 m2 torpaq sahəsi qeyd olunmasına baxmayaraq, faktiki 1894.66 m² torpaq sahəsinin iddiaçının istifadəsində olduğu müəyyən olunduğundan və iddiaçının yazılı razılığı olmadığından müraciətin icrası mümkün olmamışdır. İş materiallarında olan sənədlərə əsasən müəyyən olunur ki, JN-216A nömrəli, KOD 10304005 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”yə əsasən X14 və X6 Babək rayon Aqrar İslahat Komissiyasının 10 aprel 1999-cu il tarixli, 29 nömrəli qərarı ilə 0.20 hektar torpaq sahəsi verilmiş, 27 fevral 2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən isə X1 şəhəri, Qaraçuq kəndində yerləşən 0.20 ha torpaq sahəsini oğlu İddiaçı bağışlamışdır. Həmin müqavilə imzalanarkən bağışlanan yaşayış evinə görə İddiaçı bağışlanmanı bütünlüklə qəbul etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin aparıcı mühəndisi Şəmistan Quliyev tərəfindən məhkəmənin sorğusuna əsasən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2-1(122)- 453/2025 nömrəli məktubuna əsasən Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən mübahisəli torpaq sahəsinə baxış keçirildi və ölçmə işləri aparıldı. Həmin ərazidə yerləşən bütün qonşu torpaq sahələri ölçüldü. "Torpağın mülkiyyətə verilməsinə dair" JN-216A nömrəli Şəhadətnamədə göstərilən torpaq sahəsinin koordinatları ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluqlar aşkarlandı. İddiaçının X7nun mülkiyyətinə verilmiş "Torpağın mülkiyyətə verilməsinə dair" JN-216A nömrəli Şəhadətnamədə 2029.6 m2 torpaq sahəsi qeyd olunmasına baxmayaraq, faktiki 1954 m² torpaq sahəsinin iddiaçının istifadəsində olduğu müəyyən olundu. Həmin torpaq sahəsinin 51.5 m² hissəsi həyətin aşağı tərəfində yerləşir və həmin ərazidən ümumistifadə olan su arxı keçir. 22.5 m² hissəsi isə qonşu mülkiyyətçi X11 istifadəsindədir. Lakin həmin hissə X11 hüquqi sənədlərində qeydə alınmamışdır. Digər kəsir 75.6 m² torpaq sahəsinin hansı fiziki şəxsin mülkiyyətində, istifadəsində olmasını müəyyənləşdirmək mümükün olmadı. İş materiallarında olan mütəxəssis və ekspert rəylərindən aydın olur ki, Naxçıvan şəhəri Qaraçuq kəndində torpaq islahatı aparılan zaman mülkiyyət sənədlərində torpaq sahələrinin sərhədləri naturaya uyğun göstərilmədiyindən "Torpağın mülkiyyətə verilməsinə dair" JN-216A kadastr nömrəli Şəhadətnamə ilə X16 və X3 mülkiyyətinə verilmiş Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 0,20 hektar həyətyanı torpaq sahəsinin hazırda üçüncü şəxslər tərəfindən istifadə olunan torpaq sahələri ilə üst-üstə düşməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə qeyd edir ki, Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən mübahisəli 0.20 hektar torpaq sahəsinin 75.6 m² hissəsinin hansı fiziki şəxsin mülkiyyətində, istifadəsində olmasını müəyyənləşdirmək mümkün olmadığından iddiaçının faktiki istifadəsində olan 1954 m² hissəsinə dair torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq ona çıxarışın verilməsi mümkündür. Hazırki iş üzrə iddiaçı "Torpağın mülkiyyətə verilməsinə dair" JN-216A nömrəli Şəhadətnamədə nəzərdə tutulan torpaq sahəsinin naturada az olması ilə razılaşmayaraq həmin torpaq sahəsinin tamamlanmasını tələb edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli, 818 nömrəli Fərmanında torpaq sahəsinin faktiki ölçülərinin hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olması ehtimalı nəzərə alınmaqla, yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsi və bunun yalnız mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi təsbit edilmişdir. Yəni, Fərmanda vurğulanan əsas prinsiplərdən biri real vəziyyətin nəzərə alınmasıdır. Buna görə də, mülkiyyət hüququnun qeydiyyatı faktiki mövcud olan sahə əsasında aparılmalıdır. Belə ki, iş materiallarından aydın olur ki, iddia olunan 0.20 ha torpaq sahəsi torpaq islahatı aparılan zaman həmin torpaq sahəsinin əvvəlki mülkiyyətçilərinə, yəni iddiaçının mərhum valideynləri X16 və X6 ayrılmamış, onlar da, "Torpağın mülkiyyətə verilməsinə dair" JN-216A kadastr nömrəli Şəhadətnamədə nəzərdə tutulan torpaq sahəsini kəsir ölçüdə istifadə etmiş və ötən müddət ərzində bunu mübahisələndirməmişlər. İddiaçı 27 fevral 2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən İddiaçı bağışlanmanı bütünlüklə qəbul edərkən də faktiki olaraq naturada həmin torpaq sahəsini az qəbul etmiş və hazırda iddia olunan 0.20 ha torpaq sahəsi sözügedən bağışlama müqaviləsinin predmeti olmamışdır. Eyni zamanda cavabdeh orqan tərəfindən məhkəməyə təqdim edilmiş yazılı müraciətindən də görünür ki, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Naxçıvan şəhərinin bütün yaşayış məntəqələrində, o cümlədən Qaraçuq kəndində torpaq sahələrinin sərhədləri yenidən dəqiqləşdirilmişdir. Dəqiqləşdirmədən sonra publik hüquqi şəxsin informasiya bazasında Yunis Əsgərov və ailə üzvlərinin faktiki istifadəsində 1953,9 m² (sənəd üzrə sahədən 75,71 m² az) həyətyanı torpaq sahəsi uçota alınmışdır. Odur ki, torpaq sahəsinin faktiki istifadəsi ilə hüquqmüəyyənedici sənədlərdə göstərilən ölçü arasında uyğunsuzluq olduğundan iddiaçı yalnız iddia olunan torpaq sahəsinin naturada mövcud olan 1954 m² hissəsinə münasibətdə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq ona çıxarışın verilməsini tələb etməkdə haqlı sayıla bilər. Cavabdeh inzibati orqan tərəfindən naturada mövcud olan, hazırda iddiaçının və ailə üzvlərinin istifadəsində olan 1954 m² torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq ona çıxarışın verilməsindən imtina edilməsi qanunun güddüyü məqsədə mütənasib olmamamaqla, iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur. Odur ki, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsə qarşı "X7 tərəfindən 27 fevral 2014-cü il tarixli bağışlama müqaviləsi əsasında ona verilmiş Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 0.20 hektar torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq ona çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası qismən təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia qismən təmin edilsin. X7 tərəfindən 27 fevral 2014-cü il tarixli bağışlama müqaviləsi əsasında İddiaçı verilmiş Naxçıvan şəhəri, Qaraçuq kəndində yerləşən 1954 m² torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınaraq ona çıxarışın verilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100,00 (yüz) manat məbləğində pul cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsindən alınaraq, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (X15 MR İdarəsi Kodu: 502906, VÖEN: **********, Müxbir hesab: AZ88NABZ********************, SWİFT BİK: NAXCAZ21, Naxçıvan MR Maliyyə Nazirliyi VÖEN: **********, Hesab: AZ21NABZ********************) köçürülsün. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar