Məhkəmə qərarları › İş №2-1(122)-48/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-48/2023

14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-48/2023 14.09.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X6 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, iddiaçı Nümayəndə, iddiaçının vəkili Vəkil və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, iddiaçılar Nümayəndə və İddiaçı2 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılmış Şərur Rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1999-cu il tarixli, 01 nömrəli qərarına əsasən X1 mülkiyyətinə verilməsinə dair hüquqların dövlət qeydiyyatı zamanı buraxılmış texniki səhvlər düzəliş edilərək JN-163B və JN-163C nömrəli həyətyanı torpaq sahələrinin Nümayəndə və İddiaçı2 hüquqların dövlət qeydiyyatına alınması və torpaqların mülkiyyətinə verilməsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılmış Şərur Rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1999-cu il tarixli, 01 nömrəli qərarına əsasən X1 mülkiyyətinə verilməsinə dair hüquqların dövlət qeydiyyatı zamanı buraxılmış texniki səhvlər düzəliş edilərək JN-163B və JN-163C nömrəli həyətyanı torpaq sahələrinin Nümayəndə və İddiaçı2 hüquqların dövlət qeydiyyatına alınması və torpaqların mülkiyyətinə verilməsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçı tərəfin ünvanına 06 iyun 2023-cü il tarixli və 13 iyul 2023-cü il tarixli, 2-1(122)-48/2023 nömrəli yardım məktubları göndərilmiş, cavabdeh inzibati orqana qarşı iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmişdir. Məhkəmənin hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 14 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İddiaçı2 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı Nümayəndə məhkəmənin yardım məktubundan xəbərdar olduğunu bildirib, hazırkı tələb üzrə iddianın mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil hazırki iddia tələbini müdafiə edərək iddianın mümkün sayılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X4 məhkəmədən qanuna uyğun qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iddianın dəlillərini iş materialları ilə birlikdə araşdırıb, işin hallarına hüquqi qiymət verərək, aşağıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1, 1.2, 1.3, 1.4 və 2.1-ci bəndlərinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.4-cü bəndinə əsasən birinci instansiya məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsi ilə də yerinə yetirə bilər. 5.1., 5.2., 6.1., 6.2., 7., 8.5-ci bəndlərinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyildirlər və bu cür hallarda iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, inzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. Hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş 07 iyun 2023-cü il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə münasibətdə məhkəmə qeyd edir ki, yuxarıda sadalanan hallara əsasən təqdim edilən yeni iddia tələbi üzrə məhkəmə tərəfindən müvafiq prosessual hərəkətlərin aparılması qanunvericilikdə nəzərdə tutulan hüquqlardan suiistifadə və prosesin sonsuzadək davam etdirilməsi ilə nəticələnəcəkdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddia tələbi qeyri-müəyyən ifadə olunmuşdur. Belə olan təqdirdə məhkəmə tərəfindən iddiaçıların cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı konkret tələbinin nədən ibarət olduğunu müəyyən etmək mümkün olmamışdır. Bu hal isə hazırki tələb üzrə mümkünlük şərtlərini istisna edir. Bundan əlavə iddiaçıların hazırkı iddiaya dair subyektiv hüququnun mövcudluğu da müəyyən edilmir. Belə ki, hazırkı iddiaya dair iddiaçılar mübahisəli torpaq sahələrinin Şərur rayon Arpaçay kolxozu tərəfindən 1985-ci ildə onlara verildiyini iddia etsələr də, onlara verilmiş torpaq sahələrinin yerini müəyyən etməyə imkan verən müvafiq sənədləri (torpaq sahəsinin təhkim aktı, torpaq sahəsinin ayrıc aktı) məhkəməyə təqdim edə bilməmiş, məhkəmənin araşdırması nəticəsində də həmin sənədləri aşkar etmək mümkün olmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddianın mümkünlüyü həmçinin iddiaçının hüquqi marağı nəzərə alınmaqla qiymətləndirilməlidir. Bu zaman isə şəxsin arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən və əlverişli iddia növlərindən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddia qaldırmış şəxs özünün məqsədinə hüquqi müdafiənin başqa vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, məhkəmə belə tələblərə cavab verməyən iddianın mümkünlüyü məsələsinə baxa bilər. Hazırkı iş üzrə iddia tələbinin mahiyyəti ondan ibarətdir ki, aqrar islahat aparılan zaman 11 fevral 1999-cu il tarixli, 01 nömrəli qərara əsasən digər şəxsə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələr mübahisələndirilir. Qeyd olunmalıdır ki, torpaq sahəsinin verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının qərarı qüvvədə olaola həmin qərar əsasında verilmiş şəhadətnamənin mübahisələndirilməsi ilə bağlı iddia mümkün sayıla bilməz. Bundan əlavə Azərbaycan Respublikasında aparılmış aqrar islahatlar artıq başa çatmışdır. İddiaçılar islahatların nəticələrinə dair qərarı və yaxud islahatın nəticələrinin mübahisələndirilməsi üçün qanunvericilikdə müəyyən edilmiş müddəti ötürmüşdür. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında isə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in 10 iyun 2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, 1 yanvar 2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir. Məhkəmə həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 01 yanvar 2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin təqdim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 2021). Deryan Türkiyəyə qarşı iş üzrə 21 iyun 2015-ci il tarixli Qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri adekvat göstərməlidir. Səbəbləri göstərmək öhdəliyinin tətbiqi dairəsi qərarın xarakterindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən, Konvensiyanın 6-cı maddəsindən irəli gələn səbəbləri göstərmək öhdəliyinə nə üçün məhkəmə tərəfindən riayət olunub-olunmaması yalnız işin halları baxımından müəyyən edilə bilər. Lakin qanunla müəyyən olunmuş müddət məhdudiyyətinə dair ərizənin tərəfin dəlili kimi araşdırılması sözügedən iş üçün həlledici əhəmiyyət kəsb etdikdə, ona spesifik və aydın cavabın verilməsi tələb olunur (§ 30-33). Beləliklə, hər bir halda iddiaçı tərəf hazırda müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti də ötürmüşdür. Bu mənada iddiaçı tərəfə İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilmiş, həmçinin məhkəmə iclaslarında bir daha qanunvericiliyin tələbləri bilavasitə izah olunaraq dinlənilməsi təmin edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə iddiaçılar Nümayəndə və İddiaçı2 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılmış Şərur Rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1999-cu il tarixli, 01 nömrəli qərarına əsasən X1 mülkiyyətinə verilməsinə dair hüquqların dövlət qeydiyyatı zamanı buraxılmış texniki səhvlər düzəliş edilərək JN-163B və JN-163C nömrəli həyətyanı torpaq sahələrinin Nümayəndə və İddiaçı2 hüquqların dövlət qeydiyyatına alınması və torpaqların mülkiyyətinə verilməsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçılar Nümayəndə və İddiaçı2 cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən aparılmış Şərur Rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1999-cu il tarixli, 01 nömrəli qərarına əsasən X1 mülkiyyətinə verilməsinə dair hüquqların dövlət qeydiyyatı zamanı buraxılmış texniki səhvlər düzəliş edilərək JN-163B və JN-163C nömrəli həyətyanı torpaq sahələrinin Nümayəndə və İddiaçı2 hüquqların dövlət qeydiyyatına alınması və torpaqların mülkiyyətinə verilməsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar