Məhkəmə qərarları › İş №2-1(122)-461/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-461/2025

12.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-461/2025 12.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı məhkəməyə müraciət edərək ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, təcavüzkar erməni dəstələri 1988-ci ildən Sədərək rayonu ərazisinə bütövlükdə hücum etmişlər. Azərbaycan Respublikası Milli Ordusu postları onlardan təhvil alanadək, həmin postları o, və döyüş yoldaşları müdafiə etmişlər. 1989-cu ilin noyabr ayında hərbi xidmətdən qayıtdıqdan sonra erməni təcavüzünə qarşı mübarizə aparmaq üçün, xidmətə başlamış, könüllü olaraq Sədərək rayonu ərazisində yerləşən "Qaratəpə", "Mil təpə”, "Qırmızılar”, "Ucu miz” postlarında xidmət aparmışdır. 1988-ci il tarixindən 1992-ci ilə qədər öz şəxsi imkanları hesabına dövlət sərhədlərinin mühafizəsində iştirak etmişdir. 2 may 1992-ci il tarixdə erməni silahlı dəstələri daha intensiv şəkildə Sədərək rayonu istiqamətində hücumlara başlamış, həmin tarixdə Sədərək kənd sakini polis serjantı X4 şəhid olmuşdur. 18 may 1992-ci il tarixdə səhər saatlarında təxminən 05:22-də qəflətən erməni təcavüzkarları ağır artileriya ilə hücuma keçmiş, baş vermiş döyüşlərdə “Qaratəpə”, “Mil təpə”, “Ucu miz” postları alındı, həmin döyüşlərdə 16 şəhid vermişdirlər. Həmin günki döyüşlərdə şəxsən iştirak etmişdir. Həmin gün Polis və AMON dəstələrinin birgə təşkilatçılğı ilə qərargah yaradılmışdır. 21 may 1992-ci il tarixdə baş vermiş döyüşdə “Ucu Miz” postu azad olunmuşdur. O da həmin tarixdən “Ucu miz” postunda xidmətə başlamışdır. Sonradan 18 iyun 1992-ci il tarixində Şərur Rayon Hərbi Komisarlığı tərəfindən çağırış vərəqəsi verilərək, Azərbaycan Hərbi Silahlı Qüvvələri Komandanlığının əmri əsasında hərbi xidmətə və Naxçıvan MR müdafiəsi üçün hərbi səfərbərliyə alınmışdır. İlk vaxtlar gündəlik olaraq postlarda xidmət aparmış, bir müddətdən sonra növbəli şəkildə 1992-ci ilin dekabr ayınadək xidmətdə olmuşdur. Xidmət zamanı müvəqqəti yaradılmış qərargahlardan rəsmi qaydada silah təhvil götürüb postlara getmişdir. Həmin vaxtlarda gedən döyüşlərdə “Ucu Miz” postunda yaralanmış Sərvər adlı döyüş yoldaşı və Sədərək kənd sakini X5 postlardan endirərək rayon ərazisində yerləşən tibb məntəqəsinə çatdırmışdır. Döyüşlər zamanı Vətən səsi qəzetin müxbiri Milli Qəhrəman Çingiz Mustafayevi müşaiyət edərək postlara qaldırmışdır. O, “müharibə veteranı” adı və vəsiqəsini almaq üçün Sədərək Rayon Hərbi Komissarlığına müraciət etmişdir. Onun kifayət qədər əlində arayış, çağırış vərəqəsi və döyüşlərdə iştirakı ilə bağlı hərbi biletində qeydlər olsa da, onun müraciəti cavabsız qalmışdır. Dəfələrlə bununla bağlı müraciətlər etsə də, müsbət nəticə əldə edə bilməmişdir. Bakı şəhərinə gedərək Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə şəxsən müraciət etmişdir. Xidmətin arxivində olan qeyd kitabında o vaxt Sədərək Rayon İcra Hakimiyyətinin başçısı işləmiş Aftandil Əliyevin şəxsi imzası və möhürü ilə təsdiq edilmiş, könüllü dəstə ilə bağlı siyahıda onun adı da qeyd olunmuşdur. O, Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmiş, ona bildirmişdirlər ki, 06 sentyabr 2002-ci il tarixdə Sədərək Rayon İcra Hakimiyyəti tərəfindən həqiqətən döyüşlərdə iştirak etdiyi üçün verilmiş arayışı yenidən verməlidir. İcra hakimiyyətinə təkrar müraciət etsə də, həmin arayışı yenidən verilməsinin mümkünsüz olduğunu bildirmişdirlər. Təkrar Naxçıvan MR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət etmişdir. Yenidən ona İcra Hakimiyyətindən arayış və Daxili İşlər Nazirliyindən bu haqda döyüşlərdə iştirakı ilə bağlı arayışlar almağını bildirmişdirlər. Daxili İşlər Nazirliyindən bildirmişirdilər ki, polis əməkdaşı olmadığı üçün onun adı siyahıda yoxdur. Halbuki, ermənilərin Sədərək kəndinə hücumu zamanı könüllü dəstənin tərkibində vuruşmağı barədə 20 fevral 1993-cü il tarixdə Sədərək Rayon Polis Şöbəsi tərəfindən ona arayış verilmişdir. Əlavə olaraq Sədərək Rayon İcra hakimiyyəti 06 sentyabr 2002-ci il tarixli, 17 nömrəli arayış verərək 1988-ci ildən 1992-ci ilədək könüllü dəstənin tərkibində iştirak etməyini bildirmişdir. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 17 dekabr 2024-cü il tarixli, 2-1(122)-1442/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair hazırki inzibati iş üzrə cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əvəz edilmişdir. Bundan sonra Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 21 yanvar 2025-ci il tarixli məktubla məhkəməyə ünvanlanan yazılı münasibətini onunla əsaslandırmışdır ki, Naxçıvan Muxtar Respublikasının Sədərək Rayon İcra Hakimiyyəti ümumiyyətlə “Döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin adlı siyahılan”nı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etməmişdir. Həmçinin iddiaçı iddia tələbinin əsası kimi ona Sədərək Rayon İcra Hakimiyyəti Başçısı tərəfindən verilmiş arayışa istinad edir. Adıçəkilən sənədlərin hər hansı sənədə istinadən yazılmamış və bu səbəbdən mötəbər sübutlar hesab edilə bilməz və hüquqi əsasları yoxdur. Göstərilən qanunvericilik aktının tələblərinə əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı hesab edilməsi üçün yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılarla birgə döyüşlərdə iştirakı sübut edən sənədlər təqdim edilməlidir. Döyüşlərdə iştirakı sübut edən sənədlər dedikdə - silahların təhkim edilməsi barədə əmrlərdən çıxarışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, döyüşlərdə iştirakı sübut edən başqa sənədlər nəzərdə tutulur. Həmçinin, könüllü özünümüdafiə dəstəsi hərbiləşdirilmiş birləşmə olmaqla silahla təchiz olunmuş qaydada döyüş əməliyyatlarında iştirak etmiş olmalıdır. İş üzrə materiallarda iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini sübut edən hər hansı məlumat və ya sənəd aşkar edilməmişdir. Yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş dispozisiya şərtləri baxımından, iddiaçının döyüşlərdə iştirak etməsi öz təsdiqini tapmadığından ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi qanunvericiliyin tələblərinə əsasən ziddir. Beləliklə, hazırki mübahisəyə münasibətdə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün tələb olunan dispozisiya şərtləri iddiaçıya münasibətdə ödənilməmişdir. İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “müharibə veteran” adının və vəsiqəsinin verilməsi” tələbinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(102)-61/2023 nömrəli qərarının 32-ci bəndində qeyd edilmişdir ki, iddiaçının istinad etdiyi siyahı da vəziyyəti onun xeyrinə dəyişmir. Belə ki, yuxarıda istinad edilən Əsasnamənin tələbindən göründüyü kimi, döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə veteran adı yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar əsasında, həm də döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda verilir. İddiaçı özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını sübut edən mötəbər sənədlər olmadığından, iddia tələbi təmin edilə bilməz. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmədən İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 12 iyun 2025-ci il tarixə təyin olunmuşdur. İddiaçının vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının vəkili Vəkil və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış 10 oktyabr 2022-ci il tarixli, B/4165 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə edilmiş sorğuya cavab məktubu alınmışdır. Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyin daxil olan xx.xx.2022-ci il tarixli, 3657 nömrəli məktubda Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakını təsdiq edən hər hansı məlumatın olmadığı bildirilmişdir. Bu səbəbdən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməyinə dair təsdiqedici hüquqi sənədlər olmadığı üçün ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyil. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1970-ci il tarixdə doğulmuşdur. - НЛ seriyalı, ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətinin 7-ci səhifəsində İddiaçı Sədərək rayonu ərazisində gedən döyüşlərində iştirak etdiyi qeyd olunmuşdur. - Sədərək Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 28 sentyabr 2002-ci il tarixli, 17 nömrəli arayışın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Sədərək rayonu ərazisində 1988-ci ildən 1992-ci ilə kimi könüllü dəstənin tərkibində erməni milli ordusuna qarşı döyüşlərdə fəal iştirak etmişdir. - Sədərək Rayon İcra Hakimiyyətinin Sədərək kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 09 oktyabr 2024-cü il tarixli, 1006 nömrəli arayışdan görünür ki, Bağırov X6 rayonu, Sədərək kəndində yaşayır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Sədərək rayonunun Qaraağac kəndində yaşayan vətəndaş İddiaçı ünvanlanmış 06 fevral 2025-ci il tarixli, 3-43-90/2-13-144/38/25 nömrəli məktubdan aydın olur ki, Xidmətin Aparatına əvvəlki müraciətlə əlaqədar təqdim etdiyi sənədlərlə bağlı döyüşlərdə iştirakını sübut edən sənədlərin əldə edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə sorğu edilmişdir. Sorğuya daxil olan xx.xx.2022-ci il tarixli, 3657 nömrəli məktubda onun Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakını təsdiq edən hər hansı məlumatın olmadığı bildirilmişdir. Bununla bağlı ona xx.xx.2022-ci il tarixli, B4165 nömrəli cavab məktubu göndərilmişdir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli, 216 nömrəli qərarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə və hərbi qulluqçulara - müvafiq dövlət və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakına dair təsdiqedici hüquqi sənədlər olmadığından, mövcud qanunvericiliyin tələblərinə əsasən ona “müharibə veteram’’ adı və vəsiqəsinin verilməsi məsələsinə Xidmətin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”nda baxılması mümkün olmamışdır. Bununla belə, döyüş əməliyyatlarında iştirakını sübut edən sənədlər və ya hüquqi qüvvəsi olan sənədlər əsasında yazılmış arayışlar (sənədlərin (arayışların) imza və möhürlə təsdiq olunmuş əsli və ya notarial qaydada təsdiq edilmiş surəti) olduğu təqdirdə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi məsələsinə baxıla bilər. Qeyd olunanlarla bağlı “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 14.0.8-ci maddəsinə uyğun olaraq, müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan məhkəmə qaydasında şikayət vermək hüququ izah edilmişdir. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissə tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 06 mart 2025-ci il tarixli, 3-25-210/2- 747/2025 nömrəli məktubdan görünür ki, X7 Komitəsinin Arxivdə saxlanılan 1991-1992-ci illərin "Nizami hissə üzrə əmrlər kitabı"nda İddiaçı haqqında məlumat yoxdur. - Sədərək Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 07 mart 2025-ci il tarixli, 5-26/2-109/2025 nömrəli məktubdan məlum olur ki, İddiaçı Sədərək rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməsi haqqında sorğunuz araşdırıldı. İddiaçı Sədərək rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməsi barədə Sədərək Rayon İcra Hakimiyyətində və Sədərək rayon Dövlət Arxivində heç bir sənəd aşkar olunmamışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 12 mart 2025-ci il tarixli, 3-43-75/2-270/2025 nömrəli məktubdan aydın olur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Sədərək rayon bölməsində qeydiyyatda olan, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. İddiaçı döyüşlərdə iştirak etməsi barədə fotoşəkilləri və 3 iyul 1992-ci il tarixli qəzet səhifəsindən çıxarışın surətini məhkəməyə təqdim etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin 2-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin 8-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 7-ci maddəsinin 1-ci abzasına əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin: 1-ci maddəsinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qeyd 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanununun 37-ci maddəsində həqiqi hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: 37.1. Aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: 37.1.1. çağırışçılar üçün – müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün; 37.1.2. bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanlar üçün – bağlaşmanın imzalandığı gün; 37.1.4. müvafiq icra hakimiyyəti orqanında birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar üçün - hərbi xidmətə daxil olmaları barədə əmrin imzalandığı gün. 37.2. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etməklə məcburetmə haqqında iddia qaldırmışdır. Hazırki işin hallarına görə iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsinin verilməsinin mümkün olmayacağı bildirilmişdir. Hazırkı mübahisəyə müharibə veteranı statusunun verilməsi ilə bağlı münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilməlidir. Həmin normaların yuxarıda istinad olunan müddəalarına görə isə iddia təmin edilə bilməz. Belə ki, İPM-in 14.3-cü maddəsinin tələbinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, hərbi qulluqçu olmayan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsi verilə bilər. Lakin yuxarıda istinad olunan Əsasnamədən göründüyü kimi, bu hüquq yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar və hərbi biletdə yazılan qeydlər səxsin döyüşlərdə iştirakını sübut edən digər müvafiq sənədlərlə (nizami hüssə üzrə əmrlərdən çıxarışlarla) birgə təqdim edildiyi hallarda müharibə veteranı adının verilməsi üçün əsas hesab oluna bilər. Döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. Lakin iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi və qanuni əsaslarla ehtiyata buraxılması, döyüşlər zamanı yaralanması travma alması barədə məlumatlar mötəbər sübutlarla təsdiq edilmədiyindən, döyüşlərdə iştirakı barədə məlumat olmadığından iddia sübuta yetirilmiş sayıla bilməz. Məhkəmə iddiaçıya Sədərək Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 28 sentyabr 2002-ci il tarixli, 17 nömrəli arayışa münasibətdə qeyd edir ki, həmin arayışda iddiaçının 1988-ci il tarixdən 1992-ci il tarixədək könüllü dəstələrin tərkibində döyüşlərdə iştirak etməsi qeyd edilsə də, məhkəmə icraatı zamanı məhkəmənin sorğusuna cavab olaraq Sədərək Rayon İcra Hakimiyyəti tərəfindən təqdim edilmiş 07 mart 2025-ci il tarixli, 5-26/2- 109/2025 nömrəli məktubda qeyd olunur ki, İddiaçı Sədərək rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməsi barədə Sədərək Rayon İcra Hakimiyyətində və Sədərək rayon Dövlət Arxivində heç bir sənəd aşkar olunmamışdır. Göründüyü kimi, iddiaçının Sədərək döyüşlərində iştirakı barədə Sədərək Rayon İcra Hakimiyyətinin özünümüdafiə dəstələrinin siyahısında olması faktı öz təsdiqini tapmamışdır. Eyni zamanda iddiaçı məhkəmə iclaslarında verdiyi izahatlarda bildirmişdir ki, o, Sədərək rayonunda anadan olmuşdur. Sədərək uğrunda gedən döyüşlər zamanı da həmin kənddə yaşamış və müxtəlif vaxtlarda fasilələrlə (bir gün evdə, bir gün postda) döyüşlərdə iştirak etmişdir. Milli ordu yarananda post milli orduya təhvil verilmişdir. Döyüşlərdə yaralanmamış, travma və xəsarət almamış, heç bir orden və medallarla təltif edilməmişdir. Beləliklə məhkəmə qeyd edir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”də qeyd olunur ki, müharibə veteranı adını və müvafiq veteran vəsiqəsini almaq üçün şəxs döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş (hərbi xidmətə qəbul və hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmış) olmalıdır. Hazırkı iş materiallarında olan sənədlərdə iddiaçının könüllü dəstənin tərkibində vuruşması barədə verilmiş arayış olsa da, özünümüdafiə dəstələrinin tərkibində (siyahılarda) olması və döyüş bölgəsində iştirak etməsinin təsdiq edilməsi barədə sübutlar olmadığından qanunvericiliyin tələbi baxımından İddiaçı “müharibə veteranı” adı və vəsiqənin verilməsi qanunaziddir. Belə ki, 25 dekabr 1991-ci il tarixli “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrində çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Həmin qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş və ya bağlaşma ilə müəyyən edilmiş xidmət müddətini başa çatdıran, habelə hərbi xidmətdə olmağın son yaş həddinə çatan yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Sadalanmış bu müddəalardan bəlli olur ki, çağırışla Silahlı Qüvvələrdə xidmətə daxil olan şəxslər hərbi qulluqçu statusunu əldə edir və bununla da onların hərbi xidmət keçmə müddəti başlanılır. Müəyyən edilmiş xidmət müddəti başa çatdığı halda, həmin şəxslər ehtiyata və ya istefaya buraxılırlar. Lakin iddiaçı adının döyüşlərə göndərilməsi barədə yerli icra hakimiyyətləri tərəfindən təsdiq edilmiş siyahılarda olması, döyüş əməliyyatlarında iştirak etməsi və qanuni əsaslarla ehtiyata buraxılması barədə sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə araşdırılması zamanı da həmin sübutları əldə etmək mümkün olmamışdır. İnzibati Prosessual Məcəllənin 73-cü maddəsinin tələbinə görə, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Şərh edilən hallar isə iddiaçının “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməsinə mane olur. Belə olan halda, cavabdehin imtinası qanunidir və iddiaçının hüquqlarını pozan hal kimi qiymətləndirilə bilməz. İddiaçının hərbi biletində onun Sədərək döyüşlərində iştirak etdiyi qeyd edilsə də, məhkəmə hesab edir ki, həmin məlumatın mövcudluğu belə iddianın təmin edilməsi üçün zəruri digər faktın mövcud olmadığı həqiqətini dəyişdirmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən hərbi biletlərdə nəzərdə tutulmuş qeydlər hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda, başqa sözlə digər sübutlarla təsdiq edidiyi halda sübut kimi əsas götürülə bilər. Məhkəmə qeyd edir ki, iddiaçı hər bir halda, cavabdehin onun qarşısında məhz iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir. Buna görə də qeyd olunan qanun normalarında təsbit olunmuş şərtlər iddiaçı tərəfindən təmin olunmadığından cavabdehin üzərinə iddia olunan məzmunda öhdəlik qoyula bilməz. Beləliklə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar