Məhkəmə qərarları › İş №2-1(122)-53/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-53/2023

28.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-53/2023 28.03.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X10 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı “İddiaçı 29 yanvar 2021-ci il tarixdən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiya işinin ləğv edilməsinə dair "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 35 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2021-ci ilin dekabr ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı 29 yanvar 2021-ci il tarixdən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiya işinin ləğv edilməsinə dair "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 35 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2021-ci ilin dekabr ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya 29 yanvar 2021-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. 2021-ci ilin noyabr ayı üçün ona təyin edilmiş pensiya məbləğinin ödənilmədiyini öyrənmişdir. "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsi tərəfindən ona təqdim edilmiş 10 fevral 2022-ci il tarixli, 35 nömrəli qərardan (müvafiq qərar xx.xx.2022-ci il tarixdə ona təqdim edilmişdir) aydın olmuşdur ki, 1995 və 1996-cı ilə dair əmək haqqı almadığını, öz hesabına məzuniyyətdə olmağına əsaslanaraq həmin dövrün iş stajı kimi nəzərə alınmadığı, bununla da tələb olunan 25 il ümumi iş stajının tamamlanmadığı, buna görə də pensiya işinin ləğv edildiyi göstərilmişdir. Göründüyü kimi cavabdeh orqan təyin edilmiş pensiyanın kəsilməsini məzuniyyətdə olduğu müddətlə əlaqələndirmiş, bununla da 25 il iş stajının düzəlmədiyi qənaətinə gəlmişdir. İddiaçı yuxarıda göstərilənlərə əsasən İddiaçı 29 yanvar 2021-ci il tarixdən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiya işinin ləğv edilməsinə dair "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 35 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2021-ci ilin dekabr ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqanın yazlı etirazının qısa xülasəsi: Cavabdeh “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsi iddiaya dair məhkəməyə ünvanlanan 06 yanvar 2023-cü il tarixli, 06/01 nömrəli və 01 fevral 2023-cü il tarixli, 06/98 nömrəli yazılı münasibətlərini onunla əsaslandırmışdır ki, İddiaçı əmək kitabçasındakı qeydlərə və təqdim edilmiş arayışlara əsasən 01 yanvar 2006-cı il tarixədək 25 il 3 ay 21 gün, 01 yanvar 2006-cı il tarixdən əmək pensiyası təyin edilən 05 aprel 2018-ci il tarixədək isə 7 il 11 ay 23 gün olmaqla, cəmi 33 il 3 ay 15 gün ümumi iş stajı vardır. Lakin, X5 şöbəsi tərəfindən Culfa rayon şöbəsində pensiya təyinatının qanunvericiliyə uyğunluğunun yoxlanılması zamanı məlum olmuşdur ki, İddiaçı X12 Lokomotiv Deposunda işlədiyi iş illərinə dair X6 tərəfində verilmiş 25 yanvar 2021-ci il tarixli, 13/78 nömrəli arayışda 1995-ci ildə 5 ay, 1996-cı ildə 6 ay əmək haqqı almaması, 03 dekabr 2021-ci il tarixli, 13/1474 nömrəli arxiv arayışında isə həmin illərdə öz hesabına məzuniyyətdə olması qeyd edilsə də, göstərilmiş illər iş stajı kimi hesablanıb pensiya təyin edilmişdir. Nəticədə iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi stajı 25 ildən az olduğundan ona təyin olunmuş pensiya işinin “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 10 fevral 2022-ci il tarixli, 35 nömrəli qərarına əsasən ləğv edildiyi bildirilərək iddia tələbinin rədd edilməsi barədə müvafiq qərarın qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 28 mart 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun olaraq izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 10 fevral 2022-ci il tarixli, 35 nömrəli qərarından məlum olur ki, komissiya xx.xx.1961-ci il tarixdə anadan olmuş, Culfa şəhəri, Ş.Əliqulu ev 2, mənzil 1 ünvanında yaşayan İddiaçı xx.xx.2021-ci il tarixdə 03 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə, qanunsuz olaraq təyin edilmiş əmək pensiyasının ləğv edilməsini və xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilmiş 5785.91 manat məbləğində pul vəsaitinin Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılmasını qərara almışdır. - БT-İİ seriyalı, ******* nömrəli əmək kitabçasında İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək X9 X11 Yolları Deposunda maşinist köməkçisi, xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Azərbaycan Dəmir Yolu X3 teplovoz maşinist köməkçisi vəzifəsində, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Azərbaycan Dəmir Yolu X3 çilingər vəzifəsində, xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Azərbaycan Dəmir Yolu X3 teplovoz maşinist köməkçisi vəzifəsində, xx.xx.1989-cu il tarixdən xx.xx.2010-cu il tarixədək Azərbaycan Dəmir Yolu X3 teplovoz və elektrovoz maşinisti köməkçisi, xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixədək “X7” MMC-nin Yük və Sərnişin Daşımaları İdarəsinin X3 teplovoz və elektrovoz maşinist köməkçisi vəzifəsində işləməsi qeyd olunmuşdur. - Culfa Rayon İcra Hakimiyyətinin Culfa şəhər Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 25 noyabr 2022-ci il tarixli, 2325 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 2 ünvanda qeydiyyatdadır. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx xxxxx 1961-ci il tarixdə doğulmuşdur. - “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin 19 yanvar 2023-cü il tarixli, D/34 nömrəli məktubundan məlum olur ki, İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək X14 X2 elektrovoz maşinist köməkçisi vəzifəsində, xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Azərbaycan Dəmir Yolu X3 teplovoz maşinist köməkçisi vəzifəsində, xx.xx.1988ci il tarixdən xx.xx.1988-ci il tarixədək Azərbaycan Dəmir Yolu X3 çilingər vəzifəsində (kod 23001000-18540), xx.xx.1988-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Azərbaycan Dəmir Yolu X3 teplovoz maşinist köməkçisi vəzifəsində, xx.xx.1989-cu il tarixdən xx.xx.2010-cu il tarixədək Azərbaycan Dəmir Yolu X3 teplovoz və elektrovoz maşinisti köməkçisi vəzifəsində, xx.xx.2010-cu il tarixdən xx.xx.2021-ci il tarixədək “X7” MMC-nin Yük və Sərnişin Daşımaları İdarəsinin X3 teplovoz və elektrovoz maşinist köməkçisi vəzifəsində (kod 23001000-14241), ümumilikdə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verən 36 il 11 ay 27 gün staja sahibdir. Bu vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarının 21.4-cü bəndinə uyğundur. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 03 mart 2023-cü il tarixli, 02/105 nömrəli məktubla məhkəməyə göndərilmiş arxiv arayışından aydın olur ki, İddiaçı X15 Lokomotiv Deposuna xx.xx.1985-ci il tarixli, 327 №-li əmrlə “maşinist köməkçisi” qəbul edilməsi, xx.xx.1995-ci il tarixli, 228 №-li əmrlə məzuniyyətə buraxılması, xx.xx.1996-cı il tarixli, 26 №-li əmrlə ödənişsiz məzuniyyətə buraxılması, xx.xx.1996-cı il tarixli, 36 №-li əmrlə ödənişsiz məzuniyyətə buraxılması, xx.xx.1996-cı il tarixli, 49 №-li əmrlə ödənişsiz məzuniyyətə buraxılması, xx.xx.1996-cı il tarixli, 211 №-li əmrlə məzuniyyətə buraxılması, xx.xx.1996-cı il tarixli, 223 №-li əmrlə məzuniyyətə buraxılması, xx.xx.1996-cı il tarixli, 370 №-li əmrlə öz hesabına məzuniyyətə buraxılması, xx.xx.1996-cı il tarixli, 420 №-li əmrlə məzuniyyətə buraxılması əmr kitablarında göstərilmişdir. Həmçinin məktuba İddiaçı X13 Hissəsi - X3 1992-2006-cı illərdə əmək haqqı alması barədə arxiv arayışı əlavə olunmuş, məktubun qeyd hissəsində onun 1995-ci ilin yanvar, fevral, mart, may, iyun, iyul, 1996-cı ilin yanvar, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, 1999-cu ilin avqust, sentyabr, 2000-ci ilin mart, aprel, may ayları üzrə əmək haqqı alması haqqında məlumatın mövcud olmadığı göstərilmişdir. - Fondun Culfa rayon şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş pensiya işinin materiallarında olan: - İddiaçı tərəfindən “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinə ünvanlanan 29 yanvar 2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş və ərizədə hazırda işlədiyini qeyd etmişdir. - “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” publik hüquqi şəxsin Culfa rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 29 yanvar 2021-ci tarixli, 3 nömrəli qərarına əsasən İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq yaşa görə müddətsiz pensiya təyin edilmişdir. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Culfa rayon şöbəsi tərəfindən verilmiş 19 yanvar 2021-ci il tarixli, 35 nömrəli arayışdan görünür ki, 1961-ci il təvəllüdlü İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 25 yanvar 2021-ci il tarixli, 13/78 nömrəli arxiv arayışından məlum olur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan İddiaçı X15 Lokomotiv Deposuna xx.xx.1987-ci il tarixli, 327 nömrəli əmrlə maşinist köməkçisi olaraq işə qəbul edilməsi əmr kitablarında göstərilmişdir. - B seriyalı, 352497 nömrəli diplomun surətindən aydın olur ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək Xarkov Vilayətində texniki peşə məktəbində teplovozelektrovoz maşinisti köməkçisi ixtisası üzrə təhsil almışdır. Pensiya işinə həmçinin İddiaçı işlədiyi dövr ərzində aylar üzrə aldığı əmək haqqı cədvəllərini əks etdirən arxiv arayışları və illər üzrə infilyasiya faizləri əlavə olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.1-ci maddəsinə əsasənqanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: (2017-ci il iyulun 1-dək qüvvədə olan redaksiya) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. (1 iyul 2017-ci ildən qüvvədə olan redaksiya) Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuşdur): 13-cü maddəsinin b)bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997ci il tarixli, 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən həmin maddədə nəzərdə tutulmuş yaş həddi 01 avqust 1997-ci il tarixdən 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılmışdır. xx.xx.2017-ci il tarixədək qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahısı üzrə kişilər— 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydaların: 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının: 4.1-ci bəndinə gorə əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin və SSRİ Nazirlər Sovetinin 4 avqust 1956cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın tələblərinə görə iddiaçının əmək kitabçasında qeyd edilən əmək fəaliyyəti, hərbi xidmət dövrü və əyani ali təhsil dövrü ümumi iş stajına daxil edilir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Qeyd olunmalıdır ki, iddia tələbi iki hissədən ibarətdir:

1. "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 35 nömrəli qərarının ləğv edilməsi;

2. Təyin edilmiş pensiyanın 2021-ci ilin dekabr ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi. İş materiallarına əlavə edilmiş qərarın mətnindən aydın olur ki, mübahisələndirilən qərarda iki məsələ öz əksini tapmışdır:

1. İddiaçı xx.xx.2021-ci il tarixdə 03 nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə qanunsuz olaraq təyin edilmiş əmək pensiyasının ləğv edilməsi;

2. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilmiş 5785.91 manat məbləğində pul vəsaitinin Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılması. İddiaçı 01 yanvar 2006-cı il tarixədək tələb olunan ümumi stajı 25 ildən az olması əsası ilə ona xx.xx.2021-ci il tarixdə 03 nömrəli nömrəli qərara əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyası ləğv edilmişdir. Cavabdeh inzibati orqan tərəfindən pensiyanın ləğv edilməsinə səbəb kimi göstərilən arqument iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajını tamamlamamasıdır. Məhkəmə vurğulayır ki, cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmamış, inzibati orqan tərəfindən inzibati icraat aparılmamış, mübahisələndirilən qərar qanunvericiliyin tələblərinə uyğun olaraq sübutlarla əsaslandırılmamışdır. Qanunun tələbinə əsasən də cavabdeh inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş mübahisələndirilən inzibati akt qanunsuz sayılır. Cavabdeh orqan prosessual qənaət prinsipinin tələblərinə zidd davranaraq iddiaçıya pensiya ödənilməsindən imtina etmiş, cavabdehin bu imtinası qanuna zidd olmaqla, iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, razılığa gələn dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıbyaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Razılığa gələn dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulub-qoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 nömrəli, 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4.1. bəndində qeyd edilmişdir ki, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin 19 yanvar 2023-cü il tarixli, D/34 nömrəli məktubundan görünür ki, İddiaçı ümumilikdə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verən 36 il 11 ay 27 gün staja sahibdir. Bununla bağlı olaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə isə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Məhkəmə araşdırması zamanı əmək kitabçası və digər sənədlər əlaqəli şəkildə tədqiq edilərkən aşkar olundu ki, 2017-ci il iyul ayınadək arxiv arayışları üzrə vətəndaşın əmək haqqı almadığı dövrlər çıxıldıqda belə, 34 ilə yaxın ümumi iş stajı və həmin iş stajı üzrə də 12 il 6 aydan çox xüsusi iş stajı vardır. Buna görə də məhkəmə hesab edir ki, "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsi pensiya işinin ləğv edilməsinə dair qərar qəbul etməkdə haqlı olmamışdır. Mübahisələndirilən qərarda həmçinin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ödənilmiş 5785.91 manat məbləğində pul vəsaitinin Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39.1-ci maddəsinə əsasən qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Hazırki halda, əmək pensiyaçısının artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə, yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin cavabdeh tərəfindən qanunun bu tələbinə əməl olunmamış, mübahisələndirilən qərarda artıq ödənilmiş pensiya məbləğinin Fondun Culfa rayon şöbəsinin yığım hesabına geri qaytarılması nəzərdə tutulmuşdur. Odur ki, İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə qarşı “İddiaçı 29 yanvar 2021-ci il tarixdən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiya işinin ləğv edilməsinə dair "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 35 nömrəli qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın 2021-ci ilin dekabr ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı:

İddia təmin edilsin. İddiaçı 29 yanvar 2021-ci il tarixdən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiya işinin ləğv edilməsinə dair "Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinin 10 fevral 2022-ci il tarixli, 35 nömrəli qərarı ləğv edilsin. Təyin edilmiş pensiyanın 2021-ci ilin dekabr ayından etibarən cari ödənişlərlə İddiaçı ödənilməsi öhdəliyi cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" publik hüquqi şəxsin Culfa rayon şöbəsinə həvalə edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar