Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-5/2022 25.04.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Novruzov Səxavət Hüseyn oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müdafiə nazirinin onun barəsində olan 13 iyul 2021-ci il tarixli, 0839 nömrəli əmrinin dəyişdirilərək “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin “j” (öz arzusu ilə) bəndi ilə əvəz edilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Müdafiə Nazirinin 13 iyul 2021-ci il tarixli, 0839 nömrəli əmrinin ləğv olunması, 09 iyul 2020-ci il tarixdə olan müraciətinin qəbul olunması, ona vurulan mənəvi zərərə görə Müdafiə Nazirliyi tərəfindən 50000 manat təzminat ödənilməsi, şərəf məhkəməsində təlimatlandırılaraq barəsində iclasda iştirak edən digər iştirakçılar arasında böhtan xarakterli məlumatlar deyərək mənfi fikir yaratdıqlarına görə polkovnik Mehman Gülməmmədov, polkovnik Nazif Xəlilov və polkovnik Anar Səfərovun hər birindən 5000 manat təzminatın ona ödənilməsi, ordu komandanlığı tərəfindən iyun ayı üçün nəzərdə tutulan, ödənilməyən ikinci qat əməkhaqqının ona ödənilməsi, ordu komandanlığı tərəfindən istifadə edə bilmədiyi məzuniyyət əvəzinə pul kompensasiyasının ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 24 dekabr 1993-cü il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişdir. 1999-cu ildən zabitdir. Müdafiə nazirinin 13 iyul 2021-ci il tarixli, 0839 nömrəli əmri ilə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə uyğun olaraq (xidməti uyğunsuzluqla) ehtiyata buraxılmışdır. O, 09 iyul 2020-ci il tarixdə məzuniyyətdə olarkən böyrəklərində və ayaqlarında olan ağrılarla əlaqədar "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə (öz arzusu ilə) uyğun olaraq ehtiyata buraxılmaq üçün müraciət etmiş, lakin müraciətinə baxılmamış, xəbəri olmadan 1080 manat maaşı olan vəzifədən 850 manat maaşı olan vəzifəyə təyin olunmuşdur. Məzuniyyətdən qayıtdıqdan sonra ona Müdafiə nazirinin əmri elan olunmuş, lakin o, ağrıları ilə əlaqədar ehtiyata buraxılmağını xahiş etmiş və yeni xidməti yerinə getməmişdir. Ona cinayət işi qaldırılmış və 6 ay hərbi xidmət üzrə məhdudlaşdırma cəzası verilmiş, eyni zamanda hərbi rütbəsi aşağı salınmışdır. Daha sonra isə N nömrəli hərbi hissəyə aşağı vəzifəyə hərbi hissənin qərargah rəisi vəzifəsinə təyin olunmuşdur. Aşağı vəzifəyə təyin olunmasına baxmayaraq, öz üzərinə düşən vəzifələrini yerinə yetirmişdir. İddiaçı 2020-ci ilin iyun ayında ona ikinci qat maaş ödənilmədiyini, maaşın ödənilməməsinin səbəbi kimi cəzanı göstərdiklərini, İntizam nizamnaməsində maaşın kəsilməsi kimi bir cəzanın olmadığını qeyd etmişdir. O, həmçinin "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 120ci maddəsinə əsasən zabit heyətinə təqvim ilinə görə 45 gün məzuniyyət verilməli olduğu halda, ona konstitusiya hüquqları pozularaq 2014, 2015, 2016, 2017-ci illərdə növbəti məzuniyyətinin tam deyil (yəni 45 gün), 2014-cü ildə 30 gün, 2015-2016-cı illərdə hər il 15 gün, 2017-ci ildə 30 gün verildiyini, tam məzuniyyətə çıxa bilmədiyi üçün sağlamlığında problem yarandığını bildirmişdir. 30 mart 2021-ci il tarixdə böyrəklərində olan şiddətli ağrılar səbəbindən Qarnizon Hospitalına təxliyə olunmuş, böyrəklərində 18 mm daş aşkarlanmışdır. Qarnizon Hospitalında müalicə şəraiti olmadığından 07 aprel 2021-ci il tarixdə onu Silahlı Qüvvələr Baş Klinik Hospitalına təxliyə etmişdirlər. Bir ay müddətində 3 dəfə (stendləmə, URS litotripsiya stendləmə, ESVL litotripsiya) əməliyyatı olunmuşdur. 06 may 2021-ci il tarixdə hospitaldan çıxmış, bir ay sıradan, fiziki hazırlıqdan və ağır işlərdən azad olunmuş, ona 15 gün məzuniyyət verilmişdir. Bir ay sonra təkrar müalicə üçün arayış verilmiş, lakin o bir ay sonra deyil, gecikdirilməklə Silahlı Qüvvələr Baş Klinik Hospitalına göndərilmişdir. 07 iyun 2021-ci il tarixdə başlayan təlimdə ağrıları səbəbindən iştirak etməmək üçün Ordunun qərargah rəisi general-leytenant Fazil Ağalarovdan icazə istəmiş və o da icazə vermişdir. Lakin sonradan guya təlimdə iştirak etməkdən imtina etdiyinə görə Ordu Komandanlığına məruzə edilərək haqqında mənfi fikir yaradılmışdır. 12 iyun 2021-ci il tarixdə şərəf məhkəməsi keçirilmiş və xidməti uyğunsuzluqla ehtiyata buraxılmağı üçün qərar qəbul olunmuşdur. 13 iyun 2021-ci il tarixdə təkrar olaraq müalicə üçün Silahlı Qüvvələr Baş Klinik Hospitalına göndərilmişdir. İddiaçı daşların bir qisminin müalicə ilə düşdüyünü, bir qisminin isə hələ də böyrəklərində olduğunu, 23 iyun 2021-ci il tarixdə hospitaldan çıxarıldığını qeyd etmişdir. 24 iyun 2021-ci il tarixdə sənədlərinin xidməti uyğunsuzluqla ehtiyata buraxılmaq üçün hazırlanması tapşırığı hərbi hissə komandirinə verilmiş və onunla 30 iyun 2021-ci il tarixdə söhbət aparılmışdır. Tibbi müayinə üçün müraciət etdiyi üçün onu Hospitala müayinəyə göndərmişdirlər. 03 iyul 2021-ci il tarixdə müayinəsini yekunlaşdırmış, 06 iyul 2021-ci il tarixdə 2021-ci ilin hesabına növbəti məzuniyyətə çıxmışdır. 07 iyul 2021-ci il tarixdə hərbi hissənin kadr bölmə rəisinin köməkçisi kapitan İlkin Talıbov və hərbi hissə komandiri polkovnik Şəhadət İbrahimov ona zəng edərək yuxarının tapşırığı kimi məzuniyyətdən qayıtmağını dedikləri üçün 07 iyul 2021-ci il tarixdə məzuniyyətdən qayıtmışdır. 09 iyul 2021-ci il tarixdə onu yenidən şərəf məhkəməsinə çıxardaraq xidməti uyğunsuzluqla ehtiyata buraxılması üçün qərar qəbul etmişdirlər. İddiaçı hesab edir ki, şərəf məhkəməsinin gedişində general-leytenant Fazil Ağalarov məruzəçilərə müdaxilə etmişdir. Şərəf məhkəməsində təlimatlandırılaraq çıxışlar edən Ordu komandanının müavini vəzifələrini icra edən polkovnik Mehman Gülməmmədov, hərbi inspeksiya rəisi polkovnik Nazif Xəlilov və kadrlar şöbəsinin rəisi polkovnik Anar Səfərov vəziyyəti bilmədikləri və ya bildikləri halda haqqında böhtan xarakterli fikirlər söyləyərək digər iclas iştirakçıları arasında nüfuzunu aşağı salmışdırlar. İddiaçı 2020-ci ildə ehtiyata buraxılmaq üçün yazdığı raporta görə ona qərəzli münasibət göstərildiyini hesab edir. 15 iyul 2021-ci il tarixdə ona Müdafiə nazirinin əmri elan olunmuş, 70 gün məzuniyyət verilməklə təyinat vərəqini vermişdirlər. O bildirir ki, müalicəsi tam başa çatdırılmamış, ayaqlarında damar genişlənməsinə görə əməliyyat planlaşdırılmış, lakin bu günə qədər əməliyyat olunmamışdır. İddiaçı qanunla müəyyən olunduğu təqdirdə onun öz arzusu ilə ehtiyata buraxılmaq hüququnun olmasına baxmayaraq, bu hüququnun pozulduğunu qeyd edir. O, 28 illik xidməti dövründə polkovnik rütbəsinə qədər qalxmış, 13 iyun 2011-ci il tarixli, 031 t nömrəli əmrlə Qüsursuz Xidmətlərə görə 3-cü dərəcəli, 24 iyun 2013-cü il tarixli, 088 t nömrəli əmrlə Qüsursuz Xidmətlərə görə 2-ci dərəcəli, 26 iyun 2018-ci il tarixli, 203 t nömrəli əmrlə Qüsursuz Xidmətlərə görə 1-ci dərəcəli, 30 iyun 2020ci il tarixli, 0138 t nömrəli əmrlə Silahlı Qüvvələr veteranı medalları ilə təltif olunmuşdur. Söhbətləşmə zamanı hər iki şərəf məhkəməsinin keçirilməsi barədə protokolun bir nüsxəsinin ona verilməsini xahiş etsə də, bu günə qədər müsbət cavab almamış, onun üçün qərəzli qərar qəbul olunmuş, barəsində böhtan xarakterli məlumatlar psixoloji durumunda pis tərəfə dəyişiklik yaratmışdır. İddiaçı həmçinin digər şəxslər tərəfindən haqqında danışılanlar valideynlərinə çatarsa, çox pis nəticələrin ola biləcəyini, atasının ürəyi narahat olduğundan tez həyəcanlandığını, bu qərarın ona çox əziyyət verəcəyini, valideynlərindən və yaxınlarından gizlənməyə çalışdığını, dostlarının və yaxınlarının ona şübhə ilə baxdıqlarını, ailəsi ilə arasında problemlər yarandığını, uşaqlarının psixologiyasına pis təsir etməmək üçün həyat yoldaşından ayrılmaq məcburiyyətində qalacağını bildirmişdir. İddiaçı yuxarıda göstərilənlərə əsasən məhkəmədən Müdafiə Nazirinin 13 iyul 2021-ci il tarixli, 0839 nömrəli əmrinin ləğv olunması, 09 iyul 2020-ci il tarixdə olan müraciətinin qəbul olunması, ona vurulan mənəvi zərərə görə Müdafiə Nazirliyi tərəfindən 50000 manat təzminat ödənilməsi, şərəf məhkəməsində təlimatlandırılaraq barəsində iclasda iştirak edən digər iştirakçılar arasında böhtan xarakterli məlumatlar deyərək mənfi fikir yaratdıqlarına görə polkovnik Mehman Gülməmmədov, polkovnik Nazif Xəlilov və polkovnik Anar Səfərovun hər birindən 5000 manat təzminatın ona ödənilməsi, ordu komandanlığı tərəfindən iyun ayı üçün nəzərdə tutulan, ödənilməyən ikinci qat əməkhaqqının ona ödənilməsi, ordu komandanlığı tərəfindən istifadə edə bilmədiyi məzuniyyət əvəzinə pul kompensasiyasının ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş və iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 31 avqust 2021-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair 31 avqust 2021-ci il tarixli ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsində bir çox iddia tələbi irəli sürdüyünü, iddia tələbini dəqiqləşdirərək hazırki iddia tələbinin “Müdafiə nazirinin onun barəsində olan 13 iyul 2021ci il tarixli, 0839 nömrəli əmrinin ləğv olunması” olduğunu bildirib, hazırki tələb üzrə işə baxılıb nəticə verilməsini xahiş etmişdir. Məhkəmənin 31 avqust 2021-ci il tarixli, 2-1(122)-161/2021 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Bundan sonra işin hazırlıq icraatına başlanmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri sərəncamla cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair məhkəməyə ünvanlanan 30 sentyabr 2021-ci il tarixli, 3848 nömrəli yazılı münasibətini (etirazını) onunla əsaslandırmışdır ki, aşağıdakı səbəblərə görə İddiaçı iddiası əsassız hesab edilmişdir. Ehtiyatda olan polkovnik-leytenant İddiaçı N nömrəli hərbi hissənin qərargah rəisi vəzifəsində xidmət etdiyi müddətdə verilən tapşırıqların icrasına səhlənkar yanaşmış, dəfələrlə intizam qaydasında cəzalandırılmışdır. Bunlara baxmayaraq, xidmətində dönüş yaratmamış, aparılmış söhbətlərdən, verilmiş intizam cəzalarından, böyük rəislərin iradlarından nəticə çıxarmamış və öz əməlləri ilə digər hərbi qulluqçulara pis nümunə olmuşdur. Belə ki, İddiaçı 14 iyun 2020-ci ildə (Şəxsi heyət idarəsinin vəzifəsində olan zaman) verilən əmr, tapşırıqları vaxtında və dəqiq yerinə yetirmədiyinə görə "Şiddətli töhmət", 01 mart 2021-ci ildə (N nömrəli hərbi hissədə xidmət müddəti) bölmələrdə şəxsi heyətin uçotunun aparılmasına və gündəlik fəaliyyətinin təşkilinə zəif nəzarət etdiyinə görə "Şiddətli töhmət", 27 mart 2021-ci il tarixdə gündəlik fəaliyyətində hərbi hissənin döyüş və səfərbərliyə hazırlığının artırılması üçün lazımi tədbirlər görmədiyinə, zəruri təminatın düzgün təşkil edilmədiyinə və bununla da inspeksiya yoxlaması zamanı hərbi hissə ümumilikdə "qeyri kafi" qiymətləndirildiyinə görə "Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq" və 6 iyul 2021-ci il tarixdə bölmələrdə döyüş və döyüşə hazırlıq sənədlərinin düzgün tərtib edilməsinə, döyüş növbətçiliyinin təşkilinə və aparılmasına, döyüş hesabatına uyğun fəaliyyətlərin öyrənilməsinə nəzarət etmədiyinə və özünü vəzifəsinin icrasından kənarlaşdırdığına görə "Şiddətli töhmət" intizam cəzaları elan edilmişdir. Bununla yanaşı bildirilir ki, 15 iyul 2020-ci il tarixdə səhər yerbəyerində X6 Komandanının birinci müavini-qərargah rəisi İddiaçı təyinat vərəqəsini verərək yeni xidmət yerinə, (bərabər vəzifəyə) N nömrəli hərbi hissə komandiri vəzifəsinə getməsi üçün əmr vermişdir. Lakin, İddiaçı təyinat vərəqəsini götürməyərək yeni xidmət yerinə getmək haqqında əmri icra etməkdən açıqcasına imtina etmişdir. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin N oktyabr 2020-ci il tarixli hökmünə əsasən əmri icra etməkdən imtina etdiyinə görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəzaya şərti məhkum edilərək 6 (altı) ay sınaq müddəti təyin olunmuşdur. 26 oktyabr 2020-ci il tarixdə işgüzar keyfiyyətləri aşağı olduğuna görə N nömrəli hərbi hissədə aşağı vəzifəyə təyin olunmuşdur. Bundan başqa, İddiaçı N nömrəli hərbi hissədə keçirilən Komanda-qərargah təlimindən xəstəliyini bəhanə gətirərək yayındığına görə 12 iyun 2021-ci il tarixdə baş zabitlərin şərəf məhkəməsində işinə baxılmış və xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. Ordu Komandanı gələcək xidmətində dönüş yaratması üçün ona vaxt vermişdir. Sonrakı müddətdə xəstəliyini bəhanə gətirərək xidməti vəzifələrinin icrasından kənarlaşdığına görə Hərbi Həkim Komissiyasına təqdim olunmuş və Hərbi Həkim Komissiyası tərəfindən "hərbi xidmətə yararlıdır" qərarı verilmişdir. Bölmələrdə döyüş və döyüş hazırlıq sənədlərinin düzgün tərtib edilməsinə, döyüş növbətçiliyinin təşkilinə və aparılmasına, döyüş hesabatına uyğun fəaliyyətlərinin öyrənilməsinə nəzarət etmədiyinə və özünü vəzifəsinin icrasından kənarlaşdırdığına görə 10 iyul 2021-ci il tarixdə təkrar olaraq işinə baş zabitlərin şərəf məhkəməsində baxılaraq xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. Bu da onu göstərir ki, İddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" (xidməti uyğunsuzluğa görə) bəndinə uyğun ehtiyata buraxılması əsaslı və qanunauyğundur. 22 dekabr 2021-ci il tarixə təyin olunmuş şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair 22 dekabr 2021-ci il tarixli ərizə təqdim edərək, hazırki tələbinin “Müdafiə nazirinin onun barəsində olan 13 iyul 2021-ci il tarixli, 0839 nömrəli əmrinin dəyişdirilərək “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin “j” (öz arzusu ilə) bəndi ilə əvəz edilməsi” tələbi olduğunu bildirib, həmin tələb üzrə işə baxılmasını xahiş etmişdir. Məhkəmənin 22 dekabr 2021-ci il tarixli, 2-1(122)-161/2021 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi dəyişdirilmiş iddiaya dair məhkəməyə ünvanlanan 09 fevral 2022-ci il tarixli, 609 nömrəli yazılı münasibətlərini (etirazlarını) onunla əsaslandırmışdır ki, İddiaçı X4 Şəxsi heyət idarəsinin rəisi vəsifəsində xidmətdə olan zaman 23 iyun 2020-ci il tarixdən növbəti məzuniyyətə buraxılmış, məzuniyyətdə olarkən ona məlum olmuşdur ki, o tutduğu vəzifədən azad edilərək N nömrəli hərbi hissənin komandiri, bərabər vəzifəyə təyin olunmuş, buna görə də poçt vasitəsi ilə ordu sıralarından ehtiyata buraxılması barədə Ordu Komandanına müraciət ünvanlamışdır. Qeyd edilir ki, İddiaçı Müdafiə nazirinin 06 iyul 2020-ci il tarixli müvafiq əmri ilə hərbi hissə komandiri vəzifəsinə təyin olunmuş, amma onun müraciəti 09 iyul 2020-ci ildə, yəni 3 (üç) gündən sonra olmuşdur. İddiaçı məzuniyyətdən qayıtdıqdan sonra, 15 iyul 2020-ci il tarixdə səhər yerbəyerində X6 Komandanının birinci müavini-qərargah rəisi ona təyinat vərəqəsini verərək yeni xidmət yerinə, yəni N nömrəli hərbi hissəyə getməsi və hərbi hissə komandiri vəzifəsini təhvil alması haqqında əmr vermişdir. Lakin, İddiaçı təyinat vərəqəsini götürməyərək yeni xidmət yerinə getmək haqqında əmri icra etməkdən açıqcasına imtina etmişdir. Bundan sonra onun barəsində X3 Xidməti tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 328.1-ci (Rəisin qanunla müəyyən edilmiş qaydada verdiyi əmri tabelikdə olan şəxsin yerinə yetirməkdən açıqcasına imtina etməsi) maddəsi ilə cinayət işi başlamış və istintaq dövründə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 72-ci maddəsinə əsasən İddiaçı Ordu Komandanın sərəncamına çıxarılmışdır. Əlavə olaraq qeyd edilir ki, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 158-ci maddəsinə əsasən barələrində istintaq işi aparılan, yaxud məhkəmədə cinayət işinə baxılan hərbi qulluqçular bu işlər üzrə qərar çıxarılanadək həqiqi hərbi xidmətdən buraxıla bilməzlər. Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin N oktyabr 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəzaya şərti məhkum edilərək 6 (altı) ay sınaq müddəti təyin olunmuşdur. 26 oktyabr 2020-ci il tarixdə işgüzar keyfiyyətləri aşağı olduğuna görə Müdafiə nazirinin müvafiq əmrinə əsasən İddiaçı N nömrəli hərbi hissədə aşağı vəzifəyə təyin olunmuşdur. Bundan başqa İddiaçı N nömrəli hərbi hissənin qərargah rəisi vəzifəsində xidmət etdiyi müddətdə verilən tapşırıqların icrasına səhlənkar yanaşmış, dəfələrlə intizam qaydasında cəzalandırılmışdır. Bunlara baxmayaraq, xidmətində dönüş yaratmamış, aparılan söhbətlərdən, verilmiş intizam cəzalarından, böyük rəislərin iradlarından nəticə çıxarmamış və öz əməlləri ilə digər hərbi qulluqçulara pis nümunə olmuşdur. Belə ki, X6 Komandanının 14 iyun 2020-ci il tarixli, 080 nömrəli əmri - (Şəxsi heyət idarəsinin vəzifəsində olan zaman) Müdafiə nazirinin müavini- X6 Komandanın rəhbərliyi ilə Mərkəzi qərargahda 13 iyun 2020-ci il tarixdə keçiriləcək xidməti müşavirəyə hazırlıq tədbirlərinin yerinə yetirilməsi zamanı nöqsanlara yol verilmişdir. Belə ki, Şəxsi Heyət İdarəsi rəisi polkovnik İddiaçı müşavirədə iştirak edəcək heyətin siyahısının birləşmə və hissələrə çatdırılması barədə göstəriş almasına baxmayaraq, bu tapşırığın icrasında məsuliyyətsizlik göstərmiş, xidməti müşavirədə iştirak edəcək heyətin dəqiqləşdirilmiş siyahısını birləşmə və hissələrə çatdırmamışdır. Xidməti müşavirənin təşkil olunub keçirilməsi X6 Komandanının birinci müavini-qərargah rəisi general-mayor X2 həvalə edilməsinə baxmayaraq, İddiaçı alınmış tapşırığın icrasına səthi yanaşmış, bu səbəbdən vəzifələrə yeni təyin olunmuş vəzifəli şəxslər müşavirəyə vaxtında gəlməmiş və onlar təcili çağırılaraq müşavirədə iştirakları təmin edilmişdir. Buna görə verilən əmr və tapşırıqları vaxtında və dəqiq yerinə yetirmədiyinə görə İddiaçı "Şiddətli töhmət" elan edilmişdir. 01 mart 2021-ci il tarixli, (“N nömrəli hərbi hissədə təkrar yoxlamanın nəticələri haqqında”) 036 nömrəli əmri - tabor mərkəzində yoxlama zamanı döyüş sənədlərinin nöqsanlarla işlənildiyi, şəxsi heyətin uçotunun aparılmadığı, ehtiyat bölmələr ilə praktiki atışların təlimatın tələblərinə uyğun keçirilmədiyi, döyüş mövqelərində şəxsi heyətə atıcı silahların normativlərinin və döyüş hesabatlarının öyrədilmədiyi müəyyən edilmişdir. Bölüyün zabit heyətinin xəritə üzərində tapşırıqlarını məruzə etməkdə çətinlik çəkdiyi, artilleriya bateriyasının məşğələ keçirilən ərazidə mühafizə, müşahidə və idarəetmə suallarının məşğələ rəhbəri tərəfindən təşkil olunmadığı, atəş mövqeyində döyüş sursatlarının "Artilleriya bölmələrinin döyüş işinə dair Təlimat"ın tələblərinə uyğun saxlanılmadığı və atəş mövqeyində mühəndis cəhətdən təkminləşdirmə işlərinin aparılmadığı müəyyən edilmişdir. Mövqedə müdafiə və döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlıq səviyyəsinin yoxlanılması üzrə manqa tərkibində taktiki-sıra məşğələsi keçirilməmiş, şəxsi heyətə düşmənin pilotsuz uçuş aparatlarına qarşı mübarizə qaydaları məşq etdirilməmiş, digər mövqelərdə "Döyüş xidməti jurnalı"nda vaxtlı-vaxtında qeydiyyat aparılmadığı, şəxsi heyətin döyüş hesabatlarına uyğun məşq etdirilmədiyi, "Axşam yoxlanışı kitabı"nın qaralamalarla aparıldığı və X1 Heyəti tərəfindən keçirilmiş əvvəlki yoxlamada briqadanın birinci eşelon taborlarında döyüş və döyüşə hazır olma sənədlərində, qoşun xidmətinin təşkili, aparılması və maddi-texniki təminatın vəziyyətində nöqsanlar aşkar edilmiş, lakin bəzi nöqsanlar hələ də aradan qaldırılmamışdır. Buna görə də bölmələrdə şəxsi heyətin uçotunun aparılmasına və gündəlik fəaliyyətinin təşkilinə zəif nəzarət etdiyinə görə ona "Şiddətli töhmət" elan edilmişdir. 27 mart 2021-ci il tarixli, (“N nömrəli hərbi hissədə inspeksiya yoxlamasının nəticələri haqqında”) N1 nömrəli əmri yoxlama zamanı zabit, gizir və çavuşların peşə hazırlığı aşağı olmuş, bütün təbəqəli komandir-rəis heyətinin müasir döyüşün real şəraitində bölmələrlə və silahlarla idarəetmə üzrə vərdişlərinin təkminləşdirilməsi zəif təşkil edilmiş, məqbullara cəlb olunmuş bölmələrdən komandir hazırlığı üzrə ümumqoşun hazırlığı üzrə, sıra hazırlığı üzrə, taktiki (taktiki-xüsusi) hazırlıq üzrə, atəş hazırlığı üzrə, maşınsürmə üzrə, fiziki hazırlıq üzrə "qeyri-məqbul" nəticələr göstərmişdir. Döyüş növbətçiliyi aparan hava hücumundan müdafiə mövqelərinin Komanda Məntəqəsi ilə birbaşa mərkəzləşmiş xəbərdaretmə sistemi mövcud olmamışdır. 2020-ci tədris ilində döyüş hazırlığı üçün ayrılan döyüş sursatları, zirehli tank, avtomobil texnikaları üzrə motoehtiyatlarının və yanacaq-sürtkü materialları limit normasının sərfinə vəzifəli şəxslər tərəfindən zəif nəzarət olunmuşdur. Vəzifəli şəxslər tərəfindən sürücülərlə texniki hazırlıq üzrə normativlərin yerinə yetirilməsi və gecə maşınsürmə məşğələləri mütəmadi olaraq keçirilməmiş, gecə vaxtı məqbul çalışmasının yerinə yetirilməsi zamanı praktiki maşınsürmə vərdişləri zəif olmuş, məşğələ rəhbərləri məqbul çalışmanın şərtlərini və qiymətləndirilməsini bilməmişdirlər. Hərbi hissədə hərbi qulluqçular "Azərbaycan Ordusunun hərbi qulluqçularına məharət (ixtisas) dərəcələrinin verilməsi (təsdiq edilməsi) qaydaları haqqında Əsasnamə"də göstərilən müddətlər və inspeksiya yoxlamalarının nəticələri nəzərə alınmadan məharət dərəcələrinin verilməsi (təsdiq olunması) üçün sınaq imtahanlarına təqdim olunmuşdurlar. Təlim mərkəzlərində atış poliqonları, tankodrom və aftodromlar müvafiq kursların tələbələrinə uyğun hazırlanmamış, müasir avadanlıqlar və maneələrlə tam təchiz olunmamış və bu istiqamətdə əməli tədbirlər görülməmişdir. Göstərilən nöqsanlar hərbi hissədə döyüşə hazırolma və döyüş hazırlığının təşkilinə hərbi hissə komandanlığı tərəfindən laqeyd münasibətin nəticəsində yaranmış, hərbi hissə komandanlığı gündəlik fəaliyyəti və zəruri təminatı rəhbəredici sənədlərin tələblərinə uyğun olaraq təşkil edə bilməmiş, döyüşə və səfərbərliyə hazırlığının artırılması üçün lazımi tədbirlər görməmişdir. Buna görə də gündəlik fəaliyyətdə hərbi hissənin döyüşə və səfərbərliyə hazırlığının artırılması üçün lazimi tədbirlər görülmədiyinə, zəruri təminatın düzgün təşkil edilmədiyinə və bununla da inspeksiya yoxlaması zamanı hərbi hissənin ümumilikdə "qeyri-kafi" qiymətləndirildiyinə görə ona "Vəzifəsinə tam uyğun olmaması barədə xəbərdarlıq" elan olunmuşdur. X6 Komandanın birinci müavini-qərargah rəisinin 06 iyul 2021-ci il tarixli, (“N nömrəli hərbi hissədə aparılmış yoxlamanın nəticələri haqqında”) 023 nömrəli əmri - 28 iyun 2021-ci il tarixdə N nömrəli hərbi hissənin taborunda kompleks yoxlama zamanı döyüş mövqelərində "Döyüş xidmətinin jurnalı"nın təlimatına uyğun aparılmadığı, manqaların adlı siyahısında şəxsi heyətin vəzifələrinin yazılmadığı, səngərlərdə məsafə kartlarının tərtib edilmədiyi, şəxsi heyətin idarəetmə və tanıtma siqnallarını bilmədiyi aşkar edilmişdir. Bölüklərdə döyüş sənədlərinin tərtib edilməsində bir sıra nöqsanlara yol verilməsi, yeni gəlmiş şəxsi heyətin döyüş hesabatlarının, xəbərdaretmə və tanıtma siqnallarının öyrədilməsinə, bölmələr arası qarşılıqlı əlaqənin təşkil edilməsinə rəhbər şəxslər tərəfindən səhlənkar yanaşılması müəyyən edilmişdir. Şəxsi heyət faktiki hazırlıqdan normativləri vaxt normalarına uyğun yerinə yetirməkdə çətinlik çəkmiş, nəticədə döyüş mövqelərinin şəxsi heyəti normativlərin nəticələrinə görə "qeyri-kafi" qiymətləndirilmişdir. Artilleriya bateriyasının top komandirlərinin topun marşa və atışa hazırlanması zamanı yerinə yetiriləcək işlərin ardıcıllığını və qaydasını bilmədikləri aşkar edilmişdir. Qeyd olunan nöqsanların yaranma səbəbi komandir və vəzifəli şəxslər tərəfindən vəzifə borclarının yerinə yetirilməsinə, taborun şəxsi heyətinin döyüş və döyüşə hazırolma hazırlığına səhlənkar yanaşmaları olmuşdur. Buna görə də bölmələrdə döyüş və döyüş hazırlıq sənədlərinin düzgün tərtib edilməsinə, döyüş növbətçiliyinin təşkilinə və aparılmasına, döyüş hesabatına uyğun fəaliyyətlərinin öyrənilməsinə nəzarət etmədiyinə və özünü vəzifəsinin icrasından kənarlaşdırdığına görə İddiaçı "Şiddətli töhmət" intizam cəzası elan edilmişdir. Bütün bunlar onu göstərir ki, İddiaçı öz vəzifə borclarına laqeyd münasibət göstərmiş və onların icrasına məsuliyyətsiz yanaşmışdır. Bundan başqa, İddiaçı N nömrəli hərbi hissədə keçirilən komanda-qərargah təlimindən xəstəliyini bəhanə gətirərək yayındığına görə 12 iyun 2021-ci il tarixdə baş zabitlərin şərəf məhkəməsində işinə baxılmış və xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. Ordu Komandanı gələcək xidmətində dönüş yaratması üçün vaxt vermişdir. Sonrakı müddətdə xəstəliyini bəhanə gətirərək xidməti vəzifələrinin icrasından kənarlaşdığına görə Hərbi Həkim Komissiyasına təqdim olunmuş və Hərbi Həkim Komissiyası tərəfindən "Hərbi xidmətə yararlıdır" qərarı verilmişdir. Bölmələrdə döyüş və döyüşə hazırlıq sənədlərinin düzgün tərtib edilməsinə, döyüş növbətçiliyinin təşkilinə və aparılmasına, döyüş hesabatına uyğun fəaliyyətlərinin öyrənilməsinə nəzarət etmədiyinə və özünü vəzifəsinin icrasından kənarlaşdırdığına görə 10 iyul 2021-ci il tarixdə təkrar olaraq işinə baş zabitlərin şərəf məhkəməsində baxılaraq xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə vəsatət qaldırılmışdır. Bu da onu göstərir ki, İddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" (xidməti uyğunsuzluğa görə) bəndinə uyğun ehtiyata buraxılması əsaslı və qanuna uyğundur. Məhkəmədən iddianın əsassız hesab olunaraq rədd edilməsi xahiş olunmuşdur. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 29 mart 2022-ci il tarixli, 2-1(122)-5/2022 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 25 aprel 2022-ci il tarixə təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə bir sıra sənədlər təqdim edib iddia ərizəsinə uyğun izahat verərək Müdafiə nazirinin onun barəsində olan 13 iyul 2021-ci il tarixli, 0839 nömrəli əmrinin dəyişdirilərək “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin “j” (öz arzusu ilə) bəndi ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsassızdır. Belə ki, iş materiallarında olan: - Şərur Rayon Polis Şöbəsi tərəfindən 26 dekabr 2015-ci il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1975-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Yaycı kəndində doğulmuş İddiaçı Şərur rayonu, Yuxarı Yaycı kəndində pasport qeydiyyatındadır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən İddiaçı verilmiş 06 may 2021-ci il tarixli, 4088 nömrəli çıxarış epikrizindən məlum olur ki, N nömrəli hərbi hissənin polkovnik-leytenantı 25 noyabr 1975-ci il təvəllüdlü İddiaçı kafi vəziyyətdə hərbi hissəsinə yazılmış, ağır fiziki işlərdən və idmandan bir ay müddətinə azad olunması, 1 ay sonra təkrar müayinə edilməsi üçün SQ BKH-a göndərilməsi tövsiyyə olunmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən İddiaçı verilmiş 06 may 2021-ci il tarixli, 4088 nömrəli arayışda N nömrəli hərbi hissənin polkovnik-leytenantı 25 noyabr 1975-ci il təvəllüdlü İddiaçı hərbi xidmətə müvəqqəti yararsız olduğundan ona xəstəliyinə görə 15 (on beş) gün müddətinə məzuniyyət verilməli olduğu göstərilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən İddiaçı verilmiş 23 iyun 2021-ci il tarixli, 4177 nömrəli çıxarış epikrizindən məlum olur ki, N nömrəli hərbi hissənin polkovnik-leytenantı 25 noyabr 1975-ci il təvəllüdlü İddiaçı kafi vəziyyətdə hərbi hissəsinə yazılmış, ağır fiziki işlərdən və idmandan bir ay müddətinə azad olunması, bol maye qəbulu tövsiyyə olunmuşdur. - N nömrəli hərbi hissənin komandiri Şəhadət İbrahimov tərəfindən İddiaçı verilmiş 30 mart 2021-ci il tarixli xidməti xasiyyətnamədən məlum olur ki, polkovnik-leytenant İddiaçı xidmət etdiyi müddət ərzində özünü intizamlı və vəzifə borclarının icrasına məsuliyyətlə yanaşan zabit kimi göstərmişdir. Hərbi biliyi qənaətbəxş olsa da, bununla kifayətlənməmiş, daima öz üzərində işləmiş, bilmədiklərini öyrənməyə çalışmış, biliyini artırmaq üçün bütün mövcud imkanlardan istifadə etmişdir. Hərbi nizamnamələri, xidməti üzrə rəhbər sənədləri bilərək və gündəlik xidmətlərində onlardan səmərəli istifadə etmişdir. Təşkilatçılıq qabiliyyətinə malik, bacarıqlı və işgüzar zabit olmuşdur. Polkovnik-leytenant İddiaçı hərbi hissənin bölmələrinin idarə olunmasının təşkilinə və saxlanılmasına, döyüş və səfərbərlik hazırlığına, döyüş və ictimai-siyasi hazırlığının planlaşdırılmasına, qərargahın və hərbi hissənin idarə edilməsini təmin edən bölmələrin hazırlanmasına, qərargahın və bilavasitə ona tabe olan bölmələrin, şəxsi heyətin hərbi intizamına və tərbiyəsinə bacarıqla rəhbərlik etmişdir. Xidməti işində təşəbbüskar olmuş, tabeliyində olanların işgüzar və mənəvi keyfiyyətlərini bilmiş, dövlət sirrini qorumağı bacarmış, fiziki cəhətdən sağlam olmuşdur. - N saylı hərbi hissə tərəfindən İddiaçı verilmiş 03 may 2013-cü il tarixli, N5238 nömrəli vəsiqənin surətindən məlum olur ki, o, müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. - "Qüsursuz xidmətə görə” medallarının vəsiqələrinin surətlərindən məlum olur ki, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 24 iyun 2013-cü il tarixli, 088 t nömrəli əmri ilə polkovnik-leytenant İddiaçı “Qüsursuz xidmətə görə” 2-ci dərəcəli, Azərbaycan Respublikası Müdafiə nazirinin 26 iyun 2018-ci il tarixli, 0203 t nömrəli əmri ilə “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalları ilə təltif olunmuşdur. - "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalının vəsiqəsinin surətindən aydın olur ki, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 30 iyun 2020-ci il tarixli, 0138 t nömrəli əmri ilə polkovnik İddiaçı "Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı" medalı ilə təltif olunmuşdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilmiş N iyul 2021-ci il tarixli, 2645 nömrəli məzuniyyət biletinin surətində polkovnikleytenant İddiaçı 20 (iyirmi) gün müddətinə 06 iyul 2021-ci ildən 25 iyul 2021-ci ilədək 2021-ci ilin hesabına Bakı şəhərinə növbəti məzuniyyətə buraxılmağı, məzuniyyət vaxtı qurtardıqda İddiaçı 26 iyul 2021-ci ildə saat 0745-dək N nömrəli hərbi hissəyə, Şahbuz rayonuna, xidmət yerinə geri qayıtmalı olduğu göstərilmişdir. - Müdafiə Nazirinin müavini - X6 Komandanının 01 mart 2021-ci il tarixli, 036 nömrəli əmrinin məzmunundan aydın olur ki, bölmələrdə şəxsi heyətin uçotunun aparılmasına və gündəlik fəaliyyətin təşkilinə zəif nəzarət etdiyinə görə briqada komandirinin birinci müavini – qərargah rəisi polkovnik-leytenant İddiaçı "Şiddətli töhmət" elan edilmişdir. - X6 Komandanın birinci müavini-qərargah rəisinin 06 iyul 2021-ci il tarixli, 023 nömrəli əmrinin məzmunundan aydın olur ki, bölmələrdə döyüş və döyüş hazırlıq sənədlərinin düzgün tərtib edilməsinə, döyüş növbətçiliyinin təşkilinə və aparılmasına, döyüş hesabatına uyğun fəaliyyətlərinin öyrənilməsinə nəzarət etmədiyinə və özünü vəzifəsinin icrasından kənarlaşdırdığına görə briqada komandirinin birinci müavini – qərargah rəisi polkovnik-leytenant İddiaçı "Şiddətli töhmət" elan edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən polkovnik İddiaçı ünvanlanmış 03 avqust 2020-ci il tarixli, 2632 nömrəli məktubdan məlum olur ki, 10 iyul 2020-ci il tarixdə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "j" bəndinə müvafiq olaraq ehtiyata buraxılmaqla bağlı raportla etdiyi müraciətə Azərbaycan Respublikası Müdafiə nazirinin 06 iyul 2020-ci il tarixli müvafiq əmri ilə təyin olunduğu N nömrəli hərbi hissədə vəzifə və işlərini qəbul etdikdən sonra baxılacağı haqqında 14 iyul 2020-ci il tarixdə ona məlumat verilmişdir. - N nömrəli hərbi hissənin komandiri polkovnik Şəhadət İbrahimov tərəfindən verilmiş 12 iyun 2021-ci il tarixli və 09 iyul 2021-ci il tarixli xidməti xasiyyətnamələrin təsdiq olunmuş surətlərinin məzmunundan məlum olur ki, polkovnik-leytenant İddiaçı xidmət etdiyi müddət ərzində özünü intizamlı və vəzifə borclarının icrasına məsuliyyətlə yanaşan zabit kimi göstərməyə çalışmışdır. Hərbi biliyi qənaətbəxş olsa da, o bununla kifayətlənməmiş, öz üzərində işləmiş, bilmədiklərini öyrənməyə çalışmışdır. Lakin son vaxtlar səhhəti ilə bağlı hərbi nizamnamələri, xidməti üzrə rəhbər sənədləri bilməsinə baxmayaraq, gündəlik xidmətdə onlardan səmərəli istifadə etməkdə çətinlik çəkmişdir. Səhhəti ilə bağlı olaraq təşkilatçılıq qabiliyyəti zəif olmuşdur. Polkovnik-leytenant Nadirov səhhəti ilə bağlı olaraq hərbi hissənin bölmələrinin idarə olunmasının təşkilinə və saxlanılmasına, döyüş və səfərbərlik hazırlığına, döyüş və ictimai-siyasi hazırlığının planlaşdırılmasına, qərargahın və hərbi hissənin idarə edilməsini təmin edən bölmələrin hazırlanmasına, qərargahın və bilavasitə ona tabe olan bölmələrin şəxsi heyətinin hərbi intizamına və tərbiyəsinə nəzarət etməkdə çətinlik çəkmişdir. Tabeliyində olanların işgüzar və mənəvi keyfiyyətlərini bilmiş və xidmət etdiyi müddətdə xidmətində son hadisələrə qədər nöqsanlara yol verməməyə çalışmışdır. Dövlət sirrini qorumağı bacarmış, fiziki cəhətdən sağlam olmuşdur. - X4 baş zabitlərinin şərəf məhkəməsinin 12 iyun 2021-ci il tarixli, 04 nömrəli protokolunun təsdiq olunmuş surətindən məlum olur ki, N nömrəli hərbi hissə komandirinin birinci müavini-qərargah rəisi polkovnik-leytenant İddiaçı səhhəti ilə əlaqədar tutduğu vəzifənin öhdəsindən gələ bilməməyini, vəzifə borclarını və verilən tapşırıqları vaxtında yerinə yetirə bilməməsini nəzərə alaraq onun xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. - X4 baş zabitlərinin şərəf məhkəməsinin 10 iyul 2021-ci il tarixli, N nömrəli protokolun təsdiq olunmuş surətindən məlum olur ki, N nömrəli hərbi hissə komandirinin birinci müavini-qərargah rəisi polkovnik-leytenant İddiaçı vəzifə borclarını və verilən tapşırıqları vaxtında yerinə yetirməməsini, səhhətindəki problemləri əsas gətirərək müxtəlif bəhanələrlə xidmətdən yayınmasını nəzərə alaraq onun xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. Məhkəmənin sorğusuna müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsi tərəfindən 08 dekabr 2021-ci il tarixli, 1400 nömrəli məktubla ehtiyatda olan polkovnik-leytenant İddiaçı şəxsi işindən çıxarışın təsdiq olunmuş surətləri, həmçinin N nömrəli hərbi hissəsinin komandiri polkovnik Şəhadət İbrahimov tərəfindən 07 yanvar 2022-ci il tarixli, 18 nömrəli məktubla ehtiyatda olan polkovnik-leytenant İddiaçı xəstəliyi ilə əlaqədar Müdafiə Nazirliyinin Baş Klinik Hospitalına göndərilməsi, məzuniyyətə buraxılması və məzuniyyətdən qaytarılması barədə əmrlərin təsdiq olunmuş surətləri məhkəməyə göndərilmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı Müdafiə nazirinin onun barəsində olan 13 iyul 2021-ci il tarixli, 0839 nömrəli əmrinin dəyişdirilərək “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin “j” (öz arzusu ilə) bəndi ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini xahiş etməklə məhkəmədə mübahisələndirmə haqqında iddia qaldırmışdır. Məhkəmə hesab edir ki, sübutetmə yükü qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehin üzərinə düşür. Cavabdeh tərəfindən isə iddiaçının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi ilə ehtiyata buraxılması ilə bağlı qəbul edilmiş inzibati aktın, yəni Müdafiə nazirinin 13 iyul 2021-ci il tarixli, 0839 nömrəli əmrinin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu tam sübuta yetirilir. Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin İİ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir - 40.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müvafiq aktı əsasında ali zabit heyəti həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. - 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. - 41.0.6-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. - 43.1-ci maddəsinə əsasən həqiqi hərbi xidmətdən buraxılmış hərbi qulluqçular (bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla), habelə həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş vətəndaşlar (xəstəliyə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilənlər istisna olmaqla) ehtiyata keçirilirlər. Azərbaycan Respublikasının 03 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: 156-cı maddəsinin “e” bəndinə əsasən xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. 156-cı maddəsinin “j” bəndinə əsasən öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. Məhkəmə cavabdeh orqan tərəfindən gətirilən arqumentləri araşdıraraq hesab edir ki, cavabdeh inzibati orqan İddiaçı "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "e" bəndinə (xidməti uyğunsuzluğa görə) uyğun ehtiyata buraxılmasında haqlı olmuşdur. Belə ki, iş materiallarından aydın olur ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 06 iyul 2020-ci il tarixli əmri ilə N nömrəli hərbi hissənin komandiri təyin olunmuş, 09 iyul 2020-ci il tarixdə isə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması ilə bağlı raportla komandanlığa müraciət etmişdir. İddiaçı N nömrəli hərbi hissədə vəzifə və işlərini qəbul etdikdən sonra raportuna baxılacağı bildirilmişdir. Lakin İddiaçı yeni xidmət yerinə getmək haqqında əmri icra etməkdən açıqcasına imtina etmiş, Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin N oktyabr 2020-ci il tarixli hökmünə əsasən əmri icra etməkdən imtina etdiyinə görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin Məcəllənin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş cəzaya şərti məhkum edilərək 6 (altı) ay sınaq müddəti təyin olunmuşdur. İddiaçı 26 oktyabr 2020-ci il tarixdə işgüzar keyfiyyətləri aşağı olduğuna görə Müdafiə nazirinin müvafiq əmrinə əsasən N nömrəli hərbi hissənin qərargah rəisi vəzifəsinə təyin olunmuşdur. Həmçinin iddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılması ilə bağlı yazdığı raportuna baxılıb-baxılmaması ilə maraqlanmamışdır. Həmçinin iş materiallarından aydın olur ki, iddiaçı xidmət zaman müxtəlif nöqsanlara yol vermiş, verilən tapşırıqların icrasına səhlənkar yanaşmış, bu nöqsanlara görə dəfələrlə intizam qaydasında cəzalandırılmış və barəsində olan cəzalar ona elan olunmuşdur. İddiaçı N nömrəli hərbi hissədə keçirilən komanda-qərargah təlimindən xəstəliyini bəhanə gətirərək yayındığına görə 12 iyun 2021-ci il tarixdə baş zabitlərin şərəf məhkəməsində işinə baxılaraq xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə vəsatət qaldırılmış, lakin Ordu Komandanı gələcək xidmətində dönüş yaratması üçün ona vaxt vermişdir. Lakin iddiaçı xidmətində dönüş yaratmadığından 10 iyul 2021-ci il tarixdə təkrar olaraq işinə baş zabitlərin şərəf məhkəməsində baxılaraq bölmələrdə döyüş və döyüşə hazırlıq sənədlərinin düzgün tərtib edilməsinə, döyüş növbətçiliyinin təşkilinə və aparılmasına, döyüş hesabatına uyğun fəaliyyətlərinin öyrənilməsinə nəzarət etmədiyinə və özünü vəzifəsinin icrasından kənarlaşdırdığına görə xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə vəsatət qaldırılmış, Müdafiə nazirinin 13 iyul 2021-ci il tarixli, 0839 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) uyğun olaraq ehtiyata buraxılmışdır. Məhkəmə yuxarıda sadalanan hallara qiymət verərək belə qənaətə gəlir ki, iddiaçının Müdafiə nazirinin 13 iyul 2021-ci il tarixli, 0839 nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) uyğun olaraq ehtiyata buraxılması əsaslı olduğundan Müdafiə nazirinin onun barəsində olan 13 iyul 2021-ci il tarixli, 0839 nömrəli əmrinin dəyişdirilərək “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin “j” (öz arzusu ilə) bəndi ilə əvəz edilməsi üçün zəruri şərtlər müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müdafiə nazirinin onun barəsində olan 13 iyul 2021-ci il tarixli, 0839 nömrəli əmrinin dəyişdirilərək “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin “j” (öz arzusu ilə) bəndi ilə əvəz edilməsi tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müdafiə nazirinin onun barəsində olan 13 iyul 2021-ci il tarixli, 0839 nömrəli əmrinin dəyişdirilərək “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinin “j” (öz arzusu ilə) bəndi ilə əvəz edilməsi tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələblərinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: SƏXAVƏT NOVRUZOV
Məhkəmə qərarları › İş №2-1(122)-5/2022
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-5/2022
25.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver