Məhkəmə qərarları › İş №2-1(122)-554/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-554/2025

19.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-554/2025 19.09.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X12 Heydər oğlunun sədrliyi, X13 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdeh Azərbaycan Respublikası Cavabdeh2n nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh2nə qarşı "onun ömürlük (müddətsiz) imtiyazlı şəxs olduğuna görə yaşamaq üçün aylıq verilməli olan (Seredit Diskus 50/250) dərmanın verilməsi və ona dəyən maddi ziyanın (3836 azn) ödənilməsi tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı Bakı İnzibati məhkəməsinə müraciət edərək ona illər ərzində dəyən maddi ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, peşə xəstliyi üzrə 3-qrup əlildir, 2017-ci ildə (63 yaşda) əmək pensiyasına çıxmışdır. Həmçinin Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Tibbi-Sosial Ekspert komissiyasında sonuncu müayinəyə dair xx.xx.2012-ci il tarixdən ömürlük olaraq imtiyazlı, əlil kimi qeydiyyata alınmışdır. X10 Xəstəlikləri İnstitunun amblator müayinəsinə əsasən xəstəliyinin diaqonozuna uyğun qəbul etməli olduğu dərman yəni, Disk SeReDit 50/250-i 2011-ci ildən qəbul edir. Səhiyyə Nazirliyindən sonra yeni yaranan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən xəstəxanaya verilən dərman dəyişdirilərək, 2018-ci il may ayından AİrFLUSAL.50/250 adlı dərmanın verilməsinə başlandı. İlk gündən dərmanın ona əks təsir etməyi haqda xəstəxanın rəhbərliyinə bildirmiş, lakin ona dərmanların tərkibinin eyni olduğu bildirilmişdir. Beləliklə, 2021-ci ilin yanvar ayından ona ağır ürək döyüntüsü xəstəliyi yaranmışdır. 2021- 2022-2023-ci illərdə ürək çatışmazlığından özəl müəssisələrdə (Bakı sağlamlıq mərkəzi, Ege Qospital ) müalicə almış və 2022-ci ildən öz pulu ilə özünə dərman (Disk SREDİt 50/250 ) almağa başlamışdır. Bakı İnzibati Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2-1(112)-8102/2024 nömrəli qərardadı ilə aylıq verilməli olan dərmanın verilməsinin bərpa olunması və maddi ziyanın ödənilməsi” barədə iddia tələbi “maddi ziyanın ödənilməsi” hissədə mümkün sayılmamışdır. Bakı İnzibati Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2-1(112)-8102/2024 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinin yuxarıda qeyd olunan qərardadlarından apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 iyul 2024-cü il tarixli, 2-1(103)-2922/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin “aidiyyətlə bağlı” qəbul etdiyi 13 may 2024-cü il tarixli, 2-1(112)-8102/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 sentyabr 2024cü il tarixli, 2-1(103)-3473/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin “maddi ziyanın ödənilməsi” barədə iddia tələbinin qeyri-mümkün sayılması ilə bağlı qəbul etdiyi 13 may 2024-cü il tarixli, 2-1(112)-8102/2024 nömrəli qərardadı ləğv edilmiş, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinə göndərilmişdir. Daha sonra İddiaçı məhkəməyə 14 yanvar 2025-ci il tarixli ərizə göndərərək, iddia tələbinə “onun ömürlük (müddətsiz) imtiyazlı şəxs olduğuna görə yaşamaq üçün aylıq verilməli olan (Seredit Diskus 50/250) dərmanın verilməsinin bərpa olunması və ona dəyən maddi ziyanın (3836 azn) ödənilməsi” məzmununda baxılmasını, cavabdehin əsl caavbdeh Azərbaycan Respublikası İcbari Tibbi Siğorta üzrə X4 heyəti X15 ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin 24 yanvar 2025-ci il tarixli, 2-1(122)-554/2025 nömrəli qərardadı ilə dəyişdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. 03 iyun 2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, hazırki iş üzrə cavabdeh qismində qeyd edilən "Azərbaycan Respublikası İcbari Tibbi Siğorta üzrə X4 heyəti" X14 Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” (TƏBİB) X17 ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 03 iyun 2025-ci il tarixli, 2-1(122)-554/2025 nömrəli qərardadı ilə cavabdeh "Azərbaycan Respublikası İcbari Tibbi Siğorta üzrə X4 heyəti" X17 əsl cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” (TƏBİB) X17 ilə əvəz edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, məhkəmənin müvafiq sərəncamına əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh "Azərbaycan Respublikası İcbari Tibbi Siğorta üzrə X4 heyəti" X17 əsl cavabdeh Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” (TƏBİB) X14 iddiaya dair yazılı münasibəti məhkəməyə daxil olmamışdır. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 19 sentyabr 2025-ci il tarixə təyin olunmuşdur. Tərəfilərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: - Azərbaycan Respublikası İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi tərəfindən İddiaçı ünvanlanmış 12 aprel 2022-ci il tarixli, PHŞ/1-2-2022-8278 nömrəli məktubdan görünür ki, istənilən dərman vasitəsinin satın alınması tibb müəssisələrində yaranan tələbat əsasında həyata keçirilir. Bu məqsədlə Agentlik tərəfindən "Dövlət satınalmalaı haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mütəmadi şəkildə tenderlər təşk edilir. İddiaçılar tərəfindən təqdim edilən və ölkədə qeydiyyatda olan dərman vasitəsinin satınalınması tələb edildiyindən qeyd edilən məsələnin həlli ilə bağlı hər hansı tədbirin görülməsi Agentliyin səlahiyyəti və imkanı xaricindədir. - X5 X8 Modulunun elektron çıxarışından məlum olur ki, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı 2-ci qrup əlil, imtiyazlı şəxsdir. - Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X17 tərəfindən İddiaçı ünvanlanmış 01 avqust 2023-cü il tarixli, PHŞ-6/2-Ə-101xx-xx-14968/2023 nömrəli məktubdan məlum olur ki, hal-hazırda "Bronxial astma" diaqnozu ilə əziyyət çəkən xəstələr "Seretid" ticari adlı dərman vasitəsi ilə eyni tərkibə malik olan "Airflusal" ticari adlı dərman vasitəsi ilə təchiz olunurlar. Hər iki dərman vasitəsinin təsiredici maddəsi "Salmeterol+flutikazon"dur. "Airflusal" dərman vasitəsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış, keyfiyyəti, effektivliyi və təhlükəsizliyi qanunvericiliklə təyin olunmuş standartlara uyğun olan dərman vasitəsidir. - Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X17 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 23 aprel 2025-ci il tarixli, 18-1/2- 3275/2025 nömrəli məktubundan məlum olur ki, vətəndaş İddiaçı 2023-cü il aprel ayından sonra dərman təminatı məqsədilə qeydiyyatda olduğu imtiyazlı siyahıya əsasən 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına hər hansı müraciəti olmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X3" X15 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 25 aprel 2025-ci il tarixli, 3-28-1/2-12047/2025 nömrəli məktubundan məlum olur ki, “AirFluSal®Forspiro 50/250 (hal-hazırda dövlət qeydiyyatında ticarət adı Erflüsal Forspiro olan dərman vasitəsi)” adlı dərman vasitəsinin yararsız dərman vasitəsi olması barədə məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X3" X9 daxil olmamışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "X3" X15 tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 30 aprel 2025-ci il tarixli, 3-28-1/2-12677/2025 nömrəli məktubundan məlum olur ki, “Erflüsal (AirFluSal) Forspiro 50/250 mcg dozalanmış inhalyasiya üçün toz” dərman vasitəsinin və “Seretid Akuhaler/Diskus 50/250 mcg dozalanmış inhalyasiya üçün toz” dərman vasitəsinin tərkibi 50 mcg dozada “Salmeterol xinafoate” və 250 mcg dozada “Fluticasone propionate” təsiredici maddələrinin kombinasiyasından ibarətdir. Sözügedən hər iki dərman vasitəsi “60 doza blisterdə, plastik qurğuda №1, karton qutu qablaşmada dozalanmış inhalyasiya üçün toz” farmasevtik formasındadır və dərman vasitələri bir-birinə ekvivalent dərman vasitələri hesab olunur. - Azərbaycan Respublikasi Səhiyyə Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 01 may 2025-ci il tarixli, 3-28/2-2985/2025 nömrəli məktubundan məlum olur ki, “Erflüsal (AirFluSal) Forspiro dərman vasitəsi “Aeropharm GmbH, Almaniya” şirkətinin istehsalıdır və xx.xx.2021-ci il tarixdə ölkəmizdə qanunamüvafiq qaydada dövlət qeydiyyatına alınmışdır (Qeydiyyat vəsiqəsinin nömrəsi - DV №21-00952). Sonuncu dəfə xx.xx.2024-cü il tarixində olmaqla müxtəlif vaxtlarda ölkə ərazisinə idxal edilmişdir. Cari vaxta qədər “ErflüSal Forspiro 50/250 mcg” dərman vasitəsinin idxalı ilə bağlı Mərkəz tərəfindən hər hansı qadağa və ya idxalına icazədən imtina barədə qərar qəbul edilməmişdir. Dərman vasitələrinin idxalına icazə hüququ verən lisenziyaya malik hüquqi şəxslər və digər müvafiq təşkilatlar tərəfindən sözügedən dərman vasitəsinin hazırda qüvvədə olan qeydiyyat vəsiqəsinə uyğun qaydada istehsal edilmiş partiyalarının ölkə ərazisinə idxalı həyata keçirilə bilər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının: - 2.1. Əlilliyi olan şəxslər bu Qaydaya 2 nömrəli əlavədə müəyyən edilmiş “Əlilliyi olan şəxslər üçün ambulator şəraitdə istifadə olunan ən vacib dərman preparatlarının siyahısı”nda nəzərdə tutulmuş dərman preparatları (bundan sonra – dərman preparatları) ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin birgə müəyyən etdikləri siyahıda nəzərdə tutulan dövlət müalicəprofilaktika müəssisələrində (bundan sonra – tibb müəssisələri) təşkil edilmiş aptek məntəqələri vasitəsilə təmin olunurlar. - 2.7. Ambulator müalicə ilə əlaqədar verilən dərman preparatlarının dəyəri əlilliyi olan şəxslərin yaşadığı ərazi üzrə bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan dövlət tibb müəssisələrinin xərclərində bu məqsədlə nəzərdə tutulmuş vəsait hesabına ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı iki hissədən ibarətdir:

1. ömürlük (müddətsiz) imtiyazlı şəxs olduğuna görə ona aylıq Seredit Diskus 50/250 dərmanın verilməsi;

2. ona dəyən maddi ziyanın (3836 azn) ödənilməsi. İş materiallarından müəyyən olunur ki, İddiaçı 14 may 2012-ci il tarixdən "Bronxial astma" diaqnozu qoyulmuş və ona ömürlük əlillik təyin edilmişdir. İddiaçı 2012-ci il tarixdən 2018-ci il tarixədək 29 saylı Bakı şəhər Xəstəxanası tərəfindən hər ay Disk SeReDit 50/250 adlı dərman vasitəsi ilə təmin olunmuş, 2018-ci ilin may ayından isə həmin dərman vasitəsi AİrFLUSAL 50/250 ilə əvəz olunmuşdur. İddiaçı daha sonra əvəzləşdirilmiş dərman vasitəsinin ona səhhətinə pis təsir etdiyini, qeyd olunan dərmanın istifadəsi nəticəsində onda ürək döyüntüsü xəstəliyinin yarandığını, buna görə də 2022-ci ildən öz hesabına Disk SeReDit 50/250 dərman vasitəsini aldığını, qeyd olunan hallarla bağlı ona 3836 manat maddi zərər vurulduğunu bildirmiş, ona yenidən Disk SeReDit 50/250 dərmanın verilməsi və ona dəyən maddi ziyanın ödənilməsi barədə hazırkı iddia tələbini irəli sürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsində göstərilmişdir ki, Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan suiistifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Məhkəmə iddianın birinci hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçıya aylıq verilən “Erflüsal (AirFluSal) Forspiro 50/250 mcg dozalanmış inhalyasiya üçün toz” dərman vasitəsinin və “Seretid Akuhaler/Diskus 50/250 mcg dozalanmış inhalyasiya üçün toz” dərman vasitəsinin tərkibi eyni təsiredici maddələrdən ibarət olduğundan, həmin dərman vasitələri bir-birinə ekvivalent dərman vasitələri hesab olunur. İddiaçı səhhətindəki ağırlaşmaların yanlış dərman qəbul edilməsi nəticəsində yaranmasını 26 saylı Bakı Şəhər Xəstəxanasından göndərişə imza edən edən həkim kardioloq tərəfindən ona bildirildiyinə istinad etsə də, həmin halın məhz AirFluSal Forspiro 50/250 mcg dərmanının qəbulundan sonra yaranmasını təsdiq edən mümkün və mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Bununla da həmin halın baş verməsində cavabdehin təqsirli olması, o cümlədən iddiaçının səhhətindəki ağırlaşmaların AirFluSal Forspiro 50/250 mcg dərmanının qəbulundan sonra yarandığı, yəni səbəbli əlaqənin mövcudluğu ilə bağlı birmənalı qənaətə gəlmək üçün əsas vermir. Həmçinin məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində AirFluSalForspiro 50/250 adlı dərman vasitəsinin yararsız dərman vasitəsi olması, cavabdeh tərəfindən iddiaçıya dərman təchizatının dayandırılması, eləcə də, sözügedən dərman vasitəsinin respublika ərazisinə idxalı ilə bağlı hər hansı qadağa aşkar olunmamışdır. Digər tərəfdən iddiaçı ona vurulmuş ziyanla bağlı cavabdehin təqsirinin olmasına dair hər hansı sübut təqdim etməmişdir. Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranmasının əsaslarından biri məhz təqsirin olmasıdır, hazırki iş üzrə 3836 (üç min səkkiz yüz otuz altı) manat vurulmuş maddi ziyana görə cavabdehin təqsirini müəyyən edən heç bir hal və sübut mövcud olmamışdır və bu səbəbdən də ziyana görə cavabdehin üzərinə məsuliyyət qoyula bilməz. Çünki, yalnız cavabdehin qəsdi nəticəsində əmələ gəlmiş zərərin əvəzi ödənilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Beləliklə də, cavabdeh inzibati orqanın iddiaçı qarşısında yuxarıda istinad edilən normalardan irəli gələn hazırkı məzmunda öhdəliyi yaranmamışdır. Odur ki, istinad olunan normalara, həmçinin məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh2nə qarşı "onun ömürlük (müddətsiz) imtiyazlı şəxs olduğuna görə yaşamaq üçün aylıq verilməli olan (Seredit Diskus 50/250) dərmanın verilməsi və ona dəyən maddi ziyanın (3836 azn) ödənilməsi tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4, 34.1, 58.7, 68, 69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdeh2nə qarşı "onun ömürlük (müddətsiz) imtiyazlı şəxs olduğuna görə yaşamaq üçün aylıq verilməli olan (Seredit Diskus 50/250) dərmanın verilməsi və ona dəyən maddi ziyanın (3836 azn) ödənilməsi tələbi”nə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar