Məhkəmə qərarları › İş №2-1(122)-48/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-48/2022

10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-48/2022 10.03.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı, cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X1, üçüncü şəxslər X2 və X4 iştirakları ilə, üçüncü şəxslər X5 və X3 iştirakları olmadan, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Dırnıs kənd XDM İK-nın 25 aprel 1992-ci il tarixli, 4 nömrəli qərarına əsasən ona verilmiş 0.1 ha torpaq sahəsinin qeyri-qanuni olaraq X2 adına rəsmiləşdirildiyini nəzərə alaraq, ona verilmiş JN-7A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsi və həmin torpaq sahəsi üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dırnıs kənd XDM İK-nın 25 aprel 1992-ci il tarixli, 4 nömrəli qərarına əsasən ona verilmiş 0.1 ha torpaq sahəsinin qeyri-qanuni olaraq X2 adına rəsmiləşdirildiyini nəzərə alaraq, ona verilmiş JN-7A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsi və həmin torpaq sahəsi üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə çıxarış verilməsi vəzifəsinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 10 mart 2022-ci il tarixə təyin olunmuşdur. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2- 1(122)-48/2022 nömrəli qərardadı ilə X7, X9, X10, X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X6 mübahisəli torpaq sahəsinin Ordubad Rayon Aqrar islahat Komissiyasının 10 yanvar 2000-ci il tarixli, 188 nömrəli qərarına əsasən JN-007A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə həyətyanı torpaq sahəsi kimi X2 mülkiyyətinə verildiyini, ölkədə aparılan islahatların artıq başa çatdığını, islahat komissiyalarının hüquqi varisinin müəyyən edilmədiyini, aqrar islahat komissiyaları tərəfindən verilmiş qərarların dəyişdirilməsinin onların səlahiyyətlərinə aid olmadığını bildirib məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X7 1992-ci ildən mübahisəli torpaq sahəsindən mərhum əri ilə birlikdə istifadə etdiklərini, əri vəfat etdikdən sonra islahat komissiyasının qərarı ilə həmin torpaq sahəsinin onun və qızlarının mülkiyyətinə verildiyini bildirib məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X10 digər üçüncü şəxsin dediklərini təsdiq edərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə uyğun olaraq məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının 5.1., 5.2., 6.1., 6.2., 7., 8.5-ci bəndlərində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Hazırki iş üzrə iddiaçı Dırnıs kənd XDM İK-nın 25 aprel 1992-ci il tarixli, 4 nömrəli qərarına əsasən ona verilmiş 0.1 ha torpaq sahəsinin qeyri-qanuni olaraq X2 adına rəsmiləşdirildiyini nəzərə alaraq, ona verilmiş JN-7A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsi və həmin torpaq sahəsi üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə çıxarış verilməsi vəzifəsinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarından aydın olur ki, mübahisəli torpaq sahəsi Ordubad Rayon Aqrar İslahat Komissiyasının 10 yanvar 2000-ci il tarixli, 180 nömrəli qərarına əsasən JN-007A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə həyətyanı torpaq sahəsi kimi X2, X5, X4 və X3 birgə mülkiyyətinə verilmişdir. İddiaçının ləğv olunmasını tələb etdiyi JN-007A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə Ordubad Rayon Aqrar İslahat Komissiyasının 10 yanvar 2000-ci il tarixli, 180 nömrəli qərarı əsasında verilmişdir. Ona görə də, iddiaçı əvvəlcə mübahisələndirilən şəhadətnamənin verilməsinə əsas təşkil edən sənəd kimi Ordubad Rayon Aqrar İslahat Komissiyasının 10 yanvar 2000-ci il tarixli, 180 nömrəli qərarını mübahisələndirməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, torpaq islahatını Azərbaycan Respublikası X16 Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparmış, islahat yekunlaşdığından qeyd edilən komissiyaların fəaliyyəti başa çatmış və islahat komissiyalarının hüquqi varisi müəyyən edilməmişdir. Həmçinin həmin komissiyanın qərarından şikayət vermə müddəti ötürülmüşdür. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 22-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər.Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Naxçıvan Muxtar Respublikasının rayonlarının aqrar islahat komissiyalarının qərarı ilə razılaşmadıqda fiziki və hüquqi şəxslər 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası X16 Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Həmçinin hazırkı iddiaya dair iddiaçının subyektiv hüququnun mövcudluğu da müəyyən edilmir. Belə ki, iddiaçı mübahisəli torpaq sahəsinin Dırnıs kənd XDM İK-nın 25 aprel 1992-ci il tarixli, 4 nömrəli qərarı ilə ona verildiyini iddia etsə də, həmin qərarı məhkəməyə təqdim edə bilməmiş, məhkəmənin araşdırması nəticəsində də həmin qərarı aşkar etmək mümkün olmamışdır. Həmçinin iddiaçı Dırnıs kənd XDM İK-nın 25 aprel 1992-ci il tarixli, 4 nömrəli qərarına əsasən ona verilmiş 0.1 ha torpaq sahəsi ilə mübahisəli torpaq sahəsinin üst-üstə düşdüyünü təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia düzgün olmayan cavabdehə qarşı verilmişdir. Belə ki, cavabdeh ilə iddiaçı arasında publik hüquqa əsaslanan inzibati münasibətlər yaranmamış, cavabdeh inzibati orqan iddiaçı ilə bağlı hər hansı bir aktı qəbul etməmiş və ya hərəkətə yol verməmişdir. İddia qanunla üzərinə müvafiq cavabdehlik daşımayan inzibati orqana qarşı verildiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli qərarının 3.4-cü bəndində göstərilmişdir ki, birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsi ilə də yerinə yetirə bilər. Məhkəmə mübahisənin faktiki və hüquqi hallarını iddiaçı ilə müzakirə etmiş və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Dırnıs kənd XDM İK-nın 25 aprel 1992-ci il tarixli, 4 nömrəli qərarına əsasən ona verilmiş 0.1 ha torpaq sahəsinin qeyri-qanuni olaraq X2 adına rəsmiləşdirildiyini nəzərə alaraq, ona verilmiş JN-7A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsi və həmin torpaq sahəsi üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Dırnıs kənd XDM İK-nın 25 aprel 1992-ci il tarixli, 4 nömrəli qərarına əsasən ona verilmiş 0.1 ha torpaq sahəsinin qeyri-qanuni olaraq X2 adına rəsmiləşdirildiyini nəzərə alaraq, ona verilmiş JN-7A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsi və həmin torpaq sahəsi üzərində İddiaçı hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar