Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-55/2023 27.02.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X3 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində 24 mart 1992-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsinin 95 saylı əmrinə əsasən hərbi xidmətə çağırıldığını, müharibə bölgələrində vuruşmaqla yaralandığını, "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etdiyini, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən ərizəsinə cavab olaraq “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxıldığını və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlərin geri qaytarıldığını, N nömrəli hərbi hissə tərəfindən verilən N nömrəli, xx.xx.2022-ci il tarixli arayışa əsasən xx.xx.1992-ci il tarixdən sonra hərbi xidməti və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunduğunu, buna görə də məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazlı etirazının qısa xülasəsi: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair məhkəməyə ünvanlanan 28 dekabr 2022-ci il tarixli, 11/5520 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən verilən N nömrəli, 15 oktyabr 2022-ci il tarixli arayışına əsasən iddiaçının 24 mart 1992-ci il tarixdən sonra hərbi xidməti və xidmətdən qanuni əsaslarla tərxis olunması barədə məlumat aşkar edilməmişdir. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək hesab edilir ki, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanlarının tərkibində hərbi xidmət keçməsi və bunun qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçməsini sübut edən hərbi hissələrinin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları da təqdim olunmalıdır. Bundan başqa qanunvericiliyin tələblərinə görə müharibə veteranı adı və vəsiqəsi döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Bu mənada, iddiaçının qanunla müəyyən edilmiş qaydada xidmət keçməsi və tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməməsinə səbəb olur. Başqa sözlə, hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması (tərxis olunması) hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrinin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda da baş verməlidir. Lakin, iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən iddia sübuta yetirilmiş sayıla bilməz. Bundan əlavə, iddiaçının döyüş əməliyyatları aparılan zaman qanuni əsaslarla tərxis olunması barədə heç bir məlumat aşkar edilməmişdir. Müdafiə Nazirliyi hesab etmişdir ki, hazırkı halda iddiaçı ona müharibə veteranı adının verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməklə haqlı olmuşdur. Göstərilənlərə əsasən iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verilməsindən inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən imtina olunması qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İddiaçının hərbi xidməti və qanuni əsaslarla tərxis olunması barədə məlumat olmadığından ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmənin nəzərinə çatdırılıb ki, istər arxiv arayışlarında, istərsə də iş materiallarında olan digər sənədlərdə iddiaçının hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə hər hansı bir sübut yoxdur. Müharibə dövründən sonra səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların ehtiyata buraxılması 1996cı ildən başlamış və yalnız həmin müddətdən sonra hərbi qulluqçular hərbi xidmət keçmiş hesab edilməlidirlər. Belə ki, həmin dövrdə aktiv döyüş əməliyyatları aparılmış və bu səbəbdən də hərbi xidmətdən ehtiyata buraxılma dayandırılmışdır. 10 may 1994-cü ildə atəşkəs əldə olunmuş, bundan bir müddət sonra, yəni 1996-cı il tarixdən səfərbərlik üzrə çağırılmış hərbi qulluqçuların ehtiyata buraxılmasına başlanılmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın rədd edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 27 fevral 2023-cü il tarixə təyin olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 22 noyabr 2022-ci il tarixli, 413-12741 nömrəli məktubdan məlum olur ki, ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. N nömrəli hərbi hissə tərəfindən verilən N nömrəli, xx.xx.2022-ci il tarixli arayışa əsasən xx.xx.1992-ci il tarixdən sonra hərbi xidməti və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə ona “müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. SX seriyalı, ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətinin 20-ci səhifəsindən aydın olur ki, Əkbərov X1 MR Milli Müdafiə Komitəsini özbaşına tərk etmiş və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun xx.xx.2006-cı il tarixli, HP-01/36 nömrəli və Naxçıvan MR Hərbi Prokurorunun xx.xx.2022-ci il tarixli, HP-14/598 nömrəli məktublarına əsasən hərbi uçota götürülmüşdür. Naxçıvan Muxtar Respublikası Dövlət Milli Müdafiə Komitəsi üzrə xx.xx.1992-ci il tarixli, 95 saylı əmrdən çıxarışdan görünür ki, İddiaçı 24 mart 1992-ci il tarixdən qeydiyyata alınaraq bütün tələbatlarla təmin olunmuşdur. Ordubad Rayon İcra Hakimiyyətinin Dəstə kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14 dekabr 2022-ci il tarixli, 565 nömrəli arayışdan məlum olur ki, Ordubad rayon Dəstə kənd sakini İddiaçı həqiqətən, Ordubad rayonunun Dəstə kəndində yaşayır və təsərrüfat qeydiyyatında dayanır. 3100/199 nömrəli stasionar xəstənin tibbi kartasından aydın olur ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “güllə yarası” diaqnozu ilə müalicə almışdır. Naxçıvan Muxtar Respublikasının Hərbi Prokurorluğu tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 12 yanvar 2023-cü il tarixli, HP-14/92 nömrəli məktubdan məlum olur ki, Ordubad rayonunun Dəstə kənd sakini, 22 mart 1973-cü il təvəllüdlü İddiaçı barəsində Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunda cinayət işi və ya araşdırma materialı olmamışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 17 yanvar 2023-cü il tarixli, 33 nömrəli arayışdan aydın olur ki, Əkbərov X1 Dövlət Müdafiə Komitəsi üzrə xx.xx.1992-ci il tarixli, 95 nömrəli əmrlə (§ 1, sıra nömrəsi 21) hərbi xidmətə qəbul edilib. İddiaçı xidməti, döyüş bölgəsinə ezam olunması, döyüşlərdə iştirakı və ehtiyata buraxılması haqqında məlumat yoxdur. Naxçıvan Muxtar Respublikasi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 19 yanvar 2023-cü il tarixli, 3-43-69/2-19/2023 nömrəli məktubdan məlum olur ki, Ordubad rayon Dəstə kənd sakini, xx.xx.1973-cü il təvəllüdlü İddiaçı xx.xx.1992-ci il tarixdə Ordubad rayon hərbi komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılaraq, Naxçıvan Müdafiə komitəsinə göndərilmiş və xidmət yerini öz başına tərk etdiyi üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrindən qanuni əsaslarla tərxis olunmamışdır. İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorunun xx.xx.2006-cı il tarixli, HP-01/36 nömrəli məktubuna və Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorunun xx.xx.2022-ci il tarixli, HP-14/598 nömrəli məktubuna əsasən Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad rayon şöbəsində hərbi qeydiyyata alınmışdır. İddiaçı döyüşlərdə iştirak edib-etməməsi barədə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsində heç bir məlumat yoxdur. İddiaçı adı Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ordubad Rayon Şöbəsində olan döyüşdə iştirak edənlərin siyahısında yoxdur. 1525 nömrəli stasionar xəstənin tibbi kartasından aydın olur ki, İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1992-ci il tarixədək “sağ baldır nahiyəsinin dəlib keçən güllə yarası” diaqnozu ilə müalicə almışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilərHəmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin 2-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin 8-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 7-ci maddəsinin 1-ci abzasına əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin: 1-ci maddəsinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə olunmuş qeydə əsasən bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanununun 37-ci maddəsində həqiqi hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün; son – həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etməklə məcburetmə haqqında iddia qaldırmışdır. Hazırkı mübahisəyə müharibə veteranı statusunun verilməsi ilə bağlı münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilməlidir. Həmin normaların yuxarıda istinad olunan müddəalarına görə isə iddia təmin edilə bilməz. Hazırki iş üzrə iş materiallarından aydın olur ki, İddiaçı xidmət yerini öz başına tərk etdiyi üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrindən qanuni əsaslarla tərxis olunmamışdır. Bu fakt iddiaçının özünün də məhkəməyə verdiyi izahatında təsdiqini tapmışdır. Bu mənada iddaçının qanunla müəyyən edilmiş qaydada hərbi hissədən tərxis olunmaması onun “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməsinə mane olur. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya müharibə veteranı statusunun və vəsiqəsinin verilməsindən imtinası əsaslı olmuşdur. Odur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ona "müharibə veteranı" adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan rədd edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-55/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-55/2023
27.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver