Məhkəmə qərarları › İş №2-1(122)-47/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-47/2022

24.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-47/2022 24.06.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinə qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin pensiya təyin edən komissiyasının 12 yanvar 2022-ci il tarixli, 15 nömrəli qərarının ləğv edilməsi, 16 sentyabr 1992-ci il tarixdən 16 mart 2000-ci il tarixədək Naxçıvan Şəhər “İnteqral” kooperativində işlədiyi illərin sığorta stajı olaraq nəzərə alınmaqla və 2022-ci ilin yanvar ayından hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin pensiya təyin edən komissiyasının 12 yanvar 2022-ci il tarixli, 15 nömrəli qərarının ləğv edilməsi, 16 sentyabr 1992-ci il tarixdən 16 mart 2000-ci il tarixədək Naxçıvan Şəhər “İnteqral” kooperativində işlədiyi illərin sığorta stajı olaraq nəzərə alınmaqla və 2022-ci ilin yanvar ayından hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşagörə əmək pensiyası hüququ vardır. O, 1978-ci il tarixdən fasiləsiz olaraq işləmişdir. Bu hal əmək kitabçasında öz təsdiqini tapır. xx.xx.2021-ci il tarixdə 60 yaşına çatmışdır və 25 il 10 ay sosial sığorta stajı olduğundan və bu müddətin 18 ilini əmək şəraiti xüsusilə zərərli olan işdə çalışdığından “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin pensiya təyin edən komissiyasının xx.xx.2021-ci il tarixli, 20319 nömrəli qərarı ilə ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Lakin müvafiq Komissiya 2021-ci ilin dekabr ayında pensiya işlərini nəzərdən keçirən zaman ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 31.2-1 -ci maddələrinə zidd olaraq pensiya təyin edildiyini müəyyən etmiş və təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qanunsuz olaraq təyin edildiyi üçün Komissiyanın 12 yanvar 2022-ci il tarixli, 15 nömrəli qərarı ilə ləğv edilmişdir. Komissiya müvafiq qərarını onunla əsaslandırmışdır ki, pensiya təyinatı əmək kitabçası əsasında aparılmış və onun əmək kitabçasında xx.xx.1992-ci il tarixdən - xx.xx.2000-ci il tarixədək Naxçıvan şəhər “İnteqral” kooperativində işlədiyinin qeyd olunmasına baxmayaraq, həmin dövrlərə aid iş stajı Dövlət Arxivinin arayışları ilə təsdiq olunmamışdır. Nəticədə, onun xx.xx.2006-cı ilədək olan sığorta stajı 25 il 10 aydan 7 il 6 ay azalaraq, 18 il 10 aya düşmüşdür. Tələb olunan ümumi və xüsusi sığorta stajının olmasına baxmayaraq, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olduğu üçün təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ləğv edilmişdir. İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin pensiya təyin edən komissiyasının 12 yanvar 2022-ci il tarixli, 15 nömrəli qərarını qanunsuz hesab edir. Onun xx.xx.1992-ci il tarixdən - xx.xx.2000-ci il tarixədək Naxçıvan şəhər “İnteqral” kooperativində işləməsi əmək kitabçası ilə təsdiq olunur. Qeyd edilən dövrdə işləməsi barədə sənədlərin kooperativ tərəfindən arxivə verilməməsi onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, işə götürən tərəfindən qanunvericiliklə üzərinə düşən vəzifələrin tam və lazımınca yerinə yetirilməməsi özüözlüyündə heç bir halda işçinin onun Konstitusiyada təsbit edilmiş hüquqlarının həyata keçirilməsinin qarşısını ala bilməz. İddiaçı yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 3.1.1-ci maddəsinə, Azərbaycan Respublikasının “İnzibati icraat haqqında” Qanununun 17-ci və 19-cu maddələrinə istinad edərək, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X16 şəxsin Naxçıvan şəhər şöbəsinin pensiya təyin edən komissiyasının 12 yanvar 2022-ci il tarixli, 15 nömrəli qərarının ləğv edilməsi, xx.xx.1992-ci il tarixdən - xx.xx.2000-ci il tarixədək Naxçıvan şəhər “İnteqral” kooperativində işlədiyi illərin sığorta stajı olaraq nəzərə alınmaqla və 2022-ci ilin yanvar ayından hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. Bundan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin 18 yanvar 2022-ci il tarixli, 2-1(122)-47/2022 nömrəli sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya dair yazılı münasibəti (etirazı) xx.xx.2022-ci tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, 02/161 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxx 1961-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanda yaşayan İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 25 may 2021-ci il tarixli, 20319 nömrəli qərarı ilə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə 204.15 manat məbləğində əmək pensiyası təyin olunmuşdur. Lakin 2021-ci ilin dekabr ayında müvafiq komissiya pensiya işlərini təkrar nəzərdən keçirərkən müəyyən etmişdir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qanunvericiliyin 31.2-1-ci maddəsinin tələblərinə zidd olaraq təyin edilmişdir. Bununla da, iddiaçının 16 sentyabr 1992-ci tarixdən 16 mart 2000-ci il tarixədək Naxçıvan şəhəri "İnteqral" kooperativində işlədiyi 7 il 6 ay əmək kitabçasında qeyd edilən dövrə aid iş stajı Dövlət Arxivinin 11 yanvar 2022-ci il tarixli, 15/03 nömrəli arayışında öz təsdiqini tapmadığı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün vətəndaşa təyin edilən pensiyanın ödənişi 12 yanvar 2022-ci il tarixdən dayandırılmışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi sığorta stajının hesablanması üçün zəruri tələb kimi qoyulmuşdur. Yəni, şəxsin iş stajını təsdiq edən əmək kitabçası, əmr və s. sənədlər o zaman sığorta stajının hesablanması üçün əsas ola bilər ki, həmin şəxsin işlədiyi dövr ərzində müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təsdiq edən sənəd olsun. İddiaçı xx.xx.1992-ci tarixdən xx.xx.2000-ci il tarixədək Naxçıvan şəhəri "İnteqral" kooperativində işlədiyi dövr üçün tələb olunan sənədləri təqdim etmədiyinə görə həmin müddət sosial sığorta stajı kimi qəbul edilə bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 13.1-ci bəndinə əsasən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın əmək kitabçası üzrə iş stajı o halda keçərlidir ki, o, arxiv arayışı ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Bu baxımdan, İddiaçı tərəfindən daxil edilməsini istədiyi xx.xx.1992-ci il tarixdən - xx.xx.2000-ci il tarixədək olan (7 il 6 ay) iş illəri, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 01 yanvar 2006-cı ilədək olan dövrə aid olduğu üçün, həmin dövrdə yaranmış münasibətləri tənzimləyən normalar nəzərə alınaraq iddiaçının iş stajı sübut edilmədiyi və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması mümkün deyil. Yuxarıda qeyd edilən pensiya qanunvericiliyinin şərtləri iddiaçıya münasibətdə mövcud olmadığından İddiaçı qaldırdığı iddianın rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. 03 iyun 2022-ci il tarixə təyin edilmiş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında şahid qismində ifadə verən X5 “İnteqral” kooperativinin onun dükanının yanında zirzəmidə yerləşdiyini, giriş hissəsində “İnteqral” kooperativi yazıldığını, həmin kooperativin televizor, intek və s. elektrik avadanlıqlarının satışını həyata keçirdiyini, həmin kooperativdən “Soni” markalı televizor və intek aldığını, həmin televizoru hazırda da işlətdiyini, “İnteqral” kooperativinin həm də təmir işlərini həyata keçirdiyini, onun dükanı və “İnteqral” kooperativinin bir binada yerləşdiyini, “İnteqral” kooperativində 3-5 nəfərin işlədiyini, Urfullah müəllimin və Rövşən müəllimin orada işlədiklərini, 1995-2000-ci illərdə “İnteqral” kooperativinin fəaliyyətini gördüyünü, onun 1995-ci ildən sonra kooperativin yanında dükan işlətməyə başladığını, “İnteqral” kooperativinin o, dükan işlətməyə başladıqdan xeyli əvvəl mövcud olduğunu, 1995-2000-ci illərdə “İnteqral” kooperativinin vergi ödədiyini, lakin həmin dövrdə VÖEN olmadığına görə vergini nağd pul şəklində vergi idarəsinin əməkdaşlarına ödəyib, qəbz adıqlarını, hətta bir dəfə “İnteqral” kooperativində işçilərin gömrükdən mallarını gətirməyə getdiklərindən idarədə olmayanda vergi idarəsinin əməkdaşı “İnteqral” kooperativindən vergi pulunu almağa gəldiyini, Urfullah müəllimə zəng edib, bu barədə ona məlumat verdiyini, Urfullah müəllim ondan əməkdaşa vergi pulunu verməsini xahiş etdiyini, pulu vergi idarəsinin əməkdaşına verib, qəbz aldığını, Urfullah müəllim kooperativə gəldikdən sonra onun pulunu qaytardığını bildirmişdir. 03 iyun 2022-ci il tarixə təyin edilmiş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında şahid qismində ifadə verən X10 1990-cı ildə təsərrüfathesablı Diaqnostika və Reabilitasiya Mərkəzi yaratdığını, “İnteqral” kooperativinin direktoru Rövşən Məmmədovla tanış olduğunu, onun vasitəsilə Urfullah müəllim ilə tanış olduğunu, “İnteqral” kooperativinin Urfullah müəllimin başçılığı ilə onun yaratdığı mərkəzdə avadanlıqların quraşdırılmasında onlara köməklik göstərdiyini, kooperativ tərəfindən ultrasəs müayinə cihazının və daxili telefonların quraşdırıldığını, 1992-2000-ci illərdə “İnteqral” kooperativinin əməkdaşlarından ən çox Urfullah müəllim ilə əlaqəsinin olduğunu, 2000-ci ildə “Şəfa” X15 açdıqdan sonra “İnteqral” kooperativi ilə əlaqələrinin dayandığını bildirmişdir. 03 iyun 2022-ci il tarixə təyin edilmiş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında şahid qismində ifadə verən X3 1990-cı ildən İddiaçı ilə tanış olduğunu, elektrik mühəndisi olduğunu və televizor təmiri ilə məşğul olaraq, televizor təmir etdiyini, onun köhnə bazarda televizor təmiri sexi olduğunu, “İnteqral” kooperativindən ehtiyat hissələri götürüb istifadə etdiyini, “İnteqral” kooperativinin köhnə univermağın qarşısında olan binanın zirzəmisində yerləşdiyini, kooperativin elektrik avadanlıqlarının satışını və təmirini həyata keçirirdiyini, “İnteqral” kooperativinin işçilərindən Rövşən müəllimi, Urfullah müəllimi və Ədalət ustanı tanıdığını,1990-2000-ci illərdə vergi ödədiklərini, vergini ödəyəndə vergi orqanı tərəfindən onlara qəbz verildiyini bildirmişdir. 03 iyun 2022-ci il tarixə təyin edilmiş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında şahid qismində ifadə verən X12 1992-2000-ci illərdə “İnteqral” kooperativinin fəaliyyət göstərdiyini, şəxsi televizorunu həmin kooperativdə təmir etdirdiyini, kooperativdən müxtəlif elektrik avadanlıqları aldığını, İddiaçı həmin kooperativdə işlədiyini və kooperativdə xüsusi nüfuza malik olduğunu, “İnteqral” kooperativində televizorunu təmir etdirdiyini, oradan intek aldığını, şəhərdə çox sayda ustalar olmasına baxmayaq, elektrik avadanlıqlarını həmişə “İnteqral” kooperativində təmir etdirdiyini, həmin kooperativin yaxşı xidmət göstərdiyini bildirmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 03 iyun 2022-ci il tarixli, 2-1(122)-47/2022 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 24 iyun 2022-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbində texniki səhv olaraq əmək pensiyasının təyin edilməsini qeyd etdiyini bildirərək, “təyin” sözünün “bərpa” kimi oxunmasını xahiş etmişdir. Məhkəmənin 24 iyun 2022-ci il tarixli protokol qərarı ilə iddiaçının vəsatəti təmin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı oğli iddia ərizəsinə və 14 mart 2022-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin nümayəndəsi X7 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı iş materiallarına cavabdehin 12 yanvar 2022-ci il tarixli, 15 nömrəli qərarını, əmək kitabçasının təsdiq olunmuş surətini, qeydiyyat barədə arayışı və şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-nin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 12 yanvar 2022-ci il tarixli, 15 nömrəli qərarından görünür ki, 21.05 1961-ci il tarixdə ünvan 3 ünvanında yaşayan İddiaçı xx.xx.2021-ci il tarixli, 20319 nömrəli qərara əsasən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qanunsuz olaraq təyin edildiyi üçün ləğv edilməsi qərara alınmışdır. - İddiaçı 05 iyun 1977-ci il tarixdə verilmiş əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, o, xx.xx.1977-xx.xx.1977-ci illərdə Tumbul pivə spirtsiz içkilər zavodunda fəhlə, xx.xx.1978-xx.xx.1979-cu illərdə Naxçıvan Aliminium qablar zavodunda inspektor, xx.xx.1979-xx.xx.1984-cü ilərdə X1 tələbə, xx.xx.1984-xx.xx.1986-cı illərdə Billur zavodunda mühəndis, xx.xx.1986-xx.xx.1988-ci illərdə Voronej Radiodetal zavodunda mühəndis, xx.xx.1988-xx.xx.1991-ci illərdə X14 fabrikində mühəndis, xx.xx.1991-xx.xx.1991-ci illərdə X9 fizika-kimya laborotoriyasında mühəndis, xx.xx.1991xx.xx.1992-ci illərdə Dövət Müdafiə Komitəsində şöbə rəisi, xx.xx.1992-xx.xx.2000-ci illərdə “İnteqral” kooperativində sədr müavini, xx.xx.2000-xx.xx.2001-ci illərdə X4 direktor müavini, xx.xx.2003-xx.xx.2005-ci illərdə Nax.MR RTÖM-də əl mexaniki, xx.xx.2006xx.xx.2020-ci illərdə Nax.MR RTÖM Duzdağ UQDR/S-də mühəndis, xx.xx.2020xx.xx.2020-ci illərdə Nax.MR RTÖM Duzdağ UQDR/S-də böyük mexanik, xx.xx.2020xx.xx.2021-ci illərdə Nax.MR RTÖM Duzdağ UQDR/S-də mühəndis vəzifəsində işləmişdir. - Naxçivan Şəhər İcra Hakimiyyətinin 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 01/64 nömrəli arayışdan görünür ki, Qurbanov X6 şəhəi, Y. Cabbarov, döngə 3, ev 14 ünvanında qeydiyyatdadır. - AZE serialı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxx 1961-ci il də ünvan 5 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş: - Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 09 fevral 2022-ci il tarixli, **********336400 nömrəli məktubdan görünür ki, “İnteqral” Kooperativi xx.xx.1994-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 227 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. Lakin Kooperativ bu günədək vergi uçotuna alınmaq üçün vergi orqanlarına müraciət etmədiyindən onun fəaliyyəti barədə hər hansı bir məlumat təqdim edilə bilməmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 30 mart 2022-ci il tarixli, 02/42 nömrəli məktubdan görünür ki, Naxçıvan şəhər Azadlıq Xiyabanı ilə Atatürk küçəsinin kəsişdiyi yerdə yerləşən 11 nömrəli binanın zirzəmisində “İnteqral” Kooperativinin istifadəsinə verilməsi barədə Naxçıvan Şəhər XDM İcraiyyə Komitəsinin 30 avqust 1992-ci il tarixli Sərəncamının surəti məhkəməyə göndərilmişdir. Qeyd hissədə isə “İnteqral” Kooperativinin fəaliyyəti ilə bağlı hər hansı bir sənəd və məlumatlar Dövlət Arxivində olmadığı göstərilmişdir. - Naxçıvan Şəhər XDM İcraiyyə Komitəsinin 30 avqust 1992-ci il tarixli Sərəncamının surətindən görünür ki, Naxçıvan MR Nazirlər Kabinetinin 8/kol-7 nömrəli, 13 fevral 1992-ci il tarixli və “İnteqral” Kooperativinin 0/3 nömrəli, 08 fevral 1992-ci il tarixli məktubunu nəzərə alaraq, şəhərin Azadlıq Xiyabanı ilə Atatürk küçəsinin kəsişdiyi yerdə yerləşən 11 nömrəli binanın zirzəmisində .....kv.m. sahə “İnteqral” Kooperativinin istifadəsinə verilmişdir. 3 nömrəli Mİİ-nə “İnteqral” Kooperativinin rəhbərliyi ilə müqavilə bağlayıb, kirayə haqqının alınması işinin təmin edilməsi tapşırılmışdır. - Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq verilmiş 30 mart 2022-ci il tarixli, 01/78 nömrəli məktubdan görünür ki, Naxçıvan Muxtar Respublikasının Dövlət Statistika Komitəsində “İnteqral” Kooperativinin fəaliyyətinə dair heç bir statistik göstərici mövcud deyil. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinin direktoru Mürsəl Cəfərovun “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinə ünvanlandığı 11 yanvar 2022-ci il tarixli, 15/03 məktubunun surətindən görünür ki, “İnteqral” Kooperativinin sənədləri Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinə təhvil verilmədiyi üçün vətəndaş İddiaçı işləməsi barədə məlumat yoxdur. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli, 02/677 nömrəli arayışından görünür ki, “İnteqral” kooperativi “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinində sığorta ödəyicisi kimi qeydiyyatda durmayıb. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 04 mart 2022-ci il tarixli, 02/320 nömrəli məktubdan görünür ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası qanunvericiliyin 31.2-1-ci maddəsinin tələblərinə zidd olaraq əmək kitabçası əsasında aşağıdakı qaydada təyin edilmişdir: 65 yaş - 60 yaş = 5 x 12 ay - 60 ay + 144 ay = 204 ay 25 il 10 ay x 306 (manat) x 2.4904 (indk) =19686.61 : 204 = 96.50 (xx.xx.2006-cı ilədək) PSK=21960.85 : 204=107.65 (xx.xx.2006-cı ildən sonra) SH=96.50+107.65=204.15. Şöbə tərəfindən pensiya işləri araşdırılarkən məlum olmuşdur ki, İddiaçı "İnteqral" kooperativində işləməsi faktı arxiv arayışları ilə təsdiq olunmadığına görə xx.xx.2006-cı ilədək olan iş stajı 25 il 10 aydan 7 il 6 ay azalaraq 18 il 4 aya düşmüşdür. Yenidən hesablama isə aşağıdakı qayda da aparılmışdır: 18 il 4 ay x 306 (manat) x 2.4904 (indk) =13971.14 : 204 = 68.48 (xx.xx.2006-cı ilədək) PSK=21960.85 : 204 = 107.65 (xx.xx.2006-cı ildən sonra) SH=68.48+107.65=176.13. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Bununla da, vətəndaşın pensiyasının sığorta hissəsi əmək pensiyasının minimum məbləğindən az olduğu üçün xx.xx.2021-ci il tarixdə 20319 nömrəli qərara əsasən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası Şöbənin pensiya təyin edən komissiyasının xx.xx.2022-ci il tarixli, 15 nömrəli qərarına əsasən ləğv olunmuşdur - İddiaçı təyin edilmiş pensiya işinin materiallarında olan: - 25 may 2021-ci il tarixli, 20319 nömrəli qərardan görünür ki, İddiaçı 21 may 2021-ci il tarixdən hər ay 204.15 manat olmaqla ömürlük əmək pensiyası təyin edilmişdir. - Cavabdehin pensiya təyin edən komissiyası tərəfindən təyin olunmuş əmək pensiyaçısının sığorta stajı barədə məlumatdan görünür ki, iddiaçının 2006-cı il yanvar ayının 01-dək 25 il 10 ay 6 gün, xx.xx.2006-cı il tarixdən pensiya hüququnun yarandığı tarixədək 15 il 10 gün ( cəmi 40 il 10 ay 16 gün) ümumi və 18 il 07 gün xüsusi stajı olmuşdur. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin 24 may 2021-ci il tarixli, 467 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2006-cı ildən xx.xx.2021-ci ilə, yəni pensiya hüququnun yarandığı tarixədək 15 il 0 ay 0 gün sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində 21960.85 manat pensiya kapitalı vardır. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1961-ci ildir, ddiaçıya xx.xx.2021-ci ildən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilmiş, sonradan “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin pensiya təyin edən komissiyasının xx.xx.2022-ci il tarixli, 15 nömrəli qərarına əsasən ləğv olunmuşdur, səbəb kimi pensiya təyinatının "əmək kitabçası" əsasında aparılması və vətəndaşın əmək kitabçasında xx.xx.1992-ci il tarixdən - xx.xx.2000-ci il tarixədək Naxçıvan şəhər "İnteqral" kooperativində işlədiyi qeyd olunmasına baxmayaraq, həmin dövrlərə aid iş stajının Dövlət Arxivinin arayışları ilə təsdiq olunmaması və nəticədə İddiaçı xx.xx.2006-cı ilədək olan sığorta stajı 25 il 10 aydan 7 il 6 ay azalaraq 18 il 10 aya düşməsi göstərilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən cavabdehin mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının - 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. - 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1 işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti. İşin faktiki hallarına əsasən iddiaçıya təyin edilmiş güzəştli şərtlərlə əmək pensiyasının ləğv edilməsinə əsas pensiya təyinatının "əmək kitabçası" əsasında aparılması və vətəndaşın əmək kitabçasında xx.xx.1992-ci il tarixdən - xx.xx.2000-ci il tarixədək Naxçıvan şəhər "İnteqral" kooperativində işlədiyi qeyd olunmasına baxmayaraq, həmin dövrlərə aid iş stajının Dövlət Arxivinin arayışları ilə təsdiq olunmaması, nəticədə iddiaçının xx.xx.2006-cı ilədək olan sığorta stajı 25 il 10 aydan 7 il 6 ay azalaraq 18 il 10 aya düşməsi olmuşdur. Məhkəmə onu da qeyd edir ki, məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən iddiaçının əmək kitabçası mübahisələndirməmişdir. Halbuki məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının təqdim etdiyi sübutlar - əmək kitabçası, şahid ifadələri ilə onun həqiqətən də xx.xx.1992-ci il tarixdən - xx.xx.2000-ci il tarixədək Naxçıvan şəhər "İnteqral" kooperativində işləməsi təsdiqlənir. 1992-ci ildən xx.xx.2006-cı ilədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinə görə də, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi iş illəri “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən təqdim olunan sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. Oxşar işlər üzrə Ali Məhkəmənin qərarlarında da qeyd olunduğu kimi, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimlə mə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Göründüyü kimi, əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Həmçinin nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına alacaq hər hansı əsaslar cavabdeh tərəfindən təqdim edilməmişdir. Buna görə də iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün zəruri iş stajının olmadığı barədə inzibati orqanın gəldiyi nəticə və bu nəticənin maddiləşdiyi “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin 12 yanvar 2022-ci il tarixli, 15 nömrəli qərarı aşkar qanunsuzdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. - 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. - 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfi məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq qanunları ilə qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmçinin məhkəmə qeyd edir ki, inzibati orqan mübahisələndirilən qərarı qəbul edərkən qanunun tələblərinə uyğun inzibati icraat aparması, iddiaçının da icraata cəlb olunması (ona rəsmi məlumat verilməsi) və dinlənilmə hüququnun təmin edilməsi barədə sübut təqdim olunmamışdır. Çünki inzibati məhkəmə icraatının İPM-nin 12-ci maddəsinə müəyyən olunmuş işin hallarının araşdırılması pirinsipi, məhkəmədən proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağı tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və dəyişdirilməsini məhkəmədən tələb edə bilər. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X16 Şəxsin Naxçıvan Şəhər Şöbəsinin pensiya təyin edən komissiyasının 12 yanvar 2022-ci il tarixli, 15 nömrəli qərarı ləğv edilməli, 16 sentyabr 1992-ci il tarixdən 16 mart 2000-ci il tarixədək Naxçıvan Şəhər “İnteqral” kooperativində işlədiyi illərin sığorta stajı olaraq nəzərə alınmaqla və 2022-ci ilin yanvar ayından hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 68, 69, 70, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilir. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin pensiya təyin edən komissiyasının 12 yanvar 2022-ci il tarixli, 15 nömrəli qərarı ləğv edilir. 16 sentyabr 1992-ci il tarixdən 16 mart 2000-ci il tarixədək Naxçıvan Şəhər “İnteqral” kooperativində işlədiyi illərin sığorta stajı olaraq nəzərə alınmaqla və 2022-ci ilin yanvar ayından hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyi cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar