Məhkəmə qərarları › İş №2-1(122)-484/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-484/2025

30.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-484/2025 30.01.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ X13 Heydər oğlunun sədrliyi, X14 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "Naxçıvan şəhəri 52 və 67-ci məhəllələrdə yerləşən hər iki yanacaq doldurma məntəqələri və Babək rayonu, Vayxır kəndində yerləşən broyler ilə əlaqədar dəymiş ziyanın əvəzi olaraq ******* AZN (bir milyon üç yüz min manat) kompensasiyanın ödənilməsini və hər iki yanacaq doldurma məntəqələrinin və Babək rayonu, Vayxır kəndində yerləşən broylerin natura formasında yəni, əvvəl yerləşdikləri torpaq sahəsində tikilərək, lisenziya və digər sənədlərlə birlikdə mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan şəhəri 52 və 67-ci məhəllələrdə yerləşən hər iki yanacaq doldurma məntəqələri və Babək rayonu, Vayxır kəndində yerləşən broyler ilə əlaqədar dəymiş ziyanın əvəzi olaraq ******* AZN (bir milyon üç yüz min manat) kompensasiyanın ödənilməsini və hər iki yanacaq doldurma məntəqələrinin və Babək rayonu, Vayxır kəndində yerləşən broylerin natura formasında yəni, əvvəl yerləşdikləri torpaq sahəsində tikilərək, lisenziya və digər sənədlərlə birlikdə mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 25 fevral 2025-ci il tarixli, 2-1(122)-484/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "Naxçıvan şəhəri 52 və 67-ci məhəllələrdə yerləşən hər iki yanacaq doldurma məntəqələri və Babək rayonu, Vayxır kəndində yerləşən broyler ilə əlaqədar dəymiş ziyanın əvəzi olaraq ******* AZN (bir milyon üç yüz min manat) kompensasiyanın ödənilməsini və hər iki yanacaq doldurma məntəqələrinin və Babək rayonu, Vayxır kəndində yerləşən broylerin natura formasında yəni, əvvəl yerləşdikləri torpaq sahəsində tikilərək, lisenziya və digər sənədlərlə birlikdə mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddia mümkün sayılmamışdır. İddiaçı tərəfindən Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 2-1(122)-484/2025 nömrəli qərardadından verilmiş apellyasiya şikayəti baxılması üçün 29 aprel 2025-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına göndərilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının 29 may 2025-ci il tarixli, 2-1(108)-56/2025 nömrəli qərardadı ilə İddiaçı apellyasiya şikayəti təmin edilmiş, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 25 fevral 2025-ci il tarixli, 2-1(122)- 484/2025 nömrəli qərardadı ləğv edilərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 30 yanvar 2026-cı il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə tərəflərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən iddiaçıya yardım məktubları ünvanlanaraq, iddia tələbinin birinci hissəsinə münasibətdə subyektiv hüququnun olmaması, ikinci hissəsinə münasibətdə isə cavabdehin düzgün müəyyən olunmadığı bildirilərək, iddia tələbinin dəqiqləşdirilməsi üçün vaxt müəyyən olunmuşdur. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Bu aşağıdakı əsaslardan irəli gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. İddia tələbinin məzmunundan müəyyən edilir ki, iddiaçının hüquqi marağı iki hissədən ibarətdir:

1. Naxçıvan şəhəri 52 və 67-ci məhəllələrdə yerləşən iki yanacaq doldurma məntəqələri;

2. Babək rayonu, Vayxır kəndində yerləşən broyler ilə əlaqədar dəymiş ziyanın əvəzi olaraq kompensasiyanın ödənilməsi və natura formasında yəni, əvvəl yerləşdikləri torpaq sahəsində tikilərək, lisenziya və digər sənədlərlə birlikdə mülkiyyətinə verilməsindən ibarətdir. İddia tələbinin birinci hissəsinə münasibətdə işin hallarından aydın olur ki, 19 mart 2004-cü il tarixli, 139 qeydiyyat və 03 reyestr nömrəli Mülkiyyət hüququ haqqında şəhadətnamə ilə Naxçıvan şəhəri 67-ci məhəllədə yerləşən sahəsi 228,6 kv.m olan yanacaq doldurma məntəqəsi iddiaçının mərhum əri X3 mülkiyyətinə verilmişdir. Məhkəmə araşdırması nəticəsində əldə olunmuş mərhum X6 tərəfindən Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısına ünvanlanmış 10 avqust 2009-cu il tarixli ərizədən məlum olur ki, X1 şəhərinin 52 və 67-ci məhəllələrində yerləşən yanacaq doldurma stansiyaları şəhərdə aparılan abadlıq və quruculuq işləri ilə əlaqədar söküldüyündən ona sahibkarlıqla məşğul olmaq üçün şəhərin münasib yerindən mağaza ayrılmasına köməklik göstərilməsini xahiş etmişdir. Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının 12 avqust 2009-cu il tarixli, 167 nömrəli Sərəncamı ilə X3 ərizəsi nəzərə alınaraq, Naxçıvan şəhərində aparılan abadlıq və quruculuq işləri əsasında Naxçıvan şəhəri 67 və 52-ci məhəllələrdə olan Yanacaq- Doldurma Stansiyalarının sökülməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətini davam etdirmək məqsədilə şəhərin digər ərazisində, Naxçıvan şəhəri H.Əliyev prospekti 26 №-li binanın birinci mərtəbəsində, üzü prospektə baxan hissədən vətəndaşa 49,5 kvadratmetr sahədən mağaza kimi istifadə etməsinə icazə verilmişdir. X6 yuxarıda qeyd olunan məsələ ilə bağlı heç bir tələbinin olmayacağını 12 avqust 2009-cu il tarixli ərizəsində yazaraq imza etmişdir. Göründüyü kimi mərhum X6 yazılı şəkildə gələcək tələbindən imtina edərək, hazırkı iddia tələbi üzrə birbaşa mülkiyyətçinin və hüquqi varislərinin subyektiv hüquqlarını könüllü surətdə sona çatdırmışdır. Qeyd edilənlərə əsasən də iddiaçı Naxçıvan şəhəri 52 və 67-ci məhəllələrdə yerləşən iki yanacaq doldurma məntəqələri ilə əlaqədar dəymiş ziyanın əvəzi olaraq kompensasiyanın ödənilməsi ilə bağlı iddia tələbini irəli sürmək üçün subyektiv hüquqa malik olmamışdır. İddia tələbinin ikinci hissəsi, yəni “Babək rayonu, Vayxır kəndində yerləşən broyler ilə əlaqədar dəymiş ziyanın əvəzi olaraq kompensasiyanın ödənilməsi və yerləşdiyi torpaq sahəsində tikilərək onun mülkiyyətinə verilməsi”nə dair hissəsi ilə bağlı məhkəmə təkrar qeyd edir ki, ilk növbədə sözügedən broyler Babək rayonu, Vayxır kəndində yerləşdiyindən və Naxçıvan Şəhər İcra Hakimiyyəti həmin obyekt üzərində nə ərazi, nə də funksional səlahiyyətə malik olmadığından həmin iddiaya cavab verməli orqan ola və ya bu öhdəliklə bağlı cavabdehliyi yarana bilməz. Bununla belə, məhkəmə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının yuxarıda istinad edilən qərardadına əsaslanaraq həmin hissə üzrə də araşdırma apararaq müəyyən etmişdir ki, mərhum X3 mülkiyyətində olmuş Babək rayonu, Vayxır kəndində yerləşən broyler 2011-ci ilin aprel ayında sonuncu tərəfindən X5, 2014-cü ilin noyabr ayında X7 tərəfindən X9 və nəhayət 2016-cı il tarixdə X12 tərəfindən X2. İddiaçı da iddia ərizəsində 125000 manat məbləğində kreditinin bağlanması müqabilində broylerin satılmasına razılıq verdiyini bildirərək, qeyd olunan halı təsdiqləmişdir. Göründüyü kimi, Babək rayonu, Vayxır kəndində yerləşən broyler dəfələrlə üçüncü şəxslərə satılmış, iddiaçı isə ilkin satış prosesinin bilavasitə iştirakçısı olmuşdur. Bu səbəblərdən də, ümumiyyətlə hazırkı iddiaya mahiyyəti üzrə baxılması üçün inzibati prosessual əsaslar mövcud deyildir. Məhkəmə qeyd edir ki, iddianın mümkünlük şərtlərindən biri iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olmasıdır. Hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının irəli sürdüyü tələb üzrə subyektiv hüquqa (iddia qaldırmaq səlahiyyətinə) malik olması şərti yerinə yetirilmiş olmalıdır. Subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən çoxdan itirilmiş mülkiyyət hüququnun yenidən əldə ediləcəyi ümidinə “mülkiyyət” kimi baxıla bilməz; eyni yanaşma şərtə əməl edilə bilməməsi nəticəsində qüvvəsini itirmiş şərti tələbə də aiddir (bax: “Qratzinger və Qratzingerova Çex Respublikasına qarşı” (qərardad) [Böyük Palata] (Gratzinger and Gratzingerova v. the Czech Republic (dec.) [GC], no. 39794/98, § 69, ECHR 2002-Vİİ)). Odur ki, məhkəmə İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "Naxçıvan şəhəri 52 və 67-ci məhəllələrdə yerləşən hər iki yanacaq doldurma məntəqələri və Babək rayonu, Vayxır kəndində yerləşən broyler ilə əlaqədar dəymiş ziyanın əvəzi olaraq ******* AZN (bir milyon üç yüz min manat) kompensasiyanın ödənilməsini və hər iki yanacaq doldurma məntəqələrinin və Babək rayonu, Vayxır kəndində yerləşən broylerin natura formasında yəni, əvvəl yerləşdikləri torpaq sahəsində tikilərək, lisenziya və digər sənədlərlə birlikdə mülkiyyətinə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qəraraaldı:

İddia mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar