Məhkəmə qərarları › İş №2-1(122)-481/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-481/2024

26.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-481/2024 26.04.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı və iddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Culfa Rayon Polis Şöbəsinə qarşı “X1, X2, X3 və X4 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1, X2, X3 və X4 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdeh Culfa Rayon Polis Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzilin 07 sentyabr 2018-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində adına qeydə almaqla hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya MH, № 0060775, qeydiyyat nömrəsi ********** olan çıxarış almışdır. Ona məxsus mənzildə bacısı X5 və bacısının övladları X6, X7 və X8 ona məxsus mənzilin qeydiyyatındadırlar. Lakin Culfa şəhərində özlərinə məxsus olan mənzildə yaşayırlar. Qeyd etdiyi şəxslərin onun mənzilində qeydiyyatda olmaları, onun öz mülkiyyətindən istədiyi kimi istifadə etməyinə maneçilik törətməklə hüquqlarını məhdudlaşdırır və öz mülkiyyətindən istədiyi kimi istifadə edə bilmir. Bu səbəbdən də bacısı və bacısı uşaqlarının mülkiyyətində olan ünvan 1 ünvanında qeydiyyatdan çıxarılmaları barədə Culfa Rayon Polis Şöbəsinə ünvanladığı ərizəyə müsbət cavab verilməyərək, xx.xx.2023cü il tarixli imtina məktubu ilə onun məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Buna görə də onların qeydiyyatdan çıxarılmaları üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı göstərilənlərə əsasən X1, X2, X3 və X4 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdeh Culfa Rayon Polis Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Culfa Rayon Polis Şöbəsinə göndərilmişdir. Cavabdeh Culfa Rayon Polis Şöbəsi 04 dekabr 2023-cü il tarixli, 3-13-43-10/2- 6608/2023 nömrəli məktubla məhkəməyə ünvanlanan iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, X1 (xx.xx.1979), X2 (xx.xx.2004), X3 (xx.xx.2006) və X4 (xx.xx.2018) ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş əsaslara uyğun olmadığından İddiaçı ərizəsi icra edilə bilməz. Məhkəmənin 11 yanvar 2024-cü il tarixli, 2-1(122)-481/2024 nömrəli qərardadı ilə X6, X7, X5 (eyni zamanda X4 qanuni nümayəndəsi) üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdirlər. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 26 aprel 2024-cü il tarixə təyin edilmişdir. Cavabdeh Culfa Rayon Polis Şöbəsi və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının nümayəndəsinin, cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - ünvan 4 ünvanında qeydiyyatda olan İddiaçı ünvanladığı 20 noyabr 2023-cü il tarixli, 3-13-43-10/2-H-61xx/xx/2023 nömrəli məktubdan görünür ki, X1 (xx.xx.1979), X2 (xx.xx.2004), X3 (xx.xx.2006) və X4 (xx.xx.2018) ünvan 1 ünvanının pasport qeydiyyatından çıxarılmaları tələbindən imtina edilmişdir. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 07 sentyabr 2018-ci il tarixli, MH seriyalı, ******* nömrəli, (qeydiyyat nömrəsi: **********, reyestr nömrəsi: **********80-05101-093007) çıxarışın təsdiq edilmiş surətindən məlum olur ki, ünvan 1 ünvanında yerləşən 33.54 kv.m mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 14/2 nömrəli reyestr kitabının 234 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Culfa Rayon İcra Hakimiyyətinin Culfa şəhər Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 13 noyabr 2023-cü il tarixli, 2191 nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında aşağıda göstərilənlər qeydiyyatdadırlar: İddiaçı (1976), X11 (1952), X5 (1979), X9 (2004), X10 (2006), X8 (2018), X13 (2004) - Culfa Rayon İcra Hakimiyyətinin Culfa şəhər Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 13 noyabr 2023-cü il tarixli, 2192 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında yaşayır və həmin mənzildə qeydiyyatdadır. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı xx xxx 1976-cı il tarixdə doğulmuşdur. - Üçüncü şəxslər X6, X7, X5 (eyni zamanda X4 qanuni nümayəndəsi) məhkəməyə xx.xx.2024-cü il tarixli ərizələrlə müraciət edərək ünvan 1 ünvanında qeydiyyatda olduqlarını, İddiaçı onların orada yaşamaqlarına mane olduğunu bildirib, qeydiyyatda olduqları ünvanda maneəsiz yaşamaq hüquqlarının təmin edilməsini xahiş etmişdirlər. Məhkəmənin əsaslandırması: Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli, 136 nömrəli qərarına əsasən, Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri inzibati orqanların təsnifatına aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə hazırki iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin yuxarıda şərh olunan faktiki hallarından müəyyən olunur ki, həmin ev İddiaçı xüsusi mülkiyyətindədir. Üçüncü şəxslər hazırda həmin evdə yaşamadıqlarından onların həmin evin pasport qeydiyyatında olmaları formal xarakter daşımaqla, mülkiyyətçi İddiaçı öz mülkiyyəti barəsində sərbəst surətdə sərəncam vermək hüququnu məhdudlaşdırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd edilmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə” qarşı işdə isə Avropa Məhkəməsi öz qərarında göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 6.1.4-cü maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. - 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbaycan Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. - 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. - 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Hazırkı mübahisədə, şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində göstərilən əsaslar mövcud deyil. Lakin həmin Qanunun “Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onların qeydiyyatdan çıxarılmalarına maneə olmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Qeyd olunan Qərarla müəyyən olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 14 iyun 1996-cı il tarixli, 493 nömrəli Fərmanının 2.3-cü bəndinə görə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində, 9-cu maddəsinin birinci hissəsinin birinci abzasında və 1-ci bəndində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər. Məhkəmə üçüncü şəxslərin ərizələrinə münasibətdə qeyd edir ki, üçüncü şəxslərin iddiaçıya tam mülkiyyət hüququ ilə məxsus olan mənzildə yaşamaları öz təsdiqini tapmır və qeyd olunan mənzilə dair istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasına dair məlumat aşkar edilmir. Belə olan halda, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan mənzilə dair əmlak hüququ olmayan şəxslər olduğundan iddiaçı onların qeydiyyatdan çıxarılmalarını tələb etməkdə haqlı olmuşdur. Məhkəmə işin faktiki hallarını nəzərə alıb, qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq müəyyən edir ki, fiziki şəxslərin mülkiyyət hüququnun müdafiəsi qüvvədə olan qanunvericiliklə tam təfərrüatı ilə tənzimlənir. Məhkəmənin qənaətinə görə üçüncü şəxslər X1, X2, X3 və X4 iddiaçıya məxsus evin qeydiyyatından çıxarılmamaları barədə cavabdeh inzibati orqanın imtinası qanunazidd olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməli və iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Culfa Rayon Polis Şöbəsinə qarşı “X1, X2, X3 və X4 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4, 34.1, 58.7, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. X1, X2, X3 və X4 İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdeh Culfa Rayon Polis Şöbəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar