Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-475/2025 01.12.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı və cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində ‘'Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsə qarşı "Naxçıvan şəhəri, Babək küçəsi, ev 3B ünvanında ona məxsus torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan şəhəri, Babək küçəsi, ev 3B ünvanında yerləşən torpaq sahəsinin üzərində yerləşən tikiliyə mülkiyyət hüququ haqqında çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan Naxçıvan şəhəri, Babək küçəsi, ev 3B ünvanında yerləşən torpaq sahəsini xx.xx.2023-cü il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almaqla tam mülkiyyət hüququ əldə etmişdir. Naxçıvan şəhəri, ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin üzərində hər-hansı tikili aparmadan Naxçıvan Şəhər İcra Hakimiyyətini məlumatlandırmışdır. Tikinti işləri aparılan zaman Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının Şəhər təsərüfatı, memarlıq və tikinti şöbəsindən dəfələrlə tikintinin aparılmasına nəzarət olunmuşdur. O, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının Şəhər təsərüfatı, memarlıq və tikinti şöbəsinə müraciət edərək tikilinin qeydə alınmasını xahiş etmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının Şəhər təsərüfatı, memarlıq və tikinti şöbəsinin 20 iyun 2023-cii il tarixli, 5-5/2-Q135/8-2023 nömrəli məktubla, Naxçıvan şəhəri, Babək küçəsi, ev 3B-də İddiaçı, həyatyanı torpaq sahəsində tikdiyi ev tikinti norma və qaydalarına uyğun tikilib qeydiyyata alınmasına etrazım olmadığı bildirilmişdir. O evi tikmədən əvvəl lahiyəni hazırladıb Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının Şəhər təsərüfatı, memarlıq və tikinti şöbəsinə aparmış, lahiyiyəyə baxılıb ona bildirilmişdir ki, ev tam tikib hazırlayandan sonra lahiyə təsdiq olunacaq evin sənədləri tam şəkildə veriləcək. Əlavə olaraq Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının Şəhər təsərüfatı, memarlıq və tikinti şöbəsinin 20 iyun 2023-cü il tarixli, 5-5/2-Q- 135/8-2023 nömrəli məktubu ona verərək gələn olsa məktubu görsədib evin tikintisini davam etdirilməsi bildirilmişdir. O, bu formada evin tikilisinə başlamış, tam qurtarandan sonra o, lahiyənin təsdiq olunması üçün Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının Şəhər təsərüfatı, memarlıq və tikinti şöbəsinə müraciət etmişdir. Onu oradan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə göndərmişlər, o, evin lahiyəsini daşınmaz əmlaka təqdim etmiş, bir gündən sonra onu daşınmaz əmlaka çağırıb şikayətin olduğu bildirilmiş, evin lahiyəsi və digər sənədlər ona geri verilmişdir. Lakin Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı aparatının Şəhər təsərüfatı, memarlıq və tikinti şöbəsinin 20 iyun 2023-cü il tarixli, 5-5/2-Q-135/8- 2023 nömrəli məktub həmin vaxt götürmüş, gedib evdə sənədlərə baxanda həmin məktubun orada olmadığını görmüşdür, gəlib tələb etsə də, ona lazım olmadığını bildirərək verməmişdirlər. Lakin o, məktubu alanda telefon vastəsi ilə çəkib yaddaşda saxlamışdır. O, evi tikmədən əvvəl Naxçıvan Şəhər İcra Hakimiyyətini məlumatlandırmışdır. Hazırda mülkiyyətində olan Naxçıvan şəhəri, Babək küçəsi, ev 3B ünvanında yerləşən torpaq sahəsinin üzərində ev tikmişdir. Lakin evin çıxarışını ala bilmir. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən Naxçıvan şəhəri, Babək küçəsi, ev 3B ünvanında yerləşən torpaq sahəsinin üzərində yerləşən tikiliyə mülkiyyət hüququ haqqında çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı vəkili və nümayəndəsi vasitəsilə məhkəməyə 08 yanvar 2025-ci il tarixli yeni iddia ərizəsi təqdim edərək, Naxçıvan şəhəri, Babək küçəsi, ev 3B ünvanında yerləşən torpaq sahəsinin üzərində yerləşən tikiliyə mülkiyyət hüququ haqqında çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində ‘'Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 31 yanvar 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında protokol qərardadı ilə yeni iddia ərizəsi icraata qəbul edilmiş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxs iddiaya dair məhkəməyə ünvanlanan 14 fevral 2025-ci il tarixli, 04/87 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, qeyd olunan tikili məlumatlandırma icraatı tətbiq edildiyi tikinti obyektdir. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.10.2-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. İddiaçının təqdim etdiyi sənədlər "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.10.2-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün torpaq sahəsinin üzərində yerləşən tikiliyə mülkiyyət hüququ haqqında çıxarış və texniki pasportun verilməsi qanunvericiliyin tələblərinə uyğun deyildir. Məhkəmənin 29 may 2025-ci il tarixli, 2-1(122)-475/2025 nömrəli qərardadı ilə Naxçıvan Şəhər İcra Hakimiyyəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. 14 noyabr 2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini dəqiqləşdirərək Naxçıvan şəhəri, Babək küçəsi, ev 3B ünvanında ona məxsus torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində ‘'Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin protokol qərardadı ilə iddiaçı tərəfindən dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 01 dekabr 2025-ci il tarixə təyin edilmişdir. İddiaçının vəkili Vəkil “AZEMİS” elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə daxil olmuş 01 dekabr 2025-ci il tarixli ərizə göndərərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, onun iştirakı olmadan məhkəmə iclasını keçirib iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Naxçıvan Şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının vəkilinin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin nümayəndəsi X5 məhkəmədən qanunauyğun qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ünvan 3 ünvanında qeydiyyatda olan X3 ünvanlanan 10 iyul 2024-cü il tarixli, 06/Ə-Q-58/1-1/2024 nömrəli məktubdan aydın olur ki, ərizədə qeyd etdiyiniz tikili məlumatlandırma icraatı tətbiq edildiyi tikili obyektidir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.10.2-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd təqdim etməlidir. Təqdim edilən sənədlər Qanunun 8.0.10.2-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün ərizənin icrası mümkün olmamışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 19 aprel 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarış barədə məlumatın təsdiq edilmiş surətindən məlum olur ki, Naxçıvan şəhəri, ünvan 2 ünvanında 0.0173 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 16/28 nömrəli kitabın 5273 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 29 aprel 2025-ci il tarixli, 3-18-88/2-558/2025 nömrəli məktubdan aydın olur ki, ünvan 4 ünvanında X6 tərəfindən tikilmiş fərdi-yaşayış evi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilmədən tikinti işləri aparılmış və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əməl olunmamışdır. Bu fakt Naxçıvan Şəhər İcra Hakimiyyətinin 27 fevral 2024-cü il tarixli 5-5/2-94/2024 nömrəli məktubu ilə də təsdiqini tapmışdır. Qeyd olunanları nəzərə alaraq qanunvericiliyə uyğun tərəfimizdən tikinti işlərinin dayandırılması haqqında qərar qəbul edilmiş və qərar icra üçün vətəndaş X3, həmçinin qərarın surəti isə əraziyə nəzarəti təmin etmək üçün Naxçıvan Şəhər İcra Hakimiyyətinə və Naxçıvan Şəhər Polis İdarəsinə göndərilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinə ünvanlanan 27 fevral 2024-cü il tarixli, 5-5/2-94/2024 nömrəli məktubdan məlum olur ki, X4 qonşusu X6 tərəfinden tikintisi davam etdirilən fərdi yaşayış evi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilməmişdir. "Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanının 4.3-cü bəndinə əsasən bildirilir ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu və 80-cı maddələrinin tələblərinin pozulduğunu nəzərə alaraq müvafiq tədbirlərin görülməsi xahiş olunmuşdur. - Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsinin Tikinti işlərinin dayandırılması barədə 04 mart 2024-cü il tarixli, 07 nömrəli qərarından görünür ki, ünvan 5 ünvanında yerləşən sifarişçisinin X6 olduğu tikinti obyektinin tikintisi tikintinin aparılmasına əsas verən sənədlər olmadığından dayandırılmışdır. Həmin qərar əsasında sifarişçiyə pozuntuların aradan qaldırılması barədə göstəriş verilərək tikilinin etibarlılıq və təhlükəsizlik baxımından şəhərsalma və tikintiyə dair normativ sənədlərinin tələblərinə uyğunluğu ilə bağlı texniki rəy və tikilinin aparılmasına əsas verən sənədlər tam həcmdə hazırlandıqdan sonra Dövlət Tikintidə Nəzarət İdarəsinə təqdim olunması təklif edilmiş və bu məqsədlə sifarişçiyə 30 gün müddət verilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 7 may 2025-ci il tarixli, 5-5/2-717/2025 nömrəli məktubdan məlum olur ki, araşdırma zamanı Naxçıvan Şəhər İcra Hakimiyyətinə Naxçıvan şəhəri, Babək küçəsi, ev 3B ünvanında yerləşən torpaq sahəsinin üzərindəki yeni tikili barədə məlumatlandırılma icraatı ilə əlaqədar hər hansı bir sənədin daxil olmadığı müəyyən edilmişdir. Əlavə araşdırma aparılarkən İddiaçı tərəfindən Naxçıvan Şəhər İcra Hakimiyyətinə müvafiq ünvanda tikilmiş fərdi yaşayış evinin qeydiyyata alınmasına köməklik göstərilməsi barədə 20 iyun 2023-cü il tarixli ərizənin daxil olduğu və Naxçıvan Şəhər İcra Hakimiyyətinin aidiyyəti şöbəsi tərəfindən Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə ünvanlanmış məktubla həmin fərdi yaşayış evinin qeydiyyata alınmasına etiraz edilmədiyi məlum olmuşdur. Araşdırma ilə bağlı əldə edilən sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. - Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 06 avqust 2025-ci il tarixli, 3-18-341/2-892/2025 nömrəli məktubdan aydın olur ki, Naxçıvan şəhəri, ünvan 8 ünvanında fiziki şəxs X6 tərəfindən Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri və tikinti norma və qaydaları pozulmaqla tikinti işləri aparıldığı üçün İdarə tərəfindən sifarişçiyə tikinti işlərinin dayandırılması barədə 04 mart 2024-cü tarixli, 07 nömrəli “qərar” verilmişdir. Eyni zamanda tikinti işlərinin dayandırılması barədə verilmiş "qərar"ın icrasına nəzarət olunması üçün surəti Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 noyabr tarixli 349 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 2.20-ci bəndinin tələbinə uyğun olaraq Naxçıvan Şəhər İcra Hakimiyyətinə və Naxçıvan Şəhər Polis İdarəsinə göndərilmişdir. Hazırda tikinti-quraşdırma işləri dayandırılmışdır. Məlumat üçün qeyd edilir ki, ünvan 8 ünvanında fiziki şəxs X6 tərəfindən inşa olunan tikinti obyekti ilə bağlı Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsində işə baxıldığını nəzərə alaraq İdarə tərəfindən tədbirlərin davam etdirilməsi müvəqqəti dayandırılmışdır. Məhkəmənin qərarından asılı olaraq müvafiq tədbirlər davam etdiriləcəkdir. - Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxs tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 27 avqust 2025-ci il tarixli, 04/447 nömrəli məktubdan görünür ki, Naxçıvan şəhəri, Babək küçəsi 3B ünvanında yerləşən mübahisəli torpaq sahəsinə yerində baxış keçirilmiş, ölçmə işləri aparılmışdır. Naxçıvan şəhəri, Babək küçəsi 3B ünvanında İddiaçı inşa etdiyi tikili ona məxsus 0,0173 ha torpaq sahəsinin sərhədləri daxilində inşa edilmişdir. İnşa edilmiş tikilidə hər hansı kənaraçıxma müəyyən edilməmişdir. Torpaq sahəsinə aid tərtib olunmuş plan-sxem məktuba əlavə olunmuşdur. - Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 23 oktyabr 2025-ci il tarixli, 3-18-341/2-1095/2025 nömrəli məktubdan məlum olur ki, mütəxəssislər tərəfindən qeyd edilən ərazidə tikintiyə icazəverici sənədlər olmadan, təyinatı məlum olmayan obyektin tikintisinin aparıldığı aşkarlanmışdır. Edilmiş müraciətlərə baxmayaraq, aparılan işlərə dair qanunvericilikdə nəzərdə tutulmuş sənədlər təqdim edilməmişdir. Sənədlərin təqdim olunması üçün, Naxçıvan Şəhər İcra Hakimiyyətinə 25 yanvar 2024-cü il tarixdə, 3-18-38/2-56/2024 nömrəli məktubla İdarə tərəfindən müraciət olunmuşdur. Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən İdarəyə ünvanlanmış 27 fevral 2024-cü il tarixli, 5-5/2-94/2024 nömrəli cavab məktubunda ünvan göstərilmədiyindən, şifahi məlumata əsaslanaraq ünvan 4 ünvanı göstərilməklə sifarişçi, fiziki şəxs İddiaçı təqdim edilməsi üçün 04 mart 2024-cü il tarixində tikinti işlərinin dayandırılması barədə 07 nömrəli “qərar” tərtib olunmuşdur. Tərtib olunmuş “qərar” sifarişçini tapıb təqdim etmək mümkün olmadığı üçün, xəbərnaməli qaydada poçt vasitəsi ilə sifarişçinin yaşadığı ünvan 10 ünvanına göndərilmişdir. Göndərilmiş “qərar”ın sifarişçi İddiaçı qəbul edilib imzası ilə təsdiq edilmiş xəbərnamə poçt şöbəsi tərəfindən İdarəyə təqdim olunmuşdur. Poçt vasitəsi ilə təqdim edilmiş 04 mart 2024-cü il tarixli, 07 nömrəli “qərar”ın sifarişçi tərəfindən qəbul edildiyini nəzərə alaraq, Naxçıvan şəhəri ünvan 2 ünvanına qeyd olunmuş təkrar “qərar” tərtib olunmamışdır. Məhkəmənin sorğusuna əsasən FHN TTNDA-nin "Azərdövlətsənayelayihə" Dövlət Layihə İnstitutunun Naxçıvan filialının mühəndisləri X7 və X8 tərəfindən tərtib edilmiş 29 oktyabr 2025-ci il tarixli mütəxəssis rəyinin nəticə hissəsindən aydın olur ki, 1-ci sual üzrə: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə
90. Məlumatlandırma icraatı. 80.1. Mülkiyyətində, icarəsində və ya isdifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12.0 m-dən (binanın hündürlüyü "0.00" səviyəsindən, yəni 1-ci yerüsdü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi)) və aşırımların uzunluğu 6 m-dən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin, planlarından kəsiklərədək və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 2-ci sual üzrə: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə
69. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tələb edilən yaşayış evlərində ara məsafəsi divar hündürlüyünün 0.3 hissəsi götürülür. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.7.3. maddəsinə əsasən layihəçilərin təklifi nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə yerləşən obyektlərin tikintisinin iki paralel və qapalı (pəncərə oyuqları olmayan) divar və ya ortaq divar verilməsi ilə həyata keçirilməsi mümkündür. 3-cü sual üzrə: Naxçıvan şəhəri, Babək küçəsi, ev 3B ünvanında inşa edilmiş fərdi yaşayış evinə texniki baxış keçirilmişdir. Aparılmış texniki baxışın nəticələrinə əsasən, fərdi yaşayış evi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.7.3 maddəsinin tələblərinə cavab verir və təhlükəsizlik normalarına uyğundur. Bununla əlaqədar olaraq, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi, eləcə də ona bitişik və ya qonşu fərdi yaşayış evləri üçün hər hansı təhlükə yaratmır. 4-cü sual üzrə: Naxçıvan şəhəri, Babək küçəsi, ev 3B ünvanında inşa edilmiş fərdi yaşayış evində keçirilmiş texniki baxış nəticəsində yükdaşıyan konstruksiya elementlərində (monolit örtük tavası, sütunlar, rigellər, divarlar və s) zədələr (çat, deformasiya) aşkar edilməmişdir və bina texniki cəhətdən işlək vəziyyətdədir. Naxçıvan şəhəri, ünvan 2 ünvanında inşa edilmiş fərdi yaşayış evinin gələcəkdə istismarı (həmin yaşayış evinin möhkəmliyi və dayanıqlığı baxımından) insanların həyatına, sağlamlığına və əmlaklarına təhlükə yaratmır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: -13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. - 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. - 139-1.1-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -139-1.1.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: -139-1.1.10.2-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. - 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktları əsas hesab olunur. - 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) göndərilən məlumat; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; - 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. - 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı və məqsədi Naxçıvan şəhəri, Babək küçəsi, ev 3B ünvanında ona məxsus torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış verilməsinə nail olmaqdan ibarətdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Naxçıvan şəhəri, ünvan 2 ünvanında 0.0173 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 16/28 nömrəli kitabın 5273 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı mülkiyyət hüququ ilə ona məxsus torpaq torpaq sahəsində fərdi yaşayış evini tikmişdir. Cavabdeh inzibati orqan öz imtinasında həmin tikilinin məlumatlandırma icraatı tətbiq edildiyi tikili obyekti olduğunu bildirib, təqdim edilən sənədlər Qanunun 8.0.10.2-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün ərizənin icrasının mümkün olmadığını bildirmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 7 may 2025-ci il tarixli, 5-5/2-717/2025 nömrəli məktubdan məlum olur ki, İddiaçı tərəfindən Naxçıvan Şəhər İcra Hakimiyyətinə müvafiq ünvanda tikilmiş fərdi yaşayış evinin qeydiyyata alınmasına köməklik göstərilməsi barədə 20 iyun 2023-cü il tarixli ərizənin daxil olmuş və Naxçıvan Şəhər İcra Hakimiyyətinin aidiyyəti şöbəsi tərəfindən Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə ünvanlanmış məktubla həmin fərdi yaşayış evinin qeydiyyata alınmasına etiraz edilmədiyi bildirilmişdir. Məhkəmə araşdırması zamanı Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxs tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş 27 avqust 2025-ci il tarixli, 04/447 nömrəli məktubdan görünür ki, Naxçıvan şəhəri, Babək küçəsi 3B ünvanında yerləşən mübahisəli torpaq sahəsinə yerində baxış keçirilmiş, ölçmə işləri aparılmışdır. Naxçıvan şəhəri, Babək küçəsi 3B ünvanında İddiaçı inşa etdiyi tikili ona məxsus 0,0173 ha torpaq sahəsinin sərhədləri daxilində inşa edilmişdir. İnşa edilmiş tikilidə hər hansı kənaraçıxma müəyyən edilməmişdir. Məhkəmə mübahisəli yaşayış evinin tikinti norma qaydalarına uyğun tikilməsi və dayanıqlığının müəyyən edilməsi məqsədilə FHN TTNDA-nin "Azərdövlətsənayelayihə" Dövlət Layihə İnstitutuna mütəxəssis rəyinin alınması üçün sorğu göndərilmişdir. FHN TTNDA-nin "Azərdövlətsənayelayihə" Dövlət Layihə İnstitutunun Naxçıvan filialının mühəndisləri X7 və X8 tərəfindən tikintinin müayinələri apararaq tərtib edilmiş 29 oktyabr 2025-ci il tarixli mütəxəssis rəyinin nəticə hissəsindən aydın olur ki, 1-ci sual üzrə: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 90. Məlumatlandırma icraatı. 80.1. Mülkiyyətində, icarəsində və ya isdifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12.0 m-dən (binanın hündürlüyü "0.00" səviyəsindən, yəni 1-ci yerüsdü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi)) və aşırımların uzunluğu 6 m-dən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin, planlarından kəsiklərədək və fasadlardan ibarət memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 2-ci sual üzrə: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi Maddə 69. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tələb edilən yaşayış evlərində ara məsafəsi divar hündürlüyünün 0.3 hissəsi götürülür. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.7.3. maddəsinə əsasən layihəçilərin təklifi nəzərə alınmaqla qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə yerləşən obyektlərin tikintisinin iki paralel və qapalı (pəncərə oyuqları olmayan) divar və ya ortaq divar verilməsi ilə həyata keçirilməsi mümkündür. 3-cü sual üzrə: Naxçıvan şəhəri, Babək küçəsi, ev 3B ünvanında inşa edilmiş fərdi yaşayış evinə texniki baxış keçirilmişdir. Aparılmış texniki baxışın nəticələrinə əsasən, fərdi yaşayış evi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.7.3 maddəsinin tələblərinə cavab verir və təhlükəsizlik normalarına uyğundur. Bununla əlaqədar olaraq, qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evi, eləcə də ona bitişik və ya qonşu fərdi yaşayış evləri üçün hər hansı təhlükə yaratmır. 4-cü sual üzrə: Naxçıvan şəhəri, Babək küçəsi, ev 3B ünvanında inşa edilmiş fərdi yaşayış evində keçirilmiş texniki baxış nəticəsində yükdaşıyan konstruksiya elementlərində (monolit örtük tavası, sütunlar, rigellər, divarlar və s) zədələr (çat, deformasiya) aşkar edilməmişdir və bina texniki cəhətdən işlək vəziyyətdədir. Naxçıvan şəhəri, ünvan 2 ünvanında inşa edilmiş fərdi yaşayış evinin gələcəkdə istismarı (həmin yaşayış evinin möhkəmliyi və dayanıqlığı baxımından) insanların həyatına, sağlamlığına və əmlaklarına təhlükə yaratmır. Göründüyü kimi iddiaçı tərəfindən inşa olunmuş yaşayış evi mülkiyyət hüququ ilə ona məxsus torpaq sahəsində tikilmiş, texniki cəhətdən işlək vəziyyətdə olmaqla yanaşı, yaşayış evinin möhkəmliyi və dayanıqlığı baxımından da üçüncü şəxslərin həyatına, sağlamlığına və əmlaklarına təhlükə yaratmır. Əlavə olaraq, iş materiallarında olan sənədlərdən də müəyyən edilmişdir ki, iddiaçıya məxsus torpaq sahəsinin yerləşdiyi Naxçıvan şəhəri, ünvan 11 ünvanda tikintinin dayandırılması barədə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsi tərəfindən heç bir qərar qəbul edilməmişdir. Beləliklə, fərdi yaşayış evinə dair hüquqların qeydiyyata alınmasına dair iddiaçı tələb olunan sənədləri cavabdeh orqana və məhkəməyə təqdim etmişdir. Belə ki, torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd – daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da işə əlavə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, dövlət orqanı tərəfindən vəzifəsinə uyğun olaraq mülkiyyət hüququnun qeydə alınması barədə heç bir əlavə araşdırma aparılmaması nəticəsində iddiaçının gözlənilən mülkiyyət hüququ pozulmamalıdır. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, inzibati orqan tərəfindən Naxçıvan şəhəri, Babək küçəsi, ev 3B ünvanında ona məxsus torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair İddiaçı mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarışın verilməsindən imtina edilməsi qanunun güddüyü məqsədə mütənasib olmamamaqla, iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur. Odur ki, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində ‘'Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsə qarşı "Naxçıvan şəhəri, Babək küçəsi, ev 3B ünvanında ona məxsus torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 34.1, 35, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı:
İddia təmin edilsin. Naxçıvan şəhəri, Babək küçəsi, ev 3B ünvanında İddiaçı məxsus torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinə dair mülkiyyət hüququnun qeydiyyata alınaraq çıxarış verilməsi öhdəliyi cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Tural Əliyev