Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-505/2025 16.05.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X12 Heydər oğlunun sədrliyi, X13 oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X14 nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X14ə qarşı "Ordubad Rayon İcra Hakimiyyətinin 29 yanvar 2002-ci il tarixli sərəncamına əsasən İddiaçı verilmiş 15 m2 torpaq sahəsi üzərində inşa edilmiş Ordubad şəhərində yeni ticarət mərkəzində yerləşən 15 m2 mağaza üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ordubad Rayon İcra Hakimiyyətinin 29 yanvar 2002-ci il tarixli sərəncamına əsasən İddiaçı verilmiş 15 m2 torpaq sahəsi üzərində inşa edilmiş Ordubad şəhərində yeni ticarət mərkəzində yerləşən 15 m2 mağaza üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X15 həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 16 may 2025-ci il tarixə təyin edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya 06 fevral, 24 fevral və 14 aprel 2025-ci il tarixli yardım məktubları ünvanlanaraq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi mağaza binasının hazırda Ordubad Rayon İcra Hakimiyyətinin balansında olan bazar kompleksinin daxilində olduğu bildirilmiş, Ordubad şəhərində yeni ticarət mərkəzində yerləşən mağazanın ona məxsus olmasını təsdiq edən sübutların məhkəməyə təqdim edilməsi üçün müddət təyin olunmuşdur. Məhkəmə iclasında məhkəmə tərəfindən yuxarıda sadalanan hallar iddiaçının diqqətinə bilavasitə çatdırılmışdır. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirib hazırki tələb üzrə işə baxılıb müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X14 nümayəndəsi X3 məhkəmədən iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1, 1.2, 1.3-cü bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu, tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmənin əsaslandırması: İddiaçı Nəcəfov X8 Rayon İcra Hakimiyyətinin 29 yanvar 2002-ci il tarixli sərəncamına əsasən ona Ordubad şəhərində yeni ticarət mərkəzində mağaza tikintisi üçün 15 m2 torpaq sahəsi ayrıldığını, müvafiq torpaq sahəsi üzərində mağazanın Ordubad Rayon Memarlıq və Tikinti işləri Şöbəsinin müəyyən etdiyi plan və texniki şərtlərə uyğun inşa etdiyini, tikilinin sxematik planının Ordubad Rayon Memarlıq və Tikinti işləri Şöbəsinin baş memarı tərəfindən təsdiq edildiyini, 2002-ci il tarixdən istifadəsinə götürdüyünü, bu günədək həmin mağazadan mülkiyyət hüququ əsasında istifadə etdiyini bildirərək, Ordubad Rayon İcra Hakimiyyətinin 29 yanvar 2002-ci il tarixli sərəncamına əsasən ona verilmiş 15 m2 torpaq sahəsi üzərində inşa edilmiş sözügedən mağaza üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsini tələb edir. Cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 02 oktyabr 2024-cü il tarixli məktubu ilə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, razılaşdırılmış layihə, tikintinin inşa edilməsinə icazə, qərar və istismara qəbul aktının təqdim edilmədiyinə istinad edərək, iddiaçının müraciətindən imtina edir. Məhkəmə icraatı gedişində müəyyən olunmuşdur ki, İddiaçı iddia etdiyi mağaza binası Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ******* manat smeta dəyərində yeni tikilmiş və Ordubad Rayon İcra Hakimiyyətinin balansına alınmış Ordubad şəhər bazarında yerləşir. Hazırda həmin bazar kompleksi dövlət mülkiyyəti olaraq 1685,4 m2 ümumi sahə ölçüsündə “Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında” icarə müqaviləsi əsasında X4 icarəyə verilmişdir. İddiaçı məhkəməyə verdiyi izahatlarında bu günədək həmin mağazadan mülkiyyət hüququ əsasında istifadə etdiyini və sonradan mağazanın Sevinc adlı şəxsin əvəzsiz istifadəsinə verdiyini bildirsə də, məhkəmə icraatı gedişində toplanılmış sübutlardan müəyyən edlmişdir ki, sahəsi 15 m2 yox, əslində 17.64 m2 olan həmin mağaza icarəçi X6 tərəfindən X1 verilmişdir. Müəyyən edilmişdir ki, mübahisə predmeti olan mağaza binası heç vaxt iddiaçının istifadəsində və ya mülkiyyətində olmamışdır. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə Naxçıvan MR İnzibati Məhkəməsində “Ordubad şəhərində yerləşən ona məxsus ümumi sahəsi cəmdə 47 m2 olan 3 mağazasının qanunsuz sökülməsi nəticəsində ona dəyən maddi ziyanın bu günkü qiymətlərlə hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdeh Ordubad Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması” tələbi ilə hazırkı iş üzrə də təqdim etdiyi eyni sənədləri iddia ərizəsinə əlavə edərək iddia qaldırmışdır. Həmin inzibati iş üzrə cavabdeh tərəfindən rayon ərazisindən 200 m2 torpaq sahəsi iddiaçıya verildiyindən iddia tələbindən notarial təsdiqli ərizə ilə imtina etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə işin icraatına xitam verilmişdir. Qeyd olunan torpaq sahəsi xx.xx.2023-cü il tarixli, **********80 reyestr nömrəli çıxarışla İddiaçı adına dövlət reyestrində qeydə alınmışdır. İddiaçı məhkəməyə verdiyi izahatlarında həmin torpaq sahəsini qəbul etmədiyini bildirsə də, təhvil-qəbul jurnalından məhkəməyə təqdim edilmiş çıxarışdan verilmiş torpaq sahəsinin plan-ölçü sənədinin və çıxarışın imza edərək qəbul etdiyi aşkar edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının subyektiv hüquqa malik olmasıdır. İddianın mümkünlüyü ilə bağlı prosessual normanın tələblərinə görə iddiaçı hüquqlarının pozulduğunu əsaslandırdığı halda iddia mümkün sayıla bilər. İddia tələbi mümkünlük şərtlərinə o halda cavab verə bilər ki, iddiaçının mübahisələndirdiyi məsələlər onun üçün hüquqi nəticə yaratmış olsun. Hazırkı işin halları baxımından iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə edən hərəkət və ya hərəkətsizliyin baş verməsinə dair ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. Hazırkı iş üzrə belə sübutlar verilmədiyindən, iddianın mümkünlüyü baxımından hüququn pozulması halı müəyyən olunmur. İddiaçı nəzərə almalıdır ki, həmin qeyri-yaşayış sahələrinə münasibətdə yaranmış hər-hansı məhdudiyyətlə bağlı tələb hüququ iddiaçıya deyil, həmin sahənin mülkiyyətçisinə aiddir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli X10 hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir”. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddianı qaldırmaq üçün iddiaçının subyektiv hüququnun mövcudluğu müəyyən edilmədiyindən, cavabdeh inzibati orqanın hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmamasına hüquqi qiymətin verilməsi mümkün deyil. Beləliklə də, sadalanan normaların tələblərinə və işin qeyd edilən hallarına əsasən müəyyən edilir ki, hazırkı iddiaya mahiyyəti üzrə baxmağa imkan verən mümkünlük şərti ödənilməmişdir. Odur ki, məhkəmə İddiaçı cavabdeh Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X14ə qarşı "Ordubad Rayon İcra Hakimiyyətinin 29 yanvar 2002-ci il tarixli sərəncamına əsasən İddiaçı verilmiş 15 m2 torpaq sahəsi üzərində inşa edilmiş Ordubad şəhərində yeni ticarət mərkəzində yerləşən 15 m2 mağaza üzərində İddiaçı mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-505/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-505/2025
16.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver