Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-51/2023 22.02.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin nümayəndəsi X10 iştirakları ilə, İddiaçı cavabdeh “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinə qarşı "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin 15 sentyabr 2022-ci il tarixli, 26 nömrəli komissiya qərarının ləğv edilməsi və pensiyanın yenidən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin 15 sentyabr 2022-ci il tarixli komissiya qərarının ləğv edilməsi, pensiyanın yenidən bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona təqdim etdiyi 2018-ci ilin iyun ayınadək ödədiyi torpaq pulu qəbzi əsasında 01 yanvar 2019-cu il tarixdə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 22-1 maddəsinə əsasən avtomatlaşdırılmış qaydada əmək pensiyası təyin edilmişdir. Ödənilən qəbzlərin öz adına olmamasını və mərkəzləşdirilmiş elektron informasiya sistemində həmin pulların onun adına işlənilməməsini əsas gətirərək xx.xx.2022-ci il tarixdə pensiyası dayandırılmışdır. İddiaçı qeyd edir ki, torpaq mülkiyyətçisi kimi həyat yoldaşının adı qeyd edildiyindən qəbzlər onun adına ödənilmişdir. İddiaçı yuxarıda göstərilənlərə əsasən məhkəmədən "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin 15 sentyabr 2022-ci il tarixli komissiya qərarının ləğv edilməsi, pensiyanın yenidən bərpa olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsi iddiaya qarşı 22 dekabr 2022-ci il tarixli, 02/1801 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1957-ci il tarixdə anadan olmuş, Naxçıvan şəhəri, Tumbul kəndində qeydiyyatda olmaqla orada yaşayan İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 31 oktyabr 2019-cu il tarixli, 19823 nömrəli qərarına əsasən 01 oktyabr 2019-cu il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə zidd olaraq yaşa görə 200,0 manat məbləğində əmək pensiyası təyin edilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İddiaçı tələbində 2018-ci ilin iyun ayınadək kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə ödədiyi məcburi dövlət sosial sığorta haqlarına görə 01 yanvar 2019-cu il tarixdən qüvvədə olan "Əmək pensiyaları haqqında" Qanunun 22-1.1-ci maddəsinə əsasən ona yaşa görə əmək pensiyası təyin edilməsi iddiasını qeyd etmişdir. Bildirilir ki, 30 mart 2018-ci il tarixdən etibarən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanuna edilmiş dəyişikliklərə uyğun olaraq "Əmək pensiyası haqqında" Qanunun 22-1-ci maddəsinə əsasən əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 01 yanvar 2019-cu ildən etibarən xüsusi güzəştlər müəyyən edilmişdir. Bu güzəştlərdən yararlanmaq üçün sığortaolunanın fərdi hesabın sığorta hissəsində 1 iyul 2018-ci il tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Pensiya kapitalının məbləği isə hüquqi əhəmiyyətə malik deyil. Lakin iddiaçının 1 iyul 2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Belə ki, İddiaçı təqdim etdiyi JN-0107 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktından aydın olur ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 19 mart 2004-cü il tarixli, 01 nömrəli qərarı ilə 0.40 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi X7 məxsusdur. Pensiya işində olan xx.xx.2008-ci il tarixli və xx.xx.2014-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, cəmi iki ay torpağa görə ümumilikdə 32,80 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödənilmişdir ki, həmin ödəniş qəbzləri də X4 adına olmuşdur. Beləliklə, İddiaçı tələb olunan 25 il ümumi iş stajı olmadığı və X11 Sistemində fərdi hesabın sığorta hissəsində pensiya kapitalı olmadığı üçün onun pensiya işi Fondun Şəhər İdarəsinin 15 sentyabr 2022-ci il tarixli, 26 nömrəli qərarına əsasən ləğv edilmişdir. Vətəndaş İddiaçı 01 yanvar 2019-cu il tarixdən 30 aprel 2022-ci il tarixədək ümumilikdə 9061,70 manat məbləğində artıq pul vəsaiti ödənilmişdir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə idarə və təşkilatlarda əmək müqaviləsi əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin maddənin 21.2.10-cu bəndinin müddəalarında mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət sığorta stajına daxil edilməsi göstərilmişdir. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbinə əsasən mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər. Yuxarıda qeyd olunanları nəzərə alaraq, İddiaçı "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinə qarşı qaldırdığı iddia əsassız olduğundan iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 30 yanvar 2023-cü il tarixli protokol qərarına əsasən iddia tələbinin "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin 15 sentyabr 2022-ci il tarixli, 26 nömrəli komissiya qərarının ləğv edilməsi və pensiyanın yenidən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi” kimi oxunması qərara alınmışdır. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 30 yanvar 2023cü il tarixli, 2-1(122)-51/2023 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 22 fevral 2023-cü il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin nümayəndəsi X15 iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı iş materiallarına mübahisələndirilən qərarı, “Torpağın mülkiyyətə verilməsi haqqında” Şəhadətnamənin surətini, qeydiyyatla bağlı arayışı və şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, ilk növbədə, verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İPM-nin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyyət baxımından da əsaslıdır. Belə ki, iş materiallarında olan: - “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin əmək pensiyası təyin edən komissiyasının 15 sentyabr 2022-ci il tarixli, 26 nömrəli qərarından görünür ki, xx.xx.1957-ci il tarixdə anadan olmuş, Naxçıvan şəhəri, Tumbul kəndində qeydiyyatda olan İddiaçı xx.xx.2019-cu il tarixli, 19823 nömrəli qərara əsasən yaşa görə qanunsuz olaraq təyin edilmiş əmək pensiyasının ləğv edilməsi və xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilmiş 9061 manat 70 qəpik məbləğində pul vəsaiti Fondun Şəhər İdarəsinin yığım hesabına geri qaytarılması qərara alınmışdır. - JN-0107, KOD 10307028 “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, X5, İddiaçı, X6 və X8 mülkiyyətinə Babək Rayon Aqrar İslahat Komissiyasının 19 mart 2004-cü il tarixli, 01 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.40 hektar torpaq sahəsi verilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin Tumbul Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 dekabr 2022-ci il tarixli, 1005 nömrəli arayışdan görünür ki, İddiaçı Naxçıvan şəhəri, Tumbul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində qeydiyyatda durur - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1957-ci ildə Naxçıvan rayonu, Tumbul kəndində doğulmuş İddiaçı Babək rayonu, Tumbul kəndində yaşayır. İş materiallarına əlavə edilmiş İddiaçı pensiya işinin materiallarında olan: - 31 oktyabr 2019-cu il tarixli ərizədən görünür ki, İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. - “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 31 oktyabr 2019-cu il tarixli, 19823 nömrəli qərarından görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq yaşa görə xx.xx.2019-xx.xx.2019-cu il aralığında 125.75 manat, xx.xx.2019-xx.xx.2019-cu il aralığında 160.00 manat, xx.xx.2019-cu il tarixdən isə hər ay 200.00 manat olmaqla ömürlük pensiya təyin edilmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən verilmiş 01 noyabr 2019-cu il tarixli, 03/421 nömrəli arayışdan görünür ki, İddiaçı Naxçıvan şəhər Əhalinin Sosial Müdafiəsi Mərkəzində qeydiyyatda durmur və ona heç bir sosial müavinət və təqaüd ödənilmir. - Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan Şəhər Şöbəsi tərəfindən verilmiş T.0207067 nömrəli sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2010-cu ildən xx.xx.2017-ci ilədək pensiya hüququnun yarandığı tarixədək 4 il 0 ay 0 gün sosial sığorta stajı və fərdi hesabının sığorta hissəsində 44.23 manat pensiya kapitalı vardır. - 27 sentyabr 2018-ci il tarixli, ******* nömrəli və 17 oktyabr 2014-cü il tarixli, 94 nömrəli qəbzlərdən görünür ki, X1 yerləşən torpağa görə torpaq pulu ödəmişdir. - Sığortaolunanların hesabları barədə statistikadan görünür ki, X13 2010-cu ildə 11.00 və 10.60 manat, 2014-cü ildə 37.60 manat, 2015-ci ildə 99.80 manat, 2016-cı ildə isə 39.80 manat olmaqla ümumilikdə 198.80 manat pul ödəmişdir. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçıya avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilsə də, sonradan araşdırma nəticəsində onun fərdi hesabında kapitalın olmadığı aşkarlanmış və bu səbəbdən də pensiya işi ləğv edilmişdir. Cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi müvafiq məktublardan və nümayəndəsinin məhkəmə iclaslarında verdiyi izahatdan aydın olur ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən avtomatlaşdırılmış qayda tətbiq edilsə də, sonradan müvafiq qəbzlərin iddiaçının deyil, onun həyat yoldaşının adına ödənildiyi, həmçinin mərkəzi informasiya sistemində iddiaçının adına kapitalın ödənilmədiyi məlum olmuşdur. Bu əsasa görə də iddiaçının pensiya işi ləğv edilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, Bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin qeyd hissəsində Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. - 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. - 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti daxil edilir. - 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.2-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019- 2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır; 22-1.2.2. əlilliyi müəyyən edilmiş şəxsə əlilliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürülməklə hesablanır; 22-1.2.3. ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2.2-ci maddəsinə uyğun olaraq hesablanır. - 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun: - 4-cü maddəsinə əsasən sosial sığorta hadisəsi elə bir haldır ki, onun baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır. Sosial sığorta hadisəsindən biri də pensiya yaşına çatmaqdır. - 12-ci maddəsinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı, Azərbaycan Respublikası prezidentinin fərman və sərəncamları ilə vəzifəyə təyin olunan şəxslər; əmək müqaviləsi (kontraktı) ilə işləyən Azərbaycan Respublikasının vətəndaşları və vətəndaşlığı olmayan şəxslər; Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən vətəndaşlığı olmayan şəxslər və əcnəbilər (qanunla təsdiq olunmuş neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında Sazişlər çərçivəsində fəaliyyət göstərən podratçı və subpodratçı tərəflərdə işləyən, habelə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2016-cı il mayın 1-dən 5 il müddətində), həmçinin texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən (2023-cü il yanvarın 1-dən 10 il müddətinə) vətəndaşlığı olmayan şəxslər və əcnəbilər istisna olmaqla); seçkili ödənişli vəzifələrdə işləyənlər, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); prokurorlar, prokurorun müavinləri və köməkçiləri, prokurorluğun müstəntiqləri vergi orqanlarının işçiləri; vəkillər kollegiyasının üzvləri; mediatorlar; fərdi qaydada sahibkarlıq və əmək fəaliyyəti ilə məşğul olan fiziki şəxslər— məcburi dövlət sosial sığortası ilə əhatə olunurlar. - 13-cü maddəsinə əsasən sığortaedənlərin məcburi dövlət sosial sığorta məqsədləri üçün sığortaçıda uçotu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təqdim etdiyi uçot məlumatları əsasında aparılır. Məcburi dövlət sosial sığortanın məqsədləri üçün sığortaolunanların sığortaçıda uçotu sığortaedənlərin təqdim etdiyi məlumatlar əsasında aparılır. Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu qanunun 13.2-ci maddəsinə uyğun olaraq uçota almanı həyata keçirdikdən sonra bu barədə 1 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına elektron formada məlumat verir. Məcburi dövlət sosial sığortası məqsədilə sığortaedənlərin və sığortaolunanların uçotu qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırılmaqla, müəyyən edilir. - 14.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqqı sığortalamaya görə sığortaçıya verilən pul vəsaitidir. - 14.2-ci maddəsinə əsasən məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. - 14.3-cü maddəsinə əsasən bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: sığortaedən tərəfindən ödənilən sığorta haqqı hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. Beləliklə, iddiaçının tələbinə münasibətdə qeyd edilməlidir ki, hazırkı tələb iki hissədən ibarətdir:
1. "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin 15 sentyabr 2022-ci il tarixli, 26 nömrəli komissiya qərarının ləğv edilməsi;
2. İddiaçı pensiyasının yenidən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması. Tələbin birinci hissəsinə münasibətdə qeyd edilməlidir ki, işin faktiki hallarından görünür ki, İddiaçı xx xxxxxx 1957-ci ildə anadan olmuşdur. 2019-cu ilin oktyabr ayında iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya pensiya təyin edilərkən onun 2018-ci ilin 1 iyul tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının olması əsas götürülmüşdür. Lakin sonrakı araşdırma nəticəsində iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının olmaması aşkarlanmışdır. Belə ki, kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə iddiaçının əri X12 tərəfindən ödənilmiş torpaq pulu paylı mülkiyyətçi kimi İddiaçı adına işlənilməmişdir. Buna görə də onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinədək hər hansı məbləğin olmaması aşkarlanmışdır. Bundan sonra “Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin əmək pensiyası təyin edən komissiyası tərəfindən 15 sentyabr 2022-ci il tarixli, 26 nömrəli qərar qəbul edilərək, iddiaçının pensiya işi ləğv edilmişdir. İddiaçı bununla razılaşmayaraq həmin qərarı mübahisələndirir, kənd təsərrüfatına yararlı torpaq sahəsinə görə ödənilmiş məvacibin onun fərdi hesabına işlənərək, pensiyasının bərpa edilməsini tələb edir. Mübahisələndirilən qərarın mətnindən aydın olur ki, qərarda iki məsələ öz əksini tapmışdır:
1. İddiaçı xx.xx.2019-cu il tarixli, 19823 nömrəli qərara əsasən yaşa görə qanunsuz olaraq təyin edilmiş əmək pensiyasının ləğv edilməsi;
2. xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilmiş 9061 manat 70 qəpik məbləğində pul vəsaitinin Fondun Şəhər İdarəsinin yığım hesabına geri qaytarılması. İlk öncə qeyd olunmalıdır ki, iddiaçıya 31 oktyabr 2019-cu il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22-1-ci maddəsinə əsasən avtomatlaşdırılmış qaydada əmək pensiyası təyin edilmişdir. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 22-1-ci maddəsinin müddəalarının tətbiq edilməsi üçün 3 şərt mövcud olmalıdır: 1) iddiaçı 1 yanvar 2019-cu il tarixdən sonra qanunla müəyyən edilmiş pensiya yaşına çatmalı; 2) Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmalı; 3) fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Birinci şərt iddiaçıya münasibətdə mövcud olmuş, onun yaşa görə pensiya hüququ 1 yanvar 2019-cu il tarixdən sonra yaranmışdır. İkinci şərt də iddiaçıya münasibətdə mövcud olmuşdur, yəni “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri iddiaçıya münasibətdə gözlənilmişdir. Üçüncü şərtlə bağlı “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbi ondan ibarətdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olmalıdır. Cavabdeh hesab edir ki, iddiaçı ödədiyi məcburi dövlət sosial sığorta haqlarının hesabatını vaxtında təqdim etmədiyindən və müvafiq məbləğ iddiaçının adından ödənilmədiyindən buna görə də məbləğləri onun fərdi şəxsi hesabına işləmək mümkün olmadığından “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1-ci maddəsinin tələbi mövcud olmamışdır. Cavabdehin əsas dəlilinə görə “Əmək pensiyaları haqqında” Qanunun 22-1.1ci maddəsinin tətbiq edilməsi üçün fərdi hesabın sığorta hissəsində pensiya kapitalının 1 iyul 2018-ci il tarixə qədər qeydə alınmalıdır. İddiaçının 1 iyul 2018-ci il tarixə fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunmalıdır ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 19 mart 2004-cü il tarixli, 01 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə 0.40 hektar torpaq sahəsinin X5, İddiaçı, X6 və X8 mülkiyyətinə verilməsi və həmin torpaq sahəsinə görə müvafiq torpaq pullarının ödənilməsi cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilmir. Hazırkı iş üzrə mübahisəli məsələlər iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinə görə ödənilmiş qəbzlərin iddiaçının adından deyil, onun əri X5 adında ödənilməsi və həmin məbləğlərin iddiaçının adına işlənilməməsi ilə bağlıdır. Belə ki, cavabdeh inzibati orqan bu arqumentləri əsas gətirərək iddiaçının pensiyasını ləğv etmişdir. Məhkəmə mübahisələndirilən məsələ ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 19 mart 2004-cü il tarixli, 01 nömrəli qərarı ilə 0.40 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə X5, İddiaçı, X6 və X8 mülkiyyətinə verilmişdir. Həmin şəhadətnaməyə əsasən adları qeyd olunan şəxslər paylı mülkiyyətçi hesab edilirlər. Həmin şəxslərin hər hansı biri tərəfindən torpaq sahəsinə münasibətdə ödənilmiş məbləğ digərlərinin də fərdi hesabında müvafiq kapitalın formalaşması üçün əsasdır. Məhkəmə cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən arqumenti əsassız hesab edərək qeyd edir ki, iddiaçının əri tərəfindən 2018-ci ilin iyul ayının 1-dək ödənilmiş torpaq pulu iddiaçıya münasibətdə müvafiq pensiya kapitalının formalaşmasına səbəb olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən digər məsələ isə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının hesabatı vaxtında təqdim edilmədiyindən bu məbləğləri onun fərdi şəxsi hesabına işləməyin mümkün olmaması ilə bağlıdır. İş materiallarından da göründüyü kimi, iddiaçının mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqlardan istifadəyə görə ailə üzvləri ilə birlikdə sosial sığorta haqları ödənilmiş, ödənişin elektron sistemdə onun sosial sığorta stajına hesablanmaması, iddiaçının təqsiri ilə bağlı olmayan haldır və hətta bu halın mövcudluğu təsdiq olunsa belə, bu, özüözlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtinaya əsas verən hal kimi təsbit edilməmişdir. Bununla bağlı olaraq həmçinin qeyd edilir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, sosial sığorta stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Cavabdeh ödənilən məbləği qəbul etməməsi, geri qaytarması, iddiaçını məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota almaqdan imtina etməsini bildirməmişdir. Əksinə, cavabdeh ödənilən məbləğin mövcudluğunu təsdiq etmişdir. Odur ki, məhkəmə iddiaçının fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalının mövcud olmaması barədə cavabdehin dəlillərini əsaslı saymır. Həmçinin mübahisələndirilən qərarda artıq ödənilmiş 9061 manat 70 qəpik məbləğində pul vəsaitinin Fondun Şəhər İdarəsinin yığım hesabına geri qaytarılması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Hazırkı halda, əmək pensiyaçısının artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Cavabdeh bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə, yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh də bu barədə heç bir dəlil irəli sürmür. Qeyd olunan məsələ ilə bağlı oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 04 avqust 2021-ci il tarixli, 2-1(102)-1307/2021 nömrəli qərarında da öz əksini tapmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən mübahisələndirilən məsələlər məhkəmə tərəfindən əsassız hesab edildiyindən iddia tələbinin birinci hissəsi təmin edilməli və "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin 15 sentyabr 2022-ci il tarixli, 26 nömrəli komissiya qərarının ləğv edilməlidir. İddiaçının tələbinin ikinci hissəsinə münasibətdə qeyd edilməlidir ki, tələbin ikinci hissəsinin hüquqi taleyi birinci hissəsinə əsasən həll edildiyindən bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçının pensiyasının ləğv edilməsinə səbəb olan 15 sentyabr 2022-ci il tarixli, 26 nömrəli qərarın ləğv edilməsi iddiaçının pensiyasının bərpa edilməsi deməkdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçıya 31 oktyabr 2019-cu il tarixli, 19823 nömrəli qərar əsasında təyin edilmiş pensiyanın bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 58.2-ci maddəsinə əsasən inzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. - 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. - 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. İnzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. İnzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 73.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, qanunvericiliyin tələbinə əsasən inzibati orqan tərəfindən inzibati akt qəbul edilərkən işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar əsasında və inzibati icraat zamanı əldə edilmiş sübutlara istinad edilməklə yazılı şəkildə əsaslandırılması nəzərdə tutulsa da, mübahisələndirilən qərar qəbul edilərkən qeyd olunan tələbə əməl edilməmişdir. Cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş mübahisələndirilən inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və dəyişdirilməsini məhkəmədən tələb edə bilər. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin 15 sentyabr 2022-ci il tarixli, 26 nömrəli komissiya qərarı ləğv edilməli və İddiaçı pensiyasının yenidən bərpa olunması öhdəliyi cavabdeh "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə:
Şərh edilənlərə əsasən və İPM-in 2, 32, 68, 69, 70, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilir. "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin 15 sentyabr 2022-ci il tarixli, 26 nömrəli komissiya qərarı ləğv edilir. İddiaçı pensiyasının yenidən bərpa olunması öhdəliyi cavabdeh "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Naxçıvan şəhər idarəsinin üzərinə qoyulur. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.
SƏDRLİK EDƏN: HİCRAN MURADOV