Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-525/2025 10.06.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X8 Heydər oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinə qarşı "ona "Müharibə Veteranı" adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1970-ci ildə Şərur rayonunun Siyaqut kəndində doğulmuşdur. Orta təhsilli olmaqla uzun müddətdir ki, Şərur rayonu Qaz İstismarı İdarəsində fəhlə işləyir. 1988-1990-cı illərdə hərbi xidməti başa vurduqdan sonra həmin idarədə əmək fəaliyyətinə başlamışdır.1990-1992-ci illərdə Naxçıvan Muxtar Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aktiv iştirak etməsə də bir vətəndaş olaraq üzərinə düşən vəzifələri vicdanla yerinə yetirmiş, bununla bağlı yaşadığı Siyaqut kəndində aparılan tədbirlərdə zəruri fəallıq göstərmişdir. 1992-ci ilin əvvəllərində isə o vaxtkı Şərur rayon Hərbi Komissarlığının rəsmi çağırışı ilə komissarlığa gəlmiş və oradan da birbaşa Sədərək rayon (o vaxtki Şərur rayon) Sədərək kəndinə gələrək 1992-ci ilin yayına qədər Sədərək rayonu ərazisində yerləşən döyüş bölgələrində olmaqla aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. O, ona “müharibə veteranı” adı verilməsi ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur rayon İdarəsinə müraciət etmiş, lakin həmin orqan tərəfindən verilmiş cavab məktubunda onun Sədərək rayonu uğrunda gedən döyüşlərdə iştirak etməyi barədə idarənin arxiv sənədlərində heç bir məlumatın olmadığı bildirilmişdir. Ona məxsus hərbi biletdə onun Sədərək döyüşlərində iştirak etməyinə dair qeydlər mövcuddur. Həmçinin qeyd olunan halları onunla bərabər döyüşmüş və xidmət aparmış yoldaşları da təsdiq edə bilər. İddiaçı göstərilənləri rəhbər tutaraq, məhkəmədən onun 1992-ci ilin may-iyul aylarında Azərbaycan Respublikasının (Naxçıvan Muxtar Respublikasının) ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməyi ilə bağlı hüquqi fakt təsdiq edilməklə ona "Müharibə Veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Sonradan iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbinə “ona "Müharibə Veteranı" adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin üzərinə qoyulması” məzmununda baxılıb qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçı tərəfin vəsatəti təmin edilərək protokol qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 10 iyun 2025-ci il tarixə təyin olunmuşdur. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən caavbdehin nümayəndəsi X3 qanuna uyğun qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi tərəfindən Şərur rayonu Siyaqut kənd ünvanında yaşayan vətəndaş İddiaçı ünvanlanmış 16 oktyabr 2024-cü il tarixli, 3-43-75/2-Ə-1052/2024 nömrəli məktubdan məlum olur ki, iddiaçının döyüşlərdə iştirak etməsi barədə arxiv arayışının alınması üçün Xidmətin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə müvafiq sorğu edilmiş və alınan xx.xx.2023cü il tarixli 595 nömrəli cavab məktubunda iddiaçı barəsində Arxivdə saxlanılan X7 Komitəsinin “Nizami hissə üzrə əmrlər kitabında məlumatın olmadığı bildirilmiş və bu barədə Xidmətin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Şərur rayon şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə rəsmi qaydada cavab verilmişdir. Eyni zamanda iddiaçının 1992-ci ildə Sədərək rayonu ərazisində yerləşən döyüş bölgələrində döyüşlərdə iştirakı barədə Xidmətin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Şərur rayon şöbəsi tərəfindən 07 10.2024-cü il tarixdə Şərur Rayon İcra Hakimiyyətinə müvafiq sorğu edilmiş və alınan xx.xx.2024-cü il tarixli 3-43968/2-1342/2024 nömrəli cavab məktubunda İddiaçı 1992-ci ildə Sədərək rayonu müdafiəsi uğrunda gedən döyüşlərdə iştirakı barədə heç bir məlumatın olmadığı bildirilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Şərur rayon Şöbəsi tərəfindən