Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-543/2023 08.06.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X4 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi ilə, iddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "19 aprel 2015-ci il tarixdə doğulmuş nəvəsi X1 onun qəyyumluğuna verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19 aprel 2015-ci il tarixdə doğulmuş nəvəsi X1 onun qəyyumluğuna verilməsi öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunaraq iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 08 iyun 2023-cü il tarixə təyin olunmuşdur. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən iddiaçı tərəfə 02 may 2023-cü il və 19 may 2023-cü il tarixli, 2- 1(122)-543/2023 hüquqi yardım məktubları göndərilərək, habelə məhkəmə iclaslarında bilavasitə hüquqi yardım göstərilərək müvafiq səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilmiş, iddiaçının vəkili və nümayəndəsi tərəfindən işə mahiyyəti üzrə baxılması tələb edildiyindən iclasda iddianın mümkünlüyü məsələsinə baxılmışdır. Cavabdehin nümayəndəsi X5 qanunauyğun qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. Məhkəmənin əsaslandırması: BMT-nin Baş Məclisinin 44-cü sessiyasında 20 noyabr 1989-cu il tarixində qəbul edilmiş Uşaq hüquqları haqqında Konvensiyanın 9-cu maddəsinə əsasən:
1. İştirakçı dövlətlər təmin edirlər ki, uşaq və valideynləri onların arzusuna zidd olaraq ayrı düşməsinlər, amma məhkəmənin qərarına uyğun olaraq səlahiyyətli orqanların tətbiq edilən qanuna və prosedurlara müvafiq surətdə belə ayrılığın uşağın ən yaxşı mənafeyi üçün zəruri olduğunu müəyyənləşdirdikləri hallar istisna təşkil edir. Belə müəyyənləşdirmə bu və ya digər konkret halda, məsələn, valideynlər uşaqla qəddarcasına rəftar etdikdə və ya onun qayğısına qalmadıqda və ya valideynlər bir-birindən ayrı yaşadıqda və uşağın yaşayış yeri barədə qərar qəbul edilməli olduqda zəruri ola bilər.
2. Bu maddənin 1-ci bəndinə uyğun hər cür araşdırma zamanı bütün əlaqədar tərəflərə araşdırmada iştirak etməyə və öz nöqteyi-nəzərini şərh etmək imkanı verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 33.3-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanların valideynləri, onları övladlığa götürənlər olmadıqda, valideynləri məhkəmə tərəfindən valideynlik hüquqlarından məhrum edildikdə, habelə bu cür fiziki şəxslər başqa səbəblərə görə valideyn himayəsindən məhrum olduqda, o cümlədən valideynləri onları tərbiyələndirməkdən və ya hüquq və mənafelərini müdafiə etməkdən boyun qaçırdıqda onların üzərində qəyyumluq və himayəçilik təyin edilir. 35.1-ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa görə: Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların, habelə onların arasından olan şəxslərin hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsini onların özləri, qanuni nümayəndələri, qəyyumları (himayəçiləri), müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər və həmkarlar ittifaqı təşkilatları Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada həyata keçirirlər. (Maddə 9) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: 2.1.-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan qanun normalarından müəyyən edilir ki, inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsipləri və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilir. Məcəllənin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların dəqiq siyahısı müəyyən edilmişdir. Müddəaların sadalanması onunla bağlıdır ki, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında qeyd edilmişdir ki, “iddianın qaldırılması üçün iddiaçının subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, iddiaçı ilə inzibati orqan arasında publik hüquqdan irəli gələn münasibətlərin mövcud olması, habelə sonuncu tələblə bağlı iddiaçı tərəfindən ziyanın ödənilməsi ilə bağlı cavabdehə müraciət edilib-edilməməsi yoxlanılmalıdır”. Göründüyü kimi, iddianın mümkün sayılmasının ilkin şərtlərindən biri tərəflərdən birinin inzibati orqan olması və tərəflər arasındakı münasibətin publik hüquqdan irəli gələn münasibətlər olmasıdır. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 4 saylı Qərarının: 4-cü bəndinə əsasən İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. 14-cü bəndinə əsasən tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. 15.1-ci bəndinə əsasən İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 15.2-ci bəndinə əsasən bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. 15.3-cü bəndinə əsasən bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Hazırki iş üzrə şəxsin qəyyumluğa verilməsi ilə bağlı iddia inzibati orqan kimi müvafiq icra hakimiyyəti orqanına qarşı yönəlsə də, mübahisə şəxsin mülki hüquq və vəzifələrin təmininə xidmət etdiyindən irəli sürülən tələb ümumi (publik) hüquq sahəsinə deyil, xüsusi (ailə-mülki) hüquq münasibətlərinə aiddir. İnzibati orqan bu münasibətlərdə xüsusi hüququn subyekti kimi iştirak etdiyindən belə mübahisələrə mülki mühakimə icraatı qaydasında baxılır. Qeyd edilənlərə əsasən hazırkı halda qəyyumluqla bağlı mübahisələrin mülki məhkəmə icraatı qaydasında baxılması barədə məhkəmə təcrübəsinin formalaşdığı müəyyən olunduğundan hazırkı mübahisə də mülki xarakterli olmaqla aidiyyəti üzrə mülki məhkəmədə baxılan mübahisələrə aid edilməlidir. Beləliklə hazırkı iş üzrə iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. İşin yuxarıda qeyd edilən hallarına görə iddia mümkün sayılmadığından, iddiaçı tərəfə izah edilir ki, ümumi yurisdiksiyalı məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prossessual Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qəraraaldı:
İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "19 aprel 2015-ci il tarixdə doğulmuş nəvəsi X1 onun qəyyumluğuna verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Elnur Hüseynov