Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-493/2023 15.12.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X6 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “ona "müharibə veteranı" vəsiqəsi və adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona "müharibə veteranı" vəsiqəsi və adının verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1990-cı il tarixində Babək rayonu tərəfindən hərbi xidmətə çağırılmış, xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət etmiş, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək isə N nömrəli hərbi hissədə xidmət etmişdir. xx.xx.1995-ci il tarixdən xx.xx.1996-cı il tarixədək N nömrəli hərbi hissəsində xidmət etmiş, 1994-cü ildən Naxçıvan Muxtar Respublikasında ordu sıralarının döyüş bölgələrində xidmət etmişdir. Xidmət etdiyi dövr ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, 1992-ci il tarixdə Sədərək döyüş bölgəsində döyüşlərdə iştirak edib, ayağından qəlpə yarası almışdır. Halhazırda sağ əlində qəlpə qalmışdır və ikinci qrup əlildir. Bütün bu göstərdiklərinin hamısı ona verilmiş hərbi biletlə də öz təsdiqini tapmaqdadır. Azərbaycan Rrespublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ona veteran adının və vəsiqəsinin verilməsinə görə müraciət etmiş, Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. N nömrəli hərbi hissənin N nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən xidmət zamanı hərbi hissəni müxtəlif vaxtlarda özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 №-li qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən ona "müharibə veteranı" vəsiqəsi və adının verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh iddiaya dair məhkəməyə ünvanladığı 28 aprel 2023-cü il tarixli, 3-25-11/2- 1920/2023 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, N nömrəli arayışa əsasən iddiaçının müxtəlif vaxtlarda hərbi hissəni özbaşına tərk etməsi qeyd edilmişdir. X3 Respublikası Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, B-Q27/184 nömrəli arayışına əsasən iddiaçının Naxçıvan Muxtar Respublikası Hərbi Tribunalının 1-142/1994 nömrəli, 30 noyabr 1994-cü il tarixli hökmünə əsasən 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsinin “a” bəndi ilə, fərariliyə görə təqsirli bilinərək 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə dair müsbət qərar qəbul edilməmişdir. Göstərilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 15 dekabr 2023-cü il tarixə təyin olunmuşdur. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 02 mart 2023-cü il tarixli, 4/3-18N nömrəli məktubdan məlum olur ki, ona "müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. N nömrəli hərbi hissə tərəfindən verilən N nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən xidmət zamanı hərbi hissəni müxtəlif vaxtlarda özbaşına tərk etdiyinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 №-li qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin 13 oktyabr 2023-cü il tarixli, B- Q27/184 nömrəli arayışdan aydın olur ki, Bağırov X4 Muxtar Respublikası Hərbi Tribunalının 1-142/1994 nömrəli, 30 noyabr 1994-cü il tarixli hökmünə əsasən 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsinin “a” bəndi ilə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1995-ci il tarixli əfv fərmanına əsasən cəzadan azad edildiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələbinə uyğun olaraq həmin cinayət işi üzrə məhkumluğu olmayan hesab olunur. SX seriyalı, ******* nömrəli (təkrar) hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü İddiaçı xx.xx.1990-cı ildə hərbi hissəyə göndərilmiş, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə müvafiq səhifədə qeyd aparılmamış, 21-ci səhifədə 1992-ci ildə Sədərək döyüş bölgəsində döyüşlərdə iştirak edib ayağından qəlpə yarası alması qeyd edilmişdir. Babək Rayon İcra Hakimiyyətinin Babək şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 aprel 2023-cü il tarixli, 708 nömrəli arayışdan görünür ki, İddiaçı Babək rayonu, Babək şəhərində qeydiyyatdadır və yaşayır. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 22 avqust 1972-ci ildə doğulmuşdur. Cavabdeh N nömrəli hərbi hissəsinin N may 2022-ci il tarixli, N nömrəli məktubundan məlum olur ki, İddiaçı xidmətdə olduğu zaman müxtəlif vaxtlarda hərbi hissəni özbaşına tərk etmişdir. Cavabdeh N nömrəli hərbi hissəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş N iyun 2023-cü il tarixli, 2618 nömrəli məktubdan məlum olur ki, İddiaçı döyüş əməliyyatlarının aparıldığı və sonrakı dövrlərdə hərbi hissəni N (dörd) dəfə, ümumilikdə 90 (doxsan) gün müddətinə özbaşına tərk etdiyinə görə ona “müharibə veteranı” adının və müvafiq vəsiqəsinin verilməsindən ötrü arxiv arayışının verilməsi məqsədəuyğun hesab edilmir. Əlavə olaraq bildirilir ki, yuxarıda qeyd olunanlar haqqında məlumat 2022-ci ildə “Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya göndərilmişdir. Cavabdeh tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 02 avqust 2023-cü il tarixli, 524 nömrəli məktubdan görünür ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissənin şəxsi heyətinin 1997-2000-ci il tarixli şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar edilməmişdir. Məktubda N №-li hərbi hissə komandirinin 1997-ci ilədək olan nizami hissə üzrə əmrləri, 1996-cı ilədək olan hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabları Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmadığından və məktubda İddiaçı xidmət müddəti (il, ay) göstərilmədiyindən barəsində əlavə araşdırma apara bilmədikləri qeyd olunmuşdur. Cavabdeh N nömrəli hərbi hissəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 21 avqust 2023-cü il tarixli, 3593 nömrəli məktubdan aydın olur ki, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı, əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə (1991 -ci ilin oktyabrın N-dan, 1994-cü ilin may ayının N-dək) hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. İddiaçı, N hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 20 nömrəli əmri ilə (əmrdə atasının adı qeyd olunmayıb) döyüş əməliyyatlarının aparıldığı vaxt hərbi hissəni özbaşına tərk edib, xx.xx.1994-cü il tarixli, 41 nömrəli əmri ilə (əmrdə atasının adı qeyd olunmayıb) fərarilikdən qaytarılıb, xx.xx.1994-cü il tarixli, 45 nömrəli əmri ilə (əmrdə atasının adı qeyd olunmayıb) hərbi hissəni özbaşına tərk edib, N6 nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, 180 nömrəli əmri ilə ştatdan kənar çıxarılıb, xx.xx.1994-cü il tarixli, N nömrəli əmri ilə hərbi hissənin siyahısından çıxarılıb. O, N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli, N nömrəli əmri ilə öz hərbi hissəsini özbaşına tərk etmiş kimi şəxsi heyətin siyahısına daxil edilib və xx.xx.1994-cü il tarixli, N nömrəli əmri ilə hərbi hissəni özbaşına tərk edib, xx.xx.1994-cü il tarixli, N nömrəli əmri ilə hərbi hissəni özbaşına tərk etdiyinə görə bölmələrdə ştatdan kənar təyin edilib və bütün təminat qeydiyyatlarından çıxarılıb. Sözügedən qərarın tələblərinə uyğun olaraq ona arxiv arayışının verilməsi qanunauyğun hesab edilmir. İddiaçı 2022-ci illərdə “Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya, 2023-cü ildə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət edib, döyüş əməliyyatlarının aparıldığı və sonrakı dövrlərdə hərbi hissəni özbaşına tərk etdiyinə, döyüşlərdə iştirakı və ehtiyata buraxılması haqqında məlumat olmadığına görə ona arxiv arayışının verilməsi məqsədəuyğun hesab edilməmiş və bu barədə özünə və ünvanlara məlumat göndərilmişdir. İddiaçı pensiya işinin surətindən görünür ki, ona əlilliyə görə pensiya təyin edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin 2-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin 8-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 7-ci maddəsinin 1-ci abzasına əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin: 1-ci maddəsinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Cavabdeh, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanununun 37-ci maddəsində həqiqi hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün; son – həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, N aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etməklə məcburetmə haqqında iddia qaldırmışdır. Hazırkı mübahisəyə müharibə veteranı statusunun verilməsi ilə bağlı münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilməlidir. Həmin normaların yuxarıda istinad olunan müddəalarına görə isə iddia təmin edilə bilməz. Belə ki, İPM-in 14.3-cü maddəsinin tələbinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bu normanın tələbləri baxımından, iddiaçı “müharibə veteranı” statusunu almaq üçün hərbi xidmətdən qanuni əsaslarla tərxis olunduğunu sübut etməlidir. Çünki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Məhkəmə qeyd edir ki, iddiaçı öz tələbinin əsası kimi onun döyüş əməliyyatlarında iştirak etməsi faktına əsaslana bilər. Lakin iddiaçı hər bir halda, cavabdehin onun qarşısında məhz iddia olunan məzmunda öhdəlik daşıdığını sübut etməlidir. İşdə olan Cavabdeh N nömrəli hərbi hissənin N iyun 2023-cü il tarixli, 2618 və 21 avqust 2023-cü il tarixli, 3593 nömrəli məktublarından məlum olur ki, İddiaçı döyüş əməliyyatlarının aparıldığı və sonrakı dövrlərdə hərbi hissəni dörd dəfə, ümumilikdə doxsan gün müddətinə özbaşına tərk etmişdir. Həmçinin iddiaçı Bağırov X4 Muxtar Respublikası Hərbi Tribunalının 1-142/1994 nömrəli, 30 noyabr 1994-cü il tarixli hökmünə əsasən 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242-ci maddəsinin “a” bəndi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1995-ci il tarixii əfv fərmanına əsasən cəzadan azad edilmişdir. Göründüyü kimi iddiaçının hərbi xidmətdən ehtiyata qanunla müəyyən edilmiş qaydada buraxıldığına dair sübut yoxdur. İddiaçının əlindən (və, və ya ayağından) qəlpə yarası alması və qeyd olunan cinayət işi üzrə məhkumluğu olmayan hesab olunması isə onun qanunla müəyyən edilmiş qaydada hərbi xidmətdən tərxis olunduğunu özüözlüyündə ehtiva etmir. Buna görə də cavabdeh inzibati orqanın iddiaçı qarşısında yuxarıda istinad edilən normalardan irəli gələn hazırkı məzmunda öhdəliyi yaranmır. İnzibati Prosessual Məcəllənin 73-cü maddəsinin tələbinə görə, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanunazidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Şərh edilən hallar isə iddiaçının “müharibə veteranı” statusunun əldə etməsinə mane olur. Beləliklə, yuxarıda qeyd olunan qanun normalarında təsbit olunmuş şərtlər iddiaçı tərəfindən təmin olunmadığından cavabdeh inzibati orqanın iddiaçıya “müharibə veteranı” statusunun və vəsiqəsinin verilməsindən imtinası əsaslı olmuşdur. Odur ki, İddiaçı Cavabdehnə qarşı “ona "müharibə veteranı" vəsiqəsi və adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, N, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdehnə qarşı “ona "müharibə veteranı" vəsiqəsi və adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-493/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-493/2023
15.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver