Məhkəmə qərarları › İş №2-1(122)-550/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-550/2025

04.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-550/2025 04.04.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X14 Heydər oğlunun sədrliyi, X15 oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "Şərur rayon Xanlıqlar kənd İN-i tərəfindən xx.xx.1978-ci il tarixdə 122 № ilə İddiaçı doğum faktı qeydə alınarkən “Doğum haqqında akt qeydləri kitabında” aparılmış yanlışlığın düzəldilməsi, ad qrafasında İddiaçı adının “Sevinc”-dən “Aytən”-ə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçının vəkili və nümayəndəsi iddia ərizəsini onunla əsaslandırılmışdır ki, hüquqlarını müdafiə etdiyi şəxs-İddiaçı xx.xx.1978-ci il tarixdə Şərur rayon Yenikənd (Danyeri kəndi) kəndində anadan olmuş, həmin vaxt valideynləri tərəfindən müvafiq qeydiyyat üzrə inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə müraciət olunmuş və doğum dövlət qurumu tərəfindən qeydə alınaraq doğum haqqında şəhadətnamədə verilmişdir. İddiaçı miras əmlakın qəbulu ilə bağlı Notariat ofisinə müraciət etmək üçün doğum haqqında şəhadətnaməni tapa bilmədiyindən Cavabdehnə müraciət edərək ona doğum haqqında akt qeydləri kitabından çıxarış verilməsini xahiş etmiş, Cavabdehndən verilmiş doğum haqqında akt qeydləri kitabından çıxarışda onun adı “Sevinc” olaraq qeyd edilmişdir. Ona görə də iddiaçı Cavabdehnə ərizə ilə müraciət edərək doğum haqqında akt qeydləri kitabında olan yanlışlığın (səhvin) aradan qaldırılması, ad qrafasında “Sevinc” adının “Aytən” adına düzəliş edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Cavabdehndən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-15559/2024 saylı məktubda Şərur rayon Xanlıqlar kənd İcra Nümayəndəliyi tərəfindən xx.xx.1978-ci il tarixli 122 №-li doğum haqqında akt qeydindən ad qrafasında adının “Sevinc” olaraq yazıldığı üçün düzəliş etmək mümkün olmadığı və vətəndaşlıq vəziyyəti aktlarında düzəlişin məhkəmə qaydasında müəyyən edildiyi bildirilmişdir. İddiaçı ona verilmiş ilkin doğum haqqında şəhadətnamədə, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində, nikah haqqında şəhadətnamədə, övladlarının doğum haqqında şəhadətnamələrində, Ali təhsil və ixtisas kursuna dair diplomlarında adının “Aytən” olaraq qeyd edildiyini bildirir. İddiaçı göstərilənlərə əsasən məhkəmədən Şərur rayon Xanlıqlar kənd İN-i tərəfindən xx.xx.1978ci il tarixdə 122 № ilə İddiaçı doğum faktı qeydə alınarkən “Doğum haqqında akt qeydləri kitabında” aparılmış yanlışlığın düzəldilməsi, ad qrafasında İddiaçı adının “Sevinc”-dən “Aytən”-ə düzəliş edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh iddiaya dair məhkəməyə ünvanlanan 13 dekabr 2024-cü il tarixli, 3-16-5/8- 13-609/2024 nömrəli məktubla iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı müraciətinə əsasən doğum haqqında akt qeydində “Sevinc”-dən “Aytən” adına düzəliş etmək mümkün olmadığından onun məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 04 aprel 2025-ci il tarixə təyin edilmişdir. Cavabdeh məhkəməyə 11 mart 2025-ci il tarixli, 3-16-5/8-13-133/2025 nömrəli məktub göndərərək 04 aprel 2025-ci il tarixli məhkəmə iclasında iş yükünün çoxluğu ilə əlaqədar iştirak edə bilməyəcəklərini bildirib işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: - Cavabdeh tərəfindən Füzuli rayon Aybasanlı kəndində yaşayan İddiaçı ünvanlanmış 19 noyabr 2024-cü il tarixli, 3-16-5/8-15-559/2024 nömrəli məktubla belə izah olunur ki, Şərur rayon Xanlıqlar kənd İ.N. tərəfindən xx.xx.1978-ci il tarixli 122 nömrəli doğum haqqında akt qeydi tərtib edilmiş, həmin akt qeydində vətəndaşın adı X4 yazılmışdır. Doğum haqqında akt qeydində adının “Sevinc”-dən “Aytən”-ə düzəliş edilməsinin mümkün olmadığı bildirilib, məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. - 04 noyabr 2024-cü il tarixli doğum akt qeydindən çıxarışdan məlum olur ki, X4 25 avqust 1978-ci il tarixdə, Şərur rayon Danyeri kəndində anadan olmuş və bu barədə Xanlıqlar kənd İ.N tərəfindən 1978-ci il tarixli doğum akt qeydləri kitabının 122-ci səhifəsində qeydiyyatı aparılmışdır. X3, anası X2r. - X11 tərəfindən verilmiş A seriyalı, 070539 nömrəli, 2000-ci il tarixli bakalavr diplomunun surətindən məlum olur ki, İddiaçı Jurnalistika (Beynəlxalq jurnalistika) ixtisası üzrə ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. - AZ-İ seriyalı, 23 mart 2005-ci il tarixli, 158417 nömrəli nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X8 ilə İddiaçı 23 mart 2005-ci il tarixdə nikahları bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2005-ci ilin mat ayının 23-də 110 nömrə ilə qeyd edilmişdir. - AZ-İ seriyalı, 19 sentyabr 2005-ci il tarixli, 661964 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X9 06 iyul 2005-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X1 və İddiaçıdır. - AZ-İİ seriyalı, 16 iyul 2012-ci il tarixli, 930712 nömrəli doğum haqqında şəhadətnamənin surətindən məlum olur ki, X12 04 iyul 2012-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. X1 və İddiaçıdır. - “İntellekt RM” tədris mərkəzi tərəfindən verilmiş 16 noyabr 2009-cu il tarixli, 62 nömrəli diplomun surətindən məlum olur ki, İddiaçı 01 avqust 2009-cu il tarixdə “İntellekt RM” tədris mərkəzinə daxil olmuş və Windows XP, Word, Excel, Power Point və İnternet proqramları üzrə kompüter kursunu müvəffəqiyyətlə bitirmiş, ona operator ixtisası verilmişdir. - Asan-Naxçıvan tərəfindən verilmiş 19 noyabr 2024-cü il tarixli, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan məlum olur ki, İddiaçı Füzuli rayonu, Aybasanlı kəndində qeydiyyatdadır. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 11 fevral 2025-ci il tarixli, 3-13-43/2-2059/2025 nömrəli məktubdan məlum olur ki, xx.xx.1978-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarında məhkumluğu barədə məlumat yoxdur. - AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 25 avqust 1978-ci il tarixdə Şərur rayonu, Yenikənd kəndində doğulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. - 164.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, qeyd olunmalı faktları və ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər əsasında aparılır. Bu sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: - 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. - 1.4 bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. - 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanununun: - 11.1-ci bəndinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 11.2-ci bəndinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. - 14.2-ci bəndinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. - 14.3-ci bəndinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. - 20.2-ci bəndinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. - 24.1-ci bəndinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2-ci bəndinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı tərəf subyektiv hüquqa malik olmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət hüququn mahiyyətini dəyişməməlidir. İş materialları ilə müəyyən olunur ki, xx.xx.1978-ci il tarixli, 122 nömrəli doğum haqqında akt qeydində İddiaçı ad qrafasında yanlışlıqla “Aytən” əvəzinə “Sevinc” yazılmışdır. İddiaçının məhkəmə təqdim etdiyi şəxsiyyət vəsiqəsinin, diplomun, nikah və övladlarının doğum haqqında şəhadətnamələrinin surətlərindən aydın olur ki, bütün sənədlərdə iddiaçının adı “Aytən” kimi qeyd olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi ilə bağlı məsələdə qanuni marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət hüququn mahiyyətini dəyişməməlidir. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, cavabdeh tərəfindən xx.xx.1978-ci il tarixli, 122 nömrəli doğum haqqında akt qeydində dəyişiklik edilməsinə heç bir qanuni maneə olmamışdır. Cavabdehin öz imtinasına gətirdiyi arqument - vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında iddiaçının doğum akt qeydində dəyişiklik edilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”da nəzərdə tutulan əsasların olmamasıdır. Bu baxımdan qeyd olunmalıdır ki, “İnzibati icraat” haqqında qanunda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, göstərilən qərarda nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar müəyyən etməklə, vətəndaşın müraciətinə imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Həmçinin doğumun qeydiyyatı barədə yuxarıda göstərilən qanun müddəalarının sistemli təhlili onu deməyə əsas verir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının əsas məqsədlərindən biri də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm də dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquq müəyyənetmə əhəmiyyəti, milli qanunvericilikdə dəqiq təsbit olunmuşdur. İddiaçının tələbində açıq-aşkar qeyd olunmuşdur ki, onun çatmaq istədiyi hüquqi nəticə məhz doğum haqqında akt qeydində səhv yazılmış adın düzəldilməsidir. Başqa sözlə onun adının şəxsiyyəti təsdiq edən sənədə uyğun qeyd olunmasıdır. Qeyd olunan hal üzrə orqanın imtinasında göstərilən arqument isə hazırkı iddianın təmin edilməməsi üçün qanuni əsas sayıla bilməz. Belə ki, məhkəmə araşdırması zamanı toplanmış sübutlar işin halları baxımından iddiaçının iddia tələbinin təmin edilməsi üçün yetərli dərəcədədir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh iddiaçının tələbindən imtina etməkdə haqlı olmamışdır. Beləliklə, İddiaçı Cavabdehnə qarşı "Şərur rayon Xanlıqlar kənd İN-i tərəfindən xx.xx.1978-ci il tarixdə 122 № ilə İddiaçı doğum faktı qeydə alınarkən “Doğum haqqında akt qeydləri kitabında” aparılmış yanlışlığın düzəldilməsi, ad qrafasında İddiaçı adının “Sevinc”-dən “Aytən”-ə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. Şərur rayon Xanlıqlar kənd İN-i tərəfindən xx.xx.1978-ci il tarixdə 122 № ilə İddiaçı doğum faktı qeydə alınarkən “Doğum haqqında akt qeydləri kitabında” aparılmış yanlışlığın düzəldilməsi, ad qrafasında İddiaçı adının “Sevinc”-dən “Aytən”-ə düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar