Məhkəmə qərarları › İş №2-1(122)-511/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-511/2024

28.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-511/2024 28.03.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı "onun mülkiyyətində olmuş X1 sol tərəfində istifadəsiz yerdə yerləşən sahəsi 6 kv.m olan mağazanın yenidən tikilməsi üçün torpaq sahəsinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binasının (mağazanın) dəyəri olan 30.000 (otuz min manat) kompensasiyanın Babək Rayon İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olmuş X1 sol tərəfində istifadəsiz yerdə yerləşən sahəsi 6 kv.m olan mağazanın yenidən tikilməsi üçün torpaq sahəsinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binasının (mağazanın) dəyəri olan 30.000 (otuz min manat) kompensasiyanın Babək Rayon İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Babək rayon torpaq şöbəsinin 18 fevral 1995-ci il tarixli, 2 saylı ümumi iclas protokolunun və Yarımca kəndi üzrə nümayəndəsinin 27 fevral 1995-ci il tarixli, 75 saylı razılıq məktubunu nəzərə alaraq İ.Səfərli adına kolxozun ərazisindən X1 sol tərəfindən istifadəsiz yerdən mağaza açmaq üçün Babək rayon torpaq şöbəsi tərəfindən mağaza tikintisi üçün 6 kv.m torpaq sahəsinin ayrılması üçün qərar verilmişdir. Babək Rayon İcra Hakimiyyətinin xx.xx.1996-ci il tarixli, 07 nömrəli sərəncamına əsasən torpaq sahəsində mağaza tikilmişdir. Həmin torpaq sahəsində mağaza tikdikdən sonra mağaza maneəsiz fəaliyyət göstərmişdir və vaxtı vaxtında vergi ödənişi ödənilmişdir. Lakin heç bir qanuni əsas olmadan mağaza əlindən alınaraq və ona heç bir kompensasiya ödənilmədən sökmüşdürlər. Bununla bağlı o, Babək Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişdir. Babək Rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli, 5-22/2-R-19-32//2023 nömrəli cavab məktubunda bildirildi ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 4-cü maddəsinə uyğun olaraq bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüququ və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. O da məcbur qalaraq məhkəməyə müraciət etməli olur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq hazırlıq icraatı ilə bağlı məhkəmə iclası 28 mart 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya yardım məktubu ünvanlanaraq söküldüyünü iddia etdiyi X1 sol tərəfində istifadəsiz yerdə yerləşən sahəsi 6 kv.m olan mağazanın onun mülkiyyətində olmasını sübut edən müvafiq sənədlərin məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Məhkəmənin yardım məktubu iddiaçı tərəfindən imza edilərək alınmış, lakin iddiaçı müvafiq sənədləri məhkəməyə təqdim etməmişdir. Cavabdeh Babək Rayon İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iş üzrə əlavə təqdim edəcəyi sübutunun, eyni zamanda mağazaya mülkiyyət hüququnu təsdiq edən sənədlərinin olmadığını bildirib, hazırki tələb üzrə işdə olan sübutlar əsasında işə baxaraq iddianın mümkün sayılaraq təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Qanunun 35-ci maddəsinin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmaqla bərabər, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını da əsaslandırmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2-cü bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4-cü bəndinə əsasən iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu, tərəflərin bunu tələb edibetməməsindən asılı olmayaraq, İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən xidməti vəzifəsinə görə yoxlamalıdır. İddiaçının hüquqi marağı qanunsuz və əsassız olaraq onun mülkiyyətində olmuş X1 sol tərəfində istifadəsiz yerdə yerləşən sahəsi 6 kv.m olan mağazanın yenidən tikilməsi üçün torpaq sahəsinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binasının (mağazanın) dəyəri olan 30.000 (otuz min manat) kompensasiyanın Babək Rayon İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. İş materiallarında olan Babək Rayon XDM Rəyasət heyətinin 09 mart 1995-ci il tarixli, 03 s07 nömrəli qərarından görünür ki, İ.Səfərli adına kolxozun ərazisindən, hava limanına çıxışın sol tərəfindən, istifadəsiz yerdən 6 (altı) kvadratmetr torpaq sahəsinin Şəkərabad kənd sakini İddiaçı komission mağaza açmaq məqsədilə ayrılmışdır. İddiaçı tərəfindən iddia ərizəsinə həmçinin İ.Səfərli adına kolxozun protokolu, Babək Rayon Torpaq şöbəsi ilə rayon icra hakimiyyətinin memarlıq və tikinti şöbəsinin birgə rəyi əlavə edilmişdir. Həmin sənədlərin hər birinə ayrılıqda baxış keçirilərkən məlum olur ki, onlar X1 sol tərəfində istifadəsiz yerdə yerləşən sahəsi 6 kv.m olan mağazanın iddiaçının mülkiyyətində olduğunu təsdiq etmir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ərizəsində Babək Rayon İcra Hakimiyyətinin müvafiq qərarına əsaslanaraq mağazanın onun mülkiyyətində olmasını qeyd etsə də, həmin əmlak müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyət hüququ ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Diqqətə alınmalıdır ki, şəxsin ona vurulmuş ziyanın əvəzinin ödənilməsini tələb hüququ onun qanuni mülkiyyət və ya istifadə hüququndan irəli gəlməlidir. Yalnız mülkiyyət və ya qanuni istifadə hüququna müdaxilə nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsi tələb oluna bilər. Məhkəmə qeyd edir ki, mülkiyyətin rəsmiləşdirilməsi ilə bağlı vətəndaşın məsuliyyət sferasına aid olan və həmin prosesin tərkib hissəsi sayılan müəyyən hərəkətlərin qüsurlu həyata keçirilməsinin nəticələri hər hansı orqanın üzərinə qoyula bilməz. İddia ərizəsində qeyd olunan mağazanın həmin dövrdə mövcud olmasını və ya qeyd olunan mağazanın mövcud vəziyyətinə uyğun tərtib edilmiş texniki sənədləri və ya mülkiyyət hüququ ilə həmin mağazanın iddiaçıya məxsus olmasını təsdiq edən hər hansı sənədin məhkəməyə təqdim edilməməsi hazırkı iddia üzrə iddiaçıya dəymiş zərərin ödənilməsini cavabdehdən tələb etmək imkanını istisna edir. Belə olan təqdirdə iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının cavabdeh inzibati orqan tərəfindən hansı formada pozulduğunu (inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində) müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin şikayəti üzrə 23 aprel 2004-cü il tarixli X2 hüquqları Məhkəməsinin “Delkurun Belçikaya qarşı işi üzrə” qərarına istinadla qeyd etmişdir ki, “ədalətli məhkəmə araşdırması hüququ özündə üç elementin vəhdətini nəzərdə tutur: 1) qanun əsasında yaradılmış, müstəqilliyə və qərəzsizliyə dair bütün tələblərə cavab verən məhkəmənin mövcudluğu; 2) məhkəmənin mübahisəyə və ya ittihama dair bütün məsələləri həll etmək üçün kifayət qədər geniş yurisdiksiyaya malik olması; 3) müvafiq şəxsin məhkəməyə müraciət etmək hüququnun (və imkanının) olması. Bu elementlərin hər hansı birinin, o cümlədən qanunvericilikdə müəyyən edilən istisnalar nəzərə alınmaqla şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması, ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir”. Beləliklə, sadalanan normaların tələblərindən və işin yuxarıda qeyd edilən hallarına əsasən müəyyən edilir ki, hazırkı iddia mümkünlük tələblərinə cavab vermir. Odur ki, məhkəmə İddiaçı cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı "onun mülkiyyətində olmuş X1 sol tərəfində istifadəsiz yerdə yerləşən sahəsi 6 kv.m olan mağazanın yenidən tikilməsi üçün torpaq sahəsinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binasının (mağazanın) dəyəri olan 30.000 (otuz min manat) kompensasiyanın Babək Rayon İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Babək Rayon İcra Hakimiyyətinə qarşı "onun mülkiyyətində olmuş X1 sol tərəfində istifadəsiz yerdə yerləşən sahəsi 6 kv.m olan mağazanın yenidən tikilməsi üçün torpaq sahəsinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binasının (mağazanın) dəyəri olan 30.000 (otuz min manat) kompensasiyanın Babək Rayon İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar