Məhkəmə qərarları › İş №2-1(122)-545/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-545/2025

17.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-545/2025 17.02.2026 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X8 Heydər oğlunun sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı və cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "X6 və Ədliyyə orqanlarında işlədiyi dövrlər birləşdirilərək dövlət qulluğu stajının nəzərə alınmaqla əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının sığorta hissəsinin üzərinə qulluq əlavəsinin hesablanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-cü il tarixədək Ordu sıralarında xidmət keçmişdir. 1985-ci il 23 avqust tarixli 3/433 nömrəli əmrlə Hüquq fakültəsinin əyani şöbəsinə qəbul olunmuş, 1990-cı il 01 avqust tarixli 3/215 nömrəli əmrlə təkrar dövlət imtahanı vermək hüququ saxlanılmaqla tələbələr sırasından xaric edilmişdir. 1991-ci il 27 avqust tarixli 3/203 nömrəli əmrə əsasən həmin fakültənin əyani şöbəsinin "Hüquqşünas" ixtisasını bitirmişdir. xx.xx.1990-cı il tarixdən xx.xx.1994-ci il tarixədək X6 xidmət etmişdir. Həmin dövr üçün müharibə şəraitində xidmət etdiyi hər 1 il 3 il olaraq hesablanmalı idi. X10 Nazirliyinin arayışında X6 xidməti iş stajının 03 il, 09 ay, 21 gün, imtiyazlı hesablama ilə 06 il, 09 ay, 27 gün təşkil etdiyi qeyd edilmişdir. 1994-cü ildən 1999-cu ilədək Ordubad rayon Konserv zavodunda hüquqşünas vəzifəsində işləmişdir. xx.xx.1999-cu il tarixdə 27 nömrəli əmrlə Ordubad rayon Dövlət Notariat Kontrorunun müdiri-dövlət notariusu vəzifəsinə təyin edilmiş, xx.xx.2008-ci il tarixdə həmin vəzifədən azad edilib, Ordubad rayon Dövlət Notariat Kontrorunda dövlət notariusu vəzifəsinə təyin edilmişdir. xx.xx.2012ci il tarixli əmrlə Ordubad rayon Dövlət Notariat Kontrorunun notariusu vəzifəsindən azad olunmuşdur. İşlədiyi illər düzgün hesablanmadığı üçün ona dövlət qulluğuna görə pensiya stajı təyin edilmir. İddiaçı göstərilənlərə əsasən Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 01 noyabr 2024-cü il tarixli qərarını ləğv edərək, işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 11 aprel 2025-ci il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinə “X6 və Ədliyyə orqanlarında işlədiyi dövrlərin məcmusu üzrə qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılıb qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 11 aprel 2025-ci il tarixli, 2-1(122)-545/2025 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. 15 avqust 2025-ci il tarixli məhkəmə iclasında İddiaçı məhkəməyə 15 avqust 2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinə “onun X6 və Ədliyyə orqanlarında işlədiyi dövrləri birləşdirərək Ədliyyə orqanlarından Dövlət qulluğu pensiyasına təyin edilmək üzrə öhdəliyin Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” kimi baxılıb qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 15 avqust 2025-ci il tarixli, 2-1(122)-545/2025 nömrəli qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. 30 yanvar 2025-ci il tarixli məhkəmə iclasında iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia tələbinə “X6 və Ədliyyə orqanlarında işlədiyi dövrlər birləşdirilərək dövlət qulluğu stajının nəzərə alınmaqla əmək penisyasının təyin edilməsi və əmək pensiyasının sığorta hissəsinin üzərinə qulluq əlavəsinin hesablanılması öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması” məzmununda baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin 30 yanvar 2026-cı il tarixli, 2-1(122)-545/2025 nömrəli protokol qərardadı ilə dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. Məhkəmə tərəfindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu iddiaya dair məhkəməyə göndərdiyi 20 oktyabr 2025-ci il tarixli yazılı münasibətini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 1959-cu il tarixdə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu, Aşağı Əylis kəndində anadan olmuş İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək ordu sıralarında hərbi xidmət keçmişdir. xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək əyani təhsil almışdır. İddiaçı tərəfindən təqdim edilmiş İT-İ 247973 nömrəli, xx.xx.1977-ci il tarixli əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən, o, xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək (11ay, 13 gün) Əzizbəyov adına Sumqayıt zavodunda çilingər vəzifəsində işləmiş, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək (2 il 8 gün) Hərbi xidmətdə olmuş, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək (1 il 8 ay 19 gün) Əzizbəyov adına Sumqayıt zavodunda çilingər, xx.xx.1982-ci il tarixdən xx.xx.1985-ci il tarixədək Y.Məmmədəliyev adına savxozda fəhlə, xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək (3 il 9 ay 21 gün) X6, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək (3 il 4 ay 20 gün) Ordubad rayon konserv zavodunda, xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək (1 il 5 ay 30 gün) həmin müəssisədə və xx.xx.1999-cu il tarixdən xx.xx.2012-ci il tarixədək (12 il 8 ay 27 gün) Ordubad rayon Notarius İdarəsində işləmişdir. İddiaçı əmək kitabçasının surətində qeyd olunanlar və təhsil müddəti nəzərə alınmaqla ümumilikdə 33 il 9 ay stajı mövcuddur. İddiaçı 04 sentyabr 2024-cü il tarixindən "Əmək pensiyaları haqqına" Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən proaktiv qaydada 342,03 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 12 il 08 ay 27 gün və X6 03 il 09 ay 21 gün iş stajı olduğu aşkar edilmişdir. Nəticədə, İddiaçı Ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə tələb olunan 15 il iş stajı və X6 25 il xidmət ili olmadığından onun yaşa görə əmək pensiyasının sığorta hissəsınin üzərinə qulluq əlavəsi təyin edilməsi mümkünsüz hesab edilmişdir. Cavabdeh qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia tələbinin rədd edilməsi barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 17 fevral 2026-cı il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Ordubad rayonu, Aşağı Əylis kəndində yaşayan İddiaçı ünvanlanan 01 noyabr 2024-cü il tarixli, 3-17-9-1/2-M-11489/2024 nömrəli məktubdan məlum olur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20.1.14 və 20.19-cu maddələrinə uyğun olaraq yaşa görə əmək pensiyasının sığorta hissəsinin üzərinə qulluq əlavəsi təyin edilməsi üçün araşdırılma aparılmış, tələb olunan staj olmadığı üçün Fondun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının sığorta hissəsinin üzərinə qulluq əlavəsi təyin edilməsindən imtina edilmişdir. - Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsi Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında 01 noyabr 2024-cü il tarixli, xxxxxxxA262942CB065 nömrəli qərardan məlum olur ki, ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə tələb olunan 15 il iş stajı və X6 25 il xidmət ili olmadığından İddiaçı yaşa görə əmək pensiyasının sığorta hissəsinin üzərinə qulluq əlavəsi təyin edilməsindən imtina edilmişdir. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki İddiaçı xx xxxxxxxx 1959-cu il tarixdə doğulmuşdur. - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsi tərəfindən verilmiş 06 avqust 2024-cü il tarixli arayışdan məlum olur ki, 1959-cu il təvəllüdlü ehtiyatda olan baş leytenant İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-cü il tarixədək Ordu sıralarında xidmət keçmişdir və xx.xx.1999-cu il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin Ordubad rayon bölməsində hərbi qeydiyyatdadır. - YB-İ seriyalı, 120856 nömrəli, 25 iyul 1991-ci il tarixli diplomun surətindən məlum olur ki, İddiaçı 1985-ci ildə Bakı Dövlət Universitetinin “Hüquqşünaslıq” fakültəsinə daxil olmuş, 1991-ci ildə həmin ixtisas üzrə tam kursu bitirmişdir. - Bakı Dövlət Universiteti tərəfindən verilmiş 18 mart 2024-cü il tarixli, 3-29-45/2- 437/2024 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı 1985-ci il 23 avqust tarixli 3/433 nömrəli əmrlə Hüquq fakültəsinin əyani şöbəsinə qəbul olunmuş, 1990-cı il 01 avqust tarixli 3/215 nömrəli əmrlə təkrar dövlət imtahanı vermək hüququ saxlanılmaqla tələbələr sırasından xaric edilmişdir. 1991-ci il 27 avqust tarixli 3/203 nömrəli əmrə əsasən həmin fakültənin əyani şöbəsini “ Hüquqşünas” ixtisası üzrə bitirmiş və ona 1991-ci il 25 iyul tarixində qeydiyyat nömrəsi 24 olan VB-İ seriyalı 120856 nömrəli adi diplom verilmişdir. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 18 sentyabr 2024-cü il tarixli, 3-13-43/2-14017/2024 nömrəli arayışdan məlum olur ki, İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək X6 xidmət etmişdir. İddiaçı X6 xidməti iş stajı təqvimi hesablama ilə - 03 il, 09 ay, 21 gün, imtiyazlı hesablama ilə - 06 il, 09 ay, 27 gün təşkil edir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən verilmiş 09 sentyabr 2024cü il tarixli, 13/1313 nömrəli arxiv arayışdan məlum olur ki, İddiaçı 2010-2012-ci ildə Naxçıvan MR Ədliyyə Nazirliyi Ordubad rayon Dövlət Notariat kontorunda işləmiş və müvafiq aylar üzrə əməkhaqqı almışdır. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 25 dekabr 2024-cü il tarixli, 02/1291 nömrəli məktubdan məlum olur ki, Ordubad rayon Konserv Zavodunun sənədləri 1965-ci ilə qədər Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunur. Ordubad Rayon Dövlət Arxivinin 18 dekabr 2024-cü il tarixli, 53 nömrəli məktubunun surətindən məlum olur ki, Ordubad Rayon Dövlət Arxivində mühafizə olunan Ordubad Konserv zavodunun 1994- 1996-cı illərə aid əmrlər kitablarına və 1994-1995-ci illərə aid əmək haqqı cədvəllərinə baxıldıqda İddiaçı adına rast gəlinməmişdir. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 10 fevral 2025-ci il tarixli, 3-13-43/2-1958/2025 nömrəli məktubla göndərilmiş İddiaçı "Arxiv şəxsi iş qovluğu"nda iş üçün əhəmiyyətli hesab olunan sənədlərin surəti iş materiallarına əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 10 fevral 2025-ci il tarixli, 3-16-33/-1/2-193/2025 nömrəli məktubla göndərilmiş xx.xx.1999-cu il tarixdən xx.xx.2012-ci il tarixədək ədliyyə orqanlarında işləmiş İddiaçı arxiv şəxsi işinin surəti iş materiallarına əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 12 mart 2025-ci il tarixli, 3-13-43/2-3867/2025 nömrəli məktubdan məlum olur ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməsi və ya yaralanması barədə Naxçıvan MR DİN-də heç bir məlumat yoxdur. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 12 mart 2025-ci il tarixli, 3-16-33/-10/2-399/2025 nömrəli məktubla göndərilmiş 31 avqust 2001-ci il tarixli, 52 nömrəli əmrdən çıxarışdan məlum olur ki, həmin əmrlə 1959-cu ildə anadan olmuş, 1990-cı ildə Bakı Dövlət Universitetini bitirmiş, ali hüquq təhsilli xx.xx.1999-cu ildən Ordubad rayon Dövlət Notariat Kontorunun dövlət notariusu vəzifəsində işləyən İddiaçı, X5 axırıncı rütbə dərəcəsi (baş leytenant) nəzərə alınmaqla İİci dərəcəli hüquqşünas rütbə dərəcəsi verilmiş və vəzifə maaşına minimum əmək haqqının 1,5 misli miqdarında əlavə edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 01 aprel 2025-ci il tarixli, 3-17-9-1/2-3346/2025 nömrəli məktubdan məlum olur ki, İddiaçı təqdim etdiyi sənədlər Fondun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsi tərəfindən araşdırılmış və məlum olmuşdur ki, İddiaçı əmək kitabçasında olan qeydlərə əsasən onun ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 12 il 09 ay 02 gün və X6 03 il 09 ay 21 gün iş stajı mövcuddur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə tələb olunan 15 il iş stajı və X6 25 il xidmət ili olmadığından Fondun Pensiya, müavinət və təqaüdlərin təyinatı departamentinin Xüsusi şərtlərlə təyinat şöbəsinin 1 noyabr 2024-cü il tarixli xxxxxxxA262942CB065 nömrəli qərarı ilə əmək pensiyasının sığorta hissəsinin üzərinə qulluq stajına görə əlavənin hesablanmasından imtina edilmiş və qərarın bir nüsxəsi İddiaçı göndərilmişdir. İddiaçı 4 sentyabr 2024-cü il tarixində “Pensiya” altsistemi tərəfindən avtomatlaşdırılmış (proaktiv) qaydada 342,03 manat əmək pensiyası təyin olunmuşdur. Qeyd olunan məbləğ 1 yanvar 2025-ci il tarixindən Qanunun 29.1-ci maddəsinə əsasən 8,1 faiz indeksləşdirilərək 369,73 manata çatdırılmışdır. İddiaçı yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edildiyindən onun adına pensiya işi açılmamışdır. - Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 22 iyul 2025-ci il tarixli, 3-16-33-10/2-1105/2025 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Ədliyyə orqanları işçilərinin qulluq illərinin hesablanması və bununla əlaqədar onlara əlavə haqqın verilməsi qaydası”na əsasən ədliyyə orqanlarında xüsusi rütbə nəzərdə tutulan vəzifədə, əvvəllər tətbiq edilən rütbə dərəcəsi olan vəzifədə, eləcə də xüsusi rütbə (rütbə dərəcəsi) tətbiq olunmayan dövrdə uyğun vəzifədə qulluq müddəti ədliyyə orqanlarında qulluq stajına daxil edilir. İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2008ci il tarixədək Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin strukturuna daxil olan Ordubad Rayon Dövlət Notariat Kontorunda notariat kontorunun müdiri-dövlət notariusu vəzifəsində (rütbə dərəcəsi və xüsusi rütbə nəzərdə tutulan vəzifədə) işləmişdir. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 02 sentyabr 2025-ci il tarixli, 3-17-9-1/2-10868/2025 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumatlara əsasən İddiaçı hazırda ödənilən aylıq pensiya məbləği 369,73 manat təşkil edir. - Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 19 noyabr 2025-ci il tarixli, 3-48-NDA/2-2-204/2025 nömrəli məktubla göndərilmiş 19 noyabr 2025-ci il tarixli, 3-48-NDA/2-2-M-21xx-xx/2025 nömrəli arxiv arayışından məlum olur ki, İddiaçı 2002-2012-ci illərin müvafiq aylarında əməkhaqqı almışdır. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 08 yanvar 2026-cı il tarixli, 3-17-9-1/2-340/2026 nömrəli məktubdan məlum olur ki, İddiaçı hazırda ödənilən yaşa görə əmək pensiyasının aylıq məbləği 369,73 manat təşkil edir. Bundan başqa, İddiaçı əmək pensiyasının sığorta hissəsinin üzərinə qulluq stajına görə əlavənin hesablanacağı təqdirdə onun aylıq pensiya məbləği 879,35 manat təşkil edəcəkdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. “Andreyeva Latviyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 18 fevral 2009-cu il tarixli qərarında göstərilmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri edilməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. 1 saylı Protokolun 1-ci maddəsi: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. 1 saylı Protokolun 1-ci maddəsinin əhatə dairəsinə daxil olan mülkiyyətdən dinc istifadəyə hər hansı bir müdaxilə üç əsas şərtə cavab verməlidir: (1) müdaxilə və əlaqəli məhdudlaşdırıcı şərtlər üçün hüquqi zəmin olmalıdır, (2) müdaxilə ictimai maraqlara xidmət etməlidir, və (3) sonda, şəxsin mülkiyyət hüququ və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balansa (mütənasiblik prinsipinə) cavab verməlidir (Broniovski Polşaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 147-151; Hutten-Czapska Polşaya qarşı işi üzrə Böyük Palatanın qərarı, §§ 163-168; Vistiņš və Perepjolkins Latviyaya qarşı Böyük Palatanın qərarı, §§ 69-71, 79, 81). Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının X6 xidmət keçmə haqqında Əsasnamə:

1. X6 xidmət keçmə - bu orqanlarının funksiya, vəzifə və hüquqların öz peşə fəaliyyətləri ilə keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. 59-1. X6 xidmət keçən və ya əvvəllər xidmət keçmiş şəxslər dövlət qulluğuna və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növünə qulluğa (xidmətə) qəbul edilərkən, onların X5 xidmət illəri həmin orqanlarda qulluq (xidmət) illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına əsasən müvafiq ixtisas dərəcəsi, xüsusi, hərbi və ya diplomatik rütbə verilir. Dövlət qulluğunda və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş şəxslər daxili işlər orqanlarına xidmətə qəbul edildikdə, onların qulluq (xidmət) illəri X6 xidmət illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına və bu Əsasnaməyə əsasən müvafiq xüsusi rütbə verilir. Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikasının Qanunu: 1.1. Ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. 2.2. Ədliyyə orqanlarında qulluğa qəbul və qulluq keçmə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun vətəndaşların dövlət qulluğuna qəbul edilmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin həmin Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, bu Qanun və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir. 21.13. Ədliyyə orqanlarında qulluq keçən və ya əvvəllər qulluq keçmiş şəxslər dövlət qulluğuna və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növünə qulluğa (xidmətə) qəbul edilərkən, onların ədliyyə orqanlarındakı qulluq illəri həmin orqanlarda qulluq (xidmət) illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına əsasən müvafiq ixtisas dərəcəsi, xüsusi, hərbi və ya diplomatik rütbə verilir. Dövlət qulluğunda və ya digər dövlət orqanlarında dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) keçən və ya əvvəllər qulluq (xidmət) keçmiş şəxslər ədliyyə orqanlarına qulluğa qəbul edildikdə, onların qulluq (xidmət) illəri ədliyyə orqanlarında qulluq illərinə daxil edilir və həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı olaraq uyğunlaşdırılması qaydasına və bu Qanuna əsasən müvafiq xüsusi rütbə verilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu: 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; 1.1.2. dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə; 1.1.3. dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisi; 2.3. Dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. 22.7-1. Dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. 22.7-2. Qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: 1.0.4. xüsusi rütbəli şəxslər — Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2006-cı il tarixli 499 nömrəli Fərmanı:

2. Müəyyən edilsin ki: 2.1. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.1.7-ci və 20.12-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; 2.2. həmin Qanunun 22.4-cü və 24.0.1-ci (ikinci halda) maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir; 2.4. həmin Qanunun 1.0.4-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında Qərarı: 2-1. Hərbi və xüsusi rütbəli şəxslərin təqvimi xidmət müddətinə aşağıdakı dövrlər aid edilir: 2-1.5. daxili işlər, fövqəladə hallar, ədliyyə, gömrük orqanlarının və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin rəis və sıravi heyətinə mənsub şəxslər və miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluq keçən şəxslər həmin vəzifələrə təyin edildikləri gündən qulluq (xidmət) keçmələrinə xitam verilən günədək olan dövr; “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 fevral 2024-cü il tarixli, 91 saylı Qərarı: 2.1. Dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən onun dövlət qulluğunun xüsusi növündə aşağıdakı qulluq (xidmət) müddətləri nəzərə alınır: 2.1.1. rütbə nəzərdə tutulan vəzifədə qulluq (xidmət) müddəti; 2.1.3. dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifə üzrə stajorluq və sınaq müddəti; 2.1.7. sərəncamda olduğu və ya vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddət; 2.3. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 noyabr tarixli 631 nömrəli Qərarının 2-ci hissəsinə uyğun olaraq dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə xidmət illərinin güzəştli şərtlərlə hesablanması nəzərdə tutulan hallar dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. 3.1. Dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illəri hesablanarkən dövlət qulluğunda aşağıdakı dövrlər nəzərə alınır: 3.1.1. dövlət qulluqçusunun tutduğu vəzifədə qulluq stajı; 3.1.2. dövlət qulluqçusu digər dövlət qulluğu vəzifəsinə keçirildikdə və qəbul edildikdə əvvəlki dövlət qulluğu vəzifəsindəki qulluq stajı; 3.1.4. dövlət qulluğu vəzifəsində staj və sınaq müddəti; 4.2. Dövlət qulluğunun xüsusi növündə rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illərinin dövlət qulluğunda qulluq stajına və dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajının rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illərinə daxil edilməsi şəxsin çalışdığı dövlət orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 yanvar 2026-cı il tarixli Qərardadı. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: Qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı X6 və Ədliyyə orqanlarında işlədiyi dövrlərin birləşdirilərək dövlət qulluğu stajının nəzərə alınmaqla ona əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının sığorta hissəsinin üzərinə qulluq əlavəsinin hesablanılması ilə bağlıdır. Cavabdeh isə iddiaçının ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə tələb olunan 15 il iş stajı və X6 25 il xidmət ili olmaması əsası çıxış edərək, ərizənin icra edilməsindən imtina etmişdir. Qeyd olunmalıdır ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş 15 illik minimum staj tələbi daha yüksək hüquqi qüvvəyə malik normadır və Nazirlər Kabinetinin qərarı və ya digər aşağı normativ aktlarla dəyişdirilə bilməz. Aşağı hüquqi qüvvəli akt onun müəyyən etdiyi sosial təminat şərtlərini məhdudlaşdıran element kimi çıxış edə bilməz. Bu mənada qanunverici sosial təminatın minimum şərtini özü müəyyənləşdirmişdir və hər hansı orqan qanunun tətbiq dairəsini dəyişdirə bilməz. Belə yanaşma həm qanunvericilik iradəsinin təhrifinə, həm də sosial hüququn normativ əsas olmadan məhdudlaşdırılmasına gətirib çıxarır. Müəyyən olunmuşdur ki, xx xxxxxxxx 1959-cu il təvəllüdlü İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1994-ci il tarixədək X6, xx.xx.1999-cu il tarixdən xx.xx.2012-ci il tarixədək isə Ordubad rayon Notariat Kontorunda işləmişdir. İddiaçının ədliyyə orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə 12 il 08 ay 27 gün və X6 03 il 09 ay 21 gün iş stajının olması istər iddiaçı, istərsə də, cavabdeh tərəfindən mübahisələndirilmir və bunlar işin mübahisəsiz hallarıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən: 1 saylı Protokolun 1-ci maddəsinin müddəaları sosial və əmək pensiyası təminatı sisteminə də tətbiq edilir (Andreyeva Latviyaya qarşı işi üzrə Böyük Palatanın qərarı, § 77). 1 saylı Protokolun 1-ci maddəsi Konvensiya üzrə razılığa gələn dövlətlər üçün sosial təminat sisteminin hər hansı bir xüsusi formasını və ya belə sistem üzrə veriləcək əmək pensiyası növünü və ya miqdarını təmin etmək üçün heç bir pozitiv öhdəlik yaratmır (Suxanov və İlçenko Ukraynaya qarşı işi üzrə qərar, § 31; Stek və digərləri Birləşmiş Krallığa qarşı işi üzrə Böyük Palatanın qərarı, § 53). Lakin, razılığa gələn dövlətlər bu və ya digər sosial təminat sistemini təmin edərsə və onun daxili qanunvericiliyində həyata keçirilməsini müəyyən edərsə, bu hüququn qanun tərəfindən tanınması Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsinin əhatə dairəsinə düşən mülkiyyət marağı yarada bilər (Xoniakina Gürcüstana qarşı işi üzrə qərar, § 69). Beləliklə, qeyd etmək lazımdır ki, Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsi müəyyən miqdarda əmək pensiyası verilməsi hüququnu təmin etmir, lakin, verilmiş əmək pensiyası məbləğinin azaldılması və ya ləğv edilməsi mülkiyyətdən dinc istifadəyə müdaxilə kimi qiymətləndirilə bilər (Rasmussen Polşaya qarşı işi üzrə qərar, § 71). Əgər əmək pensiyası məbləğinin azaldılması və ya ləğvi şəxsin fərdi hallarının dəyişməsi nəticəsinə görə deyil, qanunda dəyişikliklərin edilməsi və ya onun icrası nəticəsində baş vermişsə, bu Konvensiyaya əlavə 1 saylı Protokolun 1-ci maddəsində təsbit edilmiş hüquqlara müdaxilə kimi təsnif edilə bilər (X1rşı işi üzrə qərar, § 44). Qazanılmış hüquq – yarandığı an hüquqa uyğun olan, şəxsin xeyrinə yeni hüquqi status yaratmaqla və ya dəyişməklə faktiki və hüquqi nəticələr doğuran, eləcə də fərdin özü üçün qətiləşmiş tələb etmə hüququ yaradan, lakin daha sonra qanunvericiliyin dəyişməsinə baxmayaraq hüquq nizamının qorumalı olduğu haqqdır. Hər hansı bir konkret halda qazanılmış hüququn varlığından söz edə bilmək üçün şəxsə aid artıq yaranmış (tamamlanmış) və hüquqi müdafiə altına alınmış bir vəziyyət mövcud olmalıdır. Qazanılmış hüququn mövcud olması üçün sözügedən hüquq müəyyən bir müddət üçün verilməməlidir. Çünki, həmin müddət ərzində istifadə edilmədikdə müddətin bitiməsindən sonra hüquqla bağlı müdafiə təminatı da ortadan qalxmış olur. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 08 oktyabr 2020-ci il tarixli Qərardadı)

31. Beləliklə, istinad edilən normaların tələbləri və iddiaçının dövlət qulluğundakı qulluq stajının müddəti nəzərə alındıqda, o, dövlət qulluğundan irəli gələn pensiya hüququnu “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq dövlət qulluqçuları üçün nəzərdə tutulmuş ümumi qaydada həyata keçirə bilər. Belə ki, “Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsi həmin maddədə göstərilən orqanlarda (o cümlədən, ədliyyə orqanlarında) qulluq keçməni, bu qulluq keçmənin Azərbaycan Respublikasının başqa qanunları ilə (iddiaçıya münasibətdə - “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla) tənzimlənməsindən, habelə “Dövlət qulluğu haqqında” Qanunun 22.7-1 və 22.7- 2-ci maddələrinin məzmunundan asılı olmayaraq, dövlət qulluğu kimi tanıyır. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1576/2023 Qərarı) Konstitusiyanın 55-ci maddəsinin İİ hissəsində Azərbaycan Respublikasının vətəndaşlarının dövlət orqanlarında qulluq etmək imkanı nəzərdə tutulmuşdur. Bu konstitusion normanın tətbiqi mexanizmləri “Dövlət qulluğu haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun 1 və 2.3-cü maddələrinin müddəalarını nəzərdən keçirdikdə, dövlət qulluqçularının və dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsini dövlət qulluğunun vahid sistemində xidmət kimi qiymətləndirmək olar. Həm dövlət qulluqçularının, həm də dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin xidməti mahiyyət etibarilə dövlətə xidmətin formalarıdır. Eyni zamanda, dövlət qulluğunun xüsusi növündə xidmət keçmə belə xidmətin xüsusiyyətlərindən irəli gələrək “Dövlət qulluğu haqqında” Qanunun müəyyən normaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Bu xüsusiyyətlər onların xidməti fəaliyyəti ilə bağlıdır. Dövlət qulluğunun xüsusi növündə (hərbi və ya xüsusi rütbə nəzərdə tutulan vəzifələrdə) xidmət edən şəxslər digər dövlət qulluqçularına nisbətdə daha ağır şərtlərdə fəaliyyət göstərirlər ki, bura xidmətin xarakteri, sağlamlıq və həyat üçün risklər, xüsusi vəzifələr və öhdəliklər aiddir. Bu səbəbdən qanunverici onların hüquqi statusunu differensiallaşdıraraq, həm imtiyazlar, həm də məhdudiyyətləri nəzərdə tutur. Digər tərəfdən, dövlət qulluqçusu dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrə qulluğa (xidmətə) qəbul edildikdə, onun qulluq stajının pensiya məqsədləri üçün dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin hesablanması zamanı ümumiyyətlə nəzərə alınmaması da ədalət prinsipinin pozulmasına səbəb ola bilər. ... Halbuki Konstitusiyanın 149-cu maddəsinin İ hissəsində normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı olduğu təsbit edilmişdir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 yanvar 2026-cı il tarixli Qərardadı) Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). Məhkəmə qeyd edir ki, cavabdehin iddiaçının ərizəsindən imtina edərkən gətirdiyi arqumenti hüququn tətbiqində məntiqi ziddiyyət yaratmışır. Belə ki, iddiaçının pensiya hüququ cavabdeh orqan tərəfindən dar şərh yolu ilə ləğv edilə bilməz. Dövlət qulluğunun xüsusi növündə keçilmiş xidmət illəri vahid dövlət xidmətinin tərkib hissəsi olmaqla, pensiya hüququnun müəyyən edilməsində birlikdə nəzərə alınmalıdır; əks yanaşma hüquqi müəyyənlik, etimadın qorunması və mütənasiblik prinsiplərini pozmaqla, şəxsin qazanılmış sosial təminat hüququna əsassız müdaxilə yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən analoji hüquqi statusa malik şəxslərlə bağlı məsələyə artıq baxılmış və normativ-hüquqi aktların sistemli şərhi əsasında müvafiq hüquqi mövqe formalaşdıraraq bu kateqoriyadan olan şəxslərin hüquqi vəziyyətinə dair hüquqi müəyyənlik yaradılmışdır. Hazırkı iş üzrə qeyd edilməlidir ki, “Dövlət qulluğu haqqında” Qanunun 22.7-1-ci maddəsi dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri ilə ümumi dövlət qulluğu stajı arasında normativ inteqrasiyanı təmin edən norma kimi çıxış edir. Bu norma hüquqi bərabərlik və vahidlik prinsipləri arasında ədalətli balans yaratmaqla, xüsusi rütbəli vəzifələrdə xidmət dövrlərinin pensiya və digər sosial təminat hüquqlarının müəyyən edilməsində ayrıca, təcrid olunmuş kateqoriya kimi deyil, ümumi dövlət qulluğu stajının tərkib elementi kimi nəzərə alınmasını tələb edir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsində təsbit olunmuş hüquqi müəyyənlik və fiziki şəxslərin etimadının müdafiəsi prinsipləri vətəndaşın dövlət tərəfindən müəyyən edilmiş hüquqi rejimə inanaraq öz davranışını buna uyğun tənzimləməsi imkanını qoruyur. Qanunvericiliyin xüsusi rütbəlli vəzifələrdə xidmət dövrünü dövlət qulluğu stajına daxil etməsi, müvafiq subyekt üçün həmin stajın gələcəkdə sosial təminat imtiyazlarına, xüsusilə də pensiya əlavələrinə çevriləcəyi barədə əsaslı gözlənti hüququ yaradır. Bu kontekstdə, dövlət orqanının formalaşmış hüquqi vəziyyətdən fərqli bir inzibati praktika tətbiq etməsi və vətəndaşın qazanılmış stajının pensiya təminatında nəzərə alınmasından imtina etməsi, hüququn fundamental prinsiplərindən olan etimadın müdafiəsi prinsipinin pozulmasıdır. Beləliklə, şərh edilənlənlərə və qanunvericiliyin yuxarıda sadalanan müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı qeyd olunan məzmunda əmək pensiyasının təyin olunmasını tələb etməkdə haqlı sayılmalıdır. Odur ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "X6 və Ədliyyə orqanlarında işlədiyi dövrlər birləşdirilərək dövlət qulluğu stajının nəzərə alınmaqla əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının sığorta hissəsinin üzərinə qulluq əlavəsinin hesablanılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

q ə r a r a a l d ı:

İddia təmin edilsin. İddiaçı X6 və Ədliyyə orqanlarında işlədiyi dövrlər birləşdirilərək dövlət qulluğu stajının nəzərə alınmaqla əmək pensiyasının təyin edilməsi və əmək pensiyasının sığorta hissəsinin üzərinə qulluq əlavəsinin hesablanılması öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar