Məhkəmə qərarları › İş №2-1(122)-508/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-508/2025

04.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-508/2025 04.07.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X14 Heydər oğlunun sədrliyi, X15 oğlunun katibliyi, iddiaçı X5 və cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin nümayəndələri X6 və Qəribli Zülfiyyə Hicran qızının iştirakları ilə, iddiaçı X5 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 17 iyul 2024-cü il tarixli ******* saylı qərarının ləğv edilməsi və onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 17 iyul 2024-cü il tarixli ******* saylı qərarının ləğv edilməsi və onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 2-1(112)-12419/2024 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı il tarixdə Naxçıvan MR Babək rayon Böyükdüz kəndində anadan olmuşdur. 1993-cü ildən ailə qurub uzun müddət Türkiyədə yaşamışdır. Yoldaşı rəhmətə getdikdən sonra Azərbaycana qayıtmalı olmuşdur. Vətəndaşlıq mənsubiyyətinin tanınması üçün Azərbaycan Respublikası Miqrasiya Xidmətinə ərizə ilə müraciət etmiş, lakin dövlət xidməti 17 iyul 2024-cü il tarixli, ******* saylı qərarı ilə vətəndaşlığın tanınmaması haqqında qərar qəbul etmişdir. Halbuki 1956-cı ildə Naxçıvan Muxtar Respublikasının Babək rayon Böyükdüz kəndində dünyaya gəlmiş, həmin ünvanda yaşayış yeri üzrə daim qeydiyyatda olmuşdur. 1993-cü ilədək burda yaşamış, 1973-cü il tarixdən 1990-ci il tarixədək sovxozda fəhlə işləmişdir. Hər iki valideyni Azərbaycan Respublikası vətəndaşı olmuşdur. İddiaçı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 17 iyul 2024-cü il tarixli ******* saylı qərarının ləğv edilməsi və onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti iddiaya dair məhkəməyə ünvanlanan yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 17 iyul 2024-cü il tarixli ******* saylı qərarının ləğv edilməsi və onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət edərək müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Şəxsin iddia tələbi tamamilə əsassızdır və təmin edilməməlidir. İddiaçı xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi üçün Dövlət Miqrasiya Xİdmətinə müraciət etmişdir. Şəxsin müraciəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 18 mart tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.11-ci bəndini və 4.1-ci bəndi rəhbər tutularaq təmin edilməmiş və barəsində xx.xx.2024-cü il tarixli ******* nömrəli qərar qəbul edilərək Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Belə ki, Dövlət Miqrasiya Xidməti sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Qanunvericilik vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraatın aparılması hallarını konkret müəyyən etmişdir. Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun (5.1-ci maddəsi) və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın (qaydaların 3.4.3-ci bəndi) müddəalarına əsasən şəxs Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmuşdursa, Azərbaycan Respublikasının vətəndaşı sayılır. Göründüyü kimi, sözügedən şəxs adıçəkilən qanunun qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixinədək) ölkə ərazisində qeydiyyatı olmamış və bu konkret hal kimi nəzərdə tutulduğundan onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmamasına dəlalət edir. Ancaq o halda onun qeydiyyatda olmaması onun vətəndaşlığına mənsubiyyətinə səbəb ola bilər ki, o yuxarıda adıçəkilən Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan (“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək -1998- ci il oktyabrın 7-dək- Azərbaycan Respublikasının - və ya Azərbaycan SSR-in - vətəndaşlığında olubsa) və Azərbaycan Respublikasının ərazisini tərk etməyən şəxs olsun (yuxarıda adıçəkilən Qaydanın 4.3-cü bəndinə əsasən). Buna görə də şəxsə münasibətdə adıçəkilən Qaydanın 4.3-cü bəndi tətbiq edilə bilməz. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyatı və Miqrasiya İdarəsinin Milli X2 üzrə məlumat şöbəsinə (MAPS) ünvanlanan elektron sorğuya verilmiş xx.xx.2024-cü il tarixli cavaba əsasən şəxsin xx.xx.1998-ci tarixli "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (xx.xx.1998-ci il tarixədək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmadığı müəyyən edilmişdir. Cavabdeh orqan qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Sonradan İddiaçı Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı "Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, məhkəməyə təqdim etdiyi iddia ərizəsində texniki səhvə yol verildiyini bildirərək, soyadı hissəsində “Quliyeva” əvəzinə “Ersoy” yazılmasını məhkəmədən xahiş etmiş və bu barədə yazdığı 30 may 2025-ci il tarixli ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmənin 30 may 2025-ci il tarixli, 2-1(122)-508/2025 nömrəli qərardadı ilə iddiaçı tərəfindən təqdim edilmiş 30 may 2025-ci tarixli ərizə təmin edilmiş, İddiaçı soyadı hissəsində qeyd edilən “Quliyeva” sözü “Ersoy” ilə əvəz edilmişdir. 04 iyul 2025-ci il tarixli hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında elan olunmuş məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuşdur. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçı X7 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Qəribli Zülfiyyə Hicran qızı iddianın rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin 17 iyul 2024-cü il tarixli, ******* nömrəli “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması haqqında” qərarın surətindən məlum olur ki, 08 dekabr 1956-cı il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasını vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. - AZ-İİİ seriyalı, 751797 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, İddiaçı 08 dekabr 1956-cı il tarixdə Naxçıvan rayonu, Böyükdüz kəndində doğulmuş və bu barədə doğum akt qeydləri kitabında 1960-cı ilin oktyabr ayının 03 günündə 258 nömrə ilə qeyd edilmişdir. X1 (milliyyəti azərbaycanlı), anası X4r (milliyyəti azərbaycanlı). - 21 sentyabr 1993-cü il tarixli, 269634 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X11 ilə İddiaçı 21 sentyabr 1993-cü il tarixdə nikahları bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1993-cü ilin sentyabr ayının 21-də 234 nömrə ilə qeyd edilmişdir. - Kəngərli rayon Qeydiyyat Şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 15 noyabr 2024-cü il tarixli, 3-16-5/8-13-224/2024 nömrəli məktubdan məlum olur ki, İddiaçı xx.xx.1993-cü il tarixdə Naxçıvan şəhər Nikah evində X11 ilə nikaha daxil olmuşdur. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 16 noyabr 2024-cü il tarixli, 3-13-43-3/2-473/2024 nömrəli məktubdan məlum olur ki, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) İddiaçı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin olunması barədə məlumat aşkar olunmamışdır. - Naxçıvan şəhər Nikah evi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 25 noyabr 2024-cü il tarixli, 3-16-5/8-13-713/2024 nömrəli məktubla göndərilmiş 25 noyabr 2024-cü il tarixli, 1148 nömrəli nikah haqqında arayışdan məlum olur ki, X11 ilə İddiaçı 21 sentyabr 1993-cü il tarixdə nikahları bağlanmış və nikah xx.xx.1993-cü il tarixdə 234 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Ərsoy, arvada Ərsoy soyadları verilmişdir. - Naxçıvan şəhər Nikah evi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 28 noyabr 2024-cü il tarixli, 3-16-5/8-13-723/2024 nömrəli məktubla göndərilmiş 28 noyabr 2024-cü il tarixli, 1474 nömrəli doğum haqqında arayışdan məlum olur ki, İddiaçı 08 dekabr 1956-cı il tarixdə Naxçıvan rayonu, Böyükdüz kəndində doğulmuşdur. 13 oktyabr 1960-cı ildə Naxçıvan şəhər Nikah evi tərəfindən doğum haqqında bərpa akt qeydləri kitabında 258 nömrə ilə qeyd edilmişdir. X1 (milliyyəti azərbaycanlı), anası X4r (milliyyəti azərbaycanlı). - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 12 fevral 2025-ci il tarixli, 3-13-43-3/2-57/2025 nömrəli məktubdan məlum olur ki, pasport və Qeydiyyat Şöbəsinin, eləcə də ərazi polis orqanlarının kartotekalarına keçirilən baxış nəticəsində İddiaçı məxsus köhnə nümunəli sənədlərin (pasport, Forma №9) verilməsinə əsas olmuş 1 nömrəli ərizə forması (Forma №1) və Azərbaycan Respublikası ərazisində yaşayış yeri üzrə qeydiyyata alınma və qeydiyyatdan çıxma vərəqələri (Forma №19, Forma №20) aşkar edilməmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 19 fevral 2025-ci il tarixli, 3-48-NDA/1-2-195/2025 nömrəli məktubla Babək rayon Böyükdüz kəndinin 1963-1982-ci illərə dair təsərrüfatbaşına kitablarında İddiaçı haqqında məlumatların qeyd olunduğu səhifələrin təsdiq olunmuş surətləri iş materiallarına əlavə edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. - 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. - 11.1 inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının Qanununun: - 1-ci madddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsinə görə, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. - 5-ci maddəsinə əsasən aşağıdakı şəxslər Azərbaycan Respublikasının vətəndaşları sayılırlar: 1) bu qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasının vətəndaşlığında olmuş şəxslər, o şərtlə ki, Azərbaycan Respublikasının vətəndaşı bu Qanunun qüvvəyə mindiyi günədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olsun; 2) 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının və ya başqa dövlətin vətəndaşı olmayan, lakin Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər; 3) 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar; 4) bu qanuna müvafiq surətdə Azərbaycan Respublikası vətəndaşlığını əldə etmiş şəxslər. ... Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. - 6-cı maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlər aşağıdakılardır: 2) Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi; 2-1) 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı; 3) Azərbaycan Respublikası vətəndaşının pasportu. - 16-cı maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığına aşağıdakı hallarda xitam verilir: 1) Azərbaycan Respublikasının vətəndaşlığından çıxmaq nəticəsində; 2) Azərbaycan Respublikasının vətəndaşlığını itirmək nəticəsində; 3) Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş əsaslar olduqda; 4) bu qanunda nəzərdə tutulmuş digər əsaslar olduqda. - 18-ci maddəsinin 1-ci bəndinə əsasən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli 84 nömrəli qərarı ilə təsdiq edilmiş «Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası»nın: 4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası tərəfindən analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul edilmiş qərarlarda formalaşdırılmış məhkəmə təcrübəsinə əsasən hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İstinad edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İşin hallarından müəyyən olunmuşdur ki, cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 17 iyul 2024-cü il tarixli, ******* nömrəli qərarı ilə İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmamışdır. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 17 iyul 2024-cü il tarixli ******* saylı qərarının ləğv edilməsi və onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınmasından ibarətdir. Məhkəmə qeyd edir ki, “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 4.4-cü bəndinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin birinci hissəsinin 1-ci, 2-ci və 3-cü bəndlərində nəzərdə tutulan əsaslar mövcud olduqda, şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi, Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. İddiaçı Elmira Ersoy mərhum əri X8 vəfat etdiyi xx.xx.2024-cü il tarixdən sonra Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmalı olması qənaətinə gələrək, hazırkı iddia tələbini irəli sürmüşdür. Məhkəmə icraatı gedişində müəyyən olundu ki, iddiaçı istinad olunan Qanunun qüvvəyə minməsinədək Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olmasına baxmayaraq, 1993-cü ildə mərhum X12 ilə nikaha daxil olduqdan sonra Türkiyə Respublikasına gedərək həmin ölkənin vətəndaşlığını könüllü qəbul etmişdir. Həmçinin müəyyən olundu ki, iddiaçı Elmira Ersoy vətəndaşsızlıq vəziyyətində olmayaraq hazırda da vətəndaşlığını könüllü qəbul etdiyi Türkiyə Respublikasının vətəndaşıdır və həmin ölkənin tam hüquqlu vətəndaşı kimi orada yaşamaqla hazırda 4644.18 TL məbləğdə qocalığa görə müavinət alır. Göründüyü kimi, iddiaçıya münasibətdə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 1-ci bəndi ona şamil edilə bilməz. Belə ki, həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsasdır və bu halda şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. Belə olan halda isə məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətindən imtina etməklə onun qanunla qorunan hüquqlarını pozmamışdır. Odur ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, eləcə də, həm ümumi, həm də sahəvi qanunvericiliklə müəyyən edilən qaydalara və tələblərə əsasən məhkəmə hesab edir ki, iddiaçı X5 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 17 iyul 2024-cü il tarixli ******* saylı qərarının ləğv edilməsi və onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı X5 cavabdeh Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə qarşı "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 17 iyul 2024-cü il tarixli ******* saylı qərarının ləğv edilməsi və onun Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyətinin tanınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar