Məhkəmə qərarları › İş №2-1(122)-49/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-49/2024

24.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-49/2024 24.06.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 01 mart 2023-cü il tarixli, 54 nömrəli qərarının ləğv edilməsi və ona 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı vəkili ilə birlikdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 01 mart 2023-cü il tarixli, 54 nömrəli qərarının ləğv edilməsi və ona 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X19 şəxsin Culfa Rayon Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə ərizə ilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X19 şəxsin Culfa rayon şöbəsinə müraciət etmişdir. Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X19 şəxsin Culfa rayon şöbəsinin 01 mart 2023-cü il tarixli, 54 nömrəli qərarı ilə müvafiq ərizənin təmin edilməsindən imtina edilmişdir. Mübahisələnən qərarda müvafiq pensiyanın təyin edilməsindən imtinanın əsası kimi X9 işlədiyi 1993-cü ildə 02-ay, 1996-cı ildə 02-ay, 1997-ci ildə 08-ay, 1998-ci ildə 10-ay, 1999cu ildə 02-ay, 2000-ci ildə isə 03-ay əmək haqqı almadığı, dolayısı ilə həmin aylar üzrə sosial sığorta haqqının ödənilmədiyi üçün qeyd edilən müddətləri əmək stajı kimi nəzərə almadığı, bununla da 25 il ümumi əmək stajının olmadığı göstərilmişdir. İddiaçı qeyd edir ki, cavabdehin qərarında iddiaçının ümumi əmək stajı ilə bağlı mübahisələnən münasibətləri tənzimləyən maddi hüquq normalarının tətbiqi məsələsinə aydınlıq gətirilməlidir. Mübahisələnən qərardan göründüyü kimi, iddiaçının mübahisələnən əmək stajı 1993-cü ildən 2000-ci ilədək dövrü əhatə edən müvafiq müddətləri əhatə edir. Belə olan halda hüquqda normanın zaman baxımından tətbiqi prinsipi əsas alınaraq hazırki mübahisəyə xx.xx.2006-cı il tarixədək qüvvədə olan "Vətəndaşların pensiya təminatı” haqqında Qanunun müddəalarına, həmçinin həmin tarixədək qüvvədə olan hüquqi aktlara uyğun həll edilməlidir. Cavabdeh orqanın iddiaçıya müvafiq pensiyanın təyin edilməsindən imtinanın əsası kimi göstərdiyi - 1993-cü ildə 02-ay, 1996-cı ildə 02 ay, 1997-ci ildə 08 ay, 1998-ci ildə 10 ay, 1999-cu ildə 02 ay, 2000-ci ildə isə 03 ay sosial sığorta haqqının ödənilmədiyinə görə həmin dövrün əmək stajına aid edilməməsi dəlili hər hansı hüquq norması ilə dəstəklənmir. Mübahisələnən qərarda əmək stajına daxil edilməyən müvafiq illər üzrə müddətlərdə onun işdən azad olunmasına dair hər hansı əmr mövcud deyildir, qeyd edilən dövrlər üzrə əməkhaqqı cədvəllərinin məsul şəxslər tərəfindən lazımi qaydada saxlanılmaması, arxivləşdirilməməsi onun əmək stajının itirilməsinə səbəb və əsas olaraq göstərilə və qəbul edilə bilməz. İş üzrə təqdim edilmiş iddiaçının əmək kitabçasında əmək fəaliyyətinə dair göstərilən məlumatlar, eləcə də, həmin məlumatları təsdiq edən arxiv arayışları ilə İddiaçı 25 il ümumi və 12 il 6 ay güzəştli iş stajına malik olduğu təsdiqlənir ki, bu hal “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin dispozisiya şərtlərini əhatə edir. İddiaçı qeyd olunan xüsusatları və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 70.1 və 70.3-cü maddələrini rəhbər tutaraq, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 01 mart 2023-cü il tarixli, 54 nömrəli qərarının ləğv edilməsi və ona 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X19 şəxsin Culfa Rayon Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş, İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 27 aprel 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X19 şəxsin Culfa Rayon Şöbəsi iddiaya qarşı 25 aprel 2023-cü il tarixli, 06/127 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1962-ci il tarixdə ünvan 1 ünvanmda qeydiyyatda olmaqla orada yaşayan İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin olunması üçün 01 mart 2023-cü il tarixli ərizə ilə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinə müraciət etmişdir. Fondun Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 01 mart 2023-cü il tarixli, 54 nömrəli qərarında iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ olduğu bildirilmişdir. Bildirilmişdir ki, həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Bundan sonra iddiaçı Fondun Culfa rayon şöbəsinə qarşı məhkəməyə müraciət edərək, əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 01 mart 2023-cü il tarixli, 54 saylı qərarının ləğv edilməsi və ona 60 yaşının tamam olduğu xx.xx.2022-ci tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Culfa rayon Kommunal Müəssisələr Kombinatının abadlıq sahəsində fəhlə işləmiş, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək keçmiş Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Rusiya Federasiyasının Voronej Vilayətinin Qeorqiy-Dej şəhərinin X18 texniki peşə məktəbində “elektrovoz maşinist” peşəsi üzrə təhsil almış, xx.xx.1985-ci il tarixdən Voronej Vilayətinin X5 maşınist köməkçisi işləmiş və xx.xx.1986-cı il tarixdə öz ərizəsi əsasında işdən azad olunmuşdur. Bundan sonra o, xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Azərbaycan Dəmir Yolları X9 ilkin olaraq maşınist köməkçisi, daha sonra maşınist, xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək X16 üzrə növbətçi, xx.xx.1990cı il tarixdən xx.xx.2000-ci il tarixədək isə maşınist köməkçisi vəzifələrində işləmişdir. xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Naxçıvan Geoloji-Kəşfiyyat Ekspedisiyasında xəndək qazan, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək həmin Ekspedisiyada 2-ci dərəcəli yol fəhləsi, xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədə Culfa rayon Kommunal Müəssisələr Kombinatının təmizlik sahəsində sürücü vəzifələrində işləmişdir. Beləliklə, iddiaçının xx.xx.1980-ci il tarixdən xx.xx.2002-ci il tarixədək olan dövrə əmək kitabçasındakı iş illəri, təhsil və hərbi xidmət müddəti nəzərə alınmaqla 19 il 10 ay 22 gün ümumi, 15 il 2 ay 26 gün xüsusi iş stajı, 2011-ci il tarixdən 2017-ci il tarixədək isə 5 il 11 ay 1 gün olmaqla, cəmi 25 il 9 ay 24 gün ümumi iş stajı vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 4.2.7-ci bəndinə əsasən pensiya sektorunun məsləhətçisi zəruri hesab olunan hallarda sənədləri yerində qarşılıqlı yoxlanılmasını həyata keçirir. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 13/181 nömrəli arayışında iddiaçının X21 Lokomotiv Deposunda işlədiyi dövr ərzində 1993-cü və 1996-cı illərdə 2 ay olmaqla cəmi 4 ay, 1997ci ildə 8 ay, 1998-ci ildə 10 ay, 1999-cu ildə 2 ay və 2000-ci ildə 3 ay olmaqla, ümumilikdə 27 ay, yəni 2 il 3 ay əmək haqqı almadığı göstərilmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışa əsasən Azərbaycan Dəmir Yolu X16nun 1997-ci il tarixli əmrlər kitabında İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək 9 ay 15 gün növbəti məzuniyyətdə olduğu göstərilmişdir. Beləliklə, yuxarıda sadalanan halları ümumiləşdirərək Fondun Culfa rayon şöbəsi hesab etmişdir ki iddiaçının əmək kitabçasında qeyd edilən iş illəri arxiv sənədləri ilə öz təsdiqini tapmadığı üçün və bu səbəbdən də iddiaçının ümumi 25 il iş stajı olmadığından ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qeyd edək ki, 1992-ci ilin yanvarın 1-dən sığorta stajının hesablanmasında qanunvericiliklə müəyyən edilmiş qaydada başlıca tələb məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi hesab olunduğundan, həmin dövrlər əmək kitabçasında qeyd olunmaqla bərabər, eyni zamanda əməkhaqqı alınması haqqında arxiv arayışları ilə də təsdiq olunmalıdır. Ona görə ki, məcburi dövlət sosial sığorta haqqı, şəxslərin almış olduqları əməkhaqqı əsasında ödənilir, yəni əməkhaqqı alınmamış dövr məcburi dövlət sosial sığorta haqqı ödənilməmiş dövr hesab olunur və əmək pensiyası təyinatı zamanı həmin dövrlər sığorta stajına daxil edilmir. Nəzərə alınmalıdır ki, pensiya təminatı sisteminin hər bir iştirakçısının ödədiyi sığorta haqlarının onun alacağı pensiya məbləğinə mütənasib olmasının təmin edilməsi qüvvədə olan pensiya qanunvericiliyinin əsas məqsədlərindən biridir. Qanunvericilikdə əmək pensiyalarının təyin edilməsi üçün müəyyən edilmiş zəruri şərtlərdən olan sığortaolunanın sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrləri ilə əlaqələndirilmiş və həmin iş dövrlərinin nəzərə alınması üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi əsas şərt kimi təsbit edilmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı qaldırdığı iddia əsassız olduğundan, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, 2- 1(122)-477/2023 nömrəli qərardadı ilə cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi əsl cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilmişdir. Bundan sonra yenidən İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı eyni məzmunlu 06 dekabr 2023-cü il tarixli və 01 fevral 2024-cü il tarixli eyni məzmunlu yazılı münasibətləri (etirazları) məhkəməyə təqdim olunmuşdur. 22 may 2024-cü il tarixə təyin edilmiş hazırlıq icraatı iclasında şahid qismində ifadə vermiş X4 əsgərlikdən gəldikdən sonra 1983-cü ildə İddiaçı ilə Rusiya Federasiyasının Voronej vilayətinin Qeorqiy-Dej şəhərinə (indiki Liski şəhərinə) oxumağa getdiklərini, peşə məktəbində 1 il oxuduqdan sonra təcrübəyə çıxdıqlarını, məktəbin onlara yaşamaq üçün 75 manat təqaüd verdiyini, təcrübədə olduqları depo isə onlara depoda işləyən çilingərlərə verilən əməkhaqqının 50 faizini, yəni 150 manat əməkhaqqının 75 manatını verdiklərini, məktəbi bitirdikdən sonra onları maşınist köməkçisi verdiklərini, oxuduqları müddətdə maşınist köməkçisi kimi işləmədiklərini, çilingər kimi işlədiyini, təcrübədə olanda çilingərlərə verilən əməkhaqqının 50 faizinin onlara verildiyini bildirmişdir. 22 may 2024-cü il tarixə təyin edilmiş hazırlıq icraatı iclasında şahid qismində ifadə vermiş X14 İddiaçı ilə 1983-1985-ci illərdə Rusiya Federasiyasının Voronej vilayətinin Qeorqiy-Dej şəhərində peşə məktəbində oxuduqlarını, sonra onunla eyni depoda işlədiklərini, sonra Yusifin ordan gəlib burda işlədiyini, bir müddət orada işlədikdən sonra 1987-ci ildə onun da çıxıb bura gəlib Yusiflə X9 işlədiyini, Yusiflə Rusiya Federasiyasının Voronej vilayətinin Qeorqiy-Dej şəhərində peşə məktəbində 2 il təhsil aldıqlarını, həmin təhsil müddətində 1 il təcrübədə olduqlarını, məktəbin onlara 75 manat təqaüd verdiyini, depoda təcrübədə olanda isə onlara orada olan əməkhaqqının 50 faizinin verildiyini, Yusiflə depoda təcrübədə olanda maşınist köməkçisi işlədiklərini, maşınist köməkçisinin aldığı əməkhaqqının 50 faizinin onlara verildiyini, təcrübədə olanda digər şahid Əbdülhəmidin də maşınist köməkçisi işlədiyini, peşə məktəbində təhsili başa vurduqdan sonra Yusiflə maşınist köməkçisi kimi işləməyə başladıqlarını, təcrübədə olduqları müddətdə əməkhaqqı alması barədə sübutunun olmadığını bildirmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 29 fevral 2024-cü il tarixli, 2-1(122)-49/2024 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilmişdir. Şifahi məhkəmə baxışı iclası 24 iyun 2024-cü il tarixə təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı vəkili Vəkil iddianı müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X6 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında qərarı, arxiv arayışlarını, müvafiq arayışları, hərbi biletin və diplomun təsdiq edilmiş surətlərini, ərizəni, yaşayış yeri haqqında arayışı, şəxsiyyət vəsiqəsinin surətini və əmək kitabçasını əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, ilk növbədə, verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-nin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. İddia mümkün iddia olsa da, mahiyyəti baxımından qismən əsaslı olmadığından qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X19 şəxsin Culfa Rayon Şöbəsinin əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 01 mart 2023cü il tarixli, 54 nömrəli qərarından görünür ki, vətəndaş İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmiş və qərar rəsmi qaydada verildikdən sonra 30 gün müddətində “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsinə və ya məhkəməyə şikayət vermək hüququ izah edilmişdir. - Culfa Rayon Dövlət Arxivi tərəfindən verilmiş 27 dekabr 2022-ci il tarixli, 229 nömrəli arxiv arayışdan görünür ki, Culfa rayon Dövlət Arxivində mühafizə olunan Culfa rayon Kommunal Müəssisələr Kombinantının sənədlərinə baxdıqda İddiaçı xx.xx.1980-ci ildə 114 №-li əmrlə işə girmiş, xx.xx.1981-ci ildə 52 №-li əmrlə azad edilmişdir. 2001-2002ci illər X8 idarəsində işləmiş və aylar üzrə müvafiq qaydada əmək haqqı almışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli, 13/1689 nömrəli arxiv arayışından görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan X17-X16nun sənədlərində İddiaçı xx.xx.1987-ci il tarixli, 87 №-li əmrlə “maşınist köməkçisi” qəbul edilməsi, xx.xx.2000-ci il tarixli, 112 №-li əmrlə işdən azad olunması əmr kitabında göstərilmişdir. Həmçinin 1992-2000-ci illərdə aylar üzrə müvafiq qaydada əmək haqqı almışdır. - Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Geoloji Axtarış və Kəşfiyyat İdarəsi tərəfindən verilmiş 02 fevral 2023-cü il tarixli, 03 nömrəli Şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, xx.xx.2001-ci il tarixdə 25 №-li Əmr əsasında Naxçıvan X1rxlardağ sahəsində Geoloji kəşfiyyat partiyası çöl şəraitində İİ-ci dərəcəli xəndək qazmaçısı vəzifəsinə qəbul olunmuş, xx.xx.2002-ci il tarixli 16 №-li Əmrlə işdən azad olunmuşdur. İşlədiyi iş üzrə sosial sığorta staji bir il on bir ay təşkil edir. İşlədiyi vəzifələrin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: (azı 25 il ümumi stajın azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə çalışmış kişilərə yaşa görə əmək pensiyası hüququnun verilməsindən ibarət olmaqla) bir il on bir ay Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Siyahının 1.3. yarımbəndində müəyyən edilmiş sahə və vəzifələrin xüsusiyyətləri ilə eynidir. - Naxçıvan Muxtar Respublikası X17 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən peşədə (vəzifədə) Yük və sərnişin daşımaları idarəsində maşınist köməkçisi vəzifəsində (vəzifəyə təyin edilmə və azad edilmə əmrlərinin (sərəncamlarının) nömrələri, işə başladığı və işdən çıxdığı tarixlər) tarixləri arasındakı dövr ərzində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (əmək) stajı 13 il 03 ay 14 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri maşınist köməkçisi olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 21.4-cü bəndinə uyğundur. - 23 aprel 1981-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 23 aprel 1981-ci ildən 31 avqust 1983-cü ilədək hərbi xidmət keçmişdir. - 11 iyul 1985-ci il tarixli, 974541 nömrəli diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 1 sentyabr 1983-cü ildən 11 iyul 1985-ci ilədək Rusiya Federasiyasının Voronej Vilayətinin Qeorqiy-Dej şəhərinin X18 texniki peşə məktəbində “elektrovoz maşınist” peşəsi üzrə təhsil almışdır. - İddiaçı və onun vəkili Vəkil tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə X19 şəxsin Culfa Rayon Şöbəsinə ünvanlanmış 05 yanvar 2023-cü il tarixli güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə ərizədən görünür ki, "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun İİİ və İV fəsillərinin müddəalarının və yuxarıda qeyd olunan xüsusatların nəzərə alınaraq İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlə əmək pensiyası təyin edilərək ödənilməsinin təmin edilməsi xahiş olunmuşdur. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1962-ci ildə doğulmuşdur. - Culfa Rayon İcra Hakimiyyətinin Culfa Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 28 mart 2023-cü il tarixli, 291 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 3 ünvanında yaşayır. - 29 iyun 1983-cü il tarixli, ******* nömrəli əmək kitabçasından görünür ki, 1962-ci ildə doğulmuş İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Culfa rayon Kommunal Müəssisələr Kombinatının abadlıq sahəsində fəhlə, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək keçmiş Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Rusiya Federasiyasının Voronej Vilayətinin Qeorqiy-Dej şəhərinin X18 texniki peşə məktəbində “elektrovoz maşınist” peşəsi üzrə təhsil almış, xx.xx.1985-ci il tarixdən Voronej Vilayətinin X5 maşınist köməkçisi, xx.xx.1986-cı il tarixdə öz ərizəsi əsasında işdən azad olunmuş, xx.xx.1987-ci il tarixdən xx.xx.1987-ci il tarixədək Azərbaycan Dəmir Yolları X9 ilkin olaraq maşınist köməkçisi, daha sonra maşınist, xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək X16 üzrə növbətçi, xx.xx.1990-cı il tarixdən xx.xx.2000-ci il tarixədək isə maşınist köməkçisi, xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək Naxçıvan Geoloji-Kəşfiyyat Ekspedisiyasında xəndək qazan, xx.xx.2002-ci il tarixdən xx.xx.2002-ci il tarixədək həmin Ekspedisiyada 2-ci dərəcəli yol fəhləsi, xx.xx.2011-ci il tarixdən xx.xx.2017-ci il tarixədə Culfa rayon Kommunal Müəssisələr Kombinatının təmizlik sahəsində sürücü vəzifələrində işləmişdir. İş materiallarına əlavə edilmiş: - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “X17” Məhdud Məsuliyyətli Cəmiyyətinin 10 iyul 2023-cü il tarixli, 13-1-10/2-128/2023 nömrəli məktubundan görünür ki, İddiaçı 1987-1990cı illərdə dəmir yolunda işlədiyinə dair “X17" MMC-də heç bir sənəd olmadığından, o dövrlərə aid sənədlər Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə təhvil verildiyindən Arxiv İdarəsinə müraciət edilməsi məqsədə uyğun hesab edilmişdir. - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “X17” Məhdud Məsuliyyətli Cəmiyyətinin 08 avqust 2023-cü il tarixli, 13-1-10/2-164/2023 nömrəli məktubundan görünür ki, Lokomotiv Deposunun növbətçisi verilən sifariş əsasında, lokomotiv briqadalarının vaxta uyğun işə çağırılmasını, eləcə də lokomotivlərin təyinatı üzrə xəttə buraxılmasını təşkil edir. Lokomotiv Deposunda növbətçi vəzifəsinin adı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda mövcud deyildir və dəmir yolunun magistral sahələrində qatarların qəbulu, göndərilməsi və buraxılması ilə məşğul olan birinci dərəcəli və dərəcədənkənar (yüksək sinifli) stansiyaların siyahısına aid deyildir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinin 11 sentyabr 2023-cü il tarixli, 02/499 nömrəli məktubundan görünür ki, İddiaçı X9 depo növbətçisi təyin olunmasına dair xx.xx.1987-ci il tarixli, 287 nömrəli və həmin vəzifədən “maşınist köməkçisi” vəzifəsinə keçməsinə dair xx.xx.1990-cı il tarixli, 193 nömrəli əmrlərin təsdiq edilmiş surətləri məhkəməyə göndərilmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsinin 20 dekabr 2023-cü il tarixli, 02/733 nömrəli məktubundan görünür ki, İddiaçı ilə bağlı Azərbaycan Dəmir Yolları X16 üzrə xx.xx.1987-ci il tarixli, 87, xx.xx.1987-ci il tarixli, 287, xx.xx.1990-cı il tarixli, 193 və xx.xx.1990-cı il tarixli, 208 nömrəli əmrlərin təsdiq edilmiş surətləri məhkəməyə göndərilmişdir. - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “X17” Məhdud Məsuliyyətli Cəmiyyətinin 26 fevral 2024-cü il tarixli, 13-1-10/2-53/2024 nömrəli məktubundan görünür ki, öncə məhkəməyə təqdim edilmiş olan “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na 2 nömrəli Əlavəsinə əsasən Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair Arayışda səhvə yol verilmişdir. Belə ki, sabiq maşınist köməkçisi İddiaçı 24 iyul 1987-ci ildən 20 iyul 1990-cı ilədək X9 işlədiyi növbətçi vəzifəsinin adı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda mövcüd deyildir və dəmir yolunun magistral sahələrində qatarların qəbulu, göndərilməsi və buraxılması ilə məşğul olan birinci dərəcəli və dərəcədənkənar (yüksək sinifli) stansiyaların siyahısına aid deyildir. - "xxxx" Qapalı Səhmdar Cəmiyyəti “X17” Məhdud Məsuliyyətli Cəmiyyətinin 23 may 2024-cü il tarixli, 13-1/2-4160/2024 nömrəli məktubundan görünür ki, İddiaçı Rusiya Federasiyasının Voronej Vilayətinin Qeorqiy-Dej şəhərinin X18 texniki peşə məktəbində “elektrovoz maşınist” peşəsi üzrə təhsil aldığı müddət güzəştli şərtlərlə pensiya hüququ verən iş illərinə daxil deyildir. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçı tərəfin məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı aidiyyəti üzrə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, onun 25 il sığorta stajının olmaması səbəbindən tələbinin icrasından imtina edilmişdir. İddiaçı həmin imtina ilə razılaşmayaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsini tələb edir. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi məktubdan və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatdan aydın olur ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsinə səbəb onun 25 il sığorta stajının olmamasıdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, Bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsində Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti daxil edilir. - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019- 2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.2.2. əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; 22-1.2.3. ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: - 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisəsindən biri də pensiya yaşına çatmaqdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. - 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. - 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Beləliklə, iddiaçının tələbinin məzmunundan aydın olur ki, iddiaçı 60 yaşının tamam olduğu 30 noyabr 2022-ci il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edərək, bu məqsədlə müvafiq sənədlərlə birlikdə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən müvafiq araşdırma aparılmadan həmin gün-01 mart 2023-cü il tarixdə 54 nömrəli qərar qəbul edilərək iddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçasındakı qeydlərə əsasən 25 il 9 ay 24 gün ümumi, 15 il 2 ay 26 gün xüsusi stajı olmasına baxmayaraq, 1993-cü ildə 2 ay, 1996-cı ildə 2 ay, 1997-ci ildə 8 ay, 1998-ci ildə 10 ay, 1999-cu ildə 2 ay, 2000-ci ildə 3 ay əməkhaqqı alması arxiv arayışı ilə öz təsdiqini tapmadığından onun ümumi stajında azalma olmuş və ümumi stajı 23 il 8 ay 24 gün təşkil etmişdir. Nəticə etibarı ilə İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən tələb olunan ümumi 25 il əmək stajı olmadığı üçün pensiya təyin edilməsindən imtina edilmişdir. İlk öncə qeyd olunmalıdır ki, iddiaçının tələbi 2 hissədən ibarətdir:

1. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 01 mart 2023-cü il tarixli, 54 nömrəli qərarının ləğv edilməsi;

2. ona 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi. İddia tələbinin birinci hissəsinə münasibətdə qeyd edilməlidir ki, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 01 mart 2023-cü il tarixli, 54 nömrəli qərarı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozuntusu ilə qəbul edildiyindən ləğv edilməlidir. Belə ki, cavabdeh inzibati orqanın nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan da göründüyü kimi, iddiaçının müraciəti əsasında orqan tərəfindən hər hansı inzibati icraat aparılmadan, sübutlar tələb edilmədən və toplanılmadan elə həmin gün mübahisəli qərar qəbul edilmişdir. Bu hal isə öz-özlüyündə mübahisələndirilən qərarın qanuni əsaslarla qəbul edilməsini şübhə altına alır. Həmçinin mübahisələndirilən qərarda iddiaçının işlədiyi müvafiq illər üzrə əməkhaqqı almaması əsas gətirilərək, ümumi iş stajının azaldığına görə ona pensiyanın təyin edilməsində imtina edilsə də, sonradan məhkəmə araşdırması zamanı iddiaçının əmək kitabçasının mötəbərliyi qəbul edilmiş, iddiaçının xüsusi iş stajı ilə bağlı mübahisə olduğu meydana çıxmışdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan tərəfindən müvafiq araşdırma aparılmadan qəbul edilmiş 01 mart 2023-cü il tarixli, 54 nömrəli qərar ləğv edilməlidir. İddia tələbinin ikinci hissəsinə münasibətdə isə qeyd olunmalıdır ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün 3 şərt mövcud olmalıdır: 1. iddiaçının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla 60 yaşı tamam olmalı; 2. ən azı 25 il ümumi iş stajına malik olmalı;

3. ümumi stajın azı 12 il 6 ayını axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə çalışmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün ilkin şərt olan yaş həddi tələbi iddiaçıya münasibətdə ödənilmişdir. Belə ki, iddiaçının şəxsiyyət vəsiqəsindən də göründüyü kimi xx xxxxxx 1962-ci ildə anadan olmuş və 30 noyabr 2022-ci ildə 60 yaşı olmuşdur. İkinci tələb isə iddiaçının 25 il ümumi iş stajına malik olması ilə bağlıdır. İddiaçının əmək kitabçasındakı qeydlərdən də göründüyü kimi, İddiaçı 1980-ci ildən əmək fəaliyyətinə başlamış, 2017-ci ilədək müvafiq vəzifələrdə işləmiş və 25 il 9 ay 23 gün ümumi iş stajına malik olmuşdur. Bununla da qanunvericilikdə nəzərdə tutulmuş 2-ci tələb ödənilmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş üçüncü tələbə münasibətdə isə qeyd edilməlidir ki, cavabdeh inzibati orqanın ilkin araşdırması zamanı iddiaçının 15 il 2 ay 26 gün xüsusi iş stajının olduğu müəyyən edilmişdir. Lakin sonradan məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının 1987-1990-cı illərdə işlədiyi depo növbətçisi vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verən iş və istehsalatların siyahısına aid deyildir. İlk öncə, “X17” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş arayışda depo növbətçisi vəzifəsinin xüsusi iş stajına daxil edildiyi qeyd edilsə də, sonradan məhkəməyə ünvanlanmış 26 fevral 2024-cü il tarixli məktubda əvvəlki arayışda səhvə yol verildiyi qeyd edilərək, depo növbətçisi vəzifəsinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda olmadığı və dəmir yolunun magistral sahələrində qatarların qəbulu, göndərilməsi və buraxılması ilə məşğul olan birinci dərəcəli və dərəcədənkənar (yüksək sinifli) stansiyaların siyahısına aid olmadığı qeyd edilmişdir. Bununla da iddiaçının 15 il 2 ay 26 gün xüsusi iş stajından 3 il çıxıldıqda onun 12 il 2 ay xüsusi iş stajının olduğu müəyyən edilmişdir. Bundan sonra iddiaçı tərəfindən onun xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Rusiya Federasiyasının Voronej Vilayətinin Qeorqiy-Dej şəhərinin X18 texniki peşə məktəbində “elektrovoz maşınist” peşəsi üzrə təhsil aldığı müddətin güzəştli şərtlərlə pensiya hüququ verən iş illərinə daxil edilməsi tələb edərək, tələbini həmin müddətdə təhsil alarkən işləməsi və əməkhaqqı alması ilə əsaslandırmışdır. Məhkəmə tərəfindən bu istiqamətdə aparılmış araşdırma müsbət nəticə verməmiş, həmin müddət iddiaçının ümumi iş stajına daxil edilsə də, xüsusi iş stajı kimi nəzərə alınmamışdır. Bu hal məhkəmənin müvafiq sorğusuna cavab olaraq "X17” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə ünvanlanmış məktubda onun “elektrovoz maşınist” peşəsi üzrə təhsil aldığı müddətin güzəştli şərtlərlə pensiya hüququ verən iş illərinə daxil edilmədiyi qeyd edilmişdir. Bununla da iddiaçının qanunvericiliklə tələb onun mimumum 12 il 6 ay xüsusi iş stajına malik olması ilə bağlı tələb ödənilməmişdir. Göründüyü kimi, iddiaçıya münasibətdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi iş stajı ilə bağlı tələb ödənilmədiyindən ona 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi mümkün deyil, buna görə də iddia tələbinin ikinci hissəsi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. - 70.3-cü maddəsinə görə inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli və “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 01 mart 2023-cü il tarixli, 54 nömrəli qərarı ləğv edilməli, iddia qalan hissədə (İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində) rədd edilməlidir.

Nəticəvi hissə:

Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 68, 69, 70, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilir. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 01 mart 2023-cü il tarixli, 54 nömrəli qərarı ləğv edilir. İddia qalan hissədə (İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlə əmək pensiyası təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi hissəsində) rədd edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar