Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-476/2025 03.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X19 Heydər oğlunun sədrliyi, X20 oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin nümayəndəsi X1 və üçüncü şəxs X2 (eyni zamanda üçüncü şəxs X4 nümayəndəsi) iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı "mərhum X10 ilə mərhum X3 birgə mülkiyyətində olan, daşınmaz əmlakın dövlət reyestrində 21/10 nömrəli reyestr kitabının 1934 nömrəli vərəqində və 19/35 nömrəli reyestr kitabının 6804 nömrəli vərəqində X6, X9 və X11ma aid əsassız aparılmış əmlak hüquqlarının dövlət qeydiyyatının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum X10 ilə mərhum X3 birgə mülkiyyətində olan, daşınmaz əmlakın dövlət reyestrində 21/10 nömrəli reyestr kitabının 1934 nömrəli vərəqində və 19/35 nömrəli reyestr kitabının 6804 nömrəli vərəqində X6, X9 və X7 aid əsassız aparılmış əmlak hüquqlarının dövlət qeydiyyatının ləğv olunması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin üzərinə qoyulması xahiş etmişdir. Məhkəmənin 18 mart 2025-ci il tarixli, 2-1(122)-476/2025 nömrəli qərardadı ilə X6 və X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 03 iyun 2025-ci il tarixə təyin olunmuşdur. Üçüncü şəxs X9 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən iddiaçıya 07 may 2025-ci il tarixli yardım məktubu ünvanlanaraq Şərur rayonu, Mahmudkənd kəndində yerləşən, ümumi sahəsi 2548,70 m2 torpaq sahəsinin dövlət qeydiyyatının X6, X9 və X5 adına Şərur Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 nömrəli qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN 283B nömrəli şəhadətnaməsi əsasında aparıldığı, hazırki iddia tələbinin Şərur Rayon İcra Hakimiyyətinə yönəldilərək Şərur Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 nömrəli qərarının mübahisələndirilməsinin məqsədəmüvafiq olduğu bildirilmiş, iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim olunması yazılı və bilavasitə xahiş edilmişdir. Məhkəmə iclasında məhkəmə tərəfindən yuxarıda sadalanan hallar iddiaçı tərəfin diqqətinə bilavasitə çatdırılsa da, iddiaçı tərəf məhkəməyə ərizə təqdim edərək cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı müvafiq tələblə iddia qaldırdıqlarını, hazırki vəziyyətdə verilmiş tələb üzrə işə baxılması və müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: -1.1, 1.2, 1.3 və 1.4-cü bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -2.1-ci bəndinə əsasən mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -2.2-ci bəndinə əsasən işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. -3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. -3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərti ilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 12-ci bəndinə əsasən inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımi qaydada qaldırılması da aiddir. Məhkəmənin əsaslandırması: İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçının hüquqi marağı mərhum X10 ilə mərhum X3 birgə mülkiyyətində olan, daşınmaz əmlakın dövlət reyestrində 21/10 nömrəli reyestr kitabının 1934 nömrəli vərəqində və 19/35 nömrəli reyestr kitabının 6804 nömrəli vərəqində X6, X9 və X11ma aid əsassız aparılmış əmlak hüquqlarının dövlət qeydiyyatının ləğv olunmasından ibarətdir. Məhkəmə icraatı gedişində toplanılmış sübutlardan müəyyən edilmişdir ki, Şərur rayonu Mahmudkənd kəndində yaşayan əhalinin adlı siyahısına uyğun olaraq, Şərur Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 nömrəli qərarı ilə Torpağın mülkiyyətə verilməsinə dair JN 283B nömrəli şəhadətnamə əsasında Şərur rayonu, Mahmudkənd kəndində yerləşən, ümumi sahəsi 0.25 ha olan torpaq sahəsi X10, X8, X6, X9 və X5 mülkiyyətinə verilmişdir. Qeyd olunan şəhadətnamə əsasında 0.2548 m2 torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində həmin şəxslərin adına qeydiyyata alınaraq xx.xx.2021-ci il tarixdə çıxarışla təmin edilmişlər. Həmin torpaq sahəsinin hüquqi statusunu müəyyən edən Şərur Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 nömrəli qərarı mövcud olduğundan iddiaçıya əvvəlcə həmin qərarın mübahisələndirilməsinin daha məqsədəmüvafiq olması barədə yardım məktubu ünvanlansa da, o, məhkəmə prosesində hazırki tələb üzrə işə baxılması və müvafiq qərar qəbul edilməsini məhkəmədən yazılı qaydada xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. (İİHQ 64.1 və 64.2-ci maddələri) Həmçinin diqqətə alınmalıdır ki, iddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələb barədə iddia qaldırılmamasının üzürlü səbəbləri barədə tutarlı dəlillərə istinad etməlidir. Əks təqdirdə, Şərur Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 04 nömrəli qərarı inzibati aktdır ki, həmin qərarın mübahisələndirilməsi tələbinə iddia müddəti şamil olunur. Şərur Rayon Aqrar İslahat Komissiyasının qərarı qəbul olunduğu zaman qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda 30 iyun 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 30 iyun 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İnzibati orqanların 30 iyun 2011-ci ilədək qəbul edilmiş qərarlarının (sərəncamlarının) ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı ilə bağlı iddialara baxılarkən həmin qərarların mübahisələndirilməsi imkanı aradan qalxdığından, belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən də mümkün sayılmayacaqdır. Həmçinin məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan hallara əsasən Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsi həmin iddiaya cavab verməli orqan olmadığından bu öhdəliklə bağlı cavabdehliyi də yaranmır. Göründüyü kimi hazırkı iş üzrə iddiaçı səmərəli hüquqi müdafiə vasitələrinə malik olmadığına görə, bu tələblə bağlı iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinə qarşı "mərhum X10 ilə mərhum X3 birgə mülkiyyətində olan, daşınmaz əmlakın dövlət reyestrində 21/10 nömrəli reyestr kitabının 1934 nömrəli vərəqində və 19/35 nömrəli reyestr kitabının 6804 nömrəli vərəqində X6, X9 və X7 aid əsassız aparılmış əmlak hüquqlarının dövlət qeydiyyatının ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 32.1, 35, 38.1, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-476/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-476/2025
03.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver