Məhkəmə qərarları › İş №2-1(122)-456/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-456/2023

25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-456/2023 25.05.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "Culfa Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinə qarşı “ərizəsinə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizəsinə cavab verilməsi öhdəliyinin cavabdeh "Culfa Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. 20 aprel 2023-cü il tarixə təyin edilmiş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında İddiaçı iddia ərizəsində yazdıqlarını müdafiə edərək, ərizəsinə cavab verilməsi öhdəliyinin cavabdeh "Culfa Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin tarixli məhkəmə iclasında cavabdeh "Culfa Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinin nümayəndəsi X1 iddiaçının müraciətinə şifahi olaraq cavab verildiyini, onun müraciətinə yazılı da cavab veriləcəyini bildirmişdir. Bundan sonra işin hazırlıq icraatı davam etdirilərək hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 05 may 2022-ci il tarixə təyin edilmişdir. 05 may 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında tərəflər iştirak etməmiş, lakin iddiaçı məhkəməyə 04 may 2023-cü il tarixdə teleqram ünvanlayaraq 05 may 2023cü il tarixdə keçiriləcək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək, onun iştirakı olmadan qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati iş üzrə hazırlıq icraatı iclası yenidən 25 may 2023-cü il tarixə təyin edilərək, bu barədə tərəflərə lazimi qaydada məlumat verilmişdir. Cavabdeh "Culfa Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan hazırlıq icraatı ilə bağlı məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh "Culfa Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi dəftərxana vasitəsi ilə məhkəməyə 12 may 2023-cü il tarixli, 05/65 nömrəli məktub ünvanlayaraq, İddiaçı diplom surətinin tələbi ilə bağlı məktubuna cavab verildiyi bildirilmişdir. Məhkəmə iclasında İddiaçı cavabdeh "Culfa Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsi tərəfindən ərizəsinə cavab verilərək iddia tələbinin təmin edildiyini və hazırkı iddia ilə bağlı heç bir tələbinin mövcud olmadığını bildirmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdeh "Culfa Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinin 12 may 2023-cü il tarixli, 05/65 nömrəli məktubunu və iş materiallarını nəzərdən keçirərək belə hesab edir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. Belə ki, İPM-də iş üzrə icraata xitam verilməsinin hüquqi əsasları 39.3, 55.5 və 67.3-cü maddələri ilə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 39.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. - 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. - 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Hazırki işin hallarından və təqdim edilmiş məktubdan da görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbi təmin edilmiş və mübahisə məhkəmədənkənar həll edilmişdir. Buna görə də hazırki vəziyyətdə iddiaçının heç bir tələbi mövcud deyildir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi təmin edildiyi və hazırda heç bir tələb mövcud olmadığı üçün hazırki vəziyyətdə işin icraatına İPM-in 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67.3 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh "Culfa Rayon Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsinə qarşı “ərizəsinə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu (elan olunduğu) vaxtdan 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar