Məhkəmə qərarları › İş №2-1(122)-46/2021

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-46/2021

05.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-46/2021 05.11.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, üçüncü şəxs X5 və üçüncü şəxsin vəkili Vəkil iştirakları olmadan, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən qanunsuz olaraq aparılmış **********71 - 10301 nömrəli, 01 may 2018-ci il tarixli qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər X6 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5 adına 20 aprel 2018-ci il tarixli, **********71 - 10301 reyestr nömrəli, 4448 inventar nömrəli texniki pasportun və 20 aprel 2018-ci il tarixli, MH ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab olunması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 adına qeydiyyata alınan Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Ordubad Rayon İdarəsinin 20 aprel 2018-ci ildə tərtib etdiyi reyestr nömrəsi **********71- 10301 olan 4448 inventar nömrəli texniki pasportu və MH seriyalı, ******* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış etibarsız hesab edilməlidir. İddiaçı bildirir ki, anası X1 Rayon Məhkəməsində X8ndan miras qalmış Ordubad rayon Biləv kəndində ev və torpaq sahəsi ilə əlaqədar mirasın onun tərəfindən qəbul edilməsi tələbi barədə iddia qaldırmışdır. Həmin mülki işdə cavabdeh olaraq o göstərilmişdir. Mirasın anası Əminə Seyidova tərəfindən qəbul olunması tələbi Ordubad Rayon Məhkəməsinin 19 fevral 2018-ci il tarixli, 2(080)-25/2018 nömrəli qətnaməsinə əsasən təmin olunmuş və həmin qətnamə ilə razılaşmayaraq o, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellasiya şikayəti vermişdir. Apellasiya şikayətinə baxılan zaman məhkəmə baxışında cavabdeh Əminə Seyidova həmin miras əmlakı öz adına keçirməklə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Ordubad Rayon Filialından verilmiş çıxarışı və texniki pasportu məhkəməyə təqdim etmişdir. İddiaçı qeyd edir ki, X10 X8ndan qalan mirasın qəbulu ilə əlaqədar məhkəmədə iddia qaldırmışdır ki, mirasın onun tərəfindən qəbul edilməsi faktı müəyyən olunsun, sonra çıxarışı və sair alsın. Lakin Ordubad Rayon Məhkəməsinin çıxardığı qətnamə qanuni qüvvəsini almadan Əminə Seyidova qanunsuz yollarla həmin miras əmlakı öz adına keçirməklə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin Ordubad Rayon İdarəsinin 20 aprel 2018-ci ildə tərtib etdiyi reyestr nömrəsi **********71-10301 olan 4448 inventar nömrəli texniki pasportu və MH seriyalı, ******* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. X8 2006-cı il tarixdə vəfat edəndən sonra Ordubad rayon Biləv kəndində ev və torpaq sahəsi onun adına təsərrüfatbaşına kitabda qeydə alınmışdır. İddiaçı yuxarıda göstərilənlərə əsasən məhkəmədən X5 adına 20 aprel 2018-ci il tarixli, **********71 - 10301 reyestr nömrəli, 4448 inventar nömrəli texniki pasportun və 20 aprel 2018-ci il tarixli, MH ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab olunması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 11 mart 2021-ci il tarixə təyin edilmişdir. İddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclasında İddiaçı məhkəməyə 11 mart 2021-ci il tarixli ərizə təqdim edərək cavabdehlər X6 və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia qaldırdığını bildirərək, X5 cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 11 mart 2021-ci il tarixli protokol qərarına əsasən X10 cavabdehlər sırasından çıxarılaraq, iş üzrə icraatın İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “X5 adına 20 aprel 2018-ci il tarixli, **********71 - 10301 reyestr nömrəli, 4448 inventar nömrəli texniki pasportun və 20 aprel 2018-ci il tarixli, MH ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi” üzrə davam etdirilməsinə qərar verilmişdir. Bundan sonra məhkəmə tərəfindən işin hazırlıq icraatına başlanılaraq, məhkəmənin 11 mart 2021-ci il tarixli 2-1(122)-46/2021 nömrəli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə göndərilmişdir. Həmçinin məhkəmənin 11 mart 2021-ci il tarixli, 2-1(122)-46/2021 nömrəli qərardadı ilə X10 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti iddiaya dair məhkəməyə ünvanlanan 07 aprel 2021-ci il tarixli, 04/231 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, Ordubad rayon Biləv kəndində yerləşən **********71-10301 reyestr nömrəli fərdi yaşayış evi JN-011A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında 01 may 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X5 adına qeydiyyata alınmışdır. Əminə Seyidovanın əmlak üzərində hüququnun qeydiyyatının ləğvi və əmlakın X16 adına qeydiyyata alınması üçün heç bir əsasverici sənəd təqdim edilmədiyindən qeydiyyatın ləğvi aparılmamışdır. Məhkəmənin 03 may 2021-ci il tarixli, 2-1(122)-46/2021 nömrəli sərəncamı ilə inzibati mübahisə şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 31 may 2021ci il tarixə təyin edilmişdir. 31 may 2021-ci il tarixə təyin olunmuş şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iddiaçı Əliyev X14 Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılmış qeydiyyatın qanunsuz olduğunu, evin torpaqla bərabər qeyri-qanuni olaraq qeydiyyata alındığını, məhkəmədən ilkin olaraq X5 adına 20 aprel 2018-ci il tarixli, **********71 - 10301 reyestr nömrəli, 4448 inventar nömrəli texniki pasportun və 20 aprel 2018-ci il tarixli, MH ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab olunması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdiyini, iddia tələbini dəqiqləşdirərək hazırki tələbinin “Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən qanunsuz olaraq aparılmış **********71 - 10301 nömrəli, 01 may 2018-ci il tarixli qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” olduğunu bildirib məhkəmədən həmin tələb üzrə işə baxılıb nəticə verilməsini xahiş etmişdir. Məhkəmənin 31 may 2021-ci il tarixli, 2-1(122)-61/2021 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin surəti sərəncamla cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə göndərilmiş və işin hazırlıq icraatı davam etdirilmişdir. Cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti iddiaya dair məhkəməyə ünvanlanan 18 iyun 2021-ci il tarixli, 04/376 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı 15 fevral 2021-ci il tarixli ərizəsi araşdırılmış və məlum olmuşdur ki, Ordubad Rayon Biləv Kəndində yerləşən fərdi yaşayış evi qanuni əsaslarla Ordubad rayon Biləv kənd sakini X5 adına qeydiyyata alınmışdır. Belə ki, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006-cı ilin iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri sututarlar, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hüquqların qeydiyyatı üçün əsas sayılır. Yuxarıda qeyd olunan fərdi yaşayış evi Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X5 adına verilən JN-011A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında Əminə Seyidovanın adına qeydiyyata alınmışdır. Beləliklə, hüquqların qeydiyyatı qanuni əsaslarla aparıldığından və qeydiyyatın ləğvi üçün İddiaçı tərəfindən heç bir əsasverici sənəd təqdim olunmadığından İddiaçı tələbi təmin olunmamışdır. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 05 noyabr 2021-ci il tarixə təyin olunmuşdur. Üçüncü şəxs X5 qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərilmiş və bildiriş “xəstəxanadadır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Üçüncü şəxsin vəkili Vəkil ünvanına məhkəmə bildirişi göndərilərək məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən üçüncü şəxsin və üçüncü şəxsin vəkilinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X7 cavabdeh tərəfindən məhkəməyə ünvanlanan məktublara uyğun izahat verərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Ordubad rayon Biləv kənd sakini İddiaçı ünvanlanan 12 fevral 2021-ci il tarixli, 06/101 nömrəli və 15 fevral 2021-ci il tarixli, 06/104 nömrəli məktubların məzmunundan aydın olur ki, Ordubad rayon Biləv kəndində yerləşən **********71-10301 reyestr nömrəli fərdi yaşayış evi JN-011A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında 01 may 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X5 adına qeydiyyata alınmışdır. Əminə Seyidovanın əmlak üzərində hüququnun qeydiyyatının ləğvi və əmlakın X16 adına qeydiyyata alınması üçün heç bir əsasverici sənəd təqdim edilmədiyindən qeydiyyatın ləğvindən və əmlakın X16 adına qeydiyyata alınmasından imtina olunmuşdur. - Ordubad Rayon İcra Hakimiyyətinin Biləv Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 09 fevral 2021-ci il tarixli, 18 nömrəli arayışdan aydın olur ki, Əliyev X17 Rayon Biləv Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin təsərrüfatbaşına uçot kitabında Biləv kəndinin qeydiyyatında durur. - 05 fevral 2021-ci il tarixli, 20250 nömrəli qəbzdən məlum olur ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 (on) manat dövlət rüsumu ödəmişdir. - Ordubad Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanan 20 aprel 2021-ci il tarixli, 03 nömrəli məktubundan aydın olur ki, Ordubad rayon Biləv kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 1991-2005-ci illərə aid təsərrüfatbaşına kitablarında İddiaçı xüsusi mülkiyyətində olan torpaq sahəsi 1200 kv.m. (yaşayış evinin olması göstərilməmiş), 1991-1995-ci illərə aid təsərrüfatbaşına kitabında X19 ailə başçısı olmaqla xüsusi mülkiyyətində olan sahəsi 1350 kv.m, 1947-ci ildə tikilən evi o, cümlədən yaşayış sahəsi 50 kv.m. (X5 həmin təsərrüfatda olması), 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitabında ailə başçısı X10 olmaqla xüsusi mülkiyyətində olan torpaq sahəsi 1350 kv.m, 1947-ci ildə tikilən evi, o, cümlədən yaşayış sahəsi 50 kv.m. (X16 həmin təsərrüfatda olması), 2000-2005-ci illərə aid təsərrüfatbaşına kitabında X19 ailə başçısı olmaqla xüsusi mülkiyyətində olan torpaq sahəsi 1350 kv.m, 1947-ci ildə tikilən evi, o, cümlədən yaşayış sahəsi 50 kv.m. olması (X5 həmin təsərrüfatda olması) təsərrüfatbaşına kitablarında göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin Biləv Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 19 aprel 2021-ci il tarixli, 37 nömrəli məktubdan görünür ki, mərhum 1941-ci il təvəllüdlü X19 2006-cı ildə vəfat edənədək Ordubad rayonunun Biləv kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin təsərrüfatbaşına uçot kitabında Biləv kəndinin qeydiyyatında durmuşdur. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 01 may 2018-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışın surətindən məlum olur ki, Naxçıvan Muxtar Respublikası Ordubad rayonu, Biləv kəndində yerləşən 125.51 m2 fərdi yaşayış evi və 0.2412 m2 torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X5 adına daşınmaz əmlakın dövlət reyestrində 19/5 nömrəli reyestr kitabının 794 nömrəli vərəqində qeydiyyata alınmışdır. - JN-011A, KOD 10705018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, həmin şəhadətnamə ilə Ordubad Rayon Aqrar İslahat Komissiyasının 08 oktyabr 1999-cu il tarixli, 155 nömrəli qərarına əsasən X6, X12 və X9 adlarına 0.24 ha torpaq sahəsi verilmişdir. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən tərtib olunmuş 20 aprel 2018-ci il tarixli, 4448 inventar nömrəli texniki pasportun surətindən aydın olur ki, Ordubad rayonu, Biləv kəndində yerləşən fərdi yaşayış evi X5 adına **********71-10301 reyestr nömrəsi ilə qeydə alınmışdır. - Naxçıvan Muxtar Respublikası Ordubad Rayon İcra Hakimiyyətinin Parağaçay Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanmış məktubdan aydın olur ki, mərhum X19 uzun illər, o cümlədən 1990-1999-cu illərdə Parağaçay qəsəbəsində yaşamış və qeydiyyatda durmuşdur. X24 İdarəsi o dövr üçün çox əhəmiyyətli idi və burada işləyənlər Respublikanın hər yerindən gəlirdilər. Qeydiyyatsız qəsəbədə yaşamaq və işləmək çətin idi. Həmin dövrlərdə mərhuma yaşamaq üçün verilmiş Fin-7 tipli bina bugün də mərhumun həyat yoldaşı X10 tərəfindən istifadə olunur. Bina dövlətə məxsusdur. 1999-cu ildə 1-ci bələdiyyə seçkilərində mərhum X2 Qəsəbə Bələdiyyəsinin sədri seçilmişdir. 2005-ci ilə kimi qəsəbə bələdiyyəsinin sədri işləmişdir. 1996-cı ildə pay torpaqlarının verilməsi zamanı Biləv kəndində mərhumun övladlarına torpaq sahələri ayrılmış, mərhum Parağaçay qeydiyyatında olduğu üçün pay torpağı almamışdır. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: - 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. - 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Naxçıvan Muxtar Respublikası X23 2020-ci il 17 iyun tarixli 23-Vİ FR nömrəli Fərmanı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti haqqında Əsasnamənin 1.1-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti daşınmaz əmlakın dövlət reyestrinin aparılması, daşınmaz əmlakın dövlət kadastrının aparılması (daşınmaz dövlət əmlakı istisna olmaqla), ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya və xəritəçəkmə, torpaqların dövlət idarəetməsinin təşkili, torpaqlardan istifadəyə və onların mühafizəsinə nəzarət, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. İş materiallarından aydın olur ki, Ordubad Rayon Aqrar İslahat Komissiyasının 08 oktyabr 1999-cu il tarixli, 155 nömrəli qərarına əsasən JN-011A, KOD 10705018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X6, X12 və X9 adlarına 0.24 ha torpaq sahəsi verilmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Ordubad rayon Biləv kəndində yerləşən fərdi yaşayış evi JN-011A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində X5 adına qeydiyyata alınmaqla ona hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 01 may 2018-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarış və 20 aprel 2018-ci il tarixli, ********* - 10301 reyestr nömrəli, 4448 inventar nömrəli texniki pasport verilmişdir. İddia ərizəsində qeyd olunan X5 qanunsuz yollarla, yəni Ordubad Rayon Məhkəməsinin çıxardığı qətnamə qanuni qüvvəsini almadan həmin fərdi yaşayış evini miras əmlakı kimi öz adına keçirərək çıxarış almasına münasibətdə bildirilir ki, cavabdeh inzibati orqan tərəfindən X5 adına qeydiyyat Ordubad Rayon Məhkəməsinin qətnaməsinə əsasən miras əmlakı kimi deyil, JN-011A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında aparılmışdır. Lakin məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən JN-011A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evinin də X5 adına qeydiyyata alınması zamanı səhvə yol verilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə yalnız torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq etməklə, fərdi yaşayış evinin X5 adına qeydiyyata alınması üçün heç bir hüquqi əsas təşkil etmir. JN- 011A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında fərdi yaşayış evinin torpaq sahəsi ilə bərabər X5 adına qeydiyyata alınması fərdi yaşayış evi barəsində daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğvi üçün əsasdır. Daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Göründüyü kimi qeydiyyat orqanının ona təqdim edilmiş sənədləri lazımi qaydada araşdırmaması nəticəsində iddiaçının hüquqları pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən qanunsuz olaraq aparılmış **********71 - 10301 nömrəli, 01 may 2018-ci il tarixli qeydiyyatın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə ödənilmiş dövlət rüsumu məsələsini müzakirə edərək hesab edir ki, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81, 85 və 110.1-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən qanunsuz olaraq aparılmış **********71 - 10301 nömrəli, 01 may 2018-ci il tarixli qeydiyyatın ləğv edilməsi öhdəliyi Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulsun. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar