Məhkəmə qərarları › İş №2-1(122)-54/2022

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-54/2022

14.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-54/2022 14.10.2022 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil, cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X3, üçüncü şəxs X7 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Ordubad Rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında JN-54A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” qonşu torpaq sahəsində onun uzun illər istifadəsində olan tövlənin yerləşdiyi ərazinin torpaq sahəsinin mülkiyyətə verilməsi şəhadətnaməsində düzəlişlər aparmaqla, Ordubad Rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında ona məxsus JN-035B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" göstərilən torpaq sahəsi sərhəd daxilində düzəlişlər aparmaqla şəhadətnaməyə işlənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı vəkili ilə birlikdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ordubad Rayon Aqrar İslahat Komissiyasının JN-54A torpaq sahəsindən ona məxsus tövlənin yerləşdiyi ərazinin torpağın mülkiyyətə verilməsi şəhadətnaməsinin üzərindən çıxılmaqla ona məxsus olan torpaq sahəsinin üzərinə ölçülməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı və onun ailə üzvlərinə Ordubad Rayon Aqrar İslahat Komissiyasının 08 iyun 2000-ci il tarixli, 196 nömrəli qərarı ilə Ordubad rayonu, Parağa kəndində 0.05 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Ordubad Rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında verilmiş torpaq sahələrində tikilmiş evi və yardımçı tikili olaraq tövləni 1988-ci ildən istifadə edir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Toraq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad rayon idarəsinə xx.xx.2021-ci il tarixində ərizə ilə müraciət edərək 1988-ci il tarixdən istifadəsində olan tövlə binasını sənədləşdirmək isdədiyini bildirmişdir. Həmin zaman müəyyən olunmuşdur ki, həmin tövlə binası qonşusu X7 toraq sahəsinə işlənmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Toraq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad rayon idarəsinə müraciət etdikdən sonra qonşusu Həsən tövlənin onun ərazisində yerləşdiyini öyrənmişdir. Həmin tarixdən onu narahat etməyə başlamış və istifadəsində olan tövlədən məcburi olaraq mal-qarasını çıxaracağını bildirmişdir. İddiaçı qeyd edir ki, o, həmin tövləni 1988-ci ildən istifadə edir. İslahat zamanı texniki səhvliklə qonşunun toraq sahəsi üzərinə işlənmişdir. Bunu sübut edən X12 arayışı iddia ərizəsinə əlavə edilmişdir. İddiaçı Rzayev X11 Muxtar Respublikası Daşınmaz Əmlak və Toraq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad rayon idarəsinə müraciət etdikdən sonra yenidən Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Toraq Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Toraq Məsələləri üzrə Dövlət Xidmətinin 28 dekabr 2021-ci il tarixli məktubunda onun istifadəsində olan tövlənin JN-54A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə ilə qonşu torpaq mülkiyyətçisi X7 mülkiyyətinə verildiyi qeyd olunmuşdur. Əlavə olaraq müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyələrin qərarı ilə tərəflər razı olmadıqda mübahisələrə qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılması izah olunmuşdur. Qeyd edildiyi kimi həmin tövlə 1988-ci il tarixdən onun istifadəsində olmuş və bu günədək o istifadə edir. İddiaçı əlavə olaraq bildirir ki, həmin tövləni 2021-ci ilin oktyabr ayında söküb yenidən tikmişdir. İddiaçı və onun vəkilli yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İPM-nin 2.2.2 və 33-cü maddələrini rəhbər tutaraq məhkəmədən Ordubad Rayon Aqrar İslahat Komissiyasının JN-54A torpaq sahəsindən ona məxsus tövlənin yerləşdiyi ərazinin torpağın mülkiyyətə verilməsi şəhadətnaməsinin üzərindən çıxılmaqla ona məxsus olan torpaq sahəsinin üzərinə ölçülməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) 11 fevral 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh inzibati orqan iddiaya dair 10 fevral 2022-ci il tarixli, 04/62 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı Xidmətə daxil olan müraciəti Xidmətin Ordubad Rayon İdarəsinin mütəxəssislərinin və Parağa bələdiyyəsinin sədrinin iştirakı ilə naturada araşdırılmış və məlum olmuşdur ki, istifadəsində olan tövlə binası JN-54A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ilə qonşu torpaq mülkiyyətçisi X7 mülkiyyətinə verilmiş 338,2 m2 torpaq sahəsinin sərhədləri daxilində yerləşir. Azərbaycan Respublikası torpaq qanunvericiliyinin tələbləri İddiaçı və qonşu torpaq mülkiyyətçisi Həsən Xıdırova izah olunmuş, İddiaçı müraciəti xx.xx.2021-ci il tarixli, 141 nömrəli məktubla cavablandırılmışdır. Eyni zamanda, İddiaçı izah olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.2ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı zamanı buraxılmış texniki səhvlərin düzəlişi hüquq sahibinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacagını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edərsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Müvafiq texniki sehvliyin aradan qaldırılması üçün ərizə ilə Xidmətin Ordubad Rayon İdarəsinə müraciət etmələri tərəflərə tövsiyyə olunmuşdur. Əks halda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq məsələnin həllinə müvafiq məhkəmədə baxılmalı olduğu onlara izah olunmuşdur. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 17 fevral 2022-ci il tarixli, 2- 1(122)-54/2022 nömrəli qərardadı ilə iddia tələbi dəqiqləşdirilərək “Ordubad Rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında JN-54A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” qonşu torpaq sahəsində onun uzun illər istifadəsində olan tövlənin yerləşdiyi ərazinin torpaq sahəsinin mülkiyyətə verilməsi şəhadətnaməsində düzəlişlər aparmaqla, Ordubad Rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında ona məxsus JN-035B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" göstərilən torpaq sahəsi sərhəd daxilində düzəlişlər aparmaqla şəhadətnaməyə işlənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi” kimi icraata qəbul edilmişdir. Bundan sonra məhkəmə tərəfindən yenidən cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı eyni məzmunlu yazılı münasibəti (etirazı) 03 mart 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin 28 mart 2022-ci il tarixli, 2- 1(122)-54/2022 nömrəli qərardadı ilə X20 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. 20 iyul 2022-ci il tarixə təyin edilmiş hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında şahid qismində ifadə verən X8 1988-ci ildə Ermənistandan qaçqın olaraq Ordubad rayonu, Parağa kəndinə gəldiklərini, Parağa kəndinə gələndə tövlə binasının İddiaçı atası Sultan kişiyə məxsus olduğunu, tövlə binasının qapısının küçəyə açıldığını, 1999-cu ildə torpaq islahatı aparılan zaman onun Aqrar İslahat Komissiyasının sədri olduğunu, həmin tövlə binasının Rəhimin adına işləndiyini, sonradan torpaq sahəsində dəqiqləşdirmə aparılanda onun iştirak etmədiyini, tövlə binasının Rəhimin adından çıxarılaraq Xıdırov Həsənə verildiyini, mübahisəli tövlə binasının Xıdırov Həsənin mülkiyyətində olduğunu, lakin tövlə binasından hazırda Rəhimin istifadə etdiyini, bələdiyyə mülkiyyətində olan 162.90 kv.m. torpaq sahəsinin Xıdırov Həsən tərəfindən zəbt edildiyi barədə məlumatının olmadığını bildirmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 12 avqust 2022ci il tarixli, 2-1(122)-54/2022 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edilərək, şifahi məhkəmə baxışı iclası 14 oktyabr 2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə üçüncü şəxs X20 heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə və məhkəməyə təqdim edilmiş yazılı izahata uyğun məzmunda izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin nümayəndəsi X5 cavabdeh inzibati orqan tərəfindən məhkəməyə ünvanlanan iddiaya qarşı yazılı münasibətə uyğun izahat verərək məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X7 nümayəndəsi Nümayəndə tövlənin yerləşdiyi torpaq sahəsinin əri X7 mülkiyyətində olduğunu, əvvəlcədən həmin torpaq sahəsinin onlara məxsusluğunun onlara məlum olduğunu, İddiaçı tövləsi olmadığından həmin ərazidən istifadəsinə icazə verdiklərini, lakin hazırda onlar üçün narahatlıq yaratdıqlarını, İddiaçı kəndin başqa yerlərində torpaq sahəsi və tövlə binasının olduğunu, tövlənin yerləşdiyi torpaq sahəsinin X7 adına olan torpaq sahəsinin üzərindən çıxılmaqla İddiaçı adına olan torpaq sahəsinin üzərinə işlənməsinə qəti etiraz etdiyini bildirərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına cavabdehin məktubunu, müvafiq məktubları, texniki pasportun surətini, qeydiyyatla bağlı arayışı, şəxsiyyət vəsiqəsinin surətini əlavə etmişdir. Həmin sənədlərin və materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İddiaçı tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı mahiyyət üzrə “İnzibati icraat haqqında” Qanunun 3.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati orqan olan cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan, lakin publik hüquq sahəsinə aid olan bir hərəkətin edilməsi öhdəliyinin qoyulmasını istəyir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-in 1.1, 2.1, 2.2.3 və 34.1-ci maddələri) aid olan öhdəliyin icrası haqqında iddianın ümumi mümkünlük şərtlərinə əməl edilmişdir. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırki tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Həmçinin iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddianın mümkünlük şərtlərinə əməl edilsə də, iddia mahiyyəti baxımdan əsaslı deyildir. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Vəkil ünvanlanan 28 dekabr 2021-ci il tarixli, 06/766 nömrəli cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı münasibət ilə eyni məzmunlu məktubdan görünür ki, müvafiq texniki səhvliyin aradan qaldırılması üçün İddiaçı və Həsən Xıdırovun ərizə ilə Xidmətin Ordubad Rayon İdarəsinə müraciət etməli olduqları, əgər razılıq olmazsa (mübahisə yaranarsa) Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 103-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq məsələnin həllinə müvafiq məhkəmədə baxılmalı olduğu izah edilmişdir. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad rayon idarəsi tərəfindən İddiaçı ünvanlanan 13 dekabr 2021-ci il tarixli, 141 nömrəli məktubdan görünür ki, araşdırma zamanı həmin tövlə binasının X14 Torpağın mülkiyyətə verilməsinə dair JN-54A nömrəli şəhadətnamə ilə məxsus olan torpaq sahəsinin sərhədləri daxilində yerləşdiyi dəqiqləşdirilmişdir. Adı çəkilən tövlə binasının kimə məxsus olması barədə tərəflər arasında mübahisə olduğundan məsələyə məhkəmə qaydasında baxılması tövsiyyə olunmuşdur. - Ordubad Rayon Parağa Bələdiyyəsinin 13 dekabr 2021-ci il tarixli, 28 nömrəli məktubundan görünür ki, Parağa kəndində torpaq islahatı 1999-cu ildə aparılmışdır. 2005ci ildə təkrarən sənədlərin dəqiqləşdirilməsi ilə bağlı yenidən şəxsi həyətyanı torpaq sahələrində ölçü işi həyata keçirilmişdir. Hər iki ölçmə zamanı müəyyən texniki xətalara yol verilmişdir. Elə hallar olmuşdur ki, vətəndaşın torpaq sahəsi digər vətəndaşın adına sənədləşmiş və yaxud vətəndaşın yardımçı binası ayrı şəxsin sənədində göstərilmişdir. Belə hallardan biri də Parağa kənd sakini İddiaçı 1988-ci ildən istifadəsində olan tövləsinin Parağa kənd sakini X7 həyətyanı torpaq sahəsinə daxil edilməsidir. - 23 mart 2006-cı il tarixli, KOD 10700028, JN-035 B nömrəli texniki pasportun surətindən görünür ki, İddiaçı, X1, X9, X10 və X6 mülkiyyətinə Ordubad Rayon Aqrar İslahat Komissiyasının 08 iyun 2000-ci il tarixli, 196 nömrəli qərarı ilə 0.05 hektar həyətyanı torpaq sahəsi verilmişdir. - Ordubad Rayon İcra Hakimiyyətinin X25 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 27 yanvar 2022-ci il tarixli, 10 nömrəli arayışdan görünür ki, Rzayev X16 rayonu, Parağa kəndinin qeydiyyatında durur və aşağıdakı tərkibdə ailə üzvləri vardır:

1. X2; 2. X21; 3. X17. - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1971-ci il tarixdə doğulmuşdur. İş materiallarına əlavə olunmuş: - Ordubad Rayon İcra Hakimiyyətinin X25 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 16 may 2022-ci il tarixli, 27 nömrəli arayışdan görünür ki, 1988-ci il məlum Qarabağ hadisələri ilə əlaqədar ermənilər Parağa kəndindən köçüb gedəndən sonra 1988-ci ilin noyabr ayında Ermənistanın Əzizbəyov rayonunun Gomur və Gabud kəndində yaşayan əhali Parağa kəndində köçkün kimi yerləşdirilmişdir. Həmin müddət ərzində hər bir ailə kimi X20 və ailəsi indiki yaşadığı evə yerləşdirilmişdir. Eyni zamanda, 1988-ci ilin noyabr ayında Ordubad rayon Biləv kənd sakini X15 da ailəsi ilə birlikdə (İddiaçı da) Parağa kəndində ev tutaraq məskunlaşmışdır. 1985-2000-ci illər ərzində Parağa kəndində yerləşən ailələr hər biri bağ-torpaq-tövlə və sairə özbaşınalıq əsasında kim harada istəyir yerləşmişdir. 1985-2000-ci illər ərzində heç bir islahat keçirilməmişdir. Aqrar islahatlar yalnız 2000-ci ildə keçirilmiş, 2006-cı ildə isə dəqiqləşmə aparılmışdır. X25 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Təsərrüfatbaşına Uçot Kitabı Ordubad Rayon Arxiv İdarəsindədir. Səbəbi ondan ibarətdir ki Parağa kəndində Aqrar islahatı 2000-ci ildə aparılmışdır. 2001-ci ildə hər bir şəxsə mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə verilmişdir. Evlərin sənədləşdirilməsi zamanı Ordubad rayon X13 qərarları aktları və evlərin siyahısı məktuba əlavə edilmişdir. - Ordubad Rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış 24 may 2022-ci il tarixli, 05 nömrəli məktubdan görünür ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən Ordubad Rayon Dövlət Arxivinə daxii olmuş məktubda İddiaçı və X20 barəsində olan məlumatlar və müvafiq sənədlərin təsdiq olunmuş surətləri Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsinə göndərilmişdir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 24 may 2022-ci il tarixli, 02/70 nömrəli məktubdan görünür ki, İddiaçı ailə başçısı olmaqla adına 1991-1995, 1994-1995, 1996-2000-ci illərə dair torpaq sahəsinin olması haqqında sənədlərin surətləri məhkəməyə göndərilmişdir. Qeyd hissəsində 1985- 1990, 1991-1995-ci illərə dair təsərrüfatbaşına kitablarında X7 adına təsərrüfatın olmaması, 1996-2000-ci illərə aid təsərrüfatbaşına kitablarda şəxsi hesab № 71-də təsərrüfatın şəxsi mülkiyyətində olan torpaq sahəsinin 1200 kv.m göstərilmişdir. 1985- 2000-ci illərə dair təsərrüfatbaşına kitablarda isə İddiaçı atasının adının Soltan yazıldığı qeyd edilmişdir. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 03 iyun 2022-ci il tarixli, 04/319 nömrəli cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya qarşı yazılı münasibət ilə eyni məzmunlu məktubdan görünür ki, X7 və ailə üzvlərinin razılıq ərizəsi olmadığından JN-54A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamədə düzəlişlərin aparılması üçün müvafiq məhkəməyə müraciət edilməsi İddiaçı tövsiyyə olunmuşdur. - İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 12 avqust 2022-ci il tarixli yazılı izahatdan görünür ki, Ordubad rayon Parağa kəndindəki tövlə sahəsi 1988-ci ildən onun istifadəsindədir. Bunu məhkəmə prosesində şahidlər və Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin tərtib etdiyi inzibati aktda iştirak edənlər də təsdiqləmişdir. Hətta həmin tövləni 2021-ci ildə yenidən inşa etməsi onun istifadəsində olmasını təsdiq edir. Həmin tövləni inşa edərkən heç kəs tövlənin onun olmadığını deməmişdir. Tövləni inşa etdikdən sonra tikili olaraq qeydiyyatdan keçirmək qərarına gəlmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Ordubad rayon idarəsinə müraciət etmişdir. Yerində baxış keçirilən zaman həmin tövlənin ərazisinin qonşusu X7 torpağına işləndiyi müəyyən olunmuşdur. İddiaçı hesab edir ki, 33 il istifadəsində olan torpaq sahəsi başqasının sənədinə işlənə bilməz. 1998-ci ildə Aqrar İslahat Komissiyasının qərarı ilə tərtib olunmuş ilkin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin sərhədləri əsasdır. İlkin şəhadətnamənin sərhədləri ilə dəqiqləşdirmə zamanı verilən şəhadətnamənin sərhədləri eyni deyildir. Buradan belə nəticəyə gəlmək olar ki, ilkin şəhadətnamədəki sərhədlər qərar əsasında verilmişdir. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti araşdırma apararkən rəy və məktubları ilə bunun Xidmətin texniki səhvliyindən ibarət olduğunu, həmin mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətinə düşdüyü təsdiq edilmişdir. İddiaçı iddiasının təmin edilib, istifadəsində olan tövlə binasının mülkiyyətinə verilməsini xahiş etmişdir. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş aktdan görünür ki, Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin sərəncamı əsasında Parağa kəndində mübahisəli ərazinin və tərəflərin ərazilərində ölçmə və dəqiqləşmə işləri aparılmışdır. Aparılan zaman akt iştirakçılarının sözlərinə istinadən demək olar ki, 1988-ci ildə bu əraziyə köç edilərkən həmin tövlə tikilisi İddiaçı istifadəsində olmuşdur. X19 kəndin uzun müddət sakini olaraq bildirir ki, 1988-ci ildə bu kəndə gələndə həmin tövlə Rəhimin istifadəsində olub. Bu sözləri qonşu kimi iştirak edən şəxs də təsdiqləmişdir. Lakin islahat zamanı tövlə evdən aralı olduğuna görə Xıdırov Həsənin sənədinə işlənmişdir. Bugün faktiki İddiaçı istifadəsindədir. Xıdırov Həsən 1988-ci ildə kəndə gəldiklərini, gəldikləri gündən həmin həyətdə yaşadıqlarını, tövləni heç kimə vermədiyini bildirmişdir. Barışıqla məsələnin həlli şərtləri tərəflərə izah olunmuş, lakin razılaşma olmamışdır. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş 15 aprel 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Ordubad rayonu, Parağa kəndində 54A nömrəli torpağın və ona söykənili mübahisəli tövlə binasının ölçü işləri aparılmışdır. Ölçü aparılan zaman məlum olmuşdur ki, 54A nömrəli torpağın hüquqi sahəsi 338,2 m2 olmasına baxmayaraq, faktiki sahəsi 500,45 m2 təşkil edir (mübahisəli tövlə binası ilə birlikdə). Mübahisəli tövlə binası isə 37,55 m2 təşkil edir. Xidmətdə olan islahat materiallarında və “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrin qeydi kitablarında İddiaçı və X7 adlarının qarşısında tövlə tikilisi qeydə alınmamışdır. Mübahisəli tövlə binasının qapısı küçəyə açılır. Tikilisi yeni tikilidir. Hazırda İddiaçı istifadəsindədir. X7 istifadəsində 124,7 m2 (mübahisəli tövlə binası çıxıldıqda) bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi yerləşir. Mübahisəli tövlə binasının və ona söykənili 54A nömrəli torpağın faktiki və sənəd üzrə olan xəritələri məhkəməyə göndərilmişdir. - Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş 26 iyul 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, bəzi araşdırmalar aparılmasına zərurət yarandığından yenidən arxiv sənədləri, islahat materialları və ölçülər yoxlanılmışdır. Yoxlama zamanı məlum olmuşdur ki, Ordubad rayonu, Parağa kəndində islahat aparılan zaman 54A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” ilkin Şəhadətnamə ilə dəqiqləşmə zamanı verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” ilkin Şəhadətnamədə olan sərhədlər arasında ciddi fərqlər mövcuddur. Ciddi fərqin əmələ gəlməsi ilə Parağa kəndində dəqiqləşmə aparılarkən yerli icra orqanının və bələdiyyənin nümayəndələrinin iştirakı olmadığından və mübahisəli tövlə binası X7 torpaq sahəsinin sərhədlərinə bitişik olduğundan ilkin şəhadətnamədəki sərhədlər nəzərə alınmadan X7 torpaq sahəsinin sərhədləri daxilinə işlənmişdir. Tərəflərə texniki səhvlik izah olunsa da, tərəflər arasında razılaşma olmadığına görə dəqiqləşmə vaxtı yaranan texniki səhvliyi aradan qaldırmaq mümkün olmamışdır. İlkin və dəqiqləşmə vaxtı verilmiş şəhadətnamədəki sərhədlər faktiki vəziyyətin üzərində göstərilməklə məhkəməyə təqdim edilmişdir. Beləliklə, iddia ərizəsinin məzmunundan və iddiaçı tərəfin məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı tərəf mübahisəli tövlə binasını 1988-ci ildən istifadə etdiyinə istinad edərək həmin tövlə binasının yerləşdiyi torpaq sahəsinin İddiaçı adına olan “Torpağın mülkiyyət verilməsinə dair” Şəhadətnamənin üzərinə işlənilməsini tələb edirlər. Cavabdeh inzibati orqan isə mübahisəli tövlə binasının yerləşdiyi torpaq sahəsinin hazırda üçüncü şəxs X7 mülkiyyətində olduğunu, tərəflər arasında hər hansı bir razılığın olmadığını, buna görə də hüquqların dövlət qeydiyyatının həyata keçirilməsinin mümkün olmadığına istinad edərək iddiaçı tərəfin tələbindən imtina edir. Hazırki inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş X20 və onun nümayəndəsi mübahisəli tövlə binasının yerləşdiyi torpaq sahəsinin əvvəldən X7 mülkiyyətində olduğunu, həmin tövlədən istifadə üçün İddiaçı icazə verdiklərini, həmin ərazinin onların mülkiyyətindən çıxarılaraq iddiaçının mülkiyyətinə verilməsinə qəti etiraz edirlər. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında İPM-in 68.1-ci maddəsinə əsasən sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən də rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. - 26-cı maddəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. - 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. - 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. -146.2-ci maddəsinə görə daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 154.1-ci maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqlarının əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. - 10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü; torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. - 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. - 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını hazırkı işin hallarına tətbiq edərək qeyd edir ki, hazırki iş üzrə mübahisə doğuran məsələ 1988-ci ildən İddiaçı istifadəsində olan tövlə binasının yerləşdiyi mübahisəli torpaq sahəsinin iddiaçının adına olan şəhadətnamənin üzərinə işlənilməsi ilə bağlıdır. Məhkəmə araşdırması, ilk öncə, tövlə binasının yerləşdiyi torpaq sahəsinin mülkiyyət növünün müəyyənləşdirilməsi istiqamətində aparılmışdır. İlkin mütəxəssis rəyi bunu aydınlaşdırmağa imkan verməsə də, 26 iyul 2022-ci il tarixli mütəxəssis rəyi və ilkin olaraq verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr, dəqiqləşmədən sonra verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələr, torpaqların faktiki vəziyyətini müqayisə etməyə imkan verən müvafiq xəritələr onu deməyə əsas verir ki, tövlənin yerləşdiyi mübahisəli torpaq sahəsi ilkin şəhadətnamələr verilən zaman bələdiyyə mülkiyyətində olmuşdur. İlkin şəhadətnamələrə baxış keçirilərkən tövlənin yerləşdiyi mübahisəli torpaq sahəsinin nə İddiaçı məxsus “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə, nə də üçüncü şəxs X7 adına verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə öz əksini tapmadığı aydın olur. Həmçinin məhkəmə araşdırması zamanı Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsindən və Ordubad Rayon İcra Hakimiyyətinin X25 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən məhkəməyə təqdim edilmiş müvafiq sənədlərdə də İddiaçı və üçüncü şəxs X7 adına olan torpaq sahələrinin qarşısında tövlə binasının mövcudluğu qeyd edilməmişdir. Bu da bir daha sübut edir ki, islahat zamanı tövlənin yerləşdiyi ərazi bələdiyyə mülkiyyətinə verilmişdir. Sonradan 2006-cı ildə dəqiqləşmə zamanı mübahisəli torpaq sahəsi üçüncü şəxs X7 adına işlənmişdir və bələdiyyə tərəfindən bu günədək mübahisələndirilməmişdir. İddiaçının hazırkı tələbinə münasibətdə isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tövlə binasının yerləşdiyi torpaq sahəsinin onun mülkiyyətinə verilməsini tələb etməkdə haqsız olmuşdur. Belə ki, həmin torpaq sahəsi əvvəllər bələdiyyə mülkiyyətində olmuş, sonradan isə üçüncü şəxs X7 adına işlənmişdir. Nə dəqiqləşmədən əvvəl, nə də sonra həmin torpaq sahəsinin İddiaçı mülkiyyətinə verilməsi və ya hər hansı bir zaman müddətində onun mülkiyyətində olmasını təsdiq edən sübut iş materiallarına əlavə edilmədiyi kimi məhkəmə araşdırması zamanı toplanılan sübutlarla da öz təsdiqini tapmamışdır. İddiaçı və onun vəkili iddiaçının 1988-ci ildən həmin tövlə binasından istifadə etdiyinə istinad edərək tövlənin yerləşdiyi ərazinin onun mülkiyyətinin üzərinə işlənilməsini tələb edirlər. Qeyd edilməlidir ki, qanunvericiliyə əsasən iddiaçının uzun illər tövlə binasından istifadə etməsi mülkiyyət hüququ üçün əsas vermir. İddiaçının tövlə binasının yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən hər hansı bir hüquqmüəyyənedici sənədin təqdim edilməməsi hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya səbəb olmuşdur. Buna görə də, hazırkı vəziyyətdə iddiaçının tələbinin cavabdeh inzibati orqan tərəfindən icra edilməsi mümkün deyildir. Belə ki, mübahisəli torpaq sahəsi dəqiqləşmə aparıldıqdan sonra üçüncü şəxs X7 adına olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin üzərinə işləndiyindən və hazırda həmin torpaq sahəsi üçüncü şəxsin mülkiyyəti olduğundan mülkiyyətçinin razılığı olmadan ona məxsus torpaq sahəsinin digər şəxsin adına olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin üzərinə işlənilməsi mümkün deyildir. İnzibati məhkəmə icraatı qaydasına baxılan mübahisələrdə əsas məsələ məhkəmə tərəfindən cavabdehin hərəkət və ya hərəkətsizliyinin qanunvericiliyin tələblərinə uyğun olub-olmadığını yoxlamaqdan ibarətdir. Məhkəmə hazırkı iş üzrə cavabdehin imtinasına hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbindən imtina edilməsi qanunvericiliyin tələblərinə uyğun olduğundan, cavabdeh imtina etməkdə haqlı olmuşdur. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı onun tələb etdiyi öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İddiaçı tərəf tövlə binasının yerləşdiyi mübahisəli torpaq sahəsinin əvvəllər və yaxud hazırda onun mülkiyyətində olmasını sübut edən sənədləri təqdim edə bilmədiyindən cavabdeh tərəfindən hazırkı tələb icra edilə bilməz. Beləliklə, məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq qeyd edir ki, cavabdeh Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən İddiaçı “Ordubad Rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında JN-54A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” qonşu torpaq sahəsində onun uzun illər istifadəsində olan tövlənin yerləşdiyi ərazinin torpaq sahəsinin mülkiyyətə verilməsi şəhadətnaməsində düzəlişlər aparmaqla, Ordubad Rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında ona məxsus JN-035B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” göstərilən torpaq sahəsi sərhəd daxilində düzəlişlər aparmaqla şəhadətnaməyə işlənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”ndən imtina edilməsi əsaslı olmuşdur. Buna görə də iddiaçının tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. - 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. - 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Ordubad Rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında JN-54A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” qonşu torpaq sahəsində onun uzun illər istifadəsində olan tövlənin yerləşdiyi ərazinin torpaq sahəsinin mülkiyyətə verilməsi şəhadətnaməsində düzəlişlər aparmaqla, Ordubad Rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında ona məxsus JN-035B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” göstərilən torpaq sahəsi sərhəd daxilində düzəlişlər aparmaqla şəhadətnaməyə işlənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməlidir.

Nəticəvi hissə:

Yuxarıda göstərilənlərə və İPM-in 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı “Ordubad Rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında JN-54A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” qonşu torpaq sahəsində onun uzun illər istifadəsində olan tövlənin yerləşdiyi ərazinin torpaq sahəsinin mülkiyyətə verilməsi şəhadətnaməsində düzəlişlər aparmaqla, Ordubad Rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında ona məxsus JN-035B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair" göstərilən torpaq sahəsi sərhəd daxilində düzəlişlər aparmaqla şəhadətnaməyə işlənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası rədd edilir. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən tələbinin təmin olunmadığı halda, qərar rəsmi qaydada verildikdən (tam formada təqdim olunduqdan) sonra 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir.

SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar