Məhkəmə qərarları › İş №2-1(122)-53/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-53/2024

06.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-53/2024 06.05.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə qarşı “xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Naxçıvan Universitetində təhsil aldığı müddətin yarısının uzun müddət xidmətinə daxil edilməsi və məlumat vərəqində dəyişiklik edilərək "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" X5inə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" X5inə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il tarixdən qüvvəyə minimiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş əlavə və dəyişikliyə əsasən ona təyin edilmiş pensiyadan cavabdeh tərəfindən müvafiq təminat xərclərinin 3 faizi miqdarında hesablanaraq pensiyasının yenidən hesablanaraq təyin edilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" X5in üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1997-ci il tarixdən xx.xx.2017ci il tarixədək daxili işlər orqanlarında xidmət etmişdir. DİO-da xidmət müddəti 30 iyul 2017-ci il tarixinə təqvimi hesablama ilə 20 il, 00 ay, 01 gün, imtiyazlı hesablama ilə 28 il, 10 ay, 15 gün təşkil edir. Naxçıvan MR DİN-in 01 avqust 2017-ci il tarixli əmri ilə öz istəyi ilə olmasa da, təzyiq altında daxili işlər orqanlarından təqaüdə buraxılmışdır. İstefada olan polis mayorudur. Naxçıvan şəhər 3 N-li orta məktəbi bitirmiş, rus dilini bilir. Xidmət etdiyi dövrdə 1999-cu ildə Daxili İşlər Nazirliyinin orta ixtisas təhsil müəssisəsini fərqlənmə diplomu ilə, 2006-cı ildə DİN-in Polis Akademiyasını bitirmişdir. Təqaüdə buraxıldıqdan sonra 3 il Naxçıvan Dövlət Universitetində müəllim, hazırda Naxçıvan Universitetində saat hesabı müəllim işləyir. Fərdi əmək mübahisələrinin həlli ilə əlaqədar məqalələri var. Cavabdehə yazdığı rəsmi ərizəsinə aşağıdakı məzmunda cavab almışdır: “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna 14 yanvar 2020-ci il tarixdə daxil olmuş müraciətiniz Fondun Aparatında araşdırılmışdır. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə müvafiq olaraq hərbi qulluqçulara əmək pensiyası təminat xərcliyindən, yəni hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından və vəzifə maaşından hesablanan digər əlavələrdən hesablanır. "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli, 135 nömrəli Qərarına müvafiq olaraq əmək pensiyası hüququ yaranmış və ehtiyata buraxılmış hərbi qulluqçulara qulluq etdikləri orqanların müvafiq qurumları tərəfindən Dövlət Sosial Müdafiə Fonduna məlumat vərəqəsi təqdim edildikdən sonra əmək pensiyası təyin olunur. Məlumat üçün bildirilir ki, 01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa edilmiş əlavə və dəyişdiklərdə Qanunun 9.5.1-ci və 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılan günə 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin-50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə-55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin-2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Daxili işlər orqanından öz arzusu ilə 02 avqust 2017-ci il tarixdə 252 nömrəli əmr ilə 20 təqvim ili üzrə xidmət ili tamam olmadığından həmin dövr üçün pensiya hüququ olmamışdır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən adına təqdim edilmiş məlumat vərəqində olan göstəricilərə istinad edərək, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci və 20.14.1-ci maddələrinə müvafiq olaraq ona 1224,25 manat (bir min iki yüz iyirmi dörd manat iyirmi beş qəpik) təminat xərcliyinin 67,67 faizi (güzəştli xidmət illəri ilə birlikdə 28 il 10 ay 01 gün) miqdarında, yəni 828,45 manat (səkkiz yüz iyirmi səkkiz manat qırx beş qəpik) məbləğində əmək pensiyası hesablanmışdır ki, bu da qanunvericiliyə uyğundur.” İddiaçı cavabdehin bu cavabını qanunsuz və əsassız hesab edərək aşağıdakıları nəzərə çatdırmaq istəyir. Təqaüdə buraxıldığı müddətdə təqaüdlərin hesablanmasına əlavə və dəyişikliklər edilərək xx.xx.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş əlavə və dəyişikliyə əsasən pensiyası Naxçıvan MR DSMF tərəfindən müvafiq təminat xərcliyinin 3 yox, 2 faizi miqdarında hesablanmışdır. Göründüyü kimi 2017-ci ildə cəmi 29 günə görə təqaüdü 3 faiz yox, 2 faizlə hesablanmışdır. Daha sonra xüsusi rütbəlilərin istefada olan sabiq əməkdaşları fərdi və kütləvi şəkildə inzibati məhkəmələrə müraciət etdilər. Bu müraciətlərin qarşısının alınması üçün DSMF hər kəsin xidmət etdiyi orqan üzrə pensiya şöbə və bölmələrindən 2017-ci ilin iyul ayının 1-dək 20 ili tamam olmasını təsdiq edən arayışı gətirdikdə 3 faizlərinin bərpa olunacaqlarını bildirdilər. İddiaçı da DİO-da xidmətdən öncə mülki ali təhsil müəssisəsində təhsil aldığı dövr barədə arayışı aidiyyəti üzrə həm DSMF-yə, həm də Naxçıvan MR DİN-nə təqdim etmişdir. Hesablama vərəqi Naxçıvan MR DİN-in MPŞ-nin pensiya bölməsindən Naxçıvan DSMF-nin Hərbi qulluqçularla iş bölməsinə göndərildiyindən daxili işlər orqanlarında xidmətdən öncə mülki ali təhsil müəssisəsində təhsil aldığı müddət barədə arayışla aidiyyəti üzrə Naxçıvan MR DSMF-nin Hərbi qulluqçularla iş bölməsinə yazılı müraciət etsə də, əlavə stajının hesablanması üçün Naxçıvan MR Daxili İşlər Nazirliyinə müraciət edilməsi yazılı olaraq bildirilmişdir. 2019-cu ildə Naxçıvan MR Daxili İşlər Nazirliyinə bununla bağlı yazılı olaraq müraciət etsə də, müraciətinə cavab verilməmişdir. Dəfələrlə Naxçıvan MR Daxili İşlər Nazirliyinə müraciət etmiş, ona heç bir əsas göstərilmədən stajının yenidən hesablanaraq yenidən Naxçıvan MR DSMF-nin Hərbi qulluqçularla iş bölməsinə göndərilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinə əsasən hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifəsinə götürülməzdən əvvəl 1996-1997-ci tədris ilində Naxçıvan Universitetinin İqtisadiyyatın hüquqi tənzimlənməsi ixtisası üzrə əyani şöbəsində 1 il 2 ay təhsil almışdır. 1997-ci ildə daxili işlər orqanlarına xidmətə və Azərbaycan Respublikası DİN-in xüsusi təhsil müəssisəsinə qəbul olduğundan təhsilini dayandırıb DİO-da xidmətə başlamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 saylı Qərarının 1ci hissəsində daxili işlər orqanlarının zabit heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə bir sıra fəaliyyətlərin əmək stajı olaraq aid edildiyi qeyd olunmuşdur. Onların içində daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifəsinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisəsində keçirildiyi təlim vaxtı da var. Qərara əsasən daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifəsinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisəsində beş ilədək keçirdiyi təlim vaxtının yarısı uzun müddət xidmətə daxil edilir. İddiaçı əlavə olaraq qeyd edir ki, təhsilini başa vurmadan bitirməsi onun staj olaraq hesablanmamasına dəlalət etmir. Çünki Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 5/2 nömrəli Qərarınin 3.3-cü maddəsində hətta təhsilin hər hansı pilləsini və səviyyəsini başa vurmayan şəxslərə belə, təlim vaxtında iştiraka görə arayış verildiyi qeyd olunmuşdur. Təhsil Nazirliyinin Kollegiya Qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 saylı .Qərarına uyğundur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 saylı Qərarının 1-ci hissəsinə əsasən daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifəsinə götürülməzdən əvvəl sadalanan digər hüquq mühafizə orqanlarında keçilən xidmət müddəti və mülki ali təhsil müəssisəsində keçirilən təlim vaxtının yarısı uzun müddət xidmətinə daxil edilir. Əlavə olaraq Təhsil haqqqında Azərbaycan Respublikası xx.xx.2009cu il tarixli, N-833-İİİQ nömrəli Qanununun 27.3-cü maddəsi əsasında müxtəlif səbəblərdən təhsilin hər hansı pilləsini başa vurmayan şəxslərə belə arayışın verilməsi öz əksini tapıb. Çünki əyani və ya qiyabi formada təhsil müəssisələrində keçirilən təlim vaxtında iştirak təlim vaxtının yarısının əmək stajı olaraq staja əlavə edilməsi Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericilik sistemində xüsusi yeri olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına uyğundur. Beləliklə, qeyd edilənlərə istinadən iddiaçı bildirir ki, cavabdeh inzibati orqanın ona verdiyi imtina cavabı qanunsuzdur. Bütün qeyd edilənləri nəzərə alaraq xx.xx.2017-ci il tarixdən qüvvəyə minimiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş əlavə və dəyişikliyə əsasən ona təyin edilmiş pensiyadan cavabdeh tərəfindən müvafiq təminat xərclərinin 3 faizi miqdarında hesablanaraq pensiyasının yenidən hesablanaraq təyin edilməsi öhdəliyinin cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" X5in üzərinə qoyulması barədə məhkəmədən qərar qəbul etməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 18 may 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh iddiaya qarşı 16 may 2023-cü il tarixli, 01/448 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxxxxx 1979-cu il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və orada yaşayan İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” X5in Aparatının Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 30 avqust 2017-ci il tarixli, 1728 nömrəli qərarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci və 20.14.1-ci maddələrinə müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının tərxis olunduğu xx.xx.2017-ci il tarixədək Daxili işlər orqanlarında xidmət etdiyi dövrlərdə təqvimi hesablamaya əsasən 20 il 1 gün, imtiyazlı hesablama ilə 28 il 10 ay 15 gün sosial sığorta stajı müəyyən olunmuşdur. İddiaçı tərəfindən əmək pensiyasının yenidən hesablanması ilə bağlı 20 yanvar 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fonduna ərizə ilə müraciət olunmuşdur. İddiaçının müraciətinə Fondun Aparatında baxılmış və cavab olaraq bildirilmişdir ki, onun 01 iyul 2017-ci il tarixədək 20 təqvim ili üzrə xidmət ili olmadığından həmin dövr üzrə təyin olunmuş pensiya məbləği qanunvericiliyin tələblərinə uyğun olaraq düzgün hesablanmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.5-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Həmin Qanunun 1.0.5-ci maddəsinə müvafiq olaraq hərbi qulluqçulara əmək pensiyası təminat xərcliyindən, yəni hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından və vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan hesablanır. "Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli, 135 nömrəli Qərarına müvafiq olaraq əmək pensiyası hüququ yaranmış və ehtiyata buraxılmış hərbi qulluçulara qulluq etdikləri orqanların müvafiq qurumları tərəfindən Dövlət Sosial Müdafiə Fonduna məlumat vərəqəsi təqdim edildikdən sonra əmək pensiyası təyin olunur. 01 iyul 2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 20.14.1-ci maddəsində hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faiz. 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər il üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında əlavə olunmaqla əmək pensiyası təyin edilməsi göstərilmişdir. Göründüyü kimi, 01 iyul 2017-ci il tarixədək qüvvədə olan qanunvericiliyin 20.14.1-ci maddəsinin tələblərində əmək pensiyası hesablanarkən hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi miqdarında nəzərə alınmaqla əmək pensiyası təyin edilməsi nəzərdə tutulmuşdur. Lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli, 543-VQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanında 01 iyul 2017-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.14.1-ci maddəsində “3 faizi” sözləri “2 faizi (Azərbaycan Respublikası Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi)” sözləri ilə əvəz edilməsi göstərilmişdir. Qeyd edilməlidir ki, iddiaçı 02 avqust 2017-ci il tarixdə 20 il 1 gün təqvim üzrə xidmət illərinə görə ehtiyata buraxılmış və onun 01 iyul 2017-ci il tarixədək 20 təqvim ili üzrə xidmət ili olmadığından tələbi təmin olunmamışdır. Naxçıvan Muxtar Respublikası Daxili işlər Nazirliyi tərəfindən onun adına verilmiş məlumat vərəqində olan göstəricilərə istinad edilərək iddiaçıya qanunvericiliyə əsasən son artımlar da nəzərə alınmaqla 28 il 10 ay 15 gün güzəştli xidmət illəri ilə birlikdə 1224,25 manat təminat xərcliyinin 67,67 faizi (20 ilə görə - 50 faiz, 8 il 10 aya - 17,67 faiz) miqdarında, yəni 828,45 manat məbləğində əmək pensiyası hesablanmışdır. 05 noyabr 2022-ci il tarixli, 627-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda növbəti dəyişikliklər edilmiş və yeni məzmunda 26.4-cü maddə əlavə edilmişdir. 01 yanvar 2023-cü il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.4-cü maddəsinə əsasən 2022-ci il üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əmək pensiyaçılarına münasibətdə müəyyən etdiyi maddi yardım 2023-cü il yanvarın 1-dən onların əmək pensiyalarının tərkibinə daxil edilməklə, qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına münasibətdə aylıq maddi yardım məbləğində, digər əmək pensiyaçılarına münasibətdə isə illik maddi yardımın bir aya düşən hissəsi məbləğində hesablanır. Bildirilir ki, Qanuna edilən dəyişikliyə əsasən hazırda iddiaçıya aylıq pensiya məbləği həmin tarixdən 911,30 manat, Qanunun 29-cu maddəsinə əsasən isə indeksləşdirilərək 1045,26 manat məbləğində əmək pensiyası ödənilir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı “Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu” X5inə qarşı qaldırdığı iddia əsassız olduğundan, iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 09 iyun 2023-cü il tarixli, e-2- 1(122)-516/2023 nömrəli qərardadı ilə İddiaçı tərəfindən təqdim edilmiş 09 iyun 2023-cü il tarixli ərizə təmin edilərək, cavabdeh "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" X5i əsl cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi ilə əvəz edilmiş və iddia tələbi “xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Naxçıvan Universitetində təhsil aldığı müddətin yarısının uzun müddət xidmətinə daxil edilməsi və məlumat vərəqində dəyişiklik edilərək "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" X5inə göndərilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulması” tələbi kimi icraata qəbul edilmişdir. Bundan sonra yenidən işin hazırlıq icraatına başlanaraq məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 17 oktyabr 2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin iddiaya qarşı 17 oktyabr 2023-cü il tarixli, 3-13-43/2-11301/2023 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı arxiv şəxsi işində saxlanılan xidməti vərəqəsində və tərcümeyi halında onun Naxçıvan Univeristetində təhsil alması barədə heç bir qeydiyyat aparılmamış, həmçinin o, təqaüdə çıxan zaman mülki ali təhsil müəssisəsində təhsil alması barədə sənəd təqdim etməmişdir. Bununla yanaşı İddiaçı mülki ali təhsil müəssisəsinə qəbulu barədə məlumat əldə etmək məqsədilə “AR X1 X5"in Naxçıvan MR Regional Bölməsinə ünvanlanmış sorğuya cavabda onun hər hansı bir ali təhsil müəssisəsinə qəbul olunması barədə məlumatın aşkar edilmədiyi bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 631 nömrəli Qərarının 1-ci hissəsinə əsasən hüquq mühafizə orqanlarında zabit heyətinə qəbul olunan şəxslər bilavasitə mülki ali təhsil müəssisələrindən tələbəlik vaxtı təhsil başa vurulmadan xüsusi təyinatlı ali təhsil müəssisələrinə təhsilin davamı üçün qəbul edilmişlərsə, mülki ali təhsil müəssisələrindəki təhsil müddəti eyni şərtlərlə uzun müddət xidmətə daxil edilir. İddiaçı mülki ali təhsil müəssisəsinə qəbul olunmasına dair təsdiq edici məlumat olmadığına görə onun iddiasında göstərilən ali təhsil müəssisəsində keçirdiyi təlim vaxtının uzun müddət xidmətinə hesablanması mümkün deyil. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 12 mart 2024-cü il tarixli e-2-1(122)-53/2024 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 06 may 2024-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə iddiaçının vəkili Vəkil və cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər. Odur ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən iddiaçının vəkilinin və cavabdehin nümayəndəsinin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş, iş materiallarında olan yazılı izahat və çıxışlara uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına məktubu, çıxarışı, əmək kitabçasının təsdiq edilmiş, şəxsiyyət vəsiqəsinin surətlərini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə, ilk növbədə, verilmiş iddianın mümkünlüyünü qiymətləndirərək hesab edir ki, iddia mümkün iddiadır. . Belə ki, İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuş və iddia qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti tələblərinə riayət edilməklə qaldırılmışdır. İddia mümkün iddia olsa da yanaşı, mahiyyət baxımından da əsassızdır. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Dövlət Sosial Müdafiə X4 Şəxsi tərəfindən İddiaçı ünvanlanmış 16 yanvar 2020-ci il tarixli, 01/Q-01 nömrəli məktubdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə müvafiq olaraq hərbi qulluqçulara əmək pensiyası təminat xərcliyindən, hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından və vəzifə maaşından hesablanan digər əlavələrdən hesablanır. “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 avqust 2007-ci il tarixli, 135 nömrəli Qərarına müvafiq olaraq əmək pensiyası hüququ yaranmış və ehtiyata buraxılmış hərbi qulluqçulara qulluq etdikləri orqanların müvafiq qurumları tərəfindən Dövlət Sosial Müdafiə Fonduna məlumat vərəqəsi təqdim edildikdən sonra əmək pensiyası təyin olunur. 01 iyul 2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş əlavə və dəyişikliklərdə Qanunun 9.5.1-ci və 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılan günə 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin-50 faizi, yaşına və xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin-2 faizi miqdarında əlavə olunmaqla hesablanır. Daxili işlər orqanlarından öz arzusu ilə buraxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsaslanaraq bildirilmişdir ki, 01 iyul 2017-ci il tarixdən əvvəlki tarixə 20 təqvim ili tamam olmadığından qanunvericiliyə əsasən həmin dövr üzrə pensiya hüququ olmamışdır. Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən onun adına təqdim edilmiş məlumat vərəqində olan göstəricilərə istinad edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.1-ci və 20.14.1-ci maddələrinə müvafiq olaraq ona 1224.25 manat (min iki yüz iyirmi dörd manat iyirmi beş qəpik) təminat xərcliyinin 67.67 faizi (güzəştli xidmət illəri ilə birlikdə 28 il 10 ay 01 gün) miqdarında, yəni 828.45 (səkkiz yüz iyirmi səkkiz manat qırx beş qəpik) məbləğində əmək pensiyası hesablanmışdır ki, bu da qanunvericiliyə uyğundur. - Naxçıvan Universiteti Rektorluğunun 02 iyul 1996-cı il tarixli, 3/12 saylı əmrindən çıxarışdan görünür ki, İddiaçı test üsulu ilə imtahan verərək yüksək bal topladığından İqtisadiyyatın hüquqi tənzimlənməsi-əyani ixtisası üzrə universitetin tələbələri sırasına qəbul edilmişdir. - Naxçıvan Universiteti Tədris şöbəsi tərəfindən İddiaçı verilmiş 21 oktyabr 2019-cu il tarixli, T19/04 nömrəli arayışdan görünür ki, İddiaçı 1996-1997-ci tədris ilində “Naxçıvan” Universitetinin “İqtisadiyyatın hüquqi tənzimlənməsi” ixtisası üzrə əyani şöbəsinin İ kursuna qəbul olmuş və 1997-1998-ci tədris ilində təlim məşğələlərində iştirak etmədiyindən rektorluğun xx.xx.1997-ci il tarixli, 3/63 saylı əmri ilə həmin ixtisasın İİ kursundan tələbələr sırasından xaric edilmişdir. - 20 sentyabr 2017-ci il tarixdə doldurulmuş ******* nömrəli əmək kitabçasının 3-cü səhifəsindən görünür ki, xx xxxxxxx 1979-cu ildə doğulmuş İddiaçı xx.xx.1997-xx.xx.2017ci illər ərzində Daxili İşlər Nazirliyi daxili işlər orqanlarında xidmət müddəti təqvimi hesablama ilə 20 il, 00 ay 01 gün (iyirmi il, bir gün), imtiyazlı hesablama ilə 28 il, 10 ay, 01 gün (iyirmi səkkiz il, on ay, bir gün) təşkil edir. Əmək kitabçasının 5-ci səhifəsindən görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə Rektorluğun 10 saylı Çıxarışı əsasında 1 il sınaq müddətinə “Hüquq fənləri” kafedrasına tam ştat müəllim təyin edilmiş, xx.xx.2020-ci il tarixdə öz ərizəsi əsasında bir ay xəbərdarlıq müddətini gözləmədən əmək müqaviləsi ləğv edilməklə tutduğu “Hüquq fənləri” kafedrasının tam ştat müəllimi vəzifəsindən azad edilmişdir. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxx 1979-cu ildə doğulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının X1 Publik X3 Muxtar Respublikası Regional Bölməsi tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə ünvanlanmış 16 oktyabr 2023-cü il tarixli, 210/1023 nömrəli məktubdan görünür ki, xx.xx.1979-cu il tarixdə doğulmuş İddiaçı qəbul olduğu təhsil müəssisəsinin və ixtisasın adı, sənəd verdiyi il və qəbul forması ilə bağlı hər hansı məlumat aşkar olunmamışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, işdə olan sənədlərə, iddiaçı tərəfin tələbinə və cavabdehin etirazına hüquqi qiymət verərək, iş materiallarını araşdıraraq, onda yaranmış daxili inam əsasında (İPM 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 22-ci maddəsində qeyd olunur ki, cəmiyyətin bir üzvü kimi, hər bir insan sosial təminat hüququna və öz ləyaqətini qoruyub saxlaya bilmək və öz şəxsiyyətini azad inkişaf etdirmək üçün iqtisadi, sosial və mədəni sahələrdə zəruri olan hüquqlarını milli səylər və beynəlxalq əməkdaşlıq vasitəsilə, hər bir dövlətin strukturu və resurslarına müvafiq olaraq həyata keçirmək hüququna malikdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, Bu Paktda iştirak edən dövlətlər, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququnu tanıyırlar. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. - 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; 9.5.2. hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.3. hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; 9.5.4. hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. - 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. - 20.14 və 20.14.1-ci maddələrinə əsasən bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr pensiya təyinatı tarixinədək təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: hərbi xidmətdən buraxılanadək 25 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 25 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin – 65 faizi, 25 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin – 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla; “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli Qərarının 1-ci bəndinə əsasən zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük miqrasiya, fövqəladə hallar orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin edilməsi üçün uzun müddət xidmətə aşağıdakılar aiddir: ... daxili işlər, ədliyyə, fövqəladə hallar orqanlarında sıravi, kiçik, orta, böyük və ali rəis heyəti vəzifələrində xidmət vəzifəyə təyin olunma günündən. Həmin Qərarın 1-ci bəndinin 13-cü abzasına əsasən Zabit heyətinə daxili işlər, gömrük, fövqəladə hallar orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar və Tibb xidmətlərində orta, böyük, yüksək və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin kiçik, baş və ali rəis heyətinə mənsub şəxslərə “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.5.1-ci maddəsinə əsasən pensiya təyin edilərkən, onların həqiqi hərbi xidmətə və daxili işlər orqanlarında sıravi və rəis heyəti vəzifələrinə götürülməzdən əvvəl mülki ali təhsil müəssisələrində, habelə hərbi hazırlıq silsilə və bölmələri olan orta ixtisas təhsil müəssisələrində, o cümlədən ali təhsil müəssisələrinin axşam şöbələrində və qiyabi təhsilalma formasında keçirdiyi təlim vaxtı da beş ilədək müddət daxilində təlimin bir ili altı ay sayılmaqla uzun müddət xidmətə daxil edilir. Həmin Qərarın 1-ci bəndinin 14-cü abzasına əsasən əgər həmin şəxslər bilavasitə mülki ali təhsil müəssisələrindən tələbəlik vaxtı təhsil başa vurulmadan xüsusi təyinatlı ali təhsil müəssisələrinə təhsilin davamı üçün qəbul edilmişlərsə, mülki ali təhsil müəssisələrindəki təhsil müddəti eyni şərtlərlə uzun müddət xidmətə daxil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 mart 2014-cü il tarixli “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair Qərarında qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinə görə hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların güzəştli şərtlərlə pensiya hüququ vardır. Qanunverici pensiya islahatlarını həyata keçirərkən vətəndaşların qanuna olan etimadı prinsipini nəzərə alaraq, qulluq stajına görə əmək pensiyasına əlavələr müəyyən etmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə görə hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin - 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə - 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili üçün müvafiq təminat xərcliyinin - 3 faizi miqdarında əlavə hesablanır. Göründüyü kimi, qüvvədə olan pensiya qanunvericiliyinə əsasən hərbi xidmət illərinin güzəştli hesablanması hərbi qulluqçunun pensiya hüququnun yaranmasına təsir etməsə də, qulluq stajının artımına, bununla da, əmək pensiyasına əlavələrin hesablanmasına əsas yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarında qeyd olunmuşdur ki, Daxili işlər orqanlarının əməkdaşlarına pensiya təyin edilib verilməsi üçün “uzun müddət xidmət” vaxtının hesablanması Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli, 631 nömrəli Qərarının tələbləri əsasında həyata keçirilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsi ilə hərbi xidmətdə olan şəxslərin əmək pensiyasına əlavələrin hesablanması zamanı xidmətin güzəştli sayılan hissəsinin nəzərə alınması müəyyən edilmişdir. Yəni, xidmət illərinə güzəştli xidmət illəri daxil edilir. Beləliklə, hərbi qulluqçuların, o cümlədən daxili işlər orqanları əməkdaşlarının əmək pensiyasına əlavələr xidmətin güzəştli sayılan hissəsi nəzərə alınaraq hesablanır. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, fasiləsiz xidmət illərinə güzəştli xidmət müddətinin yenidən daxil edilməsi pensiya təyin edilərkən nəzərə alınan güzəştli dövrün təkrarən tətbiqinə şərait yaratmış olar. Belə ki, güzəştli xidmət illərinin bir daha fasiləsiz xidmət illərinin tərkibində hesablanması müvafiq güzəştin pensiya təyinatı zamanı ikinci dəfə təkrarlanması ilə nəticələnər. İşin faktiki hallarından görünür ki, İddiaçı xx xxxxxxx 1979-cu ildə anadan olmuşdur. xx.xx.1997-ci il tarixdən xx.xx.2017-ci il tarixədək daxili işlər oqanlarında xidmət etmişdir. 01 avqust 2017-ci il tarixdə 20 təqvim ili xidmət etdiyinə görə daxili işlər orqanlarından təqaüdə buraxılmışdır. Hazırda iddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Naxçıvan Universitetində təhsil aldığı müddətin yarısının uzun müddət xidmətinə daxil edilərək yenidən məlumat vərəqəsinin tərtib edilərək, Dövlət Sosial Müdafiə Fonduna göndərilməsini tələb edir. İddiaçı tələbini onunla əsaslandırır ki, o, xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Naxçıvan Universitetində təhsil alıb, sonradan təlimlərdə iştirak etmədiyinə görə Universitetdən xaric edilsə də, bu hal həmin müddətin onun uzunmüddətli xidmət illərinə daxil olmasına maneə deyil. İddiaçının hazırki tələb üzrə hüquqi marağı isə pensiya hüququnun 2017-ci ilin 1 iyul tarixinədək yaranmasıdır ki, bununla da iddiaçıya əvvəllər qüvvədə olmuş qanunvericiliyin tələblərinə uyğun olaraq pensiya hesablanacaqdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının tələbinin icrasından imtina edilir. Cavabdeh öz imtinasını onunla əsaslandırır ki, İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.1997ci il tarixədək Naxçıvan Universitetində təhsil aldığı müddətin yarısı uzun müddət xidmətinə daxil edilə bilməz, çünki müvafiq qanunvericilik normalarına əsasən iddiaçı yalnız müvafiq ali təhsil müəssisəsinə köçürüldüyü halda natamam ali təhsil müddəti uzun müddətli xidmətə daxil edilir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdeh inzibati orqan iddiaçının tələbinin icrasından imtina etməkdə haqlı olmuşdur. Belə ki, iş materiallarına iddiaçının özü tərəfindən əlavə edilmiş Naxçıvan Universiteti Tədris şöbəsi tərəfindən İddiaçı verilmiş 21 oktyabr 2019-cu il tarixli, T19/04 nömrəli arayışdan görünür ki, İddiaçı 1997-1998-ci tədris ilində təlim məşğələlərində iştirak etmədiyindən rektorluğun xx.xx.1997-ci il tarixli, 3/63 saylı əmri ilə tələbələr sırasından xaric edilmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı hər hansı digər ali təhsil müəssisəsinə köçürülməmiş, intizamsızlıq səbəbindən müvafiq əmr əsasında Universitetdən xaric edilmişdir. Nazirlər Kabinetinin müvafiq qərarında da qeyd edildiyi kimi bilavasitə mülki ali təhsil müəssisələrindən tələbəlik vaxtı təhsil başa vurulmadan xüsusi təyinatlı ali təhsil müəssisələrinə təhsilin davamı üçün qəbul edilmişlərsə, mülki ali təhsil müəssisələrindəki təhsil müddəti eyni şərtlərlə uzun müddət xidmətə daxil edilir. Qeyd olunan normanın iddiaçıya tətbiq edilməsi üçün, ilk öncə, iddiaçı təhsilini davam etdirməli, ikinci isə həmin ali təhsil müəssisəsi mülki ali təhsil müəssisəsi olmalıdır. İş materiallarına əsasən iddiaçı ali təhsilinin davam etdirməmiş, Universitetdən xaric edilmişdir Digər tərəfdən isə onun sonradan 1999-cu ildə qəbul olduğu Daxili İşlər Nazirliyinin orta ixtisas təhsil müəssisəsi xüsusi təyinatlı ali təhsil müəssisəsi hesab edilmir. Həmçinin iddiaçının 1999-cu ildə qəbul olduğu Daxili İşlər Nazirliyinin orta ixtisas təhsil müəssisəsində təhsil aldığı müddət onun daxili işlər orqanlarında xidmət etdiyi illərlə üst-üstə düşür. Göründüyü kimi, Nazirlər Kabinetinin müvafiq qərarında natamam ali təhsil müddətinin uzun müddətli xidmət illərinə daxil edilməsi imperativ qaydada tənzimlənmişdir. Qanunvericiliklə dispozitivlik şərtləri çərçivəsində seçim hüququ nəzərdə tutulmadığından və qeyd olunan imperativ şərtlər iddiaçıya münasibətdə ödənilmədiyindən İddiaçı xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Naxçıvan Universitetində təhsil aldığı müddətin yarısının uzun müddət xidmətinə daxil edilməsi mümkün deyil. Bununla da, cavabdeh inzibati orqanın imtinası haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə qarşı “xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Naxçıvan Universitetində təhsil aldığı müddətin yarısının uzun müddət xidmətinə daxil edilməsi və məlumat vərəqində dəyişiklik edilərək "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" X5inə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İPM-in 2, 33, 68, 70, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə qarşı “xx.xx.1996-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Naxçıvan Universitetində təhsil aldığı müddətin yarısının uzun müddət xidmətinə daxil edilməsi və məlumat vərəqində dəyişiklik edilərək "Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu" X5inə göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası rədd edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar