Məhkəmə qərarları › İş №2-1(122)-504/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-504/2023

02.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-504/2023 02.06.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli, 81 nömrəli qərarının vətəndaş X3 aid şəhadətnamədə həmin hissənin ləğv edilərək, mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxışına maneələrin aradan qaldırılması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması tələbi"nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qərarla verilən şəhadətnamədə həmin hissəni ləğv etməklə kənd təsərrüfatı təyinatlı texnikanın həyətyanı torpaq sahəsinə gəlib-getməsinə yaradılan maneələrin aradan qaldırılması və həmin torpaq sahəsinin bələdiyyənin ümumi istifadəsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra işin mümkünlük iclası 04 may 2023cü il tarixə təyin edilərək bu barədə tərəflərə məlumat verilmiş, həmçinin İddiaçı müvafiq yardım məktubu ünvanlanmışdır. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2- 1(122)-504/2023 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərəj “Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli, 81 nömrəli qərarının vətəndaş X3 aid şəhadətnamədə həmin hissənin ləğv edilərək, mülkiyyətində olan torpaq sahəsinə girişçıxışına maneələrin aradan qaldırılması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması” tələbi kimi icraata qəbul edilmişdir. Bundan sonra işin mümkünlük mərhələsi davam etdirilmiş və şifahi icraat qaydasında mümkünlük iclası 02 iyun 2023-cü il tarixə təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Həmçinin iddiaçı və onun nümayəndəsi yardım məktubu ünvanlanaraq iddia ərizəsinin məzmununda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 aprel 2014-cu il tarixli, 2-1(108)-02/2014 nömrəli qərarı ilə mübahisələndirilən torpaq sahəsinin Ə.Məmmədovun mülkiyyətinə verildiyinin qeyd edildiyi, iddia tələbində isə həmin qərarla verilən şəhadətnamədə həmin hissəni ləğv etməklə kənd təsərrüfatı təyinatlı texnikanın həyətyanı torpaq sahəsinə gəlibgetməsinə yaradılan maneələrin aradan qaldırılması və həmin torpaq sahəsinin bələdiyyənin ümumi istifadəsinə qaytarılmasının tələb edildiyini, qanuni qüvvəsini almış məhkəmə qərarlarının preyudisial əhəmiyyətə malik olduğunu, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 aprel 2014-cu il tarixli, 2-1(108)-02/2014 nömrəli qərarı əsasında verilmiş şəhadətnamənin həmin hissədə ləğv edilməsi tələbinin inzibati məhkəmə icraatının predmeti hesab edilə bilmədiyi, həmçinin 26 aprel 2023-cü il tarixli ərizəyə əsasən iddia tələbi dəqiqləşdirilərək Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2-1(122)-504/2023-cü il tarixli qərardadı ilə dəyişdirilmiş tələb üzrə icraata qəbul edilsə də, tələbin ikinci hissəsində mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxışına maneələrin aradan qaldırılmasının tələb edildiyini, Bununla bağlı cavabdeh inzibati orqan tərəfindən hüquqlarının və qanunla qorunan maraqlarının hansı qaydada pozulduğunu müəyyən etməyin mümkün olmadığı bildirilərək, hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı qaydada pozulduğunu müəyyən etməyə imkan verən müvafiq sübutların əsaslandırılmaqla məhkəməyə təqdim edilməsi üçün iddiaçıya və onun nümayəndəsinə 02 iyun 2023-cü il tarixədək müddət təyin edilmişdir. 02 iyun 2023-cü il tarixə təyin edilmiş məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı Npvruz oğlu və cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə İddiaçı Npvruz oğlunun və cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddia tələbinin mümkün sayılması və işə mahiyyəti üzrə baxılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri tədqiq edərək, iş materiallarını nəzərdə keçirərək, hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Həmin Qərarın 17-ci maddəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmaqla bərabər, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını da əsaslandırmalıdır. İddiaçının nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatlardan və iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı tələbinin birinci hissəsində Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli, 81 nömrəli qərarının vətəndaş X3 aid şəhadətnamədə həmin hissənin ləğv edilməsini tələb edir. İddiaçı həmin şəhadətnamədə müvafiq texniki səhvliyə yol verildiyini iddia edərək onun həmin hissədə ləğv edilməli olduğu qənaətindədir. Məhkəmə, ilk növbədə, bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının mübahisələndirdiyi şəhadətnamə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 aprel 2014-cü il tarixli, 2-1(108)-02/2014 nömrəli qərarı əsasında verilmişdir. Qanuni qüvvəsini almış məhkəmə qərarları preyudisial əhəmiyyətə malikdir və onların mübahisələndirilməsinə yol verilmir. Digər tərəfdən isə qeyd olunmalıdır ki, iddiaçının tələbi qeyri-müəyyən ifadə olunmuşdur. Belə ki, iddiaçı inzibati məhkəmə icraatı qaydasında müvafiq şəhadətnaməni deyil, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatı mübahisələndirmək hüququna malikdir. İnzibati məhkəmə icraatı qaydasında baxılan mübahisələrdə daşınmaz əmlakın dövlət reyestri ilə bağlı mübahisələr araşdırılarkən, ilk öncə, həmin qeydiyyatın aparılmasına əsas olmuş faktlar aydınlaşdırılmalıdır. Belə ki, daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatın aparılması üçün əsası mülki-hüquqi əqdlər (alqı-satqı, bağışlama müqaviləsi və ya vərəsəlik) təşkil edirsə, həmin qeydiyyatla bağlı mübahisələr həll edilməzdən öncə, müvafiq qeydiyyatın aparılmasına əsas olmuş əqdlər mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. Digər halda daşınmaz əmlakın dövlət reyestrində aparılmış müvafiq qeydiyyatın əsasını inzibati akt təşkil edirsə, həmin qeydiyyatla bağlı mübahisələrdə, ilk öncə, müvafiq inzibati akt inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. Əgər qeydiyyatın aparılmasının əsasını həm mülki əqdlər, həm də inzibati akt təşkil edərsə, bununla bağlı mübahisələr aidiyyəti üzrə məhkəmələrdə mübahisələndirilə bilər. Lakin həmin qeydiyyatın əsasını Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli, 81 nömrəli qərarı təşkil etdiyindən və həmin qərarın mübahisələndirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş iddia müddəti şamil olunur və iddianın mümkünlüyünün yoxlanılması məsələsi ortaya çıxır. İddiaçının tələbinin ikinci hissəsində münasibətdə isə qeyd edilməlidir ki, mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxışına maneələrin aradan qaldırılması cavabdeh inzibati orqanın səlahiyyətinə aid olan məsələ hesab edilə bilməz. İş materiallarına əlavə edilmiş: - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin 28 aprel 2023-cü il tarixli, 04/302 nömrəli məktubdan görünür ki, İddiaçı ərizəsində qeyd etdiyi yolla bağlı Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisad Məhkəməsinin 29 dekabr 2013-cü il tarixli 2-1(87)-32/2013 nömrəli qərarı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasinin 30 aprel 2014-cü il tarixli 2-1(108)-02/2014 nömrəli qərarı ilə ləğv edilmiş, hər bir iddia tələbi yolun bərpa olunmasına dair hissədə rədd edilmişdir. Göründüyü kimi, iddia tələbinin həm birinci, həmdə ikinci hissəsində hüquqi qiymət verilərkən qeyd edilməsi zəruridir ki, hazırki iddia tələbi hər bir halda hazırkı iddia tələbi mümkün sayılaraq mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparıla bilməz. Eyni zamanda, qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-nin 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. İnzibati məhkəmə icraatında məhkəmənin əsas vəzifəsi iddiaçının tələbinin konkret olaraq nədən ibarət olduğunu, onun hüquqlarının cavabdeh tərəfindən hansı qaydada pozulduğunu və iddianın mahiyyətini araşdırmaqdan ibarətdir. Bununla bağlı İddiaçı və iddiaçının nümayəndəsi X2 yardım məktubu ünvanlanmış, həmçinin iddiaçının nümayəndəsinə məhkəmə iclasında yardım edilmiş, iddia tələbinin mümkün sayılmaması kimi gözlənilən hüquqi nəticə barədə xəbərdar edilmişdir. Buna baxmayaraq İddiaçı nümayəndəsi X4 hüquqlarının ona aydın olduğunu bildirərək, iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli, 81 nömrəli qərarının vətəndaş X3 aid şəhadətnamədə həmin hissənin ləğv edilərək, mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxışına maneələrin aradan qaldırılması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması tələbi"nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli, 81 nömrəli qərarının vətəndaş X3 aid şəhadətnamədə həmin hissənin ləğv edilərək, mülkiyyətində olan torpaq sahəsinə giriş-çıxışına maneələrin aradan qaldırılması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması tələbi"nə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar