Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-543/2025 07.11.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X1 Heydər oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "onun şəxsi vəsaiti hesabına tikdiyi, Azadlıq prospektindən Babək məhəlləsinə gedən yolun cənub tərəfində mövcud mağazaların cərgəsində (indiki yeri Naxçıvan şəhər Nikah evi ilə yanındakı yaşayış binasının arasındakı boş sahə) tikdiyi 24 kv.m qeyri-yaşayış binasının (mağazaçayxananın) dəyəri olan 50.000 manat kompensasiyanın Naxçıvan Şəhər İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisəyə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azadlıq prospektindən Babək məhəlləsinə gedən yolun cənub tərəfində mövcud mağazaların cərgəsində Naxçıvan Şəhər İcra Hakimiyyətinin 612 nömrəli xx.xx.1995-ci il tarixli sərəncamına əsasən sahəsi 24 kvm olan çay evinin tikilməsi üçün torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. O, çay evini tikdikdən sonra bir müddət maneəsiz istifadə etmiş, lakin heç bir qanuni əsas olmadan əlindən alınaraq sökülmüş və ona heç bir kompensasiya ödənilməmişdir. Bununla bağlı o, Naxçıvan Şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət etsə də, xx.xx.2024-cü il tarixli, 5- 5/2-İ-51/2-8/2023 nömrəli cavab məktubu ilə ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı göstərilənləri nəzərə alaraq onun mülkiyyətində olmuş Azadlıq prospektindən Babək məhəlləsinə gedən yolun cənub tərəfində mövcud mağazaların cərgəsində olmuş çay evinin yenidən tikilməsi üçün torpaq sahəsinin ona geri qaytarılması və ya həmin qeyri-yaşayış binasının (mağazanın) dəyəri olan 50.000 (əlli min manat) kompensasiyanın Naxçıvan Şəhər İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə 27 fevral 2025-ci il tarixli ərizə göndərərək, iddia tələbini dəqiqləşdirərək iddia tələbinə “onun şəxsi vəsaiti hesabına tikdiyi, Azadlıq prospektindən Babək məhəlləsinə gedən yolun cənub tərəfində mövcud mağazaların cərgəsində (indiki yeri Naxçıvan şəhər Nikah evi ilə yanındakı yaşayış binasının arasındakı boş sahə) tikdiyi 24 kv.m qeyri-yaşayış binasının (mağaza-çayxananın) dəyəri olan 50.000 manat kompensasiyanın Naxçıvan Şəhər İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” çərçivəsində baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 01 aprel 2025-ci il tarixli, 2-1(122)-543/2025 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Məhkəmə tərəfindən müvafiq sərəncam qəbul edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyəti iddia tələbinə dair 30 may 2025-ci il tarixli, 5-5/2-883/2025 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbi ilə bağlı aparılan araşdırma zamanı İcra Hakimiyyəti tərəfindən İddiaçı məxsus Naxçıvan şəhəri, Azadlıq prospektindən Babək məhəlləsinə gedən yolun cənub tərəfində sahəsi 24 m2 olan mağazanın sökülməsinə və ya dövlət ehtiyacları üçün alınmasına dair qərar və yaxud inzibati akt müəyyən olunmamışdır. Naxçıvan MR Dövlət Arxiv İdarəsinə verilən sorğuya cavab olaraq İdarənin 19 may 2025-ci il tarixli 3-48-NDA/1-2-731/2025 №li məktubunda Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2001-ci ilə aid sənədlərində Naxçıvan şəhəri, Heydər Əliyev (keçmiş Azadlıq) prospektindən Babək məhəlləsinə gedən yolun cənub tərəfində sahəsi 24 m2 olan mağazanın sökülməsinə, əvəzində İddiaçı kompensasiya ödənilməsinə dair heç bir məlumata rast gəlinmədiyi, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 12 dekabr 1995-ci il tarixli, 612 nömrəli Sərəncamın və əlavələrin surətlərinin göndərildiyi, Naxçıvan Şəhər İcra Hakimiyyətinin 3 saylı sərəncamının 04 yanvar 2000-ci ilə aid olduğu və 05 iyun 2000-ci ilə aid sərəncamların 255-257 nömrələri əhatə etdiyi qeyd edilmişdir. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə verilmiş sorğuya cavab olaraq 22 may 2025-ci il tarixli 03/736 nömrəli məktubunda qeyd edilən ünvanda mağaza binasının qeydiyyata alınmadığı, İddiaçı iddia etdiyi əmlakın sökülməsi və ya dövlət ehtiyacları üçün alınması, əvəzinin ödənilib-ödənilməməsi haqqında Xidmətin informasiya bazasında məlumatın mövcud olmadığı bildirilmişdir. Cavabdeh iddia edilən mağazanın tikilib fəaliyyət göstərməsinə, iddiaçının xüsusi mülkiyyəti olmasına, Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən sökülməsinə və yaxud dövlət ehtiyacları üçün alınmasına dair hər hansı bir dəlil və sübutların təqdim edilmədiyi səbəblərindən iddianın əsassız olduğunu bildirərək, iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 07 noyabr 2025-ci il tarixə təyin edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən ünvan 1 ünvanında yaşayan İddiaçı ünvanlanmış 30 oktyabr 2024-cü il tarixli, 5-5/2-İ-51/2-8/2024 nömrəli məktubla bildirilmişdir ki, qeyd edilən ünvanda yerləşən çay evinin sökülməsinə və dövlət ehtiyacları üçün alınmasına dair icra hakimiyyətində heç bir inzibati akt yaxud sənəd aşkar etmək mümkün olmamışdır. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 12 dekabr 1995-ci il tarixli, 612 nömrəli sərəncamının surətindən məlum olur ki, İddiaçı Azadlıq prospektindən Babək məhəlləsinə gedən yolun cənub tərəfində mövcud mağazaların cərgəsində 4.0×6.0 metr ölçüdə mağaza tikilməsinə icazə verilmişdir. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 09 dekabr 2024-cü il tarixli, 04/1319 nömrəli məktubdan məlum olur ki, daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına Naxçıvan şəhəri, Heydər Əliyev (Azadlıq) prospektindən Babək məhəlləsirjıə gedən yolun cənub tərəfində çay evi qeydiyyata alınmamışdır. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 03 fevral 2025-ci il tarixli, 3- 21-2-24/2-M-3-43/2025 nömrəli məktubdan məlum olur ki, İddiaçı (VÖEN **********) vergi orqanında vergi ödəyicisi kimi 9 yanvar 2019-cu il tarixdən vergi uçotuna alınmışdır (fəaliyyət növü -iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant)). - Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 05 fevral 2025-ci il tarixli, 89/2025 nömrəli məktubdan məlum olur ki, Naxçıvan şəhəri, Azadlıq prospektindən Babək məhəlləsinə gedən yolun cənub tərəfində mövcud mağazaların cərgəsində yerləşmiş çay evinin elektrik təchizatı ilə bağlı İddiaçı ilə müqavilə bağlanılmamışdır. - Naxçıvan Muxtar Respublikası Qaz İstismar İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 17 fevral 2025-ci il tarixli, 131/04 nömrəli məktubun surətindən məlum olur ki, Naxçıvan şəhəri, Azadlıq prospektindən Babək məhəlləsinə gedən yolun cənub tərəfində İddiaçı aid olduğu deyilən çay evində boru vasitəsi ilə verilən təbii qaz mövcud olmamış və onunla heç bir müqavilə bağlanmamışdır. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 17 fevral 2025-ci il tarixli, 04/224 nömrəli məktubdan məlum olur ki, İddiaçı iddia etdiyi torpaq sahəsi üzərində icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. - Naxçıvan şəhəri Naxçıvan Bələdiyyəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 26 may 2025-ci il tarixli, 663 nömrəli məktubdan məlum olur ki, 1995- 2000-ci illərdə Naxçıvan şəhər Azadlıq prospektindən Babək məhəlləsinə gedən yolun cənub tərəfində çayxananın olub-olmaması barədə Naxçıvan şəhər Naxçıvan bələdiyyəsində heç bir məlumat qeydə alınmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.5. inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 71.2. Şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu: 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 13.1. Dövlət reyestrində daşınmaz əmlak, onlar üzərində həm mövcud olan, həm də xitam verilmiş hüquqlar və hüquq sahibləri barədə məlumat saxlanılır. 19.1. Daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 146.3. Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmənin əsaslandırması: Məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının hüquqi marağı onun şəxsi vəsaiti hesabına tikdiyi, Azadlıq prospektindən Babək məhəlləsinə gedən yolun cənub tərəfində mövcud mağazaların cərgəsində (indiki yeri Naxçıvan şəhər Nikah evi ilə yanındakı yaşayış binasının arasındakı boş sahə) tikdiyi 24 kv.m qeyri-yaşayış binasının (mağaza-çayxananın) dəyəri olan 50.000 manat kompensasiyanın Naxçıvan Şəhər İcra Hakimiyyətindən alınıb ona ödənilməsi ilə bağlıdır. Qeyd edilməlidir ki, hər bir konkret halda mülki hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törədəcəyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusu – deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: 1) əməl (hərəkət və ya hərəkətsizlik); 2) həmin əməlin hüquqa zidd olması (mülki qanunvericiliyin normalarını pozması) və 3) təqsir (qəsd və ya ehtiyatsızlıq). Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. İddiaçı tələbinin hüquqi əsası kimi “ona Azadlıq prospektindən Babək məhəlləsinə gedən yolun cənub tərəfində mövcud mağazaların cərgəsində 4.0×6.0 metr ölçüdə mağaza tikilməsinə icazə verilməsi” barədə Naxçıvan Şəhər İcra Hakimiyyətinin 12 dekabr 1995-ci il tarixli, 612 nömrəli sərəncamına və Naxçıvan Şəhər Bələdiyyəsi ilə bağlanılmış 21 sentyabr 2000-ci il tarixli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə istinad etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının təqdim etdiyi həmin sərəncam özü-özlüyündə mağazaya (çay evinə) dair hüquqların qeydiyyata alınmasına və ya ümumiyyətlə tikilinin mövcud olmasına dəlalət etmir. Bu mənada, iddiaçının hüquq müəyyənedici sənəd kimi istinad etdiyi sərəncam əsasında sözügedən çay evinin tikilməsinə Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən icazə verildiyi göstərilsə də, iş materialları üzrə çay evinin nə vaxtsa mövcud olması müəyyən olunmur. Başqa sözlə iddiaçı istər çay evinin onun mülkiyyətində olmasını, istər sözügedən obyektin onun tərəfindən tikilməsini, istərsə də, həmin əmlakın cavabdeh tərəfindən sökülməsini mötəbər dəlillərlə sübut edə bilməmiş, bu hallar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Digər yandan mövcud olduğu halda belə, iddiaçı qeyd olunan qeyri-yaşayış obyektinin cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən söküldüyünü bildirsə də, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun inzibati şikayətlər üzrə icraatla bağlı 7-ci fəslində nəzərdə tutulmuş qaydalara uyğun olaraq həmin müddətdə hər hansı şikayət instansiyasına inzibati şikayət verməmişdir ki, bu hal qeyd olunan tikilinin cavabdeh tərəfindən sökülmədiyinə dəlalət edir. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit edilmiş mülkiyyət hüququna dair normalar baxımından (13, 29) da, inzibati orqanlar yalnız qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Qeyd olunan hallar da iddiaçıya kompensasiyanın ödənilməsi üçün əsas ola bilməz. Xüsusi olaraq vurğulanmalıdır ki, zərər ilə təqsirli hesab olunan subyektin əməli arasında səbəbli əlaqə olmalıdır. Belə ki, zərərə görə təqsirli hesab ediləcək subyektin hərəkət və ya hərəkətsizliyi zərərin baş verməsinə birbaşa zəmin yaratmalıdır. Hazırkı halda iddiaçının söküldüyünü iddia etdiyi çay evinə münasibətdə mülkiyyət hüququnun pozulması ilə ehtimal olunan zərər ilə inzibati orqanın əməli arasında səbəbli əlaqə mövcud olmamışdır. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Naxçıvan Şəhər Bələdiyyəsi ilə iddiaçı arasında bağlanılmış 21 sentyabr 2000-ci il tarixli “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilə bir il müddətinə bağlanılmış və Müqvilənin xüsusi şərtləri barədə 2-ci bənddə tikintinin aparılmaması barədə qeyd yazılmışdır ki, bu halın özü də həmin tikintinin vaxtı ilə mövcud olmasını şübhə altına alır. Hazırki iş üzrə də, sübut etmək vəzifəsi iddiaçının üzərinə düşsə də, irəli sürülən faktlar iddiaçı tərəfindən mötəbər sübutlarla sübut edilməmişdir. Bu mənada inzibati məhkəmə icraatı zamanı konkret mübahisəyə münasibətdə konkret inzibati orqanın hərəkət və hərəkətsizliklərinin hüquqi əsasları yoxlanılır. Odur ki, qaldırılmış tələbə münasibətdə cavabdeh orqanın hərəkətləri (hərəkətsizliyi) ilə vurulmuş ziyan arasında səbəbli-əlaqənin mövcudluğu sübuta yetirilməlidir. Yəni, cavabdeh orqan yalnız öz hərəkətləri (hərəkətsizlikləri) ilə başqasına ziyan vurduğu halda bu hərəkətlərin müvafiq hüquqi nəticələri yaranacaqdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının bildirdiyi obyektin sökülməsi barədə istinad etdiyi qeyd olunan səlahiyyətlərin Naxçıvan Şəhər İcra Hakimiyyətinin iradə ifadəsi əsasında həyata keçirildiyi qəbul edilə və həmin səlahiyyətlərin onun tərəfindən icra olunduğu anlamında qiymətləndirilməsi düzgün hesab edilə bilməz. Bu səbəbdən mülkiyyətçi tərəfindən tələb olunan ziyanın ödənilməsi cavabdehin məsuliyyət sferasına aid edilməməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiya Federasiyasına qarşı” qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İşdə olan sənədlərlə cavabdehin hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya maddi zərər dəyməsi təsdiq olunmamış, İPM-in 14-cü maddəsinin tələbləri baxımından iddianın əsasını təşkil edən mümkün və mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Beləliklə, İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "onun şəxsi vəsaiti hesabına tikdiyi, Azadlıq prospektindən Babək məhəlləsinə gedən yolun cənub tərəfində mövcud mağazaların cərgəsində (indiki yeri Naxçıvan şəhər Nikah evi ilə yanındakı yaşayış binasının arasındakı boş sahə) tikdiyi 24 kv.m qeyri-yaşayış binasının (mağaza-çayxananın) dəyəri olan 50.000 manat kompensasiyanın Naxçıvan Şəhər İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Naxçıvan Şəhər İcra Hakimiyyətinə qarşı "onun şəxsi vəsaiti hesabına tikdiyi, Azadlıq prospektindən Babək məhəlləsinə gedən yolun cənub tərəfində mövcud mağazaların cərgəsində (indiki yeri Naxçıvan şəhər Nikah evi ilə yanındakı yaşayış binasının arasındakı boş sahə) tikdiyi 24 kv.m qeyri-yaşayış binasının (mağazaçayxananın) dəyəri olan 50.000 manat kompensasiyanın Naxçıvan Şəhər İcra Hakimiyyətindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-543/2025
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-543/2025
07.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver