Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-5/2024 27.02.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X7 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “ona 1984-cü ildən-1992-ci illərədək, 1998-ci ildən-2000-ci illərədək Naxçıvan Tikinti Materialları Kombinatında elektrik qaynaqçısı vəzifəsində işlədiyi dövrlər, ümumilikdə 10 illik əmək stajı hesablanmaqla, 25 ildən artıq olan iş stajını tətbiq etməklə bu hüququnun yarandığı gündən pensiya hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci il tarixində Babək rayonu Məzrə kəndində anadan olmuş, 1980-ci ildən-2022-ci ilədək müxtəlif yerlərdə, müxtəlif vəzifələrdə işləmişdir. xx.xx.1980-ci ildən-xx.xx.1982-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1983-cü ildən-xx.xx.1983-cü ilədək Naxçıvan Tikinti Materialları Kombinatında işləmiş, xx.xx.1984-ci ildən-xx.xx.2004-cü ilədək Naxçıvan Tikinti Materialları Kombinatında müxtəlif dərəcəli elektrik qaynaqçı vəzifəsində, xx.xx.2011-ci ildən-xx.xx.2013-cü il tarixinədək Naxçıvan şəhər Abadlıq və Tikinti Qurqaşdırma İdarəsində İİİ dərəcəli fəhlə, xx.xx.2013-cü ildən-xx.xx.2021-ci ilədək Naxçıvan şəhər Abadlıq və Tikinti Quraşdırma İdarəsində qaynaqçı vəzifəsində, xx.xx.2021-ci il tarixindənxx.xx.2022-ci il tarixinədək isə Naxçıvan MR Dövlət Şəhər və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsində İV dərəcəli qaynaqçı vəzifəsində işləmişdir. Hazırda 62 yaşı var və pensiyaya çıxmaq üçün “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon şöbəsinə müraciət etmişdir. “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon idarəsi müraciətinə uyğun olaraq 06 yanvar 2023-cü il tarixli, 02 nömrəli əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında qərar qəbul edərək ona göndərmişdir. Həmin qərara görə təqdim olunan sənədlərə əsasən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması ilə bağlı müraciətə baxılmış və güzəştli şərtlərlə iş stajının 15 il 8 ay olduğu təsdiq olunmuş, lakin tələb olunan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin şərtləri daxilində tələb olunan 25 il sığorta stajı olmadığı üçün güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. O, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon İdarəsinin 06 yanvar 2023-cü il tarixli, 02 nömrəli qərarı ilə razılaşmır. Qeyd edir ki, “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək rayon İdarəsinin arxiv arayışlarında onun təxminən 10 ilə yaxın iş stajlarının tapılmamasını əsas tutaraq hüququnu pozması heç cür anlaşılan deyildir. İddiaçı göstərilənlərə əsasən ona 1984-cü ildən-1992-ci illərədək, 1998ci ildən 2000-ci illərədək Naxçıvan Tikinti Materialları Kombinatında elektrik qaynaqçısı vəzifəsində işlədiyi dövrlər, ümumilikdə 10 illik əmək stajı hesablanmaqla, 25 ildən artıq olan iş stajını tətbiq etməklə bu hüququnun yarandığı gündən pensiya hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə qərar qəbul etmək öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 25 oktyabr 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə 25 oktyabr 2023-cü il tarixli ərizə təqdim edərək Naxçıvan MR İnzibati Məhkəməsinin icraatında olan 2-1(122)-106/2023 saylı iş üzrə cavabdeh inzibati orqanın da tabe olduğu Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təsdiq edilmiş Naxçıvan MR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DSMF-nin Nizamnaməsinə uyğun olaraq, cavabdeh Naxçıvan MR DSMF publik hüquqi şəxsin Babək Rayon İdarəsinin artıq səlahiyyətli olmadığını, bu səbəbdən onun hazırkı işdə cavabdeh qismində iştirakının istisna olunduğu, ona görə iş üzrə cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinin Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilməsinə etiraz etmədiyini bildirib, eyni zamanda iddia tələbinə “ona 1984-cü ildən-1992-ci illərədək, 1998-ci ildən- 2000-ci illərədək Naxçıvan Tikinti Materialları Kombinatında elektrik qaynaqçısı vəzifəsində işlədiyi dövrlər, ümumilikdə 10 illik əmək stajı hesablanmaqla, 25 ildən artıq olan iş stajını tətbiq etməklə bu hüququnun yarandığı gündən pensiya hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” kimi baxılaraq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 25 oktyabr 2023-cü il tarixli, 2-1(122)-106/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Ordubad Rayon İdarəsinə qarşı iddia tələbinə dair hazırki inzibati iş üzrə cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinə qarşı iddia tələbinə dair hazırki inzibati iş üzrə cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsi əsl cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu ilə əvəz edilmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsi iddiaya dair məhkəməyə ünvanlanan 08 fevral 2023-cü il tarixli, 03/57 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, Fondun Babək Rayon İdarəsinin pensiya təyin edən komissiyasının 06 yanvar 2023-cü il tarixli, 02 nömrəli qərarı ilə iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının güzəştli şərtlərlə xüsusi iş stajının 15 il 8 ay olsa da, ümumi iş stajının 25 ildən az olması göstərilmişdir. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək rayon İdarəsinin 30 sentyabr 2021-ci il tarixli, 340 nömrəli arayışına əsasən İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək (2 il 19 gün) SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçı təqdim etdiyi 13 iyul 1983-cü il tarixli, ИT-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən o, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək (4 ay 10 gün) Naxçıvan Tikinti Materialları Kombinatın kərpic sexində mühafizəçi, xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək (2 il 2 ay) həmin kombinatda İİİ dərəcəli elektrik qaynaqçısı, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək (1 il 7 ay 17 gün) Naxçıvan Aqrotikinti idarəsində qaynaqçı, xx.xx.1989-cu il tarixdən xx.xx.2004-cü il tarixədək (14 il 4 ay 13 gün) Naxçıvan Təsərrüfatlararası 1 nömrəli Tikinti Trestinin ixtisaslaşdırılmış mexaniki səyyar dəstəsində qaynaqçı vəzifələrində işləmişdir. Beləliklə iddiaçının xx.xx.2006-cı il tarixədək hərbi xidmət illəri də daxil olmaqla ümümi iş stajı 20 il 4 ay 4 gün, xüsusi iş stajı isə 17 il 11 ay 5 gün müəyyən olunmuşdur. Lakin arxiv arayışlarına əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək 20 il 4 ay 4 gün ümumi iş stajı 8 il 5 ay 15 gündən azalaraq 11 il 10 ay 19 gün, xüsusi iş stajı 17 il 11 ay 5 gündən 8 il 1 ay 5 gün azalaraq, 9 il 10 ay müəyən olunmuşdur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 3 nömrəli əmrindən çıxarışa əsasən İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək (5 ay 29 gün) həmin cəmiyyətdə qaynaqçı vəzifəsində işləmişdir. Əmək kitabçasının surətində qeyd olunmuş məlumatlara əsasən iddiaçı xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək (2 il 5 ay) Naxçıvan Muxrtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər İdarəsində fəhlə, xx.xx.2013-cü il tarixdən xx.xx.2021-ci il tarixədək (7 il 3 ay) və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (1 il 4 ay) qaynaqçı vəzifəsində işləmişdir. Nəticədə iddiaçının xx.xx.2006-cı il tarixdən sonra 11 il 6 ay 5 gün ümumi, 9 il 1 ay 5 gün xüsusi iş stajı olmuşdur. Lakin X2 (MİS) olan məlumatlara asasan iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2022-ci il tarixədək ümümi iş stajı 11 il 6 ay 5 gündən 3 il 11 ay 5 gün azalaraq 7 il 7 ay , xüsusi iş stajı isə 9 il 1 ay 5 gündən 3 il 3 ay 5 gün azalaraq 5 il 10 ay müəyyən olunmuşdur. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 27 dekabr 2022-ci il tarixli, 13/1699 nömrəli arayışda iddiaçının 1983-cü ildə Naxçıvan Tikinti Materialları X1 1 nömrəli tikinti trestinin kolxozlararası tikinti idarəsinin sənədlərində adına rast gəlinmədiyi, əmr kitabları 1989-cu ildən, əməkhaqqı kitabları isə 1990-cı ildən başladığına görə işləməsi barədə məlumat vermək mümkün olmadığı göstərilmişdir. Eyni tarixli, eyni nömrəli digər arxiv arayışında İddiaçı Naxçıvan Tikinti Kombinatında 1992-ci il tarixindən 1998-ci ilin aprel ayınadək əmək haqqı alması göstərilsədə, arayışın qeyd hissəsində 1996-1997-ci illərə dair əmək haqqı cədvəllərində onun adina rast gəlinmədiyi, 1999-cu ildən yuxarı illərə dair isə əmək haqqı cədvəlləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyi göstərilmişdir. Beləliklə iddiaçının tələb olunan 25 il sığorta stajının olmadığına görə (19 il 5 ay 19 gün) və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum məbləğinə çatmadığından (34560 manata qarşı 2096633) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina olunmuş, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 27 fevral 2024-cü il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinin əmək pensiyası təyin edilməsindən imtina olunması haqqında 06 yanvar 2023-cü il tarixli, 02 nömrəli qərarından məlum olur ki, tələb olunan pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi və ya "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 7ci maddəsinin şərtləri daxilində tələb olunan 25 il sığorta stajı olmadığı üçün güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş 01 iyun 2006-cı il tarixli, 13.21 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı 01 iyun 2006-cı il tarixdən "xxxx" MMC-də əmək müqaviləsi əsasında qaynaqçı peşəsi üzrə işə qəbul edilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş 30 noyabr 2006-cı il tarixli, 41.2 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı qaz tikinti quraşdırma işlərinin dayandırılması ilə əlaqədar olaraq həmin tarixdən 30 noyabr 2006-cı il tarixdən işdən azad olunaraq, əmək müqaviləsinə xitam verilmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Babək rayon idarəsi tərəfindən verilmiş 30 sentyabr 2021-ci il tarixli, 340 nömrəli arayışdan görünür ki, istefada olan əsgər 1961-ci il təvəllüdlü İddiaçı 17 noyabr 1980-ci il tarixdən 06 dekabr 1982-ci il tarixədək müddətli həqiqi hərbi xidmətdə olmuşdur. - Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər Abadlıq və Təmir Tikinti idarəsi tərəfindən verilmiş 22 iyun 2022-ci il tarixli, 254 nömrəli arayışdan məlum olur ki, İddiaçı xx.xx.2011-ci il tarixdən 14 saylı əmrə əsasən Naxçıvan MR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan şəhər Abadlıq və Təmir Tikinti idarəsində İİİ dərəcəli işçi vəzifəsin təyin olunmuş, xx.xx.2013-cü il tarixdən 109a nömrəli əmrə əsasən qaynaqçı vəzifəsində çalışır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 13/517 nömrəli və xx.xx.2022-ci il tarixli, 13/1699 nömrəli arayışlarda İddiaçı Naxçıvan Tikinti Materialları Kombinatında xx.xx.1984-cü il tarixli, 29 №-li əmrlə İİİ dərəcəli çilingər qəbul edilməsi, xx.xx.1986-cı il tarixli, 51k №-li əmrlə işdən azad edilməsi, xx.xx.1987-ci il tarixli, 138/k №-li əmrlə qəbul edilməsi, xx.xx.1988-ci il tarixli, 112/k №-li əmrlə işdən azad edilməsi və "Dostluq“ kooperativinə köçürülməsi əmr kitablarında göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 13/517 nömrəli və xx.xx.2022-ci il tarixli, 13/1699 nömrəli arayışlarda İddiaçı Naxçıvan Tikinti Materialları Kombinatında işlədiyi və 1992-1998-ci illər ərzində aylar üzrə aldığı əməkhaqqı məbləğlərini əks etdirən cədvəl göstərilmişdir. Arayışın qeyd hissəsində Naxçıvan Tikinti Materialları Kombinatının 1996-1997-ci illərə dair əmək haqqı cədvəllərində adına rast gəlinmədiyi, 1999-cu ildən yuxarı illərə dair əmək haqqı cədvəllərinin Naxçıvan MR Dövlət Arxivinə təhvil verilmədiyi göstərilmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 13/1699 nömrəli arayışda Naxçıvan 1 №-li tikinti trestinin kolxozlararası tikinti idarəsində İddiaçı adına rast gəlinmədiyi, Naxçıvan Təsərrüfatlararası 1 №-li Tikinti trestinin ixtisaslaşdırılmış mexaniki səyyar dəstəsinin əmr kitabları 1989, əmək haqqı kitabları isə 1990-cı ildən başladığına görə işləməsi barədə məlumat verməyin mümkün olmadığı qeyd olunmuşdur. - Babək Rayon İcra Hakimiyyətinin Məzrə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 16 yanvar 2023-cü il tarixli, 01/113 nömrəli arayışdan görünür ki, İddiaçı Babək rayon Məzrə kəndində yaşayır və pasport qeydiyyatında durur. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı xx xxxxxxxx 1961-ci il tarixdə doğulmuşdur. -"Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 03 mart 2023-cü il tarixli, 03/91 nömrəli məktubdan məlum olur ki, xx xxxxxxxx 1961-ci il tarixdə anadan olmuş, Babək rayon, Məzrə kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsi barədə 28 dekabr 2022-ci il tarixli ərizə ilə “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Babək Rayon idarəsinə müraciət etmişdir. İddiaçı təqdim etdiyi əmək kitabçasındakı qeydlərə əsasən onun ümumi iş stajı 31 il 10 ay 09 gün, xüsusi iş stajı 27 il 10 gün təşkil etmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinin 07 aprel 2023-cü il tarixli, 02/182 nömrəli məktubu ilə məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş arxiv arayışından aydın olur ki, İddiaçı xx.xx.1984-cü il tarixli, 29 №-li əmrlə Naxçıvan Tikinti Materialları kombinatına İİİ dərəcəli “svarşik” (qaynaqçı) vəzifəsinə qəbul edilməsi, xx.xx.1986-cı il tarixli, 51k №-li əmrlə işdən azad edilməsi, xx.xx.1987-ci il tarixli, 138k №-li əmrlə İİ dərəcəli “betonçu” vəzifəsinə qəbul edilməsi, xx.xx.1988-ci il tarixli, 112k №-li əmrə əsasən adları göstərilən siyahıda fəhlə və qulluqçuların xx.xx.1988-ci il tarixdən tutduqları vəzifələrindən azad olunaraq “Dostluq” Tikinti Materialları İstehsalı kooperativinin sərəncamına göndərilmələri, həmin siyahıda vətəndaşın adının olması və İV dərəcəli “armaturçu” vəzifəsində çalışması, xx.xx.1989-cu il tarixli, 03k №-li əmrlə xx.xx.1989-cu il tarixli əmrə əsasən “Dostluq” Tikinti Materialları İstehsalı kooperativi ləğv olunduğu üçün adları göstərilən fəhlə və qulluqçuların TMİ kombinatının sərəncamına verilməsi göstərilmişdir. Naxçıvan Tikinti Materialları kombinatının TMİ-kombinatı üzrə xx.xx.1990-cı il tarixli, 31 №-li əmrinə əsasən xx.xx.1989-cu il tarixdən xx.xx.1990-cı il tarixədək növbəti əmək məzuniyyətinə buraxılması, xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilədək işdə hesab olunması və vəzifəsinin “qaynaqçı” olaraq göstərilməsi, xx.xx.1994-cü il tarixli, 48 №-li əmrlə Dəmir-beton sexinin qaynaqçısı olaraq 1991-1992-ci illərdə əmək məzuniyyətinə buraxılması, xx.xx.1994-cü ildən xx.xx.1994-cü il tarixədək işdə hesab olunması, xx.xx.1995-ci il tarixli, 23 №-li əmrlə mükafat alması əmr kitablarında göstərilmişdir. 1996- 1998-ci illərə dair əmr kitablarında əmək məzuniyyətinə buraxılması və işdən azad olunması haqqında hər hansı bir məlumata rast gəlinməmişdir. 1998-ci ildən yuxarı illərə dair əmr kitabları Naxçıvan MR Dövlət Arxivinə təhvil verilməmişdir. Məktuba həmçinin İddiaçı Naxçıvan Tikinti Materialları Kombinatında işlədiyi və 1992-1998-ci illər ərzində aylar üzrə aldığı əməkhaqqı məbləğlərini əks etdirən cədvəl göstərilən arayış əlavə edilmişdir. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 25 may 2023-cü il tarixli, 02/476 nömrəli arayışdan aydın olur ki, Naxçıvan Tikinti Materialları Kombinatı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan Şəhər İdarəsində sığorta ödəyicisi kimi qeydiyyatda olmamışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 10 may 2023-cü il tarixli, 02/4248 nömrəli məktubdan görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində 2 nömrəli Tikinti Quraşdırma İdarəsinə aid əmrlər 1997-ci ildən, əməkhaqqı cədvəlləri 1999-cu ildən başlayaraq mühafizə edildiyindən, İddiaçı xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək işləməsi haqqında Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində hər hansı məlumat mövcud deyildir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 21 iyun 2023-cü il tarixli, 02/336 nömrəli məktubdan məlum olur ki, SMU2-nin sənəd materialları Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinə təhvil verilmədiyindən İddiaçı 14 aprel 1986-cı il tarixdən 31 avqust 1987-ci il tarixədək işləməsi haqqında hər hansı bir məlumat mövcud deyil. Məktuba həmçinin İddiaçı işləməsi və əməkhaqqı alması barədə arxiv arayışlarını, əmrlərin təsdiq edilmiş surətləri əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 28 sentyabr 2023-cü il tarixli, **********21900 nömrəli məktubdan aydın olur ki, Naxçıvan Tikinti Materialları Kombinatı Naxçıvan MR Dövlət Vergi Xidmətində hüquqi şəxs kimi qeydiyyatdan keçməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. - 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2 və 21.2.1-ci maddələrinə əsasən bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti sığortaolunanın sığorta stajına daxil edilir. - 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuşdur): - 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə”1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaların: - 3.2-ci bəndinə əsasən işəgötürənlər tərəfindən əmək kitabçasında qeydlər işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə), uyğun aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə” yə görə:
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı işdə iddiaçının əsas hüquqi marağı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən əmək şəraiti xüsusilə zərərli və ağır işlərdə işlədiyi əmək stajını nəzərə almaqla, bu hüququnun yarandığı gündən ona yaşa görə əmək pensiyasının təyin olunmasıdır. Cavabdeh iddiaçı tərəfindən ümumi və xüsusi iş stajının toplanılmasını qəbul edir. lakin müvafiq illərin arxiv arayışları ilə təsdiqini tapmaması, X2 (MİS) müvafiq məlumatların olmaması və güzəştli şərtlərlə işləməsinə dair iş yerindən arayışın fonda təqdin olunmaması əsası ilə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edir. İddiaçı hazırkı iş üzrə "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Babək Rayon İdarəsinin 02 nömrəli, 06 yanvar 2023-cü il tarixli “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” qərarına münasibətdə bildirir ki, 06 yanvar 2023-cü il tarixli qərar həmin qərarın qəbul olunduğu zaman kəsiyində iddiaçını hər hansı hüququndan məhrum etmədiyi və ya onun hüququnu məhdudlaşdırmadığı, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan akt olmadığı üçün əlverişsiz inzibati akt sayılmır və həmin akt inzibati akt hesab olunmadığından müstəqil qaydada mübahisələndirilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, həmin qərarın qanuniliyinə qiymət verilməsinə zərurət yoxdur. Məhkəməyə təqdim olunan “əmək pensiyaçısının sığorta stajı barədə məlumat cədvəli” əmək kitabçası ilə əlaqəli şəkildə tədqiq edilərkən (xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti barədə məlumat qrafası) iddiaçının hərbi xidmət dövrü də daxil olmaqla 20 il, 04 ay, 04 gün ümumi iş stajının olduğu cavabdeh tərəfindən müəyyən olunmuşdur. Lakin cavabdeh tərəfindən əmək kitabçasında qeyd olunan xx.xx.1987-ci il tarixdən xx.xx.1988ci il tarixədək iddiaçının iş stajı nəzərə alınmamış və onun sonuncu iş yeri olan Naxçıvan MR Arxitektura Komitəsindən “4-cü dərəcəli qaynaqçı” vəzifəsindən işdən azad olunduğu tarix 01 sentyabr 2022-ci il göstərildiyi halda, qeyd olunan cədvəldə həmin tarix 01 iyul 2022-ci il, yəni 02 ay az göstərilərək iddiaçının ümumi iş stajından cəmi 01 il, 01 ay, 12 gün azaldılmışdır. Həmin dövrlər nəzərə alındıqda iddiaçının xx.xx.2006-cı il tarixədək 21 il, 03 ay, 16 gün iş stajı vardır. İddiaçının 2006-cı ildən sonrakı dövrə aid əmək fəaliyyəti nəzərə alındıqda onun 11 il, 08 ay 05 gün iş stajının olduğu müəyyən olunur. Ümumilikdə əmək kitabçası üzrə iddiaçının 32 il 11 ay 21 gün ümumi iş stajı vardır. İddiaçının 2006-cı il yanvar ayının 01-dək xüsusi iş stajı 17 il, 11 ay, 05 gün, 2006-cı ildən sonrakı dövrlər üzrə onun xüsusi iş stajı 09 il 03 ay 05 gün təşkil edir. Bununla da iddiaçının 27 il, 02 ay 10 gün xüsusi iş stajı vardır. Qeyd edilməlidir ki, iddiaçının göstərilən illər üzrə işlədiyi qaynaqçı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısının XXXİİİ. Ümumi peşələr bölməsinin 23200000-19906-kod altında göstərilən peşəyə uyğundur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs qanunun 7-ci maddəsində nəzərdə tutulan müvafiq yaşa çatmalı, 25 il sığorta stajı olmalı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmalıdır. İş üzrə müəyyən edilmiş hallarından görünür ki, əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. İddiaçı işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq, hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Bununla bağlı məhkəmə qeyd etməyi vacib sayır ki, İddiaçı Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə 13 may 2022-ci il tarixli, 530 nömrəli Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 29 iyun 2022ci il tarixdən pensiya təyin olunmalıdır. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən iddiaçının ümumi və xüsusi iş stajına malik olmaması ilə əlaqədar məhkəmə cavabdehin dəlilləri ilə razılaşmayaraq, formalaşmış məhkəmə təcrübəsinə əsaslanaraq bildirir ki, əmək haqqı cədvəllərinin dövlət arxivinə təhvil verilməməsi iddiaçının hərəkət və hərəkətsizliyinin nəticəsi ilə əlaqədar olmadığından həmin illərlə bağlı təhvil verilməyən əmr kitabları və əmək haqqı cədvəllərinə görə iddiaçının stajının hesablanmaması onun hüququnun əsassız olaraq pozulması ilə nəticələnir. Həmçinin məhkəmə qeyd edir ki, mübahisəyə dair işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, iddiaçının mübahisələndirilən dövrlərdəki əmək fəaliyyəti əmək kitabçası, arayışlar və əmr kitablarından çıxarışlarla təsdiq olunur. İddiaçının əmək kitabçasında bununla bağlı aparılmış qeydlərin mötəbərliyini şübhə altına alan hər hansı bir dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim olunmamış və həmin qeydlərin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmişdir. Məhkəmə icraatının gedişində də belə hallar müəyyən edilməmişdir. Odur ki, məhkəmə iddiaçının əmək kitabçasını mötəbər sübut kimi qiymətləndirir. Diqqətə alınmalıdır ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Həmçinin inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır. Beləliklə, işin faktiki hallarına və istinad olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddiası təmin edilməli, bu qərarda göstərilənlər nəzərə alınmaqla hüququnun yarandığı vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
q ə r a r a a l d ı:
İddia təmin edilsin. İddiaçı 1984-cü ildən-1992-ci illərədək, 1998-ci ildən-2000-ci illərədək Naxçıvan Tikinti Materialları Kombinatında elektrik qaynaqçısı vəzifəsində işlədiyi dövrlər, ümumilikdə 10 illik əmək stajı hesablanmaqla, 25 ildən artıq olan iş stajını tətbiq etməklə bu hüququnun yarandığı gündən pensiya hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Elnur Hüseynov