Məhkəmə qərarları › İş №2-1(122)-55/2024

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-55/2024

05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-55/2024 05.03.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X10 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil Heydər oğlunun və cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ona istehsalat qəzası nəticəsində sağlamlığının pozulmasına görə ödənilməmiş 2020-ci ilin aprel ayından bugünə kimi olan dövrlər də daxil olmaqla müavinət ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona istehsalat qəzası nəticəsində sağlamlığının pozulmasına görə ödənilməmiş 2020-ci ilin aprel ayından bugünə kimi olan dövrlər də daxil olmaqla müavinət ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 07 sentyabr 1984-cü il tarixində “X8”-də kəsici sexində işləyərkən istehsalatda bədbəxt hadisə baş vermiş və bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada akt tərtib olunmuş, sağ əlinin barmaqlarını kəsici mişar kəsmişdir. Nəticə etibarı ilə də sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və o, əmək qabiliyyətinin 25%-ni itirmiş hesab edilmiş və ona orta aylıq əmək haqqının 25%-i miqdarında müavinat kəsilmişdir. İşlədiyi “X9”-i dəyişdirilərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılmışdır. Bədbəxt hadisə baş verdiyi tarixdən 2020-ci ilin aprel ayınadək zərərə görə peşə əmək qabiliyyətini 25%-ni itirdiyi üçün ayda 110 manat ödənc hesablanaraq ona birdəfəlik tam ödənilmişdir. 2020-ci ilin aprel ayından "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti müflis elan edilərək, varisi olmadan fəaliyyətini dayandırmışdır. Həmin tarixdən hüquqi varis olmadığından ona dəymiş zərərin əvəzinin ödənilməsi qeyri-mümkün olmuşdur. Ondan sonra dəfələrlə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə və yerli qurumlarına müraciətlər etsə də, bu günədək ona dəymiş zərərin əvəzi kimi müavinat ödənilməmişdir. Qeyd edilən aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilib ödənilməsini təmin etməyə qanun çərçivəsində Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi cavabdehlik daşıyır və o, qeyd olunan vaxtdan indiyə kimi olan dövr üçün ödənilməmiş müavinətin, həmçinin bundan sonra ödəniləcək müavinətin hesablanıb ona verilməsi üçün ən son 23 yanvar 2023-cü il tarixində yazılı şəkildə ərizə ilə müraciət etmişdir. Yazılı ərizəsi Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 26 yanvar 2023-cü il tarixində alınmasına baxmayaraq, bu günədək ona heç bir yazılı cavab verilməmişdir və məcbur qalıb özü oraya getmişdir. Oradan hərdən bir bəhanə gətirərək, heç bir cavab verməmişlər. Bu səbəbdən də artıq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı göstərilənlərə əsasən ona istehsalat qəzası nəticəsində sağlamlığının pozulmasına görə ödənilməmiş 2020-ci ilin aprel ayından bugünə kimi olan dövrlər də daxil olmaqla müavinət ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddiaya dair məhkəməyə ünvanlanan 17 may 2023-cü il tarixli, 22/662 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı 1984-cü il 7 sentyabr tarixində X4 işləyərkən istehsalatda bədbəxt hadisə baş vermiş və bədbəxt hadisə haqqında akt tərtib olunmuşdur. Qanunvericiliyə əsasən işçinin istehsalat qəzası nəticəsində sağlamlığı pozulduqda bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. İddiaçı müraciətinə qanunamüvafiq baxılması üçün X5 fəaliyyətinin olub-olmaması, həmçinin hüquqi varisi barədə məlumat öyrənmək üçün Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə verilən sorğuya əsasən həmin müəssisənin 2000-2005-ci illərdə X1 tərəfindən 100% özəlləşdirildiyi bildirilmişdir. Araşdırma ilə əlaqədar qaldırılan məsələyə münasibət bildirilməsi, həmçinin lazımı sənəd və məlumatların təqdim edilməsi üçün B.Əkbərova məktub göndərilməsinə baxmayaraq heç bir rəsmi sənəd təqdim edilməmişdir. Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında Qaydaların 3.10-cu bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisə yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 05 mart 2024-cü il tarixə təyin edilmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil Heydər oğlu iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən Naxçıvan şəhəri, Azərbaycan küçəsi, ev 19 ünvanında yaşayan İddiaçı ünvanlanmış 09 fevral 2023-cü il tarixli, 170/2023 nömrəli məktubdan aydın olur ki, Azərbaycan küçəsi 13 ünvanında yerləşən X8 2000-2005-ci illərdə X1 tərəfindən 100 % özəlləşdirilmişdir. Özəlləşdirmə prosesi başa çatdıqdan sonrakı dövrdə təkrar bazarda alqı-satqı həyata keçirildiyindən müəssisənin hüquqi varisi haqqında nazirlikdə heç bir məlumat yoxdur. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 10 aprel 2023-cü il tarixli, 1573 nömrəli arayışdan görünür ki, Bayramov X3 şəhəri, Azərbaycan küçəsi, ev 19 ünvanında yaşayır. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1965-ci il tarixdə doğulmuşdur. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində X6 tərəfindən İddiaçı ünvanlanmış 01 noyabr 2007-ci il tarixli, 15/364 nömrəli məktubdan aydın olur ki, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və va bu səbəbdən həlak olduqda bədbəxt hadisənin təhqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəymiş zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixi, 03 saylı qərarının ümumi müddəalarının 3.10-cu bəndinə müvafiq olaraq, zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquq varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Həmin Qanunun 3.5-ci bəndinin ikinci abzasına müvafiq olaraq zərərçəkənin peşəsinin adı dəyişdirildikdə va yaxud ləğv edildikdə,təqsirkar müəssisədə müvafiq peşə və yaxud peşə qurupları, müəssisə üzrə orta əmək haqq müəyyən edilərək, zərərçəkənə əmək xəsarəti nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin dərəcəsindən asılı olaraq aylıq ödənclər hesablanıb ödənilir. İddiaçı peşə əmək qabiliyyətini 25% itirilməsini nəzər alaraq ona çatası zərərə görə aylıq ödənc yuxarıda qeyd olunduğu kimi həmin təqsirkar müəssisədə işlədiyi peşə üzrə orta əmək haqqının 25% miqdarında hesablanıb ödənilməlidir. - Naxçıvan şəhər 3 saylı Notariat Ofisi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 25 iyun 2023-cü il tarixli, 233 nömrəli məktubdan görünür ki, X5 alqısatqısı ilə bağlı notariat əməliyyatı aparılmamışdır. - Naxçıvan Muxtar Respublikasının Dövlət Arxiv İdarəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 05 iyul 2023-cü il tarixli, 02/355 nömrəli məktubdan məlum olur ki, "xxxx" MMC X5 sənəd materialları Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunmadığından İddiaçı ödəniş edilib-edilməməsi haqqında hər hansı bir məlumat mövcud deyildir. - Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 14 iyul 2023-cü il tarixli, **********163100 nömrəli məktubdan məlum olur ki, Bayramov X3 MR Dövlət Vergi Xidmətində vergi ödəyicisi kimi qeydiyyatdan keçməmişdir. - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 22 sentyabr 2023-cü il tarixli, 2022/2023 nömrəli məktubdan görünür ki, Azərbaycan küçəsi 13 ünvanında yerləşən X8 2000-2005-ci illərdə X1 tərəfindən 100 % özəlləşdirilmiş və "X8" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır. Müəssisənin özəlləşdirmə prosesi başa çatdıqdan sonrakı dövrə dair Nazirlikdə heç bir məlumat yoxdur. - Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxs tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 03 oktyabr 2023-cü il tarixli, 06/317 nömrəli məktubdan görünür ki, İddiaçı peşə və əmək qabiliyyətinin itirilməsi barədə Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasının arxivində heç bir məlumatın olmadığı bildirilmişdir. - Naxçıvan MR Xəstəxanası tərəfindən verilmiş xəstə epikriz formasından məlum olur ki, İddiaçı 4 barmaq orta distal falanqanın bükücü ligamentoz kontrakturası izlənir. 5 barmaq proksimal falanqanın başından amputasiya izlənilir. - "xxxx" MMC tərəfindən verilmiş 01 may 2019-cu il tarixli arayışından görünür ki, İddiaçı "xxxx" MMC-dən aylıq 70 (yetmiş) manat müavinət alır. - "xxxx" ASC tərəfindən təqdim edilmiş hesab cədvəlindən görünür ki, həmin cədvəldə qeyd olunan məbləğlər xx.xx.2020-ci il tarixədək "xxxx" MMC tərəfindən İddiaçı ödənilmişdir. - Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabinetinin təsisçisi olduğu “Şərq qapısı” qəzetinin səhifəsindən görünür ki, "xxxx" MMC fəaliyyətini dayandırdığından ləğv olunmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. - 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. - 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 239.2-ci maddəsinə əsasən işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. 239.3-cü maddəsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydalarının: 2.1-ci maddəsinə əsasən bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. 5.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. 5.3-cü maddəsinə əsasən bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixi, 03 saylı qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləği”nin: 1.1-ci bəndinə əsasən işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir. Zərərçəkənin qəsdi nəticəsində əmələ gəlmiş zərərdən başqa, zərərçəkənin günahının dərəcəsindən asılı olmayaraq dəyən zərərin əvəzi ödənilir. 1.2-ci bəndinə əsasən özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. 1.3-ci bəndinə əsasən aşağıdakı sənədlər olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); 3.10-cu bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. 3.11-ci bəndinə əsasən zərər dəyməsində təqsirkar olan müəssisənin ləğv olunduğu halda qanunvericiliklə müəyyənləşdirilmiş qaydada zərərçəkənə zərərin əvəzi ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdeh inzibati orqanın iddia ərizəsinə qarşı təqdim etdiyi sənədlərə və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə iddiaçının əsas hüquqi marağı ona istehsalat qəzası nəticəsində sağlamlığının pozulmasına görə ödənilməmiş 2020-ci ilin aprel ayından bugünə kimi olan dövrlər də daxil olmaqla müavinət ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Məhkəmənin qənaətinə görə iş üzrə məsələnin həlli zamanı formalaşmış məhkəmə təcrübəsinə uyğun olmaqla yanaşı layiqli həyat səviyyəsinin təmin olunması və sosial həssas qrupa aid olan şəxslərin sosial təminatı ilə bağlı dövlətin məsuliyyəti kimi konstitusion hüquqi dəyərlər nəzərə alınmalıdır. Belə ki, Konstitusiyanın 12-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Konstitusiyanın 25-ci maddəsinin 5-ci hissəsinə görə, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. Məhkəmə qeyd edir ki, iddiaçının işlədiyi “X8” ləğv edildikdən sonra istehsalatda əmək xəsarəti almasına görə aylıq ödənclər "xxxx" MMC tərəfindən ona ödənilmişdir. "xxxx" MMC ləğv edilərək dövlət reyestrindən çıxarıldığından, hazırda bu sahədə dövlət siyasətini həyata keçirən və əhalinin bu statusda olan qisminin sosial müdafiəsini təşkil edən mərkəzi icra hakimiyyəti orqanı olan Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2020-ci il aprel ayından etibarən həmin ödəncləri iddiaçıya ödəməli idi. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydaları, Şərtləri və Məbləğinin xx.xx.2010-cu il tarixinə qədər qüvvədə olmuş 3.7-ci və 3.8-ci bəndlərinə əsasən Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərin zərərə görə ödənclərinin miqdarının hesablanmasında götürülən orta aylıq əmək haqqı Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən respublika üzrə həmin zərərçəkənlərin işləmiş olduqları müvafiq sahələr üzrə mövcud orta aylıq əmək haqqı hesabından müəyyən edilir və hər ilin birinci rübündə keçən ilin orta əmək haqqı əsasında yenidən hesablanaraq Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Dövlət mülkiyyətində saxlanılan kolxoz və sovxozların siyahısı rübdə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilir. Yuxarıda istinad olunan normaların məzmunundan və onların müddəalarının təhlilindən göründüyü kimi, istehsalatda baş vermiş bədbəxt hadisə zamanı xəsarət almış işçilərə ödənclərin ödənilməsinə məsul olan və cavabdehlik daşıyan subyektlərin dairəsi və bununla bağlı hüquqi varislik məsələsi tam şəkildə tənzimlənməmişdir. Hazırkı mübahisəyə münasibətdə "xxxx" MMC-nin hüquqi şəxs kimi ləğv edildiyi nəzərə alındıqda, ödənilməli olan ödənclərin kim tərəfindən ödənilməsi məsələsi həllini tapmamışdır. Lakin istinad edilən Qaydaların 3.7 və 3.8-ci bəndlərinin 19 mart 2010-cu il tarixədək qüvvədə olmuş redaksiyalarında oxşar münasibətlər üzrə ödənclərin ödənilməsinin üsulu və qaydası tənzimlənirdi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Həmin normalara əsasən, ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclər bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilir. Məhkəmə qeyd edir ki, mübahisə predmeti ilə bağlı məsələnin natamam tənzimlənməsi iddiaçının ziyanına təfsir oluna və onun əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödəncin ödənilməsinə olan hüququnun mədudlaşdırılmasına səbəb ola bilməz. Nəzərə alınmalıdır ki, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçi və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvləri və himayəsində olan digər şəxslər sosial həssas qrupa aiddir və hüquqi tənzimləmənin natamamlığı həmin kateqoriyadan olan şəxslərin əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən onlara təyin olunmuş və ödənilmiş ödənclərdən məhrum edilməsinə səbəb ola bilməz. Əks halda Konstitusiyada nəzərdə tutulan sosial təminat hüquqları xəyali səciyyə daşıyardı. Beləliklə, işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ona istehsalat qəzası nəticəsində sağlamlığının pozulmasına görə ödənilməmiş 2020-ci ilin aprel ayından bugünə kimi olan dövrlər də daxil olmaqla müavinət ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı iddiası təmin edilsin. İddiaçı istehsalat qəzası nəticəsində sağlamlığının pozulmasına görə ödənilməmiş 2020-ci ilin aprel ayından bugünə kimi olan dövrlər də daxil olmaqla müavinət ödənilməsi öhdəliyi cavabdeh Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar