Məhkəmə qərarları › İş №2-1(122)-5/2021

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-5/2021

18.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-5/2021 18.05.2021 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı və üçüncü şəxs Culfa Rayon Saltaq Bələdiyyəsinin nümayəndəsinin iştirakları olmadan, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “İddiaçı adına Culfa rayonu, Saltaq kəndində yerləşən torpaq sahəsinə dair Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 08 dekabr 2014-cü il tarixli, ********** nömrəli qeydiyyatında düzəliş edilməklə yol kimi göstərilmiş sahənin onun mülkiyyətinə qaytarılması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı adına Culfa rayonu, Saltaq kəndində yerləşən torpaq sahəsinə dair Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 08 dekabr 2014-cü il tarixli, ********** nömrəli qeydiyyatında düzəliş edilməklə yol kimi göstərilmiş sahənin onun mülkiyyətinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1950-ci ildə iddiaçının atası X9 Culfa rayonunun Saltaq kəndində həyətyanı torpaq sahəsi verilmiş, 1954-cü ildə atası həmin torpaq sahəsində fərdi yaşayış evi tikərək 1997-ci ildə vəfat edənə kimi ailəsi ilə birlikdə orada yaşamışdır. 1950-ci ildən atası Vəli Həsənovun istifadəsində, aqrar islahatlar aparılan zaman mövcud olmuş yerquruluşu planına əsasən mülkiyyətinə verilmiş torpaq sahəsi onun fərdi yaşayış evinin qabaq və arxa tərəflərində yerləşmişdir. Fərdi yaşayış evinin arxa hissəsində yerləşən torpaq sahəsində tövlə, təndirəsər, hamam və sanitar qovşaq inşa edilmiş, ərazidə qoz (cəviz) ağacları əkilmişdir. Torpaq sahəsinin sərhəd nöqtələri atası ilə qonşu olan mərhum X4 həyətyanı torpaq sahəsinin hasarına bitişik olmuş, iki qonşunun torpaq sahələri arasında hər hansı bir yol (cığır), su arxı mövcud olmamışdır. Onun qeyd etdikləri 2005-ci ilə kimi dövlət orqanlarında istifadə olunmuş yerquruluşu planlarında (xəritələrdə) və 1988-ci ildə atasının adına tərtib olunmuş fərdi yaşayış evinin texniki pasportunda da öz təsdiqini tapmışdır. Lakin 2005-ci ildə Culfa rayonunun Saltaq kəndində həyətyanı torpaq sahələrinin dəqiqləşməsi zamanı tərtib olunmuş yerquruluşu planından çıxarışda onun mülkiyyətində olan torpaq sahəsindən müəyyən hissə ayrılaraq (onun xəbəri, razılığı olmadan, bu barədə ona hər hansı bir məlumat verilmədən) yol kimi göstərilmiş, onun atası tərəfindən inşa edilmiş və 40 ildən artıq istifadə etdikləri hamam və sanitar qovşaq həyətyanı torpaq sahələrindən kənarda qalmışdır. Ayrılmış, yol kimi göstərilmiş torpaq sahəsinin ölçüləri barədə xidmətə ünvanladığı sorğuya mahiyyəti üzrə cavab verilməmişdir. 2005-ci ildə Culfa rayonunun Saltaq kəndində həyətyanı torpaq sahələrinin dəqiqləşməsi zamanı aparılan ölçmə işlərində onun mülkiyyət hüquqları pozulmuş, ona heç bir xəbərdarlıq edilmədən, hər hansı bir yazılı müraciət olunmadan qanunsuz olaraq 55 il qanuni istifadəsində və sonradan mülkiyyətində olan torpaq sahəsindən müəyyən hissə ayrılaraq, mülkiyyətindən çıxarılaraq yol (cığır) kimi göstərilməklə xəritəyə salınmış, bundan onun Culfa Rayon Məhkəməsində xəbəri olmuşdur. Bu illər ərzində yol kimi göstərilmiş sahə təyinatı üzrə istifadə olunmamış, kimsə oradan gediş-gəliş üçün istifadə etməmişdir. Çünki bütün kənd camaatı həmin ərazinin onun mülkiyyətində olmaqla həyətyanı torpaq sahəsi kimi qəbul edirlər. 1950-ci ildən qanuni istifadəsində və 2005-ci ilə kimi isə mülkiyyətində olmuş torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestri xidmətində ********** nömrə ilə qeydə düzəliş edilməklə qanunsuz olaraq ayrılmış torpaq sahəsinin mülkiyyətinə qaytarılması barədə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə ünvanladığı ərizəyə müsbət cavab verilməyərək təmin olunmamışdır. İddiaçı qeyd olunanlara əsasən İddiaçı adına Culfa rayonu, Saltaq kəndində yerləşən torpaq sahəsinə dair Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 08 dekabr 2014-cü il tarixli, ********** nömrəli qeydiyyatında düzəliş edilməklə yol kimi göstərilmiş sahənin onun mülkiyyətinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə göndərilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 18 dekabr 2020-ci il tarixli, 2- 1(122)-118/2020 nömrəli qərardadı ilə Culfa Rayon Saltaq Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 18 may 2021-ci il tarixə təyin olunmuşdur. İddiaçı və üçüncü şəxs Culfa Rayon Saltaq Bələdiyyəsinin ünvanlarına məhkəmə bildirişləri göndərilərək məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən xəbərdar olunmalarına baxmayaraq, iddiaçı və üçüncü şəxs heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X5 izahat verərək Naxçıvan şəhər 3-cü Dövlət Notariat Kontoru tərəfindən verilmiş 17 oktyabr 2014-cü il tarixli, 2-v/01-65 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Culfa rayonu, Saltaq kəndində yerləşən, X9 məxsus 0.256 ha torpaq sahəsinin, eləcə də torpaq sahəsinin üzərində olan 44.10 m2 yaşayış və 25.40 m2 qeyri-yaşayış sahəsinin mülkiyyət hüququ üzrə İddiaçı verildiyini, 2005-ci ildə aparılan ölçmə-dəqiqləşdirmə işləri zamanı İddiaçı mülkiyyətində olan 2560.04 m2 torpaq sahəsinin şimal-qərb istiqamətində 38.0 m2 torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid, ümumi istifadədə olan yol kimi uçota alındığını, hal-hazırda həmin yolun üzərində qaz xəttinin yerləşdiyini, dəfələrlə aparılmış ölçmə-dəqiqləşdirmə işləri nəticəsində İddiaçı faktiki olaraq naturada istifadə etdiyi həyətyanı torpaq sahəsinin ölçülərinin mülkiyyət sənədində göstərilən ölçülərə uyğun olduğunun müəyyən edildiyini bildirib məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. 22 yanvar 2021-ci il tarixə təyin olunmuş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında iştirak edən üçüncü şəxs Culfa Rayon Saltaq Bələdiyyəsinin nümayəndəsi X13 verdiyi izahatda və ona ünvanlanan sualları cavablandırarkən özünün mütəxəssis deyil, müəllim olduğunu, ona görə də nə görübsə onu deyəcəyini, islahat aparılan dövrdə komissiyanın sədri olduğunu, Saltaq kəndində kənd sovetinin katibi, sonra kənd sovetinin sədri və sovxoz direktoru vəzifəsində işlədiyini, bu işlərin şahidi olduğunu, Naxçıvan Muxtar Respublikasında torpaq islahatının birinci dəfə Culfa rayonunda aparıldığını, mübahisə edilən torpaq sahəsində əvvəllər yardımçı tikililər, yəni tövlə və təndirəsər olduğunu, orada yol olmadığını, 2005-ci ildə dəqiqləşmə işləri aparılanda, mübahisə edilən torpaq sahəsi boş qaldığından həmin hissənin yol kimi göstərildiyini, mübahisə edilən torpaq sahəsindən hal-hazırda yol kimi istifadə edildiyini, hazırda bələdiyyənin mülkiyyətində olan, yol kimi göstərilmiş torpaq sahəsini özbaşına iddiaçıya sata bilməyəcəyini, bunun üçün cavabdeh tərəfindən müvafiq rəyin verilməsinin lazım olduğunu, məhkəmə tərəfindən qəbul ediləcək qərarla razılaşacağını bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş; - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Naxçıvan şəhəri, Babək məhəlləsi, bina 11, mənzil 58 ünvanında yaşayan Vəkil ünvanlanmış 02 mart 2020-ci il tarixli, 90 nömrəli, 12 may 2020-ci il tarixli, 167 nömrəli və 15 sentyabr 2020-ci il tarixli, 411 nömrəli məktubların məzmunundan aydın olur ki, Xidmətin məlumat bazasında saxlanılan və Saltaq kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında X7 adına 0.22 ha hüquqi torpaq sahəsi qeyd olunmuş, faktiki istifadəsində 2074.04 m2 torpaq sahəsi uçota alınmışdır. Kənddə torpaq islahatı aparılarkən bəzi ərazilərdə planalma işləri qüsurlu həyata keçirildiyindən həyətyanı torpaq sahələrinə dair vətəndaşlara verilmiş mülkiyyət sənədlərində göstərilən sərhəd döngə nöqtələri ilə naturadakı vəziyyət arasında uyğunsuzluq yaranmışdır. “Dövlət torpaq kadastrı torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 2005-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən Saltaq kəndində həyətyanı torpaq sahələrinin sərhədlərinin yenidən dəqiqləşdirilməsi məqsədilə planalma işləri həyata keçirilmiş, Vəli Həsənovun faktiki istifadəsində 2560.42 m2 torpaq sahəsi uçota alınmış və JN-204A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ona təqdim olunmuşdur. - Texniki İnvertarlaşdırma Bürosu tərəfindən tərtib olunmuş, aprel 1988-ci il tarixli, 28 invertar nömrəli texniki pasportun təsdiq olunmuş surətindən aydın olur ki, X7 istifadəsinə 2415.5 m2 torpaq sahəsi, torpaq sahəsinin üzərində yerləşən 44.10 m2 fərdi yaşayış evi və 25.40 m2 yardımçı tikili verilmişdir. Naxçıvan şəhər 3-cü Dövlət Notariat Kontoru tərəfindən verilmiş 17 oktyabr 2014-cü il tarixli, 2-v/01-65 reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Culfa rayonu, Saltaq kəndində yerləşən, X9 məxsus 2560.40 m2 torpaq sahəsi, torpaq sahəsinin üzərində olan 44.10 m2 yaşayış və 25.40 m2 qeyri-yaşayış sahəsi İddiaçı adına qeyd olunmuşdur. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 08 dekabr 2014-cü il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışın təsdiq olunmuş surətindən məlum olur ki, Naxçıvan MR, Culfa rayonu, Saltaq kəndində yerləşən 0.256 ha torpaq sahəsi,69.50 m2 ümumi, 44.10 m2 yaşayış və 25.40 m2 yardımçı sahə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 20/3 nömrəli reyestr kitabının 509 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti yanında ”xxxx” Mənzil Tikinti Kooperativinin İdarə Heyəti tərəfindən İddiaçı verilmiş 20 dekabr 2019-cu il tarixli, 85/K nömrəli arayışdan məlum olur ki, o, həqiqətən ”xxxx” MTK-ya məxsus A.Səhhət küçəsi, ev 25, mənzil 40 ünvanında yaşayır. - 08 oktyabr 2020-ci il tarixli, 65071 nömrəli qəbzdən məlum olur ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 10 (on) manat dövlət rüsumu ödəmişdir. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanan 27 noyabr 2020-ci il tarixli, 540 nömrəli və 05 fevral 2021-ci il tarixli, 04/72 nömrəli məktubların məzmunundan aydın olur ki, Xidmətin məlumat bazasında saxlanılan və Saltaq kəndində torpaq islahatı aparılan zaman yerli aqrar islahat komissiyasının təqdim etdiyi torpaq istifadəçilərinin və torpaq payı almaq hüququ olan subyektlərin siyahısında X7 adına 0.22 ha hüquqi torpaq sahəsi qeyd olunmuş, Culfa Rayon Aqrar İslahat Komissiyasının 29 fevral 1997-ci il tarixli, 03 nömrəli qərarına əsasən JN-204A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 2074.04 m2 torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Kənddə torpaq islahatı aparılarkən bəzi ərazilərdə planalma işləri qüsurlu həyata keçirildiyindən həyətyanı torpaq sahələrinə dair vətəndaşlara verilmiş mülkiyyət sənədlərində göstərilən sərhəd döngə nöqtələri ilə naturadakı vəziyyət arasında uyğunsuzluq yaranmışdır. Mülkiyyət sənədlərindəki məkan göstəriciləri ilə torpağın faktiki yerləşdiyi məkan göstəriciləri arasındakı uyğunsuzluqların müəyyənləşdirilməsi və aradan qaldırılması məqsədilə 2005ci ildə Culfa rayonunun bütün yaşayış məntəqələrində, o cümlədən, Saltaq kəndində həyətyanı torpaq sahələrinin sərhədləri yenidən dəqiqləşdirilmiş, mülkiyyət sənədləri qanunvericiliyin tələblərinə uyğun olaraq yenilənmiş və mülkiyyətçilərə təqdim olunmuşdur. Saltaq kəndində torpaq islahatı aparılan zaman X7 mülkiyyətinə 2070.04 m2 torpaq sahəsi verilsə də, kənddə dəqiqləşmə aparılan zaman istifadəsində 2560.4 m2 torpaq sahəsi olduğu müəyyənləşdirilmiş və JN-204A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə onun mülkiyyətinə verilmişdir. Naxçıvan şəhər 3-cü Dövlət Notariat Kontoru tərəfindən verilmiş 17 oktyabr 2014-cü il tarixli, 2-v/01-65 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Culfa rayonu, Saltaq kəndində yerləşən, X9 məxsus 0.256 ha torpaq sahəsinin, eləcə də torpaq sahəsinin üzərində olan 44.10 m2 yaşayış və 25.40 m2 qeyri-yaşayış sahəsinin mülkiyyət hüququ İddiaçı verilmişdir. X7 adına Texniki İnvertarlaşdırma Bürosu tərəfindən tərtib olunmuş, aprel 1988-ci il tarixli, 28 invertar nömrəli texniki pasportda 2415.5 m2 torpaq sahəsi, torpaq sahəsinin üzərində yerləşən 44.10 m2 fərdi yaşayış evi və 25.40 m2 yardımçı tikili uçota alınmışdır. Culfa Rayon Məhkəməsi icraatında olan Saltaq kənd sakini X4 cavabdeh İddiaçı qarşı əmlakın qanunsuz sahiblikdən azad edilməsi və torpaq sahəsinin boşaldılması tələblərinə dair mülki iş üzrə sahələrin və iddia olunan ərazinin naturada yenidən ölçülməsini və bununla bağlı mütəxəssis rəyi təqdim edilməsini Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətindən xahiş etmişdir. 04 iyul 2019-cu il tarixdə Xidmətin Torpaq Məsələləri Şöbəsinin baş məsləhətçisinin, Culfa Rayon Məhkəməsinin hakiminin, qonşu torpaq mülkiyyətçisi X4 və İddiaçı iştirakları ilə JN-271A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə X4 mülkiyyətinə verilmiş 1700 m2 həyətyanı torpaq sahəsinin sərhəd döngə nöqtələri naturada kəndin yerquruluşu xəritəsi və mülkiyyət sənədləri əsasında yenidən aparılmış ölçü işləri nəticəsində dəqiqləşdirilmişdir. Ölçmə-dəqiqləşdirmə işləri nəticəsində X4 faktiki olaraq naturada istifadə etdiyi həyətyanı torpaq sahəsinin ölçülərinin mülkiyyət sənədində göstərilən ölçülərə uyğun olduğu müəyyən edilmişdir. Mübahisəyə səbəb olan 8.5 m2 sahəyə malik hamam İddiaçı tərəfindən inşa edilsə də, faktiki olaraq X4 mülkiyyətində olan həyətyanı torpaq sahəsinin sərhədləri daxilində yerləşir. 2 m2 sahəyə malik sanitar qovşağın isə Saltaq Bələdiyyəsinə aid torpaq sahəsində tikildiyi aşkar olunmuş, araşdırmanın nəticəsi barədə Culfa Rayon Məhkəməsinə 17 iyul 2019-cu il tarixli mütəxəssis rəyi təqdim edilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitunun Yerquruluşu Şöbəsinin rəisi Z.Bayramov tərəfindən verilmiş 23 fevral 2021-ci il tarixli mütəxəssis rəyindən aydın olur ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin icraatında olan, Saltaq kənd sakini İddiaçı mülki işinin materialları kameral şəraitdə araşdırılmış və məlum olmuşdur ki, Saltaq kəndində torpaq islahatı aparılan zaman Culfa Rayon Aqrar İslahat Komissiyasının 29 fevral 1997-ci il tarixli, 03 nömrəli qərarına əsasən JN-204A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 2070.04 m2 həyətyanı torpaq sahəsi X7 mülkiyyətinə verilmişdir. 2005-ci ildə Culfa rayonunun bütün yaşayış məntəqələrində, o cümlədən, Saltaq kəndində həyətyanı torpaq sahələrinin sərhədləri yenidən dəqiqləşdirilmiş, mülkiyyət sənədləri qanunvericiliyin tələblərinə uyğun olaraq yenilənmişdir. Saltaq kəndində torpaq islahatı aparılan zaman X7 mülkiyyətinə 2070.04 m2 torpaq sahəsi verilsə də, kənddə dəqiqləşmə aparılan zaman istifadəsində 2560.4 m2 torpaq sahəsi olduğu müəyyənləşdirilərək JN-204A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə onun mülkiyyətinə verilmişdir. İddiaçı mülkiyyətində olan 2560.04 m2 torpaq sahəsinin şimal-qərb istiqamətində 38.0 m2 torpaq sahəsi qonşu mülkiyyətçi X3 mülkiyyətində olan torpaq sahəsinin (281A kadastr nömrəli), 42.0 m2 torpaq sahəsi isə qonşu mülkiyyətçi X1 mülkiyyətində olan torpaq sahəsinin (271A kadastr nömrəli) arasında bələdiyyə mülkiyyətinə aid, ümumi istifadədə olan yol kimi uçota alınmışdır. 12 fevral 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun yerquruluşu şöbəsinin rəisinin, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin hakiminin, X6 iştirakları ilə JN-204A kadastr nömrəli həyətyanı torpaq sahəsinin sərhəd döngə nöqtələri naturada kəndin yerquruluşu xəritəsi və mülkiyyət sənədləri əsasında yenidən aparılmış ölçü işləri nəticəsində dəqiqləşdirilmişdir. Dəqiqləşmə zamanı İddiaçı və ailəsi tərəfindən inşa olunmuş hamam binasının (8.5 m2) JN-271A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə göstərilən 1728.5 m2 torpaq sahəsinin sərhədləri daxilində, sanitar qovşağın isə bələdiyyə mülkiyyətinə aid torpaq sahəsində olduğu müəyyən edilmişdir. İş materiallarından X7 mülkiyyətinə Culfa Rayon Aqrar İslahat Komissiyasının 29 fevral 1997-ci il tarixli, 03 nömrəli qərarına əsasən JN-204A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə 2070.04 m2 həyətyanı torpaq sahəsinin verildiyi aydın olur. Müvafiq inzibati orqan tərəfindən 2005-ci ildə dəqiqləşmə aparılmış, Vəli Həsənovun faktiki istifadəsində 2560.4 m2 torpaq sahəsi olduğu müəyyənləşdirildikdən sonra həmin torpaq sahəsi JN-204A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə onun mülkiyyətinə verilmişdir. Sonradan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında Culfa rayonu, Saltaq kəndində yerləşən, X9 məxsus 0.256 ha torpaq sahəsi, eləcə də torpaq sahəsinin üzərində olan tikililərə mülkiyyət hüququ İddiaçı verilmişdir. 2005-ci ildə aparılmış dəqiqləşdirmə zamanı hazırda İddiaçı mülkiyyətində olan 2560.04 m2 torpaq sahəsinin şimal-qərb istiqamətində 38.0 m2 torpaq sahəsinin bələdiyyəyə məxsus, ümumi istifadədə olan yol olduğu müəyyənləşdirilmişdir. Məhkəmə araşdırması zamanı hazırda mübahisəli torpaq sahəsinin qonşu mülkiyyətçilərin torpaq sahəsinə gedən yeganə ümumi istifadədə olan yol olduğu, həmçinin həmin torpaq sahəsinin üzərində qaz xəttinin yerləşdiyi məlum olmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Hazırki iş üzrə reyestrdəki qeydiyyatın qeyri-dəqiqliyini təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim olunmamışdır. Həmçinin yenidən aparılmış ölçmə-dəqiqləşdirmə işləri nəticəsində iddiaçıya məxsus 0.256 ha torpaq sahəsinin mülkiyyət sənədində göstərilən ölçüləri ilə faktiki istifadəsində olan torpaq sahəsinin ölçülərinin uyğun olduğu, iddiaçının torpaq sahəsindən əskilmənin mövcud olmadığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə iddiaçının mülkiyyət hüququnun pozulmadığı qənaətinə gələrək hesab edir ki, iddiaçının bələdiyyəyə məxsus, ümumi istifadədə olan yolun onun mülkiyyətinə qaytarılması tələbi əsassız olduğundan cavabdeh inzibati orqanın imtinası haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” iş üzrə qəbul etdiyi qərarında qeyd edilmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.1-ci və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 49.1-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ — torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 59.5-ci maddəsinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 66.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli, 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.19, 3.0.22, 3.0.23, 3.0.24-cü bəndlərinə əsasən bələdiyyə ərazilərinin elektron daşıyıcıda və kağız üzərində xəritələrinin hazırlanması məqsədi ilə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin dürüstləşdirilməsi üçün çöl tədqiqat və mərzçəkmə işlərini yerinə yetirmək, bələdiyyə ərazilərinin sərhədinin (hüdudunun) qonşuluqlarını müəyyənləşdirən bütün döngə nöqtələri (sərhəd xətti boyunca əsas istinad döngə nöqtələri və onlar arasında müəyyənləşdirilmiş digər nöqtələr) arasındakı məsafələri və onların koordinatlarını əks etdirən yerquruluşu sənədlər qovluğunu hazırlamaq, Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq rayon, şəhər və digər yaşayış məntəqələrinin və bələdiyyələrin sərhədlərini naturada müəyyən etmək, elektron daşıyıcıda və kağız üzərində xəritələşdirilməsini həyata keçirmək, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin sərhədlərini aidiyyəti orqanlarla birlikdə müəyyən etmək və torpaqları müvafiq bələdiyyələrə təhvil vermək, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy verilməsində iştirak etmək Xidmətin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “İddiaçı adına Culfa rayonu, Saltaq kəndində yerləşən torpaq sahəsinə dair Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 08 dekabr 2014-cü il tarixli, ********** nömrəli qeydiyyatında düzəliş edilməklə yol kimi göstərilmiş sahənin onun mülkiyyətinə qaytarılması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə ödənilmiş dövlət rüsumu məsələsini müzakirə edərək hesab edir ki, iş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81, 85 və 110.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “İddiaçı adına Culfa rayonu, Saltaq kəndində yerləşən torpaq sahəsinə dair Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 08 dekabr 2014-cü il tarixli, ********** nömrəli qeydiyyatında düzəliş edilməklə yol kimi göstərilmiş sahənin onun mülkiyyətinə qaytarılması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar