Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-551/2023 07.11.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X18 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı və Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə qarşı “Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli, 08k nömrəli əmrinin ona aid hissədə ləğv olunması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli, 08k nömrəli əmrinin ləğv edilərək onun işə yenidən bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2015-ci il tarixdən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyində aparat rəhbəri vəzifəsində işləmişdir. 2017-ci il tarixdə 22 nömrəli əmrlə ona 1-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi, 2020-ci il tarixdə isə dövlət qulluqçusunun kiçik müşaviri ixtisas dərəcəsi verilmişdir. Qeyd edir ki, o, 8 il fasiləsiz olaraq Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyində aparat rəhbəri vəzifəsində işləmişdir. 2023cü il tarixdə işdə heç bir nöqsanı olmadan onu 08 ”k” nömrəli əmrlə işdən azad etmişdirlər. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli, 08 ”k” nömrəli əmrində aşağıda qeyd olunan əsaslara görə işdən azad olunduğu bildirilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə zidd şəkildə dövlət qulluğuna qəbul edilən, bu əmrin 2-ci hissəsində adları çəkilən şəxslərin 2021-ci ildə daimi dövlət qulluğuna qəbul edilməsinə və ixtisas dərəcəsininin verilməsinə səbəb olan, o cümlədən 2023-cü ildə təkrarən ixtisas dərəcəsinin verilməsinin qanunvericiliyə zidd olduğunu bilə-bilə rəhbərliyə yanlış məlumat verərək qanunvericiliyə uyğunluğuna dair rəhbərlik etdiyi işçi qrup tərəfindən imzalanmış təklifləri (hazırda itirilən sənəd) və işçilərin ixtisas dərəcələrinin verilməsi ilə bağlı ərizələrini (hazırda itirilən sənədlər) təqdim edən aparat rəhbəri İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.1, 4.1.6, 4.1.7, 4.1.8-ci maddələrinin, 18.0.1, 18.0.4. 18.0.12-ci maddələrinin və 25.3-cü maddəsinin tələblərinə əməl etmədiyi üçün “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 25.2.6-cı maddəsinə əsasən 19 aprel 2023-cü il tarixdən dövlət qulluğundan azad edilmiş, o cümlədən onunla bağlanmış əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilmişdir. İddiaçı yuxarıda qeyd olunanlara əsasən Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli, 08k nömrəli əmrinin ləğv edilərək onun işə yenidən bərpa edilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi öhdəliyinin cavabdeh Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini məhkəməyə təqdim edərək, iddia tələbinə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli, 08k nömrəli əmrinin ona aid hissədə ləğv olunması kimi baxılıb nəticə verilməsini xahiş etmişdir. Məhkəmənin 21 iyul 2023-cü il tarixli protokol qərardadı ilə iddia tələbinə həmin çərçivədə baxılması qərara alınmışdır. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi məhkəməyə ünvanlanan 08 iyun 2023-cü il tarixli iddiaya qarşı yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı iddiası aşağıda göstərilən səbəblərə görə rədd edilməlidir: 2023-cü il 2 mart tarixində Nazirliyin Aparat rəhbəri vəzifəsində çalışmış İddiaçı özünün 2023-cü ilin 1 mart tarixində dövlət qulluğunda 15 il qulluq stajının tamam olmasına dair ona əmək haqqının 30%-i məbləğində əlavə haqq verilməsinə və Heyvandarlıq, damazlıq işi və otlaqlar şöbəsinin aparıcı məsləhətçisi X11, İqtisadiyyat və maliyyə şöbəsinin aparıcı məsləhətçisi X1, Texniki nəzarət və aqroservis sektorunun aparıcı məsləhətçisi X7, Bitkiçilik məhsullarının istehsalı, toxumçuluq və aqrokimyəvi xidmət şöbəsinin aparıcı məsləhətçiləri X12 və X6 növbəti ixtisas dərəcələrinin verilməsi ilə bağlı rəhbərlik etdiyi işçi qrupunun (komissiyanın) imzalanmış təkliflərini, o cümlədən ərizələri kənd təsərrüfatı naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavininə təqdim etmişdir. Kənd təsərrüfatı naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin üzərinə “Araşdırılsın” dərkənarı qoyaraq aidiyyəti üzrə baxılmasını tapşırmışdır. Bundan sonra İddiaçı dövlət qulluğunda 15 il qulluq stajının cari ilin mart ayının 1-də deyil 13-də tamam olacağı, digər şəxslərə isə növbəti ixtisas dərəcələrinin verilməsinin vəzifəyə təyin olunduqları tarixindən hazırkı vaxtadək hesablanmış müddətə görə uyğun olduğunu bildirmişdir. Bu səbəbdən yuxarıda qeyd edilən 5 əməkdaşa növbəti ixtisas dərəcələrinin verilməsi təmin olunmuşdur. Sonradan məlum olmuşdur ki, X16, X2, X14, X8, X9 Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyində stajçı, o cümlədən daimi dövlət qulluğun qəbul edilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edilmişdirlər. Belə ki, həmin şəxslər dövlət qulluğuna qəbul olunarkən “X17” publik hüquqi şəxs tərəfindən keçirilmiş müsabiqə və müsahibə mərhələsində iştirak etmədən sabiq kənd təsərrüfatı naziri Bəhruz Bayramovun əmri ilə dövlət qulluğu vəzifəsinə qəbul edilmişlər. İddiaçı işçi qrupunun rəhbəri və Aparat rəhbəri kimi işə qəbul edilən, eyni zamanda ixtisas dərəcələri verilən əməkdaşlarla bağlı hazırlanmış sənədləri qanunvericiliyin müddəalarını nəzərə almadan razılaşmışdır (vizalamışdır) ki, nəticədə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli, 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın tələbləri pozulmuşdur. Qanunvericiliyin tələblərinin pozulması nəticəsində 5 əməkdaş dövlət qulluğuna qəbul edilməklə onlara müvafiq ixtisas dərəcələri verilmişdir. Həmin əməkdaşların qanunsuz olaraq işə qəbul edilməsi faktı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Naxçıvan Muxtar Respublikası “X17” publik hüquqi şəxsə ünvanladığı məktuba cavab olaraq publik hüquqi şəxs tərəfindən təqdim edilən 2023-cü il 7 aprel tarixli, 01/422 nömrəli cavab məktubunda öz əksini tapmışdır. Sözügedən məsələlərin araşdırılması zamanı məlum olmuşdur ki, İddiaçı tərəfindən cari ildə rəhbərliyə təqdim olunan sənədlər itirilmişdir. Rəhbərlik tərəfindən həmin sənədlərin tapılması ilə bağlı verilmiş tapşırığa iddiaçı tərəfindən sərt reaksiya vermiş, həmçinin rəhbərliyə qarşı etik davranış qaydalarını pozmuşdur. Sənədlərin itirilməsi ilə bağlı İddiaçı izahat verilməsi tələb olunsa da o, bu barədə izahat verməkdən imtina etmişdir. İddiaçı 2023-cü il 5 aprel tarixində Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyində verilmiş tapşırıqlarla bağlı keçirilmiş iclasda yüksək səslə aqressiv şəkildə iclasa müdaxilə edərək Nazirliyin rəhbərliyinə qarşı etik davranış qaydalarını pozmuşdur. Nazirliyin rəhbərliyi tərəfindən sakitləşməyi tələb olunsa da, o, bu tələbə də fikir verməyərək səsini daha da ucaltmışdır. “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmaqla işə götürülən şəxslər, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını lazımi səviyyədə icra etməyən və bu kimi məsələlərə şərait yaradan şəxslər (İddiaçı daxil olmaqla) Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2023-cü il 19 aprel tarixli, 08 K nömrəli əmri ilə tutduqları vəzifələrdən azad edilmişdirlər. Qanunvericiliyin tələbinə zidd dövlət qulluğuna qəbul edilmiş və ixtisas dərəcələri verilmiş şəxslərə görə dövlət büdcəsindən 2023-cü il 1 aprel tarixinə 192136,68 manat (yüz doxsan iki min yüz otuz altı manat, altmış səkkiz qəpik) pul vəsaiti xərclənmişdir. Dövlət büdcəsindən xərclənilmiş vəsaitlə bağlı məsələlərin araşdırılaraq hüquqi qiymət verilməsi üçün Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2023-cü il 3 may tarixli, 1/66 nömrəli məktubu ilə Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna müraciət edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinin tələbinə görə dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində 25.2.1-ci (töhmət), 25.2.2-ci (bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması), 25.2.3-cü (həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi), 25.2.4-cü (daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi), 25.2.5ci (ixtisas dərəcəsinin bir pillə aşağı salınması) və 25.2.6-cı (dövlət qulluğundan azad edilməsi) maddələri ilə təsbit olunmuş intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər. İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.1-ci (qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli), 18.0.2-ci (rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli), 18.0.3-cü (dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli), 18.0.6-cı (lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli) və 18.0.12-ci (etik davranış qaydalarına əməl etməli) maddələrinin tələblərini pozduğundan onun sözügedən Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edilməsi qərara alınmışdır. İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını lazımı səviyyədə icra etmədiyindən, eyni zamanda etik davranış qaydalarını pozduğuna görə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2023-cü il 19 aprel tarixli, 08 “k" nömrəli əmri ilə onun əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilmişdir. İddiaçı əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilərkən Nazirlik tərəfindən qanunvericiliyin tələblərinə tam əməl edilmiş və hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Bildirilir ki, İddiaçı müvafiq dövlət qulluğu vəzifəsinə Naxçıvan Muxtar Respublikası “X17” publik hüquqi şəxs tərəfindən keçirilən daxili və ümumi müsahibədə iştirak etmədən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini kobud şəkildə pozulmaqla təyin edilmişdir. Bu fakt Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Naxçıvan Muxtar Respublikası “X17” publik hüquqi şəxsə ünvanladığı məktuba cavab olaraq publik hüquqi şəxs tərəfindən təqdim edilən 2023-cü il 23 may tarixli, 01/525 nömrəli cavab məktubunda öz əksini tapmışdır. Bunun nəticəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi pozulmaqla yanaşı dövlət büdcəsinin 60633,56 (altmış min altı yüz otuz üç manat əlli altı qəpik) manat məbləğində vəsaiti xərclənmişdir. Dövlət büdcəsindən xərclənilmiş vəsaitlə bağlı məsələlərin araşdırılaraq qanun pozuntusunun müəyyən edilməsi və təqsirkar şəxs barədə müvafiq tədbirlərin görülməsi üçün Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2023-cü il 7 iyun tarixli, 1/103 nömrəli məktubu ilə Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna müraciət edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraz məktubuna həmçinin Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna ünvanladığı məktublar, Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Naxçıvan Muxtar Respublikası “X17” publik hüquqi şəxsinin məktubları, 2023-cü il 5 aprel tarixli, 3 nömrəli protokolun surəti, əmrlərin surətləri, artıq ödənişlə bağlı əmək haqqı cədvəli əlavə edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 07 noyabr 2023-cü il tarixə təyin edilmişdir. İddiaçının vəkili X5 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının vəkilinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi X10 məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin 19 aprel 2023-cü il tarixli, 08 “k” əmrinin surətindən görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə zidd şəkildə dövlət qulluğuna qəbul edilən, bu əmrin 2-ci hissəsində adları çəkilən şəxslərin 2021-ci ildə daimi dövlət qulluğuna qəbul edilməsinə və ixtisas dərəcəsininin verilməsinə səbəb olan, o cümlədən 2023-cü ildə təkrarən ixtisas dərəcəsi verilməsinin qanunvericiliyə zidd olduğunu bilə-bilə rəhbərliyə yanlış məlumat verərək qanunvericiliyə uyğunluğuna dair rəhbərlik etdiyi işçi qrup tərəfindən imzalanmış təklifləri (hazırda itirilən sənəd) və işçilərin ixtisas dərəcələrinin verilməsi ilə bağlı ərizələrini (hazırda itirilən sənəd) təqdim edən Aparat rəhbəri İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.1, 4.1.6, 4.1.8-ci maddələrinin, 18.0.1, 18.0.4, 18.0.12-ci maddələrinin və 25.3-cü maddəsinin tələblərinə əməl etmədiyi üçün “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən 19 aprel 2023-cü il tarixdən dövlət qulluğundan azad edilmiş, o cümlədən onunla bağlanmış əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilmişdir. - ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.1, 4.1.6, 4.1.7, 4.1.8-ci maddələrinin, 18.0.1, 18.0.4, 18.0.12-ci maddələrinin və 25.3-cü maddəsinin tələblərinə əməl etmədiyi üçün “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən 19 aprel 2023-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilmişdir. - Naxçıvan Şəhər İcra Hakimiyyətinin 2 saylı Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 26 aprel 2023-cü il tarixli, 01/0580 nömrəli arayışdan görünür ki, Gözəlov X3 şəhəri, ünvan 5 ünvanında qeydiyyatdadır. - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxx 1983-cü il tarixdə doğulmuşdur. - Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin 17 avqust 2023-cü il tarixli, 1/69 nömrəli məktubu ilə İddiaçı şəxsi işinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsində təsbit olunmuşdur ki, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.1.1-ci maddəsinə əsasən dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmətdir. 1.1.3-cü maddəsinə əsasən dövlət qulluqçusu – yalnız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir. 18-ci maddəsinə əsasən dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı; vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli; qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli; qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli; qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; etik davranış qaydalarına əməl etməlidir. 25.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. 25.2.6-cı maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: (-) 25.2.6. dövlət qulluğundan azad edilməsi. 25.3-cü maddəsinə əsasən bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. 25.4-cü maddəsinə əsasən xidməti yoxlamanın aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 25.5-ci maddəsinə əsasən dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. 25.6-cı maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. 25.7-ci maddəsinə əsasən bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər. 25.10-cu maddəsinə əsasən dövlət qulluqçusu onun təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır. Dövlət qulluqçusunun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə Azərbaycan Respublikasının dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikasının büdcəsinin vəsaiti hesabına ödənilir. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 4.2.-ci maddəsinə əsasən dövlət qulluqçusu bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. 5.1.-ci maddəsinə əsasən dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. 7.1-ci maddəsinə əsasən dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. 9-cu maddəsinə əsasən dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır. 11.1-ci maddəsinə əsasən dövlət qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir. 23.1-ci maddəsinə əsasən etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Məhkəmənin əsaslandırması: İlk öncə qeyd edilməlidir ki, məhkəmə qərar qəbul edənədək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar üzrə ətraflı araşdırma aparmış, təqdim edilən sübutları tam və hərtərəfli tədqiq etməklə, iddiaçıya qarşı tərəfin dəlillərinə münasibət bildirməsi, etiraz etməsi və məhkəməyə lazımi sübutları təqdim eməsi üçün kifayət qədər imkan yaratmışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı iş üzrə müəyyən olunur ki, iddiaçının əsas hüquqi marağı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli, 08k nömrəli əmrinin ona aid hissədə ləğv olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. İş materialları üzrə tədqiq olunan sənədlərlə müəyyən edilən hallardan görünür ki, iddiaçı xidməti fəaliyyətində birbaşa və yuxarı rəhbərin səlahiyyətləri daxilində ona verilmiş tapşırıqları lazımınca yerinə yetirməmiş, etik davranış qaydalarını pozmuşdur. Məhkəmə hesab edir ki, yuxarıda sadalanan normaların tələblərinə uyğun olaraq iddiaçının xidməti vəzifələrinin icrası zamanı nöqsanlara yol verərək mövcud olan qanunvericiliyin tələblərini pozduğu barəsində qəbul olunmuş əmrdə öz hərəkətləri ilə konkret olaraq qanunvericiliyin müddəalarının pozulması hallarına yol verildiyi və həmin pozuntu hallarının nədən ibarət olduğu ətraflı şəkildə əsaslandırılmışdır. Həmçinin iddiaçının iş fəaliyyəti ilə əlaqədar tənqidi fikirlərdən düzgün nəticələr çıxarmadığı, birbaşa və yuxarı rəhbərinin səlahiyyətləri daxilində verdiyi tapşırıqları yerinə yetirmədiyi müəyyən olunmuş, ondan izahat və arayış verməsi tələb olunduğunda, “heç bir arayış və izahat yazan deyiləm”, bildirən etik davranış qaydalarını pozan ifadələr işlətmişdir. Bununla da təsbit olunan məlumatlarla təsdiq olunur ki, iddiaçı həqiqətən tutduğu vəzifə öhdəliklərinə, subordinasiya və etik davranış qaydalarına uyğun olmayan hərəkətlərə yol vermişdir ki, onun xidmət zamanı yol verdiyi bütün bu hərəkətləri əmək intizamı qaydalarının pozuntularını təşkil edir. İddiaçının işdən azad edilməsinin hüquqi əsaslarından biri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsidir. Həmin Qanunun 52.2 və 25.2.6-cı maddələrinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində dövlət qulluğundan azad edilməsi intizam tənbeh tədbiri tətbiq edilə bilər. Qeyd olunmalidir ki, “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinin tələbinə görə, inzibati akt, inzibati və maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməsi ilə qəbul edildiyi halda qanunsuz sayılır. Eyni zamanda, İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinin mənasına görə inzibati akt o halda ləğv oluna bilər ki, qanuna zidd olduğu sübuta yetirilsin. Mübahisələndirilən əmrdə istinad edilən “Dövlət qulluğu haqqında” Qanunun 18.0.1, 18.0.4 və 18.0.12-ci maddələrinin tətbiqinə gəldikdə, bu normalarda göstərilən hallar həmin Qanunun 25.2-ci maddəsində intizam tənbeh tədbirlərinin tətbiqinin əsaslarından biri kimi çıxış etməklə, Qanunun məhz 25.2.6-cı maddəsində nəzərdə tutulmuş tədbirin (dövlət qulluğundan azad edilmənin) seçilməsi haqqında qərarın qəbul edilməsi cavabdehin (inzibati orqanın) diskresion səlahiyyətlərinə aid məsələ olmuşdur. Bununla da, cavabdehin mübahisələndirilən əmrinin iddiaçıya dair hissədə ləğv edilməsi üçün əsaslar müəyyən olunmur. Məhkəmə hesab edir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddialara aid olduğundan göstərilən normanın məzmununa uyğun olaraq cavabdeh inzibati orqan iddiaçının barəsində Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi xx.xx.2023cü il tarixli, 08k nömrəli əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Odur ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə qarşı “Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023cü il tarixli, 08k nömrəli əmrinin ona aid hissədə ləğv olunması tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1, 4.1, 14.1, 32.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə qarşı “Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin xx.xx.2023-cü il tarixli, 08k nömrəli əmrinin ona aid hissədə ləğv olunması tələbi”nə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-551/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-551/2023
07.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver