Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-517/2025 04.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Muradov Emin Məhərrəm oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “mülkiyyətinə verilmiş Naxçıvan şəhərində yerləşən yaşayış sahələrinin geri qaytarılması və ya həmin yaşayış binalarının dəyəri olan 240 000 (iki yüz qırx min) manat kompensasiyanın cavabdehdən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətinə verilmiş Naxçıvan şəhərində yerləşən yaşayış sahələrinin geri qaytarılması və ya həmin yaşayış binalarının dəyəri olan 240 000 (iki yüz qırx min) manat kompensasiyanın cavabdehdən alınıb ona ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iş üzrə şifahi icraat qaydasında iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 04 iyun 2025-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı və cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə mənzillərlə bağlı sənədlərin ləğv olunduğunun onlara məlum olduğunu, məktublarda kompensasiya olaraq ev ilə təmin olunduqlarının qeyd edildiyini, lakin hər hansı ev ilə təmin olunmadıqlarını bildirərək, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfə məhkəmə tərəfindən müxtəlif tarixlərdə yardım məktubları ünvanlanaraq, iddianın mümkünlük məsələsinə baxıldığı bildirilərək, mümkünlüklə bağlı onlarda olan sübutların məhkəməyə təqdim edilməsi təklif edilmiş və iddia tələbinin İPMnin 35.1-ci maddəsinə əsasən mümkünsüz sayılacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr, ilk növbədə, iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmaqla bərabər, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını da əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirməsindən söhbət gedə bilməz. İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 29 dekabr 2024-cü il tarixli, 04/1448 nömrəli məktubdan görünür ki, İddiaçı adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 65,1 m² olan 6 nömrəli və ümumi sahəsi 47,57 m² olan 10 nömrəli mənzillərin yerləşdiyi bina Naxçıvan şəhərində aparılan abadlıq-quruculuq işləri ilə əlaqədar söküldüyündən Naxçıvan Şəhər İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli, 19/16 nömrəli məktubu əsasında həmin mənzillərin qeydiyyatı ləğv edilmişdir. - Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 27 yanvar 2025-ci il tarixli, 04/95 nömrəli məktubu ilə məhkəməyə ünvanlanmış Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi N.Məmmədov yoldaşa ünvanlanmış 10 fevral 2010-cu il tarixli, 19/16 nömrəli məktubdan görünür ki, Naxçıvan şəhərində aparılan abadlıq-quruculuq işləri ilə əlaqədar yaşayış evləri plana düşərək sõkülmüş və vətəndaşlar şəhərin münasib yerində mənzillə təmin edilmişlər. Adları aşağıda qeyd olunan vətəndaşların texniki inventar pasportları lağv edilməsi üçün göndərilmişdir: 10. İddiaçı-Azadlıq prospekti 21/10 № 6235; 11. İddiaçı-Azadlıq prospekti 21/6 № 8896. - Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 12 may 2025-ci il tarixli, 5-5/2-733/2025 nömrəli məktubdan görünür ki, aparılan araşdırma zamanı İcra Hakimiyyəti tərəfindən iddiaçıya məxsus Naxçıvan şəhəri, H.Əliyev (keçmiş Azadlıq) prospekti, bina 21-də yerləşən ikiotaqlı 6 nömrəli və 10 nömrəli mənzillərin 2007-ci ildə sökülmələrinə, dövlət ehtiyacları üçün alınmalarına dair hər hansı bir qərar və ya digər inzibati akt müəyyən olunmamışdır. Naxçıvan MR Dövlət Arxiv İdarəsinə göndərilən sorğuya cavab olaraq İdarənin 11 mart 2025-ci il tarixli, 3-48-NDA/1-2-651/2025 nömrəli məktubunda Naxçıvan şəhəri, H.Əliyev (keçmiş Azadlıq) prospekti bina 21, mənzil 6 və bina 21, mənzil 10 ünvanında yerləşən ikiotaqlı mənzillərin sökülməsi, əvəzində İddiaçı kompensasiya ödənilməsinə dair məlumata rast gəlinmədiyi, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 11 dekabr 2009-cu il tarixli, 267 nömrəli Sərəncamının surətlərinin göndərildiyi qeyd edilmişdir. Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə verilmiş sorğuya cavab olaraq 24 aprel 2025-ci il tarixli, 03/633 nömrəli məktubunda ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 65,1 m2 olan 6 nömrəli və ümumi sahəsi 47,57 m2 olan 10 nömrəli mənzillərin yerləşdiyi bina Naxçıvan şəhərində aparılan abadlıq-quruculuq işləri ilə əlaqədar söküldüyündən Naxçıvan Şəhər İcra Hakimiyyətinin xx.xx.2010-cu il tarixli, 19/16 nömrəli məktubu əsasında həmin mənzillərin qeydiyyatının ləğv edildiyi bildirilmişdir. İddiaçının yaşayış sahələrinin Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən sökülməsinə və yaxud dövlət ehtiyacları üçün alınmasına dair heç bir sübut və dəlilin olmaması səbəbindən iddia əsassız hesab edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərini nəzərə alaraq İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “mülkiyyətinə verilmiş Naxçıvan şəhərində yerləşən yaşayış sahələrinin geri qaytarılması və ya həmin yaşayış binalarının dəyəri olan 240 000 (iki yüz qırx min) manat kompensasiyanın cavabdehdən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi” ilə bağlı iddianın mümkün sayılmamasına dair qərardad qəbul edilməsi xahiş edilmişdir. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı ünvan 6 ünvanında yerləşən iki otaqlı yaşayış evinin və ünvan 7 ünvanında yerləşən iki otaqlı yaşayış evinin sökülməsinə görə cavabdeh inzibati orqan tərəfindən ona müvafiq kompensasiya ödənilməsini tələb edir. İddiaçı tələbinin hüquqi əsası kimi həmin yaşayış sahələri barəsində tərtib edilmiş qeydiyyat vəsiqələrini və texniki pasportları iş materiallarına əlavə etmişdir. Məhkəmə tərəfindən iddiaçının hazırki iddia tələbi ilə bağlı subyektiv hüququnun mövcudluğunun müəyyənləşdirilməsi istiqamətində müvafiq araşdırma aparılaraq, müvafiq orqanlara sorğular verilmişdir. Həmin araşdırma nəticəsində aydın olmuşdur ki, iddiaçının yaşayış sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat Naxçıvan Şəhər İcra Hakimiyyətinin 10 fevral 2010-cu il tarixli, 19/16 nömrəli məktubu ilə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ləğv edilmişdir. Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış məktubdan da aydın olur ki, iddiaçının həmin yaşayış sahələri üzərində mövcud olmuş mülkiyyət hüquqları ləğv edilmişdir. Göründüyü kimi, yaşayış sahələri əvvəllər iddiaçının mülkiyyətində olsa da, sonradan iddiaçının həmin mənzillər üzərində mülkiyyət hüquqları ləğv edildiyindən iddiaçının hazırki vəziyyətdə həmin mənzillərə görə hər hansı kompensasiya tələb etmək hüququndan söhbət gedə bilməz. İddiaçının müvafiq mülkiyyət hüququna malik olmaması onun həmin əmlak barəsində müvafiq sərəncam və tələb etmək hüququnun da olmamasına səbəb olur. Bu hal isə özlüyündə iddiaçının hazırki iddia tələbi üzrə subyektiv hüquqa malik olması faktını istisna edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Qanunvericilikdə birbaşa nəzərdə tutulduğu halda, iş materiallarından iddiaçının həmin yaşayış sahələri üzərində mülkiyyət hüquqlarının artıq olmamasını öz təsdiqini tapır. Məhkəmə işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddiaçı hazırki iş üzrə subyektiv hüquqa malik olmadığından iddia tələbi mümkün sayılaraq mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparıla bilməz. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatında məhkəmənin əsas vəzifəsi iddiaçının tələbinin konkret olaraq nədən ibarət olduğunu, onun hüquqlarının cavabdeh tərəfindən hansı qaydada pozulduğunu və iddiaçının subyektiv hüquqa malik olubolmamasını müəyyənləşdirməkdən ibarətdir. Bununla bağlı iddiaçı tərəfə istər yazılı, istərsə də məhkəmə iclaslarında müvafiq yardımlar edilmiş, mümkünlük məsələsi dəfələrlə müzakirə edilmiş, verilmiş müvafiq vəsatətlərin təmin edilməsi və araşdırmalar aparılması zərurəti yarandığından məhkəmə iclasları təxirə salınmışdır. Lakin hazırki vəziyyətdə iddianın mümkünlüyü ilə bağlı halın aradan qaldırılması mümkün deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “mülkiyyətinə verilmiş Naxçıvan şəhərində yerləşən yaşayış sahələrinin geri qaytarılması və ya həmin yaşayış binalarının dəyəri olan 240 000 (iki yüz qırx min) manat kompensasiyanın cavabdehdən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı “mülkiyyətinə verilmiş Naxçıvan şəhərində yerləşən yaşayış sahələrinin geri qaytarılması və ya həmin yaşayış binalarının dəyəri olan 240 000 (iki yüz qırx min) manat kompensasiyanın cavabdehdən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-517/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-517/2025
04.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver