Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-47/2024 11.01.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X13 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə işlədiyi 10 ildən artıq olan əmək stajını nəzərə almaqla, bu hüququnun yarandığı gündən pensiya hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə işlədiyi 10 ildən artıq olan əmək stajını nəzərə almaqla, bu hüququnun yarandığı gündən pensiya hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1961-ci il tarixində Naxçıvan şəhərində anadan olmuşdur. Əmək kitabçasından və arxiv arayışından aydın görünür ki, xx.xx.1980-cı il tarixdən xx.xx.1999-cu il tarixinədək AMEA X9 laboratoriyasında müxtəlif vəzifələrdə (laborant, texnik, laborant və s.) işləmişdir. xx.xx.2015-ci il tarixindən isə xx.xx.2018-ci il tarixinədək "xxxx" MMC-də fəhlə işləmişdir. xx.xx.2019-cu ildən isə “X12 Məhsulları” MMC-də fəhlə işləyir. Hazırda onun 62 yaşı vardır və 10 ildən artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə işləmişdir. Hesab edir ki, onun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsi tətbiq edilməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyasını almaq hüququ vardır və o, bu hüququnun həyata keçirilməsini istəyir. Arxiv arayışından və əmək kitabçasından aydın olur ki, 1980-ci ildən - 1999-cu ilədək AMEA X9 laboratoriyasında laborant vəzifəsində işləmişdir. Həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısına daxildir. Bununla əlaqədar “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinə müraciət etmişdir. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsi bu barədə 02/271 nömrəli, 07 mart 2023-cü il tarixli cavab məktubu ona göndərmişdir. Həmin məktubda göstərilmişdir ki, xx.xx.2006-cı il tarixədək 15 il 9 ay 15 gün və xx.xx.2006-cı il tarixindən xx.xx.2022-ci il tarixədək 6 il 4 ay sığorta stajı vardır. İddiaçı bildirir ki, o, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin cavabı ilə razı deyildir. Göründüyü kimi qanunla müəyyən olunandan da artıq xüsusi iş stajı vardır, həmçinin bütün bunlarala bağlı arayışları “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsi apardığı inzibati araşdırma zamanı özü əldə edə bilərdi və bir qurum kimi bu onun vəzifəsidir. Lakin onlar bunların heç birini etməyə belə cəhd etməmişdir. Arayış təqdim olunmasına gəldikdə isə AMEA X9 laboratoriyası hazırda həmin işlə bağlı arayış verə bilmədiklərini bildirmişdir. Ümumiyətlə onun işlədiyi vəzifənin hansı güzətli koda düşməsini müəyyən etmək və onun barəsində toplanmış iş materiallarına əlavə etmək onun vəzifəsi deyil və bunu əsas qoyub ona pensiya verilməməsinin heç bir hüquqi əsası yoxdur. Nəticə etibarı ilə onun qanunvericiliklə müəyyən olunmuş əmək hüquqları “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsi tərəfindən kobud şəkildə pozulmaqdadır. İddiaçı qeyd edir ki, ümumilikdə 01 yanvar 2006-cı ilədək güzəştli işlərdə işlədiyi müddət 10 ildən çoxdur. İddiaçı yuxarıda göstərilənlərə əsasən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə işlədiyi 10 ildən artıq olan əmək stajını nəzərə almaqla, bu hüququnun yarandığı gündən pensiya hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 26 sentyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə 26 sentyabr 2023-cü il tarixli ərizə təqdim edərək Naxçıvan MR İnzibati Məhkəməsinin icraatında olan 2-1(122)-471/2023 saylı iş üzrə cavabdeh inzibati orqanın da tabe olduğu Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilmiş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DSMF-nin Nizamnaməsinə uyğun olaraq, cavabdeh Naxçıvan MR DSMF publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin artıq səlahiyyətli olmadığını, bu səbəbdən onun hazırkı işdə cavabdeh qismində iştirakının istisna olunduğu, ona görə iş üzrə cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilməsinə etiraz etmədiyini bildirib, eyni zamanda iddia tələbinə “ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə işlədiyi 10 ildən artıq olan əmək stajını nəzərə almaqla, bu hüququnun yarandığı gündən pensiya hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” kimi baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 26 sentyabr 2023-cü il tarixli, 2-1(122)-471/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinə qarşı iddia tələbinə dair hazırki inzibati iş üzrə cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsi əsl cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin 16 may 2023-cü il tarixli, 02/504 nömrəli iddia tələbinə dair yazılı münasibəti onunla əsaslandırılmışdır ki, xx xxxxxx 1961-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşayan İddiaçı 20 dekabr 2022-ci il tarixli ərizə ilə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunmasını xahiş etmişdir. Fondun Naxçıvan Şəhər İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 27 dekabr 2022-ci il tarixli, 02/1824 nömrəli məktubda iddiaçıya pensiya təyin etməkdən imtina edilərək bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ olduğu bildirilmişdir. Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Vətəndaşın həm 25 il sığorta stajı olmadığına, həm də güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı Fondun şəhər idarəsinə təqdim edilmədiyinə görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, AMEA X9 laboratoriyası “laborant” peşəsi ilə bağlı güzəştli arayış verə bilmir və ümumiyyətlə bu arayışı təqdim etmək onun vəzifəsi deyildir. Halbuki belə bir arayış olmadan yalnız əmək kitabçası ilə iddiaçının işləmiş olduğu peşə güzəştli şərtlərlə pensiya hüququ yaradan peşə ilə uyğunluq təşkil etmir. İddiaçı xx.xx.1961-ci ildə doğulmuş və xx.xx.2023-cü il tarixdə onun hələ 61 yaş 5 ayı tamam olmuşdur. İddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin şərtlərini ödəmədiyi üçün, yəni 63 yaşı tamam olmadığı səbəbindən ona yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliklə mümkün deyildir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinə qarşı qaldırdığı iddia əsassız olduğundan, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 11 yanvar 2024-cü il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsi tərəfindən təqdim edilmiş etirazın Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun etirazı kimi qəbul edilməli olduğunu bildirib, etirazda yazılanlara uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsinin 27 dekabr 2022-ci il tarixli, 02/1824 nömrəli məktubundan məlum olur ki, İddiaçı xx.xx.2006-cı il tarixədək 15 il 9 ay 15 gün və xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək isə 6 il 4 ay sığorta stajı vardır. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 2.4.1-ci bəndinə görə müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Yuxarıda göstərilənləri nəzərə alaraq, həm ümumi 25 il stajı olmadığına, həm də güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmağına dair iş yerinin arayışını təqdim etmədiyinə görə onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək mümkün olmamışdır. - Azərbaycan Milli Elmlər X2 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 07 nömrəli və xx.xx.2022-ci il tarixli, 07 nömrəli arayışlardan görünür ki, İddiaçı, həqiqətən 29 №-li əmrlə xx.xx.1980-ci il tarixdə AMEA X9 Fiziologiya laboratoriyasına laborant vəzifəsinə işə qəbul olunub, 14 №-li əmrlə xx.xx.1985-ci il tarixdə texnik vəzifəsinə “Bitki və sintetik-mənşəli oliqofenollar laboratoriyasına” keçirilib, 12 №-li əmrlə xx.xx.1987-ci il tarixdə “Mineral xammalın kimyası və texnologiyası laboratoriyasına” laborant vəzifəsinə keçirilib (oliqofenollar laboratoriyasının ləğv edilməsi ilə əlaqədar), 13 №-li əmrlə xx.xx.1991-ci il tarixdə istehsalat şöbəsinə vəzifəsinə keçirilib, 13 №-li əmrlə xx.xx.1999-cu il tarixdə öz ərizəsi əsasında işdən azad olunub. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 13/1424 nömrəli arayışdan aydın olur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan MR Elmi Mərkəzinin 1948-ci ildən başqa digər illərə dair əmr kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyinə görə İddiaçı işə qəbul və işdən azad olunması barədə məlumat mövcud deyil. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 13/1424 nömrəli arayışda İddiaçı Naxçıvan MR Elmi Mərkəzində işləməsi faktı və 1992-1997-ci illərdə işlədiyi dövrdə aylar üzrə aldığı əmək haqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. Arayışın qeyd hissəsində əməkhaqqı kitablarının 1973-cü ildən başladığı, 1997-ci ildə bitdiyi və 1987-ci ilə dair sənədlərin isə olmadığı göstərilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 №-li Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 10 yanvar 2022-ci il tarixli, 67 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. - Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən 04 iyul 2012-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxxx 1961-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində doğulmuş İddiaçı ünvan 3 ünvanında pasport qeydiyyatındadır. - Azərbaycan Milli Elmlər X2 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 06 iyul 2023-cü il tarixli, 8-1-23/2-127/2023 nömrəli və 07 sentyabr 2023-cü il tarixli, 8-1-23/2-168/2023 nömrəli məktublarından məlum olur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” qərarının 1 №-li siyahısının 22-ci bölümünün 12201000 yarımbölməsinə, 23 yanvar 2007-ci il tarixli, 12 saylı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” Qərarının 8-ci və 22-ci bölmələrinə əsasən İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1991-ci il tarixədək X10 zəhərli maddələrlə və radiasiya şəraitində insan sağlamlığı üçün zərərli mühitdə 10 ildən yuxarı işləmişdir. - Azərbaycan Milli Elmlər X2 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 28 sentyabr 2023-cü il tarixli, 10 nömrəli məktubdan aydın olur ki, X4 29 №-li əmrlə xx.xx.1980-ci il tarixdə AMEA X9 fiziologiya laboratoriyasına laborant vəzifəsinə işə qəbul olunub (kod-********), 14 №-li əmrlə xx.xx.1985-ci il tarixdə texnik vəzifəsinə “Bitki və sintetik mənşəli oliqofenollar laboratoriyasına” keçirilib (kod-********) 12 №-li əmrlə xx.xx.1987-ci il tarixdə “Mineral xammalın kimyası və texnologiyası laboratoriyasına” laborant vəzifəsinə keçirilib (oliqofenollar laboratoriyasının ləğv edilməsi ilə əlaqədar) (kod- ********). Bu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarının 1 nömrəli əlavəsinə uyğundur. X4 13 №-li əmrlə xx.xx.1991-ci il tarixdə istehsalat şöbəsinə keçirilib, 13 №-li əmrlə xx.xx.1999-cu il tarixdə öz ərizəsi əsasında işdən azad olunmuşdur. - Elm və Təhsil Nazirliyi, Bioresurslar (Naxçıvan) İnstitutunun böyük elmi işçisi, X3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli təqdimatdan görünür ki, İddiaçı 1980-1985-ci illərdə onun rəhbəri olduğu “Heyvanların fiziologiyası” qrupunda laborant vəzifəsində işləmişdir. Laboratoriyada aparılan tədqiqat işləri zamanı aşağıdakı zəhərli və zərərli kimyəvi reaktivlərdən istifadə olunurdu. X4 tutduğu vəzifəsinə uyğun olaraq aşağıda adları qeyd olunan kimyəvi maddələrlə (zəhərli və zərərli) işləmişdir. 1. Petroleyn efiri, 2. Selen preparatları (Natrium-selenit), 3. Nesler reaktivi (zəhərli), 4. Qensian bənövşəyi, 5. Azureozin, 6. Kalium-bixromat, 7. Xrompik (kalium-bixromat+H2SO2), 8. Xlorid turşusu 9. Sulfat turşusu, 10. Azsenli Darıdağ termal suyu, 11. Hemotoksilin, 12.Eozin-BA - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsi 07 iyul 2023-cü il tarixli, 02/674 nömrəli məktub ilə İddiaçı iş stajının əmək kitabçası və arxiv arayışlarına əsasən hesablanmış cədvəllərini və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №-li qərarına əsasən verilən 2 №-li əlavələrini məhkəməyə təqdim etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andreyeva Latviyaya qarşı” işi üzrə 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. - 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2 və 21.2.1-ci maddələrinə əsasən bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti sığortaolunanın sığorta stajına daxil edilir. - 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin: 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 saylı Qərarına əsasən: 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçıya pensiya təyinatından imtina edərkən inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. İddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən cavabdehin şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsinə aiddir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İddiaçının mübahisələndirilən dövrlərdəki əmək fəaliyyəti işə əlavə edilmiş əmək kitabçası və iş yerindən alınmış arayışlarla təsdiq olunur. İddiaçının əmək kitabçasında aparılmış qeydlərin həqiqətə uyğun olmaması barədə cavabdeh tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmiş və işə baxılarkən də belə hallar müəyyən edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyincə, mötəbər hesab olunur. Cavabdehin iddiaçıya pensiya təyinatı barədə müraciətinə imtinasının əsas dəlili iddiaçının həm 25 il sığorta stajının olmaması, həm də güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının Fonda təqdim edilməməsidir. Bununla bağlı məhkəmə qeyd edir ki işdə olan sığorta stajı barədə məlumat və əmək kitabçasının əlaqəli təhlilindən müəyyən edildi ki, 1961-ci il təvəllüdlü İddiaçı iyirmi beş ildən artıq ümumi iş stajını toplamışdır. Belə ki, o, xx.xx.1980-ci il tarixdən, xx.xx.1999-cu il tarixədək Milli Elmlər Akademiyasında, xx.xx.2015-ci il tarixdən, xx.xx.2018-ci il tarixədək Beynəlxaq "xxxx" MMC-də işləmiş və xx.xx.2019-cu ildən hal-hazıradək X8 MMC-də əmək fəaliyyətini davam etdirir. Bundan başqa əmək kitabçası və AMEA Naxçıvan Bölməsi tərəfindən verilmiş arayışlardan müəyyən edilir ki, iddiaçı xx.xx.1980-ci ildən xx.xx.1991-ci ilədək on il, on ay, on iki gün Beynəlxalq "xxxx" MMC-də üç il iki ay olmaqla ümumilikdə on dörd il güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən vəzifələrdə çalışmaqla pensiya hüququnu qazanmışdır. Göründüyü kimi, qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs qanunun 7-ci maddəsində nəzərdə tutulan müvafiq yaşa çatmalı, 25 il sığorta stajı olmalı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmalıdır. İş üzrə müəyyən edilmiş hallardan görünür ki, əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın vətəndaşın pensiya təyinatı barədə müraciətindən imtinası qanunazidd olduğuna görə, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə işlədiyi 10 ildən artıq olan əmək stajını nəzərə almaqla, bu hüququnun yarandığı gündən pensiya hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı:
İddia təmin edilsin. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə işlədiyi 10 ildən artıq olan əmək stajını nəzərə almaqla, bu hüququnun yarandığı gündən pensiya hesablanmaqla yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elnur Hüseynov