Şərur rayon Siyaqut kənd sakini İddiaçı nümayəndəsi Vəkil ünvanlanmış 08 iyul 2024-cü il tarixli, 3-43-68/2-818/2024 nömrəli məktubdan məlum olur ki, İddiaçı xx.xx.1992-ci il tarixli 0/16 saylı telefonoqrama əsasən keçmiş Şərur rayon Hərbi Komissarlığı tərəfindən xx.xx.1992-ci il tarixdə təlim toplanışa göndərilmişdir. İddiaçı Sədərək rayonu uğrunda gedən döyüşlərdə iştirak etməsi ilə bağlı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Şərur rayon şöbəsinin arxiv sənədlərində heç bir məlumat yoxdur. - Şərur rayon Hərbi Komissarı K.Aşurov tərəfindən verilmiş 22 yanvar 1997-ci il tarixli, N4/221 nömrəli arayışdan məlum olur ki, 1970-ci il təvəllüdlü İddiaçı 27 may 1992-ci il tarixdən 20 iyul 1992-ci il tarixədək Azərbaycan-Ermənistan arasında gedən döyüşlərdə iştirak etmişdir. - 13 may 1988-ci il tarixli, H3 seriyalı, ******* nömrəli hərbi biletin 18-ci bəndində kapitan Musayev tərəfindən aparılmış qeyddən məlum olur ki, İddiaçı Sədərək döyüşlərində iştirak etmişdir. (Əsas: xx.xx.1992-ci il tarixli 0/16 saylı telefonoqram.) - Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 26 noyabr 2024-cü il tarixli, 4101 nömrəli məktubdan məlum olur ki, X7 Komitəsinin Arxivdə saxlanılan 1992-ci ilin “Nizami hissə üzrə əmrlər kitabı”nda İddiaçı haqqında məlumat yoxdur. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 27 noyabr 2024-cü il tarixli, 02/1179 nömrəli məktubdan məlum olur ki, Naxçıvan Muxtar Respublikasının ərazi bütövlüyü uğrunda 1992-ci ildə gedən döyüşlərdə iştirak edənlər haqqında hər hansı bir məlumat Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mövcud deyil. - Sədərək Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 05 dekabr 2024-cü il tarixli, 5-26/2-717/2024 nömrəli məktubdan məlum olur ki, İddiaçı 1992-ci ildə Sədərək rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə könüllü özünümüdafiə dəstələrinin tərkibində iştirak etməsi barədə Sədərək Rayon İcra Hakimiyyətində və Sədərək rayon Dövlət Arxivində heç bir sənəd aşkar olunmamışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 05 fevral 2025-ci il tarixli, 3-43-75/2-183/2025 nömrəli məktubdan məlum olur ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsində Sədərək döyüşlərində iştirak etməsi, qanuni əsaslarla tərxis olub-olmaması, hərbi xidmət keçməsini sübut edən hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları barədə məlumat aşkarlanmamışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 11 mart 2025-ci il tarixli, 3-43-75/2-264/2025 nömrəli məktubdan məlum olur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Şərur rayon şöbəsində qeydiyyatda olan xx.xx.1970-ci il təvəllüdlü İddiaçı Zahid oğluna verilmiş arayış və hərbi biletində olan qeydləri keçmiş Şərur rayon Hərbi Komissarları olmuş kapitan K.Aşurov və kapitan H.Musayev tərəfindən "Təlim toplanışlarında iştirak edənlərin" kitabına əsasən aparmışlar. - Şərur Rayon İcra Hakimiyyəti Siyaqut kənd İnzibati ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 30 iyul 2024-cü il tarixli, 81 nömrəli arayışdan məlum olur ki, İddiaçı Şərur rayonu, Siyaqut kəndində yaşayır və həmin ünvanda pasport qeydiyyatdadır. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxx 1970-ci ildə doğulmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin 2-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin 8-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 7-ci maddəsinin 1-ci abzasına əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin: 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin 1-ci hissəsinin üçüncü bəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın: - 1.6-cı bəndinə əsasən 1988-ci il fevralın 1-dən 1991-ci il oktyabrın 9-dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarə etmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun: - 14-cü maddəsinə əsasən, aşağıdakı günlər həqiqi hərbi xidmətin başlanğıcı sayılır: çağırışçılar üçün—hərbi hissəyə göndərilməkdən ötrü hərbi komissarlığa gəldikləri gün; hərbi vəzifəlilər və qadınlar üçün—hərbi komissarlığın verdiyi sərəncamda göstərilmiş xidmət yerinə yola düşdükləri gün; ali və orta ixtisas məktəbini bitirdikdən sonra bilavasitə hərbi xidmətə çağırılan (qəbul edilən) ehtiyatda olan zabitlər üçün— hərbi komissarlığın göstərdiyi məzuniyyətə getmə günü; çağırışçılar, hərbi vəzifəlilər və qadınlar üçün— hərbi təhsil müəssisəsinə qəbul olunduqları gün. Hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” AR Qanununun: -11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. -17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının əsas hüquqi marağı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən ibarətdir. Hazırkı mübahisəyə müharibə veteranı statusunun verilməsi ilə bağlı münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilməlidir. Həmin normaların yuxarıda istinad olunan müddəalarına görə isə iddia təmin edilə bilməz. Belə ki, İPM-in 14.3-cü maddəsinin tələbinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə qeyd edir ki, “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin tələblərinə əsasən iddiaçının tələbinin əsaslarından biri kimi çıxış edən hərbi biletindəki qeydlər onun hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda mötəbər sayılır. Hazırkı halda isə istər inzibati icraatda, istərsə də məhkəmə icraatında həmin qeydlərə uyğun xidməti təsdiqləyən, o cümlədən hərbi hissə üzrə təminata götürülmə və hərbi xidmətdən tərxis olunma barədə nizami hissə üzrə əmrlər və ya arxiv arayışları təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, qanunverici şəxsin döyüş tapşırığının yerinə yetirilməsi üçün istənilən hərbi hissədə və ya orqanda yox, məhz döyüş əməliyyatları aparan hərbi hissələrdə və ya orqanlarda xidmət etməsi şərtini qoyur. Hazırkı işdə isə iddiaçıya hərbi bilet əsasında verilmiş arayışda onun hansı hərbi hissədə və ya orqanda xidmət etdiyi göstərilmədiyindən bu şərtin ödənildiyi təsdiq olunmur. İddiaçı iddia ərizəsində Naxçıvan Muxtar Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə aktiv iştirak etməməsini özü də qeyd etmiş və bu hal şahid ifadələrindən də öz təsdiqini tapmışdır. İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsinə istinad edərkən ******* nömrəli hərbi biletinin 18-ci bəndində aparılmış qeydlərə, həmçinin Şərur rayon Hərbi Komissarı tərəfindən verilmiş 22 yanvar 1997-ci il tarixli, N4/221 nömrəli arayışa əsaslanır. Bunula bağlı məhkəmə qeyd edir ki, döyüş əməliyyatlarında iştirak edən hərbi hissəyə göndərilmiş şəxsin barəsində xidmət yerinə ezam edilməsi, həqiqi hərbi xidmətin başlandığı ay və il, xidmətə təyinedilmə və buraxılma ayı və ili göstərilməklə həqiqi hərbi xidmətin bütün mərhələləri hərbi biletə ardıcıllıqla yazılmalıdır. Həmçinin müəyyən edilmişdir ki, iddiaçıya məxsus hərbi biletə əlavə edilmiş Xidmət-uçot kartoçkasında döyüşdə iştirak etməsi barədə qeydlərin aparılmasına dair bölmədə də hər hansı qeyd aparılmamışdır. Belə olan halda məhkəmə toplanılmış sübutlara məcmu halında qiymət verərək, hesab edir ki, iddiaçının özünümüdafiə dəstələrinin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını təsdiq edən hər hansı mötəbər sübut mövcud olmadığından, cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Beləliklə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinə qarşı ona "Müharibə Veteranı" adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinə qarşı ona "Müharibə Veteranı" adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-525/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-525/2025
10.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver