Məhkəmə qərarları › İş №2-1(122)-457/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-457/2023

18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-457/2023 18.05.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə qarşı “Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 201 nömrəli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və işləmədiyi müddətdə əmək haqqının hesablanıb ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə qarşı "Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə işə bərpa olunması və işləmədiyi müddət ərzində əmək haqqlarının hesablanıb ödənilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2013-cü il tarixdən 2017-ci il tarixədək Cavabdehndə məsləhətçi-hüquqşünas vəzifəsində işləmişdir. 2017-ci il tarixdə 201 nömrəli əmrlə onu qanunsuz olaraq, göstəriş əsasında işdən azad etdilər. İşə bərpa olunmağı barədə Cavabdehnə müraciət etmişdir. Cavab olaraq bildirilmişdir ki, o, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Aparatında məsləhətçi-hüquqşünas vəzifəsində çalışarkən 26 may 2017-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Təhlükəsizliyi Xidmətindən haqqında Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə təqdimat daxil olmuşdur. Həmin təqdimatda onun səhiyyə sahəsində çalışan qadınlara qarşı qeyri- əxlaqi davranışlar etdiyi - şəkil və video çəkilişləri əsasında həmin səhiyyə işçilərindən hədə-qorxu ilə pul tələb etdiyi yazılmış, həmçinin qeyd olunanlar əsasında yol verdiyi qanunsuz əməllərlə bağlı işdən azad edilməli olduğu təqdimatda öz əksini tapmışdır. Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən haqqında daxil olmuş təqdimata uyğun olaraq müəyyən edilmişdir ki, o, "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanunun 18-ci maddəsinin 18.0.3, 18.0.4, 18.0.5-ci bəndlərini və həmin qanunun 25-ci maddəsinin 25.11 -ci bəndlərinin tələblərini pozmuşdur və bu səbəbdən o, 30 may 2017-ci il tarixdə "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası qanunun 25-ci mədəsinin 25.2.6-cı bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçı qeyd olunanlara və qanunvericiliyin müvafiq normalarını rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinə işə bərpa olunması və işləmədiyi müddət ərzində əmək haqlarının hesablanıb verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilərək şifahi icraat qaydasında mümkünlük iclası 25 aprel 2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, hazırki tələbi “Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 201 nömrəli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və işləmədiyi müddətdə əmək haqqının hesablanıb ödənilməsi” tələbi olduğunu bildirərək, bu tələb üzrə işə baxılmasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2- 1(122)-457/2023 nömrəli qərardadı ilə iddiaçının ərizəsi təmin edilmiş və iddia tələbi “Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 201 nömrəli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və işləmədiyi müddətdə əmək haqqının hesablanıb ödənilməsi” kimi icraata qəbul edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli prosessual müddətin bərpa olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 201 nömrəli əmrdən şikayət etmək üçün dəfələrlə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə müraciət etmişdir. Lakin onun müraciətinə baxılmayıb. Daha sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə müraciət etmişdir. Lakin dəfələrlə müraciət etməsinə baxmayaraq onun müraciətinə baxılmamışdır. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qəbul şöbəsinin müdiri sonuncu dəfə müraciətində ona şifahi olaraq demişdir ki, istədiyin orqana şikayət edə bilərsən. Lakin sənin şikayətin nəticəsiz qalacaq .Çünki yuxarıdan tapşırıq verilib. Sizin tərəfinizdən hər hansı bir dövlət orqanına müraciət olunarsa, sizin üçün heç də yaxşı olmaz. Bütün bunları nəzərə alaraq və yaxın qohumlarının dövlət orqanlarında işlədiyini də düşünərək, onlara hər hansı bir təzyiqin olmaması üçün məhkəmə orqanlarına müraciət etməmişdir. X4 Respublikasında mövcud rejimin dəyişməsindən sonra ona qarşı süni maneələrin ortadan qalxmasından sonra Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı prosessual müddətin bərpa olunması üçün köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. İddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 18 may 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı buraxılmış iddia müddətin bərpa edilməsi barədə ərizəni müdafiə edərək, prosessual müddətin bərpa olunmasını və iddia tələbinin mümkün sayılaraq baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi X2 iddiaçının inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti üzrlü səbəblər olmadan buraxdığını, iddiaçı tərəfindən prosessual müddətin bərpa edilməsi barədə ərizədə istinad olunan halların qanuni əsasının olmadığını bildirərək, məhkəmədən iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə verilmiş iddia İPM-nin 2.2.1-ci və 32-ci maddələrinə əsasən mübahisələndirmə haqqında iddiadır. Bu növ iddialar İPM-nin 38.1-ci maddəsindəki iddia müddətlərinə tabe tutulur və iddia müddəti inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Həmin növ iddialar üzrə iddia müddətinin otürülüb-ötürülməməsinə münasibət bildirilməsi ilə bağlı nəzərə alınmalıdır ki, ləğv olunması tələb olunan inzibati akt 30 may 2017-ci il tarixdə verilmişdir. İddia ərizəsinin məzmunundan və iddiaçının izahatından da aydın olur ki, mübahisələndirilən əmr iddiaçı tərəfə həmin vaxtdan məlum olmuşdur. Belə ki, iddiaçının həmin əmri inzibati məhkəmə icraatı qaydasında mübahisələndirməsi bunu bir daha sübut edir. İddiaçının ləğv olunmasını tələb etdiyi inzibati aktı mübahisələndirməsi onu deməyə əsas verir ki, iddiaçı mübahisələndirilən inzibati aktdan həmin dövrdə rəsmən məlumatlı olmuş, lakin qeyd olunan inzibati aktı 03 aprel 2023-cü il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsinə əsasən mübahisələndirmişdir. Göründüyü kimi əmr barədə iddiaçının məlumatı olsa da, məlumatlı olduğu gündən 1 ay ərzində məhkəməyə müraciət etməmiş və prosessual müddəti ötürmüşdür. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. - 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. - 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. - 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında göstərilir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Məhkəmə yuxarıda qeyd edilən hüquq normalarına və işin hallarına istinad edərək hesab edir ki, iddiaçı mübahisələndirmə haqqında iddia növü üzrə prosessual müddəti ötürmüşdür. Məhkəmə iddiaçıya müddətin buraxıldığını bildirərək, iddianın mümkün sayılmaması kimi gözlənilən hüquqi nəticəni onun diqqətinə çatdırmış, müddətin ötürülməsinin bərpası üçün əsas ola biləcək ötürülmənin üzrlü səbəblərinin olub-olmaması barədə məhkəməyə sübut təqdim edilməsini təklif etmişdir. İddiaçı tərəfindən buraxılmış müddətin bərpa edilməsi barədə ərizə təqdim edilsə də, həmin ərizə əsaslandırılmamış, ərizədə göstərilənlər barədə məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, müddətin buraxılmasının səbəbləri üzrlü hesab edilməməlidir. Eyni zamanda, qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-nin 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə qarşı “Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 201 nömrəli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və işləmədiyi müddətdə əmək haqqının hesablanıb ödənilməsi” tələbinə dair iddiası qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən həmin inzibati aktın mübahisələndirmə müddəti heç bir üzrlü səbəb olmadan ötürülmüşdür. Buna görə də məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 24, 35, 48, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı 10 may 2023-cü il tarixli prosessual müddətin bərpa olunması barədə ərizəsi təmin edilməsin. İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə qarşı “Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, 201 nömrəli əmrin ləğv edilməsi, işə bərpa edilməsi və işləmədiyi müddətdə əmək haqqının hesablanıb ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar