Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-56/2024 18.12.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Əliyev Adəm Qurban oğlunun katibliyi, İddiaçı, cavabdeh Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyin nümayəndələri X1 və X2 iştirakları ilə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “onun istifadə etmədiyi əsas məzuniyyətə görə kompensasiyanın Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli, 73 nömrəli qərarının 1 nömrəli əlavəsində göstərilən qaydada hesablanaraq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun istifadə etmədiyi əsas məzuniyyətə görə kompensasiyanın Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli, 73 nömrəli qərarının 1 nömrəli əlavəsində göstərilən qaydada hesablanaraq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1993-cü il tarixdən Naxçıvan Muxtar Respublikasının X5 müxtəlif vəzifələrdə işləyərək 19 mart 2012-ci il tarixli Naxçıvan Muxtar Respublikasının X6 47 nömrəli əmri ilə Silahlı qüvvələrə ehtiyata buraxılmaqla 135-ci maddənin 1-ci bəndinə əsasən (öz arzusu ilə) Naxçıvan MR DİN-nin sıravi və kiçik rəis heyəti hazırlayan məktəbinin kurs rəisi, istefada olan polis mayoru olaraq təqaüdə buraxılmışdır. İşlədiyi illər ərzində xidməti zərurətlə əlaqədar olaraq əsas və digər məzuniyyət vaxtından istifadə etməmişdir. Bu barədə işlədiyi Naxçıvan Şəhər Polis İdarəsinin, Naxçıvan MR DİN-nin Mühafizə Şöbəsinin, Naxçıvan şəhər dəmir yol polis şöbəsinin və Culfa rayon polis şöbə rəislərinin imzası ilə verilən arayışlar mövcuddur. Onun istifadə etmədiyi məzuniyyətlərə görə pul əvəzi ödənilməsi barədə 16 dekabr 2022ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi rəhbərliyinə işlədiyi Naxçıvan şəhər polis idarəsinin, Naxçıvan MR DİN-nin Mühafizə Şöbəsinin, Naxçıvan şəhər dəmir yol polis şöbəsinin və Culfa rayon polis şöbə rəislərinin imzası ilə verilən arayışlarla birlikdə müraciət etmişdir. Müraciətinə cavab olaraq onun 15 il istifadə etmədiyi məzuniyyət illərinə görə ona 1835 (min səkkiz yüz otuz beş) manat pul şəxsi kart hesabına köçürülmüşdür. Bu isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli, 73 nömrəli qərarında göstərilən hesablama qaydalarına uyğun hesablanmamışdır. O bu barədə yenidən xx.xx.2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi rəhbərliyinə onun 15 il istifadə etmədiyi məzuniyyət illərinə görə ona verilən 1835 manatın Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli, 73 nömrəli qərarında göstərilən hesablama qaydalarına uyğun hesablamalarını xahiş etmişdir. Müraciətə cavab olaraq Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi maliyyə-plan şöbəsinin xx.xx.2023-cü il tarixli cavabında bildirilmişdir ki, onun istifadə etmədiyi məzuniyyət illərinə görə kompensasiya işlədiyi dövrlərin vəzifə və xüsusi rütbə maaşları əsasında hesablanaraq ödənilmişdir. Bu isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli, 73 nömrəli qərarında göstərilən qaydalara uyğun hesablanılmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli, 73 nömrəli qərarının 1 nömrəli əlavəsində göstərilir ki, Daxili İşlər orqanlarının əməkdaşı müvafiq iş ilində (iş illərində) əsas məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya ödənilir, istifadə edilməmiş əsas məzuniyyətə görə kompensasiya hansı iş ili verilməsindən asılı olmayaraq əməkdaşın həmin kompensasiyanı alanadək sonuncu tutduğu vəzifəyə görə və xüsusi rütbəyə görə maaş, fasiləsiz xidmət illərinə görə haqq, məharət dərəcəsinə görə verilən əlavə nəzərə alınmaqla hesablanaraq ödənilir. Bütün bunları nəzərə almaqla onun son vəzifəsi, xüsusi rütbəsi, xidmət illərinə görə haqq, ustalıq məharət dərəcəsinə görə verilən əlavələri nəzərə almaqla bu günün tələblərinə uyğun hesablanılmasına köməklik edilməsini xahiş etmişdir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq onun istifadə etmədiyi əsas məzuniyyətə görə kompensasiyanın Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 aprel 2000-ci il 73 nömrəli qərarının 1 nömrəli əlavəsində göstərilən qaydada hesablanaraq Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyidən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilərək, məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı münasibəti xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Cavabdeh həmin məktubunda İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli, 73 nömrəli qərarının 1 nömrəli əlavəsinə uyğun olaraq, 2011-ci ilin avqust ayında 1005.50 manat, 2012-ci ilin yanvar ayında isə 1285 manat məzuniyyət pulu ödənildiyini, 2012-ci ildə təqaüdə buraxılan zaman isə 860 manat birdəfəlik müavinət aldığını, DİO əməkdaşlarına məzuniyyət pulları Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 185 nömrəli qərarı ilə "Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli, 73 nömrəli qərarına edilmiş dəyişiklikdən sonra (DİO-nun əməkdaşları məzuniyyətə çıxarkən ildə bir dəfə onlara bir aylıq əmək haqqı məbləğində pul müavinəti verilir) ödənilməyə başlanıldığını, İddiaçı xidmətdən xaric olunarkən əvvəlki illərə görə məzuniyyət pulunu tələb etməməsi onun DİO əməkdaşlarına Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 185 nömrəli qərarından sonra ödənilməyə başlanılan məzuniyyət pullarını tam şəkildə almasına dəlalət etdiyini, hətta İddiaçı özü də sonuncu məhkəmə iclasında 2007-ci ildən sonrakı illərin məzuniyyət pullarını aldığını etiraf etdiyini, İddiaçı xidmət müddətinin 2005-ci ildən əvvəlki illəri üçün kompensasiya tələb etməsinin heç bir hüquqi əsası olmadığını, çünki Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 185 nömrəli qərarı qüvvəyə minməzdən əvvəl DİO əməkdaşlarına məzuniyyət pulu ödənilməsi nəzərdə tutulmadığını, ona xx.xx.2022-ci ildə ödənilən 1835.40 manat kompensasiya yanlışlıq nəticəsindən olduğundan geri qaytarılmalı olduğunu, bundan əlavə iddiaçı 2011-ci ildən əvvəlki illərdə istifadə etmədiyi əsas məzuniyyətə görə kompensasiyanın ödənilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmədiyi üçün 10 iyun 2011-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə istinadla həmin iddianı qaldıra bilməyəcəyini, çünki Azərbaycan Respublikası MPM-nin 298-ci maddəsinə görə şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olduğunu (həmin norma 10 iyun 2011-ci il tarixli, 143-İVQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə MPM-dən çıxarılmışdır və bu cür mübahisələndirmə qaydaları Azərbaycan Respublikası İPM-lə tənzimlənməyə başlamışdır), lakin bu halın da iddianın mümkün sayılmasına əsas vermədiyini, əvvəla ona görə ki, yuxarıda qeyd olunduğu kimi, inzibati orqanın mübahisələndirilən hərəkəti baş verən dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi bu cür mübahisələndirmə üçün qısaldılmış 10 gün iddia müddəti müəyyən etdiyini və iddia müddətinin axımının hüquq və azadlığının pozulduğu barədə şəxsə «məlum olan gündən» hesablanması qaydası müəyyən olunmadığını, iddiaçı qanunvericilik aktının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktda müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, yeni qanuna istinadla inzibati iddianı qaldıra bilmədiyini. İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsı imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmadığını bildirmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin 05 avqust 2024-cü il tarixli, 2-1(122)-56/2024 nömrəli sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazır hesab edilmiş, şifahi məhkəmə baxışı iclası 18 dekabr 2024-cü il tarixə təyin edilərək, bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, 2005-2006-cı və 2011-2012-ci illərin məzuniyyət pullarını almışdır. Həmin illəri mübahisələndirmir. 2011-2012-ci illərdə məzuniyyət pulu Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli, 73 nömrəli qərarında göstərilən hesablama qaydalarına uyğun hesablanmışdır. Mübahisələndirdiyi illər 1994- 2004-cü və 2007-2010-cu illərdir. Həmin illərin də kompensasiyası iş materiallarında olan qrafikə uyğun hesablanaraq ona 1835 manat 40 qəpik ödənilmişdir. Hesab edir ki, həmin illər də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli, 73 nömrəli qərarında göstərilən hesablama qaydalarına uyğun hesablanmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyin nümayəndələri X3 və X4 cavabdeh inzibati orqan tərəfindən məhkəməyə ünvanlanmış etiraza uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də işə baxan məhkəmə, ilk öncə, mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır və bunu prosesin istənilən mərhələsində həyata keçirə bilər. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarında göstərilmişdir ki, inzibati-iqtisadi məhkəmə daxil olmuş iddia ərizəsində tələblərin inzibati icraat qaydasında baxılmasının mümkünlüyü məsələsini araşdırmağa və iddiaçıya bununla bağlı mövqeyini bildirməyə səlahiyyətlidir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: - 1.1, 1.2, 1.3-cü bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. - 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. - 8.6-cı maddəsinə əsasən iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüququ və azadlığının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Başqa sözlə, iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmaqla bərabər, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını da əsaslandırmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə, iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub–olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirməsindən söhbət gedə bilməz. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. Məhkəmə tərəfindən iddiaçıya dəfələrlə yardımlar edilib, təkliflər edilməsinə baxmayaraq, iddia tələbi dəqiqləşdirilməmişdir. Lakin İddia tələbinin məzmununda konkret olaraq qeyd edilməsə də, iddia ərizəsinin məzmunundan və iddiaçının məhkəmə iclaslarında verdiyi izahatlardan aydın olur ki, iddiaçı 1994-2004-cü il tarixlərdə və 2007- 2010-cu illərdə istifadə etmədiyi məzuniyyətlərə görə müvafiq kompensasiya alsa da, hazırda həmin kompensasiyanın düzgün hesablanmadığını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli, 73 nömrəli qərarında göstərilən qaydada hesablanaraq ona ödənilməsini tələb edir. 11 sentyabr 2024-cü il tarixə təyin edilmiş şifahi məhkəmə baxışı iclasında məlum olmuş və iddiaçı etiraf etmişdir ki, iddiaçı 2005-2006-cı və 2011-2012-ci illərdə istifadə etmədiyi məzuniyyətlərə görə kompensasiyanı müvafiq qərara uyğun olaraq hesablanmış şəkildə almışdır. İlk öncə, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya istifadə etmədiyi illərə görə məzuniyyət pulunun ödənilməsi məsələsinə münasibətdə qeyd edilməlidir ki, bu hal inzibati orqanın diskression səlahiyyətlərindən irəli gəldiyindən məhkəmə bu hala hüquqi qiymət verməyi zəruri hesab etmir. Hazırki iş üzrə mübahisəli dövr 1994-2004 və 2007-2010-cu illəri əhatə etdiyindən 2011-ci il 1 yanvar tarixinədək müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti 2000-ci il 1 sentyabr tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsi ilə, 2011-ci il 1 yanvar tarixindən isə iddia müddəti tətbiq edilən iddialar üzrə iddia müddəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsi ilə tənzimlənir. 2000-ci il 1 sentyabr tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur. Analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul edilmiş bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci il tarixədək inzibati orqanların qərarlarının və hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci il tarixədək ötürülmüşdürsə, onlar yeni qanuna görə mübahisələndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta və ya hərəkətə (hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Belə yanaşma hüquqi müəyyənlik prinsipinə əsaslanır. Məhkəmə qeyd edir ki, belə situasiyalarda hər bir halda hüquqi müəyyənlik prinsipinin xüsusi əhəmiyyəti və həmin prinsipin təmin olunması ilə bağlı ictimai maraq nəzərə alınmalıdır. Hazırkı mübahisəyə münasibətdə iddiaçıya 1994-2004 və 2007-2010cu illərdə istifadə edilməmiş əsas məzuniyyətə görə pul kompensasiyasının Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli, 73 nömrəli qərarında göstərilən qaydada hesablanaraq ödənilməsindən cavabdehin imtinasının iddiaçı tərəfindən 2011-ci il 1 yanvar tarixinədək mübahisələndirildiyi iş üzrə materiallardan görünmür və bu baxımdan onun yeni qanunvericiliyə əsasən həmin imkanı itirdiyi qəbul olunmalıdır. Belə ki, iddiaçı cavabdehin həmin hərəkətlərinin mübahisələndirilməsi barədə həmin dövrdə və həmin zaman kəsiyində iddia qaldırmaq imkanına malik olmasına rəğmən, həmin zaman kəsiyində müvafiq hüquqi müdafiə imkanlarından yararlanmamışdır. İddia müddətinə əməl olunması şəxsin iradəsinə bağlıdır və onun məsuliyyət sferasına aid edilməlidir. Bu baxımdan şəxs müddətin ötürülməsinin onun təqsirkar davranışına bağlı hüquqi nəticələrini qəbul etməyə borcludur. Müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir. Digər tərəfdən, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər. Məhkəmə qeyd edir ki, iddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. İddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Qeyd olunan məsələ ilə bağlı oxşar hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 11 sentyabr 2024-cü il tarixli, 2-1(102)-1359/2024 nömrəli qərarında da öz əksini tapmışdır. Eyni zamanda, qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-nin 13 və 48-ci maddələrində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 13-cü maddəsinin tələbinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. - 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “onun istifadə etmədiyi əsas məzuniyyətə görə kompensasiyanın Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli, 73 nömrəli qərarının 1 nömrəli əlavəsində göstərilən qaydada hesablanaraq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və İPM-in 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qəraraaldı: İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə qarşı “onun istifadə etmədiyi əsas məzuniyyətə görə kompensasiyanın Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 20 aprel 2000-ci il tarixli, 73 nömrəli qərarının 1 nömrəli əlavəsində göstərilən qaydada hesablanaraq Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən alınıb ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi"nə dair iddiası mümkün sayılmır. Qərardaddan, onun təqdim olunduğu gündən 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV
Məhkəmə qərarları › İş №2-1(122)-56/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-56/2024
18.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver