Məhkəmə qərarları › İş №2-1(122)-491/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-491/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-491/2025 15.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, İddiaçı və cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Pensiya təyinatı şöbəsinin xx.xx.2024-cü il tarixli, 36 №-li qərarının ləğv edilməsi və ona 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Pensiya təyinatı şöbəsinin xx.xx.2024cü il tarixli, 36 №-li qərarının ləğv edilməsi və ona 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1959-cu il tarixdə Naxçıvan MR-nın Şərur rayon Alışar kəndində anadan olmuş və bu günə kimi Alışar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Fərdi təsərrüfatla, kənd təsərrüfatı məhsullarının əkilib-becərilməsi ilə məşğul olur və fərdi təsərrüfatla məşğul olduğuna görə məcburi dövlət sosial sığorta haqqı ödəyir. xx.xx.2024-cü il tarixdən etibarən tələb olunan yaş (65 yaş) həddinə çatmağı ilə əlaqədar müvafiq sənədləri toplayaraq ona yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-yə müraciət etmişdir. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-dan daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-17-9-1/2-İ-8373/2024 saylı və xx.xx.2024-cü il tarixli, 3-17-9-1/2-İ-10469/2024 saylı məktublarda onun yaşa görə əmək pensiyasının təyin edilməsinə dair xx.xx.2024-cü il tarixli ərizəsınə baxıldığını, ümumi azı 25 il sığorta stajı olmadığından və 2006-cı il 1 yanvar tarixindən 2018-ci il 1 iyul tarixinədək fərdi şəxsi hesabında heç bir pensiya kapitalı qeydə alınmadığından Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-un Pensiya, müavinat və təqaüdlərin təyin edilməsi departamentinin Pensiya təyinatı şöbəsinin xx.xx.2024-cü i tarixli, 36 №-li əmək pensiyasının təyin edilməsindən imtina olunması barədə qərarına əsasən ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 22.1-ci maddələrinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Qeyd olunanlara əsasən xx.xx.2015-ci tarixli, ******* №-li ödəniş qəbzinə əsasən ödədiyi 40.00 manat məbləğində məcburi dövlət sosial sığorta haqqının X1 İnformasiya sistemində öz əksini tapmadığından ona yaşa görə əmək pensiyasının verilməsindən imtina edilmişdir. Göstərilənlərə əsasən hesab edir ki, xx.xx.2015-ci tarixli, ******* №-li ödəniş qəbzinə əsasən tərəfindən torpağa məcburi dövlət sosial sığorta haqqı ödədiyinə görə 25 il sığorta stajı hesablanılmalı və ona yaşa görə əmək pensiyası müəyyən edilməlidir. İddiaçı göstərilənlərə əsasən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Pensiya təyinatı şöbəsinin xx.xx.2024-cü il tarixli, 36 №-li qərarının ləğv edilməsi və ona 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya dair məhkəməyə ünvanlanan 15 yanvar 2025-ci il tarixli yazılı münasibətini (etirazını) onunla əsaslandırmışdır ki, 06 avqust 1959-cu il tarixdə anadan olmuş, Naxçıvan Muxtar Respublikasının, Şərur rayonu, Alışar kəndində yaşayan İddiaçı 09 avqust 2024-cü il tarixli ərizə ilə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı müraciət etmişdir. Fondun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin 30 avqust 2024-cü il tarixli, 36 nömrəli məktubu ilə iddiaçıya yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilməsi barədə qərar qəbul edilmişdir. İmtinanın səbəbi kimi vətəndaş İddiaçı 25 il sığorta stajının olmaması və 2006-cı il 1 yanvar tarixdən 2018-ci il 1 iyul tarixinədək fərdi şəxsi hesabında heç bir pensiya kapitalı qeydə alınmaması göstərilmişdir. Bununla razılaşmayan iddiaçı Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək ona əmək pensiyasının təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, bu günə kimi Alışar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, fərdi təsərrüfatla, kənd təsərrüfatı məhsullarının əkilib-becərilməsi ilə məşğul olub və fərdi təsərrüfatla məşğul olduğuna görə məcburi dövlət sosial sığorta haqqı ödəyib. İddiaçı tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin ******* nömrəli ödəniş qəbzinin surətinə əsasən o, xx.xx.2015-ci il tarixində 39.80 manat məbləğində məcburi dövlət sığorta haqqı ödəmişdir. Lakin iddiaçı tərəfindən təqdim olunmuş ******* nömrəli ödəniş qəbzinin surətindən görünür ki, qəbz "xxxx" MMC-nin möhrü ilə təsdiq edilməmiş ve ödənilmiş həmin vəsait Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində (MElS) öz əksini tapmamışdır. Qeyd edilir ki, İddiaçı tərəfindən Hüququna dair X6 təqdim edilməmişdir. İddiaçının fərdi hesabının sığorta hissəsində 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək pensiya kapitalı qeydə alınmadığından, həmçinin iddiaçının tələb olunan 25 il sosial sığorta staji və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından ona avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Pensiya təyinatı şöbəsinin xx.xx.2024-cü il tarixli, 36 №o-li qərarının ləğv edilməsi və ona 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 15 may 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi etirazda yazılanlara uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Pensiya təyinatı şöbəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 30 avqust 2024-cü il tarixli, 36 nömrəli qərarından məlum olur ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7 və 22-1-ci maddəsinə əsasən, (qanunamüvafiq tələb olunan sığorta stajı 25 il, pensiya kapitalı 40320 manat) faktiki sığorta stajı, pensiya kapitalı olmaması, fərdi şəxsi hesabında xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixə pensiya kapitalı olmaması səbəbindən İddiaçı yaşa görə əmək pensiyası təyin olunmasından imtina edilmişdir. - Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Şərur rayon Alışar kəndində yaşayan İddiaçı ünvanladığı 30 avqust 2024-cü il tarixli, 3-17-9-1/2-İ-8373/2024 və 14 oktyabr 2024-cü il tarixli, 3-17-9-1/2- İ-10469/2024 nömrəli məktublardan aydın olur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1 -ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Göstərilənlərə əsasən, bildirilir ki, onun ümumilikdə azı 25 il sığorta stajı olmadığından və 2006-cı il 1 yanvar tarixdən 2018ci il 1 iyul tarixinədək fərdi şəxsi hesabında heç bir pensiya kapitalı qeydə alınmadığından ona Qanunun 7-ci və 22-1-ci maddələrinə əsasən yaşa görə əmək pensiyası təyin edilməsi mümkün hesab olunmur. Məlumat üçün bildirilir ki, ona 2024-cü il 30 avqust tarixli, 36 nömrəli pensiya təyin olunmasından imtina edilməsi haqqında qərar göndərilmişdir. - Şərur Rayon İcra Hakimiyyətinin Alışar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 24 oktyabr 2024-cü il tarixli, 186 nömrəli arayışdan görünür ki, İddiaçı Şərur rayonunun Alışar kəndində qeydiyyatda durur və yaşayır. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı 06 avqust 1959-cu il tarixdə doğulmuşdur. - JN-195, KOD 10207028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının təsdiq edilmiş surətindən görünür ki, həmin dövlət aktı ilə Şərur Rayon Aqrar İslahat Komissiyasının 13 aprel 1997-ci il tarixli, 03 nömrəli qərarına əsasən İddiaçı və onun ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.72 hektar torpaq sahəsi verilmişdir. - İddiaçı tərəfindən xx.xx.2015-ci il tarixli, ******* nömrəli qəbzə əsasən 39.80 manat torpaq sahəsindən istifadəyə görə məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. - "NAXÇİVANPOÇT" publik hüquqi şəxs tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 04 fevral 2025-ci il tarixli, 3-27-100-11/2-126/2025 nömrəli məktubdan görünür ki, Şərur rayon Alışar kənd sakini İddiaçı Bəhlul oğlu poçt vasitəsilə 21 dekabr 2015-ci il tarixdə 39.8 (otuz doqquz manat səksən qəpik) manat məbləğində "Torpağın məcburi sosial sığorta haqqı" ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən hər bir dövlət bu Paktda nəzərdə tutulan hüquqların tam şəkildə həyata keçirilməsini mümkün ehtiyatların maksimum səviyyəsində təmin etmək üçün addımlar atmalıdır. Hər kəs heç bir ayrı-seçkiliyə yol verilmədən eyni hüquqlara malikdir. 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsinə görə, Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2.10-cu maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət daxil edilir. - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi şəxsi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019- 2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən əmək pensiyası təminatı və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün staj, məcburi dövlət sosial sığorta haqlarının hesablandığı və ödənildiyi əməkhaqqı və digər gəlirlər və məcburi dövlət sosial sığorta haqqı barədə məlumatların dəqiqliyinin təmin edilməsi fərdi uçotun məqsədləridir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: - 4-cü maddəsinə görə sosial sığorta hadisəsindən biri də pensiya yaşına çatmaqdır. - 9-cu maddəsinə əsasən sosial sığorta ödəmələrinin vaxtında hesablanıb ödənilməsini təmin etmək, könüllü (əlavə) sosial sığorta müqavilələri üzrə öhdəliklərini vaxtında və tam həcmdə icra etmək, məcburi dövlət sosial sığortanın məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi məlumatlar əsasında sığortaedənlərin uçotunu aparmaq, məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında sığortaolunanların uçotunu aparmaq, məcburi dövlət sosial sığortası üzrə daxilolmaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə aylıq, rüblük və illik üzləşdirilməsini aparmaq, sığortaçının vəzifələrinə aid edilmişdir. -9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. - 13.1-ci maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. - 13.2-ci maddəsinə əsasən ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. - 18-ci maddəsində qeyd olunur ki, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni (məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət üzrə fəaliyyət istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı məcburi dövlət sosial sığorta vəsaitlərini idarə edir, bu Qanunun tətbiqi ilə əlaqədar izahatlar verir və səlahiyyəti daxilində normativ aktlar qəbul edir sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) əldə edir, sosial sığorta sahəsində elektron xidmətləri (məcburi sosial sığorta haqlarının hesablanması və ödənilməsi istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirir, qanunla nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində sığortaedənlər və sığortaolunanlar barədə olan məlumatların dövlət orqanlarına (qurumlarına) verilməsini təmin edir. Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 634 №li Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin: - 2.3 və 2.3.6-cı bəndlərinə görə “Sığorta” altsistemi vasitəsilə “Sosial sığorta haqqında” və "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta sahələrində xidmətlərin elektronlaşdırılması təmin edilir. - 2.3 və 2.3.8-ci bəndlərinə görə “Pensiya” altsistemi vasitəsilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əmək pensiyası təyin edilmiş şəxslərin qeydiyyatı, əmək pensiyalarının sığorta və yığım hissələri üzrə pensiya kapitalının uçotu, əmək pensiyalarının təyini, yenidən hesablanması və ödənilməsi, eləcə də statistik hesabatların hazırlanması və təhlillər aparılması təmin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Beləliklə, iddiaçının tələbinin məzmunundan aydın olur ki, iddiaçı pensiya hüququ yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edərək, bu məqsədlə müvafiq sənədlərlə birlikdə cavabdehə müraciət etmişdir. Cavabdeh inzibati orqan tərəfindən müvafiq araşdırma aparılmış və iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən tələb olunan 25 il sığorta stajı olmadığından və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən, həmçinin 01 yanvar 2006-cı il tarixdən 01 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış minimum pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İddiaçı 06 avqust 1959-cu ildə anadan olub və xx.xx.2024-cü ildə onun 65 yaşı tamam olmuşdur. İddiaçı məhkəmə iclaslarında verdiyi izahata, həmçinin məhkəməyə təqdim etdiyi arxiv arayışlarına əsasən iddiaçının tələb olunan 25 illik sosial sığorta stajı mövcud olmadığından məhkəmə tərəfindən həmin halın araşdırılması zərurəti yaranmamışdır. Lakin iddiaçı tərəfindən xx.xx.2006-cı ildən xx.xx.2018-ci ilədək mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxs kimi məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 22-1-ci maddəsinə əsasən əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı nəzərdə tutulmuşdur. Bu zaman vətəndaşlar üçün 01 yanvar 2019-cu ildən etibarən xüsusi güzəştlər müəyyən edilmişdir. Qanunun 22.1-ci maddəsinə əsasən 2019cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsi qeyd edilmişdir. Bu güzəştlərdən yararlanmaq üçün sığortaolunanın fərdi hesabın sığorta hissəsində 1 iyul 2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Pensiya kapitalının məbləği isə hüquqi əhəmiyyətə malik deyil. Şərur Rayon Aqrar İslahat Komissiyasının 13 aprel 1997-ci il tarixli, 03 nömrəli qərarına əsasən İddiaçı və onun ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.72 hektar torpaq sahəsi verilməsi və həmin torpaq sahəsinə görə müvafiq torpaq pulunun ödənilməsi iş materiallarında olan bank qəbzi əsasında öz təsdiqini tapır və bu hal cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Belə ki, iddiaçıya məxsus ödəniş qəbzindən aydın olur ki, iddiaçı mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə 2015-ci ildə məcburi dövlət sosial sığorta haqqı ödəmişdir. Ona görə də məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 22-1.2.1.-ci maddəsinin müddəaları iddiaçıya münasibətdə tətbiq olunmalıdır. Ona görə də məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunun 22-1.2.1.-ci maddəsinin müddəaları iddiaçıya münasibətdə tətbiq olunmalıdır. Cavabdeh orqanın etirazının əsası həmin ödəniş məlumatlarının sığortaolunanın fərdi şəxsi hesabında (X2 Sistemində) öz əksini tapmaması ilə bağlıdır. Cavabdeh inzibati orqan bu arqumenti əsas gətirərək iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Məhkəmə mübahisəli məsələ ilə əlaqədar qeyd edir ki, məhkəmənin sorğusuna cavab olaraq “NAXÇİVANPOÇT" publik hüquqi şəxs tərəfindən göndərilmiş 04 fevral 2025-ci il tarixli, 3-27-100-11/2-126/2025 nömrəli məktubdan və məktuba əlavə edilmiş siyahıdan da görünür ki, Şərur rayon Alışar kənd sakini İddiaçı poçt vasitəsilə 21 dekabr 2015-ci il tarixdə 39.8 (otuz doqquz manat səksən qəpik) manat məbləğində "Torpağın məcburi sosial sığorta haqqı" ödəmişdir. Eyni zamanda qeyd edilməlidir ki, ödənişin elektron sistemdə öz əksini tapmaması iddiaçının məsuliyyət sferasına daxil edilə bilməz və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu hal özü-özlüyündə vətəndaşın sosial təminat hüququnun məhdudlaşdırılmasına səbəb olan əsas kimi qiymətləndirilə bilməz. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə sosial sığorta haqlarını ödəməsi barədə sübutu (ödəniş qəbzinin əsli) məhkəməyə təqdim edilərək məhkəmə iclasında tədqiq edilmiş və məhkəmə cavabdehin imtinasının iddiaçının qanunla qorunan hüquqlarının pozduğunu müəyyən etmişdir. Belə ki, iddiaçının ailə başçısı olmaqla kənd təsərrüfatına yararlı torpaq sahəsinə malik şəxs kimi mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə 2015-ci ildə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqqı ödənişinin cavabdeh tərəfindən nəzərə alınmaması qanunun məqsədinə uyğun olmamaqla iddiaçının pensiya təminatı hüququnu pozmuşdur. Nəticədə cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq təmin edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İş materiallarında faktiki olaraq iddiaçının məcburi dövlət sosial sığorta haqqı ödəməsi barədə sənəd mövcuddur. Lakin cavabdeh inzibati orqan inzibati icraat qaydasında işin bu halını araşdırmamış, ona hüquqi qiymət verməmiş və vətəndaşa pensiya təyin edilməsindən imtina olunması barədə qərar qəbul etmişdir. İddiaçı tərəfindən ödənilən məbləğin qəbul edilməməsi, geri qaytarılması, iddiaçının məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmasından imtina edilməsi, həmin dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə görə maliyyə sanksiyalarının tətbiqi və s. hallar iş üzrə aşkar edilməmişdir. Məhkəmə cavabdeh orqanın qərarında qeyd olunan dəlillərini əsaslı saymayaraq qeyd edir ki, yuxarıda sadalanan normaların təhlilinə əsasən, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il kimi nəzərə alınmalıdır. Yuxarıda göstərilən qanun normalarına və şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirilən qərarı ilə iddiaçıya əmək pensiyasının təyin edilməsindən imtinası qanunvericiliyə zidd olmuşdur. Odur ki, həmin qərarda qeyd edilən hallar real sübutlar və hüquq normaları ilə dəstəklənmədiyinə görə qərar əsassız hesab edilərək ləğv olunmalı və iddia tələbi təmin edilməlidir. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Pensiya təyinatı şöbəsinin xx.xx.2024-cü il tarixli, 36 №-li qərarının ləğv edilməsi və ona 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təyinatı şöbəsinin xx.xx.2024-cü il tarixli, 36 №-li qərarı ləğv edilsin. İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar