Məhkəmə qərarları › İş №2-1(122)-50/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-50/2023

20.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-50/2023 20.02.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinə qarşı “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin əmək pensiyası təyin edən komissiyasının 12 sentyabr 2022-ci il tarixli, 22 nömrəli qərarının ləğv edilməsi tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 04 yanvar N-cü il tarixdən 13 avqust N7-ci il tarixə qədər N nömrəli hərbi hissədə ocaqçı-operator işləməsinin iş stajının müəyyən olunması və həmin illərin sosial sığorta stajına hesablanması və ləğv edilmiş əmək pensiyasının bərpa olunması öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, N5-N7-ci illərdə N nömrəli hərbi hissədə ocaqçı operatoru işləmişdir. Həmin əmr əmək kitabçasında qeyd edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən N nömrəli hərbi hissənin N5-N7-ci illərin maliyyə sənədləri X4 Arxivinə təhvil verilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən İddiaçı N nömrəli hərbi hissə komandirinin 04.01. N-cü il tarixli, 4 nömrəli əmri ilə ocaqçı-operator vəzifəsinə təyin edildiyi, xx.xx.N7-ci il tarixli, 180 nömrəli əmri ilə tutduğu vəzifədən azad edildiyi və arxivdə saxlanılan maliyyə sənədlərində onun haqqında məlumat olmadığı qeyd edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə “Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinə ərizə ilə müraciət etmişdir. Ərizəsinə cavab olaraq bildirilmişdir ki, xx.xx.2016-cı il tarixdə 18626 nömrəli qərara əsasən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 31.2-1-ci maddələrinə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Pensiya təyinatı "əmək kitabçası" əsasında aparılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2022-ci il tarixli, 7640 nömrəli məktubuna əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli, 4 nömrəli əmri ilə ocaqçıoperator vəzifəsinə təyin edilmiş, xx.xx.N7-ci il tarixli, 180 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilmişdir, lakin əmək haqqı alması haqqında məlumat yoxdur. Nəticədə onun sığorta stajı 25 il 00 aydan 3 il 7 ay azalaraq 21 il 5 aya düşmüşdür. Onun tələb olunan ümumi iş stajı olmadığı üçün əmək pensiyası ləğv edilmişdir. İddiaçı qeyd edir ki, əmək haqqı cədvəllərinin arxivdə olmaması onun təqsiri deyil və iş stajını əmrlər və əmək kitabçası bir daha təsdiq edir. İddiaçı yuxarıda göstərilənlərə əsasən məhkəmədən 04 yanvar N-cü il tarixdən 13 avqust N7-ci il tarixə qədər N nömrəli hərbi hissədə ocaqçı-operator işləməsinin iş stajının müyyən olunması və həmin illərin sosial sığorta stajına hesablanması və ləğv edilmiş əmək pensiyasının bərpa olunması öhdəliyinin cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsi iddiaya qarşı 22 dekabr 2022-ci il tarixli, 02/1800 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxx 1958-ci il tarixdə Naxçıvan Muxtar Respublikası İliç rayonu, Şaxtaxtı kəndində anadan olmuş, Babək rayonu, Qaraçuq kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 30 dekabr 2016-cı il tarixli, 18626 nömrəli qərarına əsasən 14 noyabr 2016-cı il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə 166,08 manat məbləğində əmək pensiyası təyin edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə pensiya təyinatı dispozisiya şərtləri əsasında aparılmalıdır. Bu normaya görə o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki, həmin şəxslər Qanunla müəyyən edilmiş pensiya yaşına çatmış olsunlar, 25 il sığorta stajına malik olsunlar, bu müddətin azı 12 il 6 ayını istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısında göstərilən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləmiş olsunlar. İddiaçı tərəfindən təqdim edilmiş İT-1 seriyalı, ******* nömrəli 10 fevral 1977-ci il tarixli əmək kitabçasının surətində olan məlumatlarda onun, xx.xx.1976-cı il tarixdən xx.xx.1977ci il tarixədək (5 ay 7 gün) Naxçıvan MSD-9-da İİ dərəcəli fəhlə, xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Azərbaycan dəmir yolları MCU-3-də bənna işlədiyi qeyd edilmişdir. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər İdarəsinin xx.xx.2016-cı il tarixli, 254 nömrəli arayışından aydın olur ki, İddiaçı xx.xx.1977-ci ildən xx.xx.1979-cu il tarixədək (2 il 6 gün) keçmiş Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Bundan sonra iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək (2 ay 12 gün) yükləmə-boşaltma Naxçıvan istehsalat sahəsində inşaatçı, xx.xx.1980-ci il tarixdən xx.xx.N3-cü il tarixədək (13 il 1 ay 18 gün) Naxçıvan şüşə-qablar zavodunda çilingər, xx.xx.N5-ci il tarixdən xx.xx.N7-ci il tarixədək N nömrəli hərbi hissədə ocaqçı-operator vəzifələrində işləmişdir. Naxçıvan Dövlət Sosial X11 şəhər şöbəsi tərəfindən iddiaçıya verilən 12 dekabr 2016-cı il tarixli "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"nın 4 nömrəli arayışa əsasən onun xx.xx.2008-ci il tarixdən pensiya hüququnun yarandığı xx.xx.2016-cı il tarixədək 5 il 10 ay sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində 1789,07 manat məbləğində pensiya kapitalı vardır. Beləliklə, İddiaçı əmək kitabçasında olan qeydlərə və Naxçıvan Dövlət Sosial X7 şəhər şöbəsi tərəfindən iddiaçıya verilən 4 nömrəli arayışa əsasən, onun 25 il 14 gün ümumi, 13 il 1 ay 18 gün xüsusi (X13 zavodu-çilingər) iş stajı vardır. Lakin xx.xx.N5-ci il tarixdən xx.xx.N7-ci il tarixədək N nömrəli hərbi hissədə ocaqçı-operator vəzifələrində işlədiyi dövrlər mübahisəlidir. Belə ki, Fondun Naxçıvan Şəhər İdarəsi tərəfindən daxili nəzarət qaydasında öz təşəbbüsü ilə aparılan araşdırma zamanı məlum olmuşdur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissəsinin xx.xx.2022-ci il tarixli, 4739 nömrəli məktubunda N nömrəli hərbi hissənin N5-N7-ci illərin maliyyə sənədlərinin X4 Arxivinə təhvil verilmədiyi göstərilmişdir. Həmin hərbi hissəsinin xx.xx.2022-ci il tarixli, 7640 nömrəli məktubunda İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli, 4 nömrəli əmri ilə ocaqçı-operator vəzifəsinə təyin edilməsi, xx.xx.N7-ci il tarixli, 180 nömrəli əmr ilə tutduğu vəzifədən azad edilməsi, lakin arxivdə saxlanılan maliyyə sənədlərində onun haqqında məlumatın olmadığı göstərilmişdir. Beləliklə, qeyd edilən illər üzrə iddiaçı əməkhaqqı almadığı və müvafiq sığorta haqlarını ödəmədiyi üçün həmin illər iddiaçı üçün iş stajı kimi nəzərə alına bilməz. Nəticədə iddiaçının tələb olunan ümumi iş stajı 25 ildən 2 il 7 ay azalaraq, 22 il 5 ay müəyyən olunduğu üçün onun pensiya işi Fondun Şəhər İdarəsi tərəfindən ləğv edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Beləliklə, qanunvericiliyə əsasən şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir. Qeyd edilməlidir ki, N2-ci ilin yanvarın 1-dən 2006-cı il yanvarın 1-dək sığorta stajının hesablanmasında qanunvericiliklə müəyyən edilmiş qaydada başlıca tələb məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi hesab olunduğundan, həmin dövrlər əmək kitabçasında qeyd olunmaqla bərabər, eyni zamanda, əməkhaqqı alınması haqqında arxiv arayışları ilə də təsdiq olunmalıdır. Ona görə ki, məcburi dövlət sosial sığorta haqqı, şəxslərin almış olduqları əməkhaqqı əsasında ödənilir, yəni əməkhaqqı alınmamış dövr məcburi dövlət sosial sığorta haqqı ödənilməmiş dövr hesab olunur və əmək pensiyası təyinatı zamanı həmin dövrlər sığorta stajına daxil edilmir. Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinə dair qanunvericilik normalarından asılı olaraq sığortaolunanların sığorta stajlarını üç dövrə bölmək mümkündür: əmək haqqına və digər gəlirlərə görə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin tətbiq edilmədiyi 01 yanvar N2-ci ilə olan dövr: əmək haqqına və digər gəlirlərə görə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin tətbiq edildiyi 01 yanvar N2-ci ildən 01 yanvar 2006-cı ilə olan dövr: əmək haqqına və digər gəlirlərə görə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin tətbiq edildiyi və həmin ödənişlərin sığortaolunanların fərdi uçot sistemində əks olunduğu 01 yanvar 2006-cı ildən sonrakı dövr. İkinci dövr üzrə sığorta stajının hesablanmasında başlıca tələb qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi sayılır. "Məcburi dövlət sosial sığorta ödəmələri üzrə borcların tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, bir sıra hallarda ödənilməmiş məcburi dövlət sosial sığorta haqları dövlət tərəfindən silinmişdir. Məcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsi həmin haqların ödənilməsini ifadə edir. Lakin əmək haqqının ödənilmədiyi aylar işçinin həmin dövrdə sosial sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərir. Buna görə də məcburi dövlət sosial sığorta ödəmələri üzrə borcların silinməsi əmək haqqının almadığı ayların sığorta stajına daxil olunmasına səbəb olmur və pensiya təyinatı zamanı həmin aylar sığorta stajına daxil edilməməlidir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinə qarşı qaldırdığı iddia əsassız olduğundan iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli, 2- 1(122)-50/2023 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin əmək pensiyası təyin edən komissiyasının 12 sentyabr 2022-ci il tarixli, 22 nömrəli qərarının ləğv edilməsi” tələbi kimi icraata qəbul edilmiş və cavabdehin ünvanına yenidən sərəncam göndərilərək iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin yeni iddia tələbinə qarşı əvvəlki yazılı münasibət ilə eyni məzmunlu yazılı münasibəti 25 yanvar 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. 25 yanvar 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında şahid qismində ifadə verən X3 istefada olan baş gizir olduğunu, N2-ci ildə N nömrəli hərbi hissədə ərzaq və əşya anbarı rəisi vəzifəsinə təyin edildiyini, həmin hərbi hissədə ocaqxana olduğunu, N-cü ildə hərbi hissəyə Elbrus İsmayılov komandir təyin edildikdən sonra onun ocaqxananı yenidən bərpa etdiyini, İddiaçı həmin ocaqxanada işlədiyini, onu orada gördüyünü, özünün işinin ocaqxana ilə əlaqəli olduğunu, Yeməkxananın qazanlarının ocaqxanada buxara verildiyini, N8-ci ilədək N nömrəli hərbi hissədə işləyən müddətdə Rövşənin həmin hərbi hissədə işlədiyinin şahidi olduğunu, hər ay əməkhaqqı aldıqlarını bildirmişdir. 25 yanvar 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasında şahid qismində ifadə verən X8 N3-N7-ci illərdə N nömrəli hərbi hissədə qərargah rəisi vəzifəsində işlədiyini, İddiaçı N nömrəli hərbi hissənin ocaqxanasında ocaqçı vəzifəsində işlədiyini, hərbi hissənin mülki işçiləri də daxil olmaqla bütün şəxsi heyətinin əmrlərini özünün verdiyini, ocaqçı kimi Rövşənin barəsində olan bütün əmrləri də özünün verdiyini, N7-ci ildə N nömrəli hərbi hissənin qərargah rəisi təyin edildiyini, N7-ci ilədək Rövşənin N nömrəli hərbi hissədə işlədiyinin şahidi olduğunu, Rövşən də daxil olmaqla bütün şəxsi heyətin hər ay əməkhaqqı aldıqlarını, əməkhaqqı cədvəllərinə özünün möhür vurduğunu, əsasnaməyə əsasən hərbi hissənin mülki işçilərinin əməkhaqqı cədvəllərinin hər 3 ildən bir məhv edildiyini bildirmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 25 yanvar 2023cü il tarixli, 2-1(122)-50/2023 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 20 fevral 2023-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin nümayəndəsi X5 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı iş materiallarına cavabdehin imtina məktubunu, arayışı, əmək kitabçasının və şəxsiyyət vəsiqələrinin təsdiq edilmiş surətlərini, müvafiq məktubları əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-nin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mübahisələndirmə haqqında iddia növü üzrə ilkin zəruri mümkünlük şərti olan iddia müddəti məsələsinə münasibətdə isə qeyd edilməlidir ki, mübahisələndirilən qərar 12 sentyabr 2022-ci il tarixdə qəbul edilməsinə baxmayaraq, İddiaçı məhkəmə gedişində, yəni 26 dekabr 2022-ci il tarixdə təqdim edilmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş iddia müddəti tələbinə əməl edilmişdir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan: - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanan 01 dekabr 2022-ci il tarixli, 02/1683 nömrəli məktubdan görünür ki, xx.xx.2016-cı il tarixdə 18626 nömrəli qərara əsasən, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu və 31.2-1-ci maddələrinə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Pensiya təyinatı "əmək kitabçası" əsasında aparılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin xx.xx.2022-ci il tarixli, 7640 nömrəli məktubuna əsasən N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli, 4 nömrəli əmri ilə ocaqçıoperator vəzifəsinə təyin edilmiş, xx.xx.N7-ci il tarixli, 180 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilmiş lakin, əmək haqqı alması haqqında məlumat yoxdur. Nəticədə onun sığorta stajı 25 il 00 aydan 3 il 7 ay azalaraq 21 il 5 aya düşmüşdür. Yuxarıda qeyd olunanları nəzərə alaraq onun tələb olunan ümumi iş stajı olmadığı üçün əmək pensiyası ləğv edilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin Qaraçuq Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01 dekabr 2022-ci il tarixli, 2155 nömrəli arayışdan görünür ki, Məmmədov X2 şəhəri, Qaraçuq kəndində qeydiyyatdadır. -10 fevral 1977-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək Naxçıvan MSD-9-da İİ dərəcəli fəhlə, xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixədək Azərbaycan Dəmir Yolları MCU-3-də bənna, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək yükləmə-boşaltma Naxçıvan istehsalat sahəsində inşaatçı, xx.xx.1980-ci il tarixdən xx.xx.N3-cü il tarixədək Naxçıvan şüşə-qablar zavodunda çilingər, xx.xx.N5-ci il tarixdən xx.xx.N7-ci il tarixədək N nömrəli hərbi hissədə ocaqçı-operator vəzifələrində işləmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinə ünvanlanan 11 noyabr 2022-ci il tarixli, 7640 nömrəli məktubdan görünür ki, İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli, 4 nömrəli əmri ilə ocaqçıoperator vəzifəsinə təyin edilib, xx.xx.N7-ci il tarixli, 180 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilib və arxivdə saxlanılan maliyyə sənədlərin onun haqqında məlumat yoxdur. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinə ünvanlanan 11 noyabr 2022-ci il tarixli, 7640 nömrəli məktubdan görünür ki, N nömrəli hərbi hissənin N5-N7-ci illərin maliyyə sənədləri X4 Arxivinə təhvil verilməmişdir. - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, xx xxxx 1958-ci ildə İlic rayonu, Şaxtaxtı kəndində doğulmuş İddiaçı Babək rayonu, Qaraçuq kəndində yaşayır. İş materiallarına əlavə edilmiş: - “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin əmək pensiyası təyin edən komissiyasının 12 sentyabr 2022-ci il tarixli, 22 nömrəli qərarından görünür ki, xx.xx.1958-ci il tarixdə anadan olmuş Naxçıvan şəhəri, Qaraçuq kəndində yaşayan İddiaçı xx.xx.2016-cı il tarixdə 18626 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə qanunsuz olaraq təyin edilmiş əmək pensiyasının ləğv edilməsi qərara alınmışdır. - “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 30 dekabr 2016-cı il tarixli, 18626 nömrəli qərarından görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq yaşa görə xx.xx.2016-cı il tarixdən ömürlük 166.08 manat pensiya təyin edilmişdir. - 30 dekabr 2016-cı il tarixli ərizədən görünür ki, İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edərək, ərizədə hazırda işlədiyini qeyd etmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsi tərəfindən verilmiş aprel 2016-cı il tarixli, 254 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək əsgər qismində hərbi xidmət keçmişdir. Ehtiyatda olmanın son yaş həddinə çatdığına görə hərbi vəzifəlilərin ehtiyatından çıxarılmışdır. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 13 dekabr 2016-cı il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək "xxxx" MMC-də çəkilişində fəhlə vəzifəsində işləmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş may 2016-cı il tarixli, 03/496 nömrəli arayışdan görünür ki, Məmmədov X2 Şüşə Qablar Zavodunda N2- N3-cü illərdə işləmiş və aylar üzrə müvafiq qaydada əməkhaqqı almışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial X7 Şəhər Şöbəsi tərəfindən verilmiş 12 dekabr 2016-cı il tarixli sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2008-ci ildən xx.xx.2016-cı ilədək pensiya hüququnun yarandığı tarixədək 5 il 10 ay sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 1789,07 manat pensiya kapitalı vardır. - Naxçıvan Muxtar Respublikası Naxçıvan Neft və X10 Müəssisəsi tərəfindən verilmiş 23 dekabr 2016-cı il tarixli, 34 nömrəli arayışdan görünür ki, Məmmədov X2 Neft və X10 Müəssisəsində ocaqçı vəzifəsində işləyir və orta aylıq əməkhaqqı 144 (bir yüz qırx dörd) manatdır. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilsə də, onun əmək kitabçasında öz əksini tapmış 2 il 7 ay arxiv arayışları ilə öz təsdiqini tapmadığından nəzərə alınmamış, buna görə də iddiaçının ümumi iş stajı azalmış və bu səbəbdən də pensiya işi ləğv edilmişdir. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi müvafiq məktublardan və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatdan aydın olur ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən əmək kitabçası əsas götürülərək arxiv arayışları ilə təsdiqlənməyən 2 il 7 ay da nəzərə alınaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, sonradan araşdırma nəticəsində onun işlədiyi müvafiq illər arxiv arayışları ilə təsdiqlənmədiyindən həmin illər staj kimi nəzərə alınmamış, bu əsasa görə pensiya işi ləğv edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, Bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsində Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun - 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fıziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1 işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N2-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. İşin faktiki hallarından görünür ki, İddiaçı xx xxxx 1958-ci ildə anadan olmuş, 1977-ci ildən başlayaraq əmək fəaliyyəti ilə məşğul olmuş, 1977-1979-cu illərdə hərbi xidmətdə olmuş, 1979-cu ildən sonra əmək fəaliyyətini davam etdirmişdir. 2016-cı ilin noyabr ayında iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya pensiya təyin edilərkən onun əmək kitabçası əsas götürülmüş və əmək kitabçasında öz əksini tapmış bütün dövrlər staj kimi nəzərə alınmışdır. Lakin sonrakı araşdırma nəticəsində iddiaçının xx.xx.N5-ci il tarixdən xx.xx.N7-ci il tarixədək N nömrəli hərbi hissədə ocaqçı operator vəzifələrində işlədiyi dövrlərin arxiv arayışı ilə təsdiqlənmədiyi məlum olmuşdur. Buna görə də onun ümumi iş stajı 25 ildən az olmuşdur. Bundan sonra “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin əmək pensiyası təyin edən komissiyası tərəfindən 12 sentyabr 2022-ci il tarixli, 22 nömrəli qərar qəbul edilərək, iddiaçının pensiya işi ləğv edilmişdir. İddiaçı bununla razılaşmayaraq həmin qərarı mübahisələndirir, əmək kitabçasına əsasən fasiləsiz olaraq işlədiyini və həmin illərin staja daxil edilməklə pensiyasının bərpa edilməsini tələb edir. İlk öncə, qeyd olunmalıdır ki, iddiaçının əmək kitabçası cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Hazırkı iş üzrə mübahisəli yeganə məsələ “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin əmək pensiyası təyin edən komissiyasının 12 sentyabr 2022-ci il tarixli, 22 nömrəli qərarının ləğv edilməsi ilə bağlıdır. Həmin qərarı hüquqi əsasını iddiaçının xx.xx.N5-ci il tarixdən xx.xx.N7-ci il tarixədək N nömrəli hərbi hissədə ocaqçı operator vəzifələrində işlədiyi dövrlərin, ümumilikdə 2 il 7 ayın sığorta stajına daxil olmasıdır. Məhkəmə tərəfindən iddiaçının əmək kitabçasındakı məlumatlarının mötəbərliyi qəbul edilir. Belə ki, iddiaçının xx.xx.N5-ci il tarixdən xx.xx.N7-ci il tarixədək N nömrəli hərbi hissədə ocaqçı operator vəzifələrində işlədiyi dövrlərin arxiv arayışı ilə öz təsdiqini tapmaması iddiaçının əmək kitabçasındakı həmin dövrə aid qeydlərin mötəbərliyini özözlüyündə aradan qaldırmır. Belə ki, cavabdeh tərəfindən iddiaçının sosial sığorta stajı kimi qəbul olunmayan əmək fəaliyyəti dövrü xx.xx.2006-cı ilədək mövcud olduğundan həmin tarixədək qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun müddəalarının tələblərinə münasibətdə həll edilməli və cavabdehin dəlilləri də həmin Qanunun müddəaları əsasında təhlil olunmalıdır. Çünki “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarında Konstitusiya Məhkəməsinin ifadə etdiyi hüquqi mövqeyə görə, şəxsin pensiya hüququnun əldə edilməsi ilə bağlı yeni hüquqi tənzimləmənin qüvvəyə minməsinə qədər qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq qaydada əldə edilmiş pensiya hüququ saxlanılmalıdır. Vətəndaşın pensiya təminatı sahəsində hüquqları onun qanunvericilik qaydasında tanınan əmək və ya ictimai faydalı fəaliyyətindən irəli gəldiyindən, dövlət bu hüququ artıq əldə etmiş vətəndaşa münasibətdə müəyyən vəzifələr daşıyır. Məsələnin başqa qaydada tənzimlənməsi dövlətin hüquqi münasibətlərin müəyyən bir sahəsində əvvəllər mövcud olmuş qanunvericilik tənzimlənməsindən irəli gələn publik-hüquq öhdəliklərindən imtina etməsi kimi qiymətləndirilə bilər. İddiaçının pensiya təyin olunması üçün mübahisələndirilən stajı qazandığı dövrdə qüvvədə olmuş "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N2-ci il tarixli, 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin 3-cü bəndi iş stajını sübut edən əsas sənədin əmək kitabçası olduğunu təsbit edirdi. Əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Bundan başqa, adı çəkilən Əsasnamədə əmək kitabçasında olan məlumatların mütləq başqa sənədlərlə təsdiq olunması, əks halda əmək kitabçasının sübut kimi qəbul edilməməsi barədə göstəriş yoxdur. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Baxılan işdə iddiaçının əmək kitabçasında, əmək kitabçalarının doldurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə, hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Həmçinin nəzərə alınmalıdır ki, hazırda qüvvədə olan pensiya qanunvericiliyi də əmək kitabçasını stajın müəyyən olunması üçün sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi, qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir. Alınan əmək haqqından məcburi dövlət sosial sığorta ayırmaları həyata keçirilmədikdə bunun pensiya hesablanması zamanı nəzərə alınıb-alınmamalı olduğuna dair məsələ “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Göründüyü kimi, 01 yanvar 2002-ci ilədək və ondan sonrakı dövrləri qanunverici fərqli qaydada tənzimləmişdir. Yuxarıda qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçının xx.xx.N5-ci il tarixdən xx.xx.N7-ci il tarixədək N nömrəli hərbi hissədə ocaqçı operator vəzifələrində işlədiyi dövrlərin sosial stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti, ümumiyyətlə, tələb olunmamalıdır. Mübahisələndirilən illər arxiv arayışında öz əksini tapmasa da, əmək kitabçasında qeyd olunduğundan sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iddiaçıya münasibətdə əvvəllər qüvvədə olmuş qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən illər sığorta stajına daxil edilməli və “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin əmək pensiyası təyin edən komissiyasının 12 sentyabr 2022-ci il tarixli, 22 nömrəli qərarının ləğv edilməlidir. Mübahisələndirilən qərarın ləğv edilməsi iddiaçının pensiyasının bərpa edilməsinin hüquqi əsası kimi çıxış edir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfi məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq qanunları ilə qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmçinin məhkəmə qeyd edir ki, inzibati orqan mübahisələndirilən qərarı qəbul edərkən qanunun tələblərinə uyğun inzibati icraat aparması, iddiaçının da icraata cəlb olunması (ona rəsmi məlumat verilməsi) barədə sübut təqdim olunmamışdır. Çünki inzibati məhkəmə icraatının İPM-nin 12-ci maddəsinə müəyyən olunmuş işin hallarının araşdırılması prinsipi, məhkəmədən proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağı tələb edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və dəyişdirilməsini məhkəmədən tələb edə bilər. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin əmək pensiyası təyin edən komissiyasının 12 sentyabr 2022-ci il tarixli, 22 nömrəli qərarı ləğv edilməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 68, 69, 70, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin əmək pensiyası təyin edən komissiyasının 12 sentyabr 2022-ci il tarixli, 22 nömrəli qərarı ləğv edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar