Məhkəmə qərarları › İş №2-1(122)-514/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-514/2025

25.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-514/2025 25.11.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X8 Heydər oğlunun sədrliyi, X9 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "onun mərhum həyat yoldaşına məxsus və birinci növbəli vərəsə olaraq onun tərəfindən qəbul edilmiş Naxçıvan şəhəri, Xətai kəndində (indiki Naxçıvan şəhəri Xətai məhəlləsində) yerləşən ümumi sahəsi 40 kv.m, yerləşdiyi torpaq sahəsi 40, 0 kv.m olan sexin(qeyri-yaşayış sahəsinin) ona torpaq sahəsi ilə birlikdə geri qaytarılması, bu mümkün olmadıqda eyni ölçüdə başqa torpaq sahəsi ilə əvəz olunması (tikili nəzərə alınmaqla), təmir sexinin dəyəri olan 100.000 (bir yüz min) manat pulun, 3 il ərzində əldən çıxmış fayda olan (hər ay 1.000 (bir min) manat olmaqla) 36.000 (otuz altı min) manat pulun ona kompensasiya olaraq ödənilməsi tələbi”nə dair inzibati mübahisəyə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X4 Babək rayonu, Xətai kəndində (indiki Naxçıvan şəhəri, Xətai məhəlləsi) maşın-mexanizmlərin təmirtikintisi üçün Babək Rayon İcra Hakimiyyətinin xx.xx.1998-ci il tarixli, 94 saylı sərəncamı ilə 40 kv.m torpaq sahəsi ayrılmışdır. Mərhumun xx.xx.1998-ci il tarixli ərizəsi, Əliabad kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin xx.xx.1998-ci il tarixli, 01/490 saylı razılıq məktubu və Babək Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin 25 iyun 1998ci il tarixli, 17 saylı rəyi əsasında həmin ayrılmış torpaq sahəsində müvafiq tikintiyə icazə verilmiş, o da qeyd edilən torpaq sahəsində sex tikərək fəaliyyətə başlamışdır. 1998-2001ci illər arasında həmin tikili sex kimi fəaliyyət göstərmişdir. 2001-ci ildə qeyd edilən tikili heç bir səbəb göstərilmədən sökülmüş, mərhum həyat yoldaşının mülkiyyət hüquqları kobud şəkildə pozulmuş, və onlara heç bir kompensasiya belə ödənilməmişdir. Həmin qeyriyaşayış sahəsinin hazırki bazar dəyəri 100.000 (yüz min) manat təşkil edir. Eyni zamanda 3 il müddətində məhrum olduqları, yəni əldən çıxmış fayda vardır. Belə ki, həmin sex hər ay 1.000 (bir min) manat gəlir gətirirdi ki, onlar da bir mülkiyyətçi olaraq 3 il müddətində həmin gəlirdən də məhrum olublar. Qeyd olunan məsələ ilə bağlı Naxçıvan Şəhər İcra Hakimiyyətinə müraciət edilsə də, həmin qurumdan imtina cavabı verilmiş və məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İddiaçı qeyd olunanlara əsasən onun mərhum həyat yoldaşına məxsus və birinci növbəli vərəsə olaraq onun tərəfindən qəbul edilmiş Naxçıvan şəhəri, Xətai kəndində (indiki Naxçıvan şəhəri Xətai məhəlləsində) yerləşən ümumi sahəsi 40 kv.m, yerləşdiyi torpaq sahəsi 40,0 kv.m olan sexin(qeyri-yaşayış sahəsinin) ona torpaq sahəsi ilə birlikdə geri qaytarılması, bu mümkün olmadıqda eyni ölçüdə başqa torpaq sahəsi ilə əvəz olunması (tikili nəzərə alınmaqla), təmir sexinin dəyəri olan 100.000 (bir yüz min) manat pulun, 3 il ərzində əldən çıxmış fayda olan (hər ay 1.000 (bir min) manat olmaqla) 36.000 (otuz altı min) manat pulun kompensasiya olaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən müvafiq sərəncam qəbul edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 25 noyabr 2025-ci il tarixə təyin edilmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən ünvan 1 ünvanında yaşayan Nümayəndə ünvanlanmış 26 yanvar 2024-cü il tarixli, 5-5/2-H-05-8/2024 nömrəli məktubla bildirilmişdir ki, qeyd edilən ünvanda yerləşən sexin sökülməsinə və dövlət ehtiyacları üçün alınmasına dair icra hakimiyyətində heç bir inzibati akt yaxud sənəd aşkar etmək mümkün olmamışdır. - Babək Rayon İcra Hakimiyyətinin 06 iyun 1998-ci il tarixli, 94 nömrəli sərəncamının surətindən məlum olur ki, X1 ərazisində yerləşən X6 məxsus çilingər sexinin qərb hissəsində istifadəsiz boş torpaq sahəsindən 40 kv.m ərazidə maşın və mexanizmlərinin təmiri sexinin tikintisinin aparılması üçün icazə verilmişdir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Naxçıvan Regional "Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 27 yanvar 2025-ci il tarixli, 122/2025 nömrəli məktubla göndərilmiş 05 dekabr 2006-cı il tarixdə ölmüş mərhum X2 qalan mirasla bağlı xx.xx.2023-cü il tarixdə 9 nömrəli reyestrlə İddiaçı verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamə iş materiallarına əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 31 yanvar 2025-ci il tarixli, **********275200 nömrəli məktubdan məlum olur ki, mərhum X5 (VÖEN:**********) vergi ödəyicisi kimi vergi uçotuna alınmış və 9 sentyabr 2009-cu il tarixdə ləğv edilmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 13 fevral 2025-ci il tarixli, 3-17-9-1/2-1644/2025 nömrəli məktubdan məlum olur ki, mərhum X5 (VÖEN: **********) fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (bundan sonra – Dövlət Vergi Xidməti) vergi ödəyicisi kimi xx.xx.2006-cı il tarixdən qeydiyyatda alınmışdır. Məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi yalnız fərdi sahibkar kimi Dövlət Vergi Xidmətində qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Bu səbəbdən Ələkbər Hüseynovun 1998-2001-ci illərdə fərdi sahibkar kimi MDSS haqlarını ödəməsi mümkün deyil. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 17 fevral 2025-ci il tarixli, 3-48-NDA/1-2-175/2025 nömrəli məktubdan məlum olur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə edilən Naxçıvan Şəhər İcra Hakimiyyətinin 1998-2001-ci ilə aid sənədlərində mərhum X3 adına təmir sexinin olması barədə məlumat mövcud deyil. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 11 aprel 2025-ci il tarixli, 04/552 nömrəli məktubdan məlum olur ki, daşınmaz əmlakın dövlət reyestrində X3 adına Naxçıvan şəhəri, Xətai məhəlləsində ümumi sahəsi 40 m² olan qeyriyaşayış sahəsi qeydiyyata alınmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 71.2. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu: 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 13.1. Dövlət reyestrində daşınmaz əmlak, onlar üzərində həm mövcud olan, həm də xitam verilmiş hüquqlar və hüquq sahibləri barədə məlumat saxlanılır. 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmənin əsaslandırması: Məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının hüquqi marağı onun mərhum həyat yoldaşına məxsus və birinci növbəli vərəsə olaraq onun tərəfindən qəbul edilmiş Naxçıvan şəhəri, Xətai kəndində (indiki Naxçıvan şəhəri Xətai məhəlləsində) yerləşən ümumi sahəsi 40 kv.m, yerləşdiyi torpaq sahəsi 40,0 kv.m olan sexin (qeyri-yaşayış sahəsinin) ona torpaq sahəsi ilə birlikdə geri qaytarılması, bu mümkün olmadıqda eyni ölçüdə başqa torpaq sahəsi ilə əvəz olunması (tikili nəzərə alınmaqla), təmir sexinin dəyəri olan 100.000 (bir yüz min) manat pulun, 3 il ərzində əldən çıxmış fayda olan (hər ay 1.000 (bir min) manat olmaqla) 36.000 (otuz altı min) manat pulun ona kompensasiya olaraq ödənilməsi ilə bağlıdır. Qeyd edilməlidir ki, hər bir konkret halda mülki hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törədəcəyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. İddiaçı tələbinin hüquqi əsası kimi “X4 maşın və mexanizmlərinin təmiri sexinin tikintisinin aparılmasına icazə verilməsi” barədə Babək Rayon İcra Hakimiyyətinin 06 iyun 1998-ci il tarixli, 94 nömrəli sərəncamına istinad etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının təqdim etdiyi həmin sərəncam özü-özlüyündə təmir sexinə dair hüquqların qeydiyyata alınmasına və ya ümumiyyətlə tikilinin mövcud olmasına dəlalət etmir. Bu mənada, iddiaçının hüquq müəyyənedici sənəd kimi istinad etdiyi sərəncam əsasında sözügedən sexin tikilməsi üçün Babək Rayon İcra Hakimiyyəti tərəfindən X4 40 m2 torpaq sahəsinin ayrıldığı qeyd edilsə də, iş materialları üzrə həmin obyektin nə vaxtsa mövcud olması müəyyən olunmur. Başqa sözlə iddiaçı istər təmir sexinin onun mərhum həyat yoldaşının mülkiyyətində olmasını, istər sözügedən obyektin onun tərəfindən tikilməsini, istərsə də, həmin əmlakın cavabdeh tərəfindən sökülməsini mötəbər dəlillərlə sübut edə bilməmiş, bu hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. CENTRO EUROPA 7 S.R.L. VƏ Dİ STEFANO İTALİYAYA QARŞİ 1 saylı protokolun 1-ci maddəsi yalnız şəxsin mövcud mülkiyyətinə münasibətdə tətbiq olunur. Belə ki, gələcək gəlir artıq qazanılana və ya qəti olaraq ödənilməli olana qədər “mülkiyyət” hesab oluna bilməz. Bundan əlavə, çoxdan itirilmiş mülkiyyət hüququnun yenidən əldə ediləcəyi ümidinə “mülkiyyət” kimi baxıla bilməz; eyni yanaşma şərtə əməl edilə bilməməsi nəticəsində qüvvəsini itirmiş şərti tələbə də aiddir (bax: “Qratzinger və Qratzingerova Çex Respublikasına qarşı” (qərardad) [Böyük Palata] (Gratzinger and Gratzingerova v. the Czech Republic (dec.) [GC], no. 39794/98, § 69, ECHR 2002-Vİİ)). Digər yandan mövcud olduğu halda belə, iddiaçı qeyd olunan qeyri-yaşayış obyektinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən söküldüyünü bildirsə də, həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24- 1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) nəzərdə tutulmuş qaydada və ya bundan sonra “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun inzibati şikayətlər üzrə icraatla bağlı 7-ci fəslində nəzərdə tutulmuş qaydalara uyğun olaraq həmin müddətdə hər hansı şikayət instansiyasına inzibati şikayət verməmişdir ki, bu hal qeyd olunan tikilinin cavabdeh tərəfindən sökülmədiyinə dəlalət edir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş mülkiyyət hüququna dair normalar baxımından (13, 29) da, inzibati orqanlar yalnız qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. İddiaçı iddia ərizəsində cavabdeh tərəfindən söküldüyünü iddia etdiyi qeyri-yaşayış binasının birinci növbəli vərəsə olaraq onun tərəfindən qəbul edilməsi barədə dəlilləri də məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Qeyd olunan hallar da iddiaçıya kompensasiyanın ödənilməsi üçün əsas ola bilməz. Xüsusi olaraq vurğulanmalıdır ki, zərər ilə təqsirli hesab olunan subyektin əməli arasında səbəbli əlaqə olmalıdır. Belə ki, zərərə görə təqsirli hesab ediləcək subyektin hərəkət və ya hərəkətsizliyi zərərin baş verməsinə birbaşa zəmin yaratmalıdır. Hazırkı halda iddiaçının söküldüyünü iddia etdiyi qeyri-yaşayış binasına münasibətdə mülkiyyət hüququnun pozulması ilə ehtimal olunan zərər ilə inzibati orqanın əməli arasında səbəbli əlaqə mövcud olmamışdır. Bu mənada inzibati məhkəmə icraatı zamanı konkret mübahisəyə münasibətdə konkret inzibati orqanın hərəkət və hərəkətsizliklərinin hüquqi əsasları yoxlanılır. Odur ki, qaldırılmış tələbə münasibətdə cavabdeh orqanın hərəkətləri (hərəkətsizliyi) ilə vurulmuş ziyan arasında səbəbli-əlaqənin mövcudluğu sübuta yetirilməlidir. Yəni, cavabdeh orqan yalnız öz hərəkətləri (hərəkətsizlikləri) ilə başqasına ziyan vurduğu halda bu hərəkətlərin müvafiq hüquqi nəticələri yaranacaqdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının bildirdiyi obyektin sökülməsi barədə istinad etdiyi qeyd olunan səlahiyyətlərin Naxçıvan Şəhər İcra Hakimiyyətinin iradə ifadəsi əsasında həyata keçirildiyi qəbul edilə və həmin səlahiyyətlərin onun tərəfindən icra olunduğu anlamında qiymətləndirilməsi düzgün hesab edilə bilməz. Bu səbəbdən mülkiyyətçi tərəfindən tələb olunan ziyanın ödənilməsi cavabdehin məsuliyyət sferasına aid edilməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İşdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməsi təsdiq olunmamış, İPM-in 14-cü maddəsinin tələbləri baxımından iddianın əsasını təşkil edən mümkün və mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddianın eyni ölçüdə başqa torpaq sahəsi ilə əvəz olunması (tikili nəzərə alınmaqla), təmir sexinin dəyəri olan 100.000 (bir yüz min) manat pulun, 3 il ərzində əldən çıxmış fayda olan (hər ay 1.000 (bir min) manat olmaqla) 36.000 (otuz altı min) manat pulun ona kompensasiya olaraq ödənilməsi ilə bağlı qeyd edir ki, iddia tələbinin həmin hissəsi əsas tələbdən asılı tələb olduğu üçün bu hissədə iddiaya ayrıca hüquqi qiymət verilməsinə zərurət yoxdur. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "onun mərhum həyat yoldaşına məxsus və birinci növbəli vərəsə olaraq onun tərəfindən qəbul edilmiş Naxçıvan şəhəri, Xətai kəndində (indiki Naxçıvan şəhəri Xətai məhəlləsində) yerləşən ümumi sahəsi 40 kv.m, yerləşdiyi torpaq sahəsi 40, 0 kv.m olan sexin(qeyri-yaşayış sahəsinin) ona torpaq sahəsi ilə birlikdə geri qaytarılması, bu mümkün olmadıqda eyni ölçüdə başqa torpaq sahəsi ilə əvəz olunması (tikili nəzərə alınmaqla), təmir sexinin dəyəri olan 100.000 (bir yüz min) manat pulun, 3 il ərzində əldən çıxmış fayda olan (hər ay 1.000 (bir min) manat olmaqla) 36.000 (otuz altı min) manat pulun ona kompensasiya olaraq ödənilməsi tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "onun mərhum həyat yoldaşına məxsus və birinci növbəli vərəsə olaraq onun tərəfindən qəbul edilmiş Naxçıvan şəhəri, Xətai kəndində (indiki Naxçıvan şəhəri Xətai məhəlləsində) yerləşən ümumi sahəsi 40 kv.m, yerləşdiyi torpaq sahəsi 40, 0 kv.m olan sexin(qeyri-yaşayış sahəsinin) ona torpaq sahəsi ilə birlikdə geri qaytarılması, bu mümkün olmadıqda eyni ölçüdə başqa torpaq sahəsi ilə əvəz olunması (tikili nəzərə alınmaqla), təmir sexinin dəyəri olan 100.000 (bir yüz min) manat pulun, 3 il ərzində əldən çıxmış fayda olan (hər ay 1.000 (bir min) manat olmaqla) 36.000 (otuz altı min) manat pulun kompensasiya olaraq ona kompensasiya olaraq ödənilməsi tələbi”nə iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən (elektron məhkəmə kabinetinə yerləşdirildikdən) 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar