Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-566/2023 13.09.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X8 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Ordubad Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydində ad qrafasında “Rüfan”dan “Fərmin”ə dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək doğum akt qeydində ad qrafasında “Rüfan”dan “Fərmin”ə dəyişiklik edilməsi öhdəliyinin cavabdeh Ordubad Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1997-ci il tarixdə Ordubad rayonunun Düylün kəndində anadan olmuşdur. Onun adına verilən doğum haqqında şəhadətnamədə ad qrafasında adı Fərmin kimi qeyd olunmuşdur. Bundan başqa ona aid olan bütün sənədlərdə adı Fərmin kimi göstərilmişdir. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitdiyindən yeni vəsiqə almaq üçün müraciət etdikdə ona adının doğum haqqında akt qeydində “Rüfan” kimi qeyd olunduğu bildirilmişdir. Ona görə də Fərmin adı ilə şəxsiyyət vəsiqəsi verilməsi mümkünsüzdür. İddiaçının adının Rüfan kimi qeydə alınması barədə bu günə qədər məlumatı olmamışdır. Bu barədə Ordubad rayon qeydiyyat şöbəsinə mürciətinə cavab olaraq bildirilmişdir ki, Ordubad rayonu, Düylün Kənd İcra Nümayəndəliyində tərtib olunmuş xx.xx.1997-ci il tarixli, 10 nömrəli doğum haqqında akt qeydində onun adı “Rüfan” qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər kabinetinin 2001-ci il 01 mart tarixli, 52 nömrəli vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən qərarına əsasən vətəndaşın akt qeydində düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmalıdır. Onun ad qrafasında “Rüfan”dan “Fərmin”ə dəyişiklik edilməsi üçün əsaslar olmadığına görə sözügedən qərara ziddir və ona bununla bağlı məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İddiaçının yeni şəxsiyyət vəsiqəsi almağı üçün doğum akt qeydləri kitabında düzəliş edilməsi zərurəti yaranmışdır. İddiaçı göstərilənlərə əsasən məhkəmədən doğum akt qeydində ad qrafasında “Rüfan”dan “Fərmin”ə dəyişiklik edilməsi öhdəliyinin cavabdeh Ordubad Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Ordubad Rayon Qeydiyyat Şöbəsi iddiaya dair məhkəməyə ünvanlanan 23 may 2023-cü il tarixli, 3-16-5/8-150/2023 nömrəli məktubla iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı Ordubad rayonu, Düylün Kənd İcra Nümayəndəliyində tərtib olunmuş xx.xx.1997-ci il tarixli, 10 nömrəli doğum haqqında akt qeydində adı “Rüfan” qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını” müəyyən edən qərarına əsasən vətəndaşın akt qeydində düzəliş edilməsi üçün kifayət qədər əsaslar olduqda (bu halda doğum haqqında akt qeydinin əsasında) edilir. Nəcəfov Rüfan (Fərmin) Faiq oğlunun doğum haqqında akt qeydində adı “Rüfan” olaraq yazıldığı üçün Ordubad rayonu, Düylün Kənd İcra Nümayəndəliyində tərtib olunmuş xx.xx.1997-ci il tarixli, 10 nömrəli doğum haqqında akt qeydində adının “Rüfan”-dan “Fərmin”-ə düzəliş edilməsi yuxarıda adıçəkilən qərara ziddir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 13 sentyabr 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı ünvanına məhkəmə bildirişi göndərilərək məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən xəbərdarlıq olunmasına baxmayaraq, o, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh Ordubad Rayon Qeydiyyat Şöbəsi məhkəməyə 23 may 2023-cü il tarixli, 3-16-5/8-151/2023 nömrəli məktub göndərərək məhkəmə iclaslarında işlərinin çoxluğu ilə əlaqədar iştirak edə bilməyəcəklərini bildirib işə onların iştirakları olmadan baxılıb yekun qərar verilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: - Ordubad Rayon Qeydiyyat Şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 20 aprel 2023-cü il tarixli, 116 nömrəli məktubdan məlum olur ki, Ordubad rayon Düylün Kənd İcra Nümayəndəliyində tərtib olunmuş xx.xx.1997-ci il tarixli, 10 nömrəli doğum haqqında akt qeydində onun adı “Rüfan” qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər kabinetinin 2001-ci il 01 mart tarixli, 52 nömrəli “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik bərpa və ləğv qaydalarını” müəyyən edən qərarına əsasən vətəndaşın akt qeydinə düzəliş edilməsi üçün kifayət qədər əsaslar olmalıdır. Kifayət qədər əsaslar olmadığına görə akt qeydində onun ad qrafasında “Rüfan”-dan “Fərmin”-ə dəyişiklik edilməsi sözügedən qərara ziddir. Bunun üçün ona məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. - Düylün Kənd İcra Nümayəndəliyi tərəfindən 10 avqust 1997-ci il tarixdə verilmiş XİX-ЖГ seriyalı, 492563 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı 18 iyul 1997-ci il tarixdə Ordubad rayonu, Düylün kəndində doğulmuşdur. Ata adı X5, ana adı qrafasında X2 qeyd olunmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 10 avqust 1997-ci tarixdə 10 nömrə ilə qeyd edilmişdir. - SX seriyalı, ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən aydın olur ki, Nəcəfov X3 MR Ordubad rayon çağırış komissiyası tərəfindən hərbi xidmətə yararlı sayılaraq həqiqi hərbi xidmətə çağırılmış və N iyul 2015-ci ildə hərbi hissəyə göndərilmiş, N yanvar 2017-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. - İlkin hərbi qeydiyyata alinma haqqında 350 nömrəli vəsiqənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2013-cü ildə tibbi komissiyanı keçərək hərbi xidmətə yararlı sayılmışdır. - Ordubad Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 20 aprel 2023-cü il tarixli, 492563 nömrəli doğum akt qeydindən çıxarışdan məlum olur ki, X6 18 iyul 1997-ci il tarixdə Ordubad rayonu, Düylün kəndində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 10 avqust 1997-ci tarixdə 10 nömrə ilə qeydiyyat aparılmışdır. Ata adı qrafasında X5, ana adı qrafasında X2, valideynlərinin milliyəti azərbaycanlı qeyd olunmuşdur. - AE seriyalı, 861001 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, müvafiq qrafalarda İddiaçı kimi qeyd olunmuşdur. - Ordubad Rayon İcra Hakimiyyətinin Düylün Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01 may 2023-cü il tarixli, 73 nömrəli arayışdan aydın olur ki, Nəcəfov X4 rayon Düylün kəndində yaşayır və həmin ünvanda qeydiyyatdadır. - 22 iyun 2012-ci il tarixdə verilmiş A seriyalı, 132431 nömrəli ümumi orta təhsil haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 2012-ci ildə Ordubad rayon Düylün kənd tam orta məktəbində ümumi orta təhsili bitirmişdir. - 04 iyul 2014-cü il tarixdə verilmiş A seriyalı, 319113 nömrəli tam orta təhsil haqqında attestatın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 2014-cü ildə Ordubad rayon Düylün kənd tam orta məktəbində tam orta təhsili bitirmişdir. - AA4951273 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı 18 iyul 1997-ci il tarixdə doğulmuşdur. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 12 iyun 2023-cü il tarixli, 3-13-43/2-4841/2023 nömrəli məktubdan məlum olur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsində xx.xx.1997-ci il təvəllüdlü İddiaçı cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və məhkumluğu barədə məlumat yoxdur. Həmçinin məhkəməyə təqdim edilmiş iddiaçıya məxsus CO2929885 nömrəli ümumvətəndaş pasportun, AE seriyalı, 861001 nömrəli sürücülük vəsiqəsinin və köhnə şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, həmin sənədlərdə İddiaçı kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: - 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. - 1.4 bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. - 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı tərəf subyektiv hüquqa malik olmuşdur. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi ilə bağlı məsələdə qanuni bir marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət hüququn mahiyyətini dəyişməməlidir. İş materialları ilə müəyyən olunur ki, xx.xx.1997-ci il tarixli, 10 nömrəli doğum haqqında akt qeydində İddiaçı ad qrafasında yanlışlıqla “Fərmin” əvəzinə “Rüfan” yazılmışdır. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, cavabdeh tərəfindən xx.xx.1997-ci il tarixli, 10 nömrəli doğum haqqında akt qeydində dəyişiklik edilməsinə heç bir qanuni maneə olmamışdır. Cavabdehin öz imtinasına gətirdiyi arqument - vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında iddiaçının soyadının dəyişməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik bərpa və ləğv qaydalarını” müəyyən edən qərara zidd olmasıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının əsas hüquqi marağı ada dəyişiklikliyin edilməsidir. Qeyd olunan hal üzrə orqanın imtinasında göstərilən arqument isə hazırkı iddianın təmin edilməməsi üçün qanuni əsas sayıla bilməz. Belə ki, məhkəmə araşdırması zamanı toplanmış sübutlar işin halları baxımından iddiaçının iddia tələbinin təmin edilməsi üçün yetərli dərəcədədir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh Ordubad Rayon Qeydiyyat Şöbəsi iddiaçının tələbindən imtina etməkdə haqlı olmamışdır. Beləliklə, İddiaçı cavabdeh Ordubad Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum akt qeydində ad qrafasında “Rüfan”dan “Fərmin”ə dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddia təmin edilsin. İddiaçı doğum akt qeydində ad qrafasında “Rüfan”dan “Fərmin”ə dəyişiklik edilməsi öhdəliyi cavabdeh Ordubad Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov
Məhkəmə qərarları › İş №2-1(122)-566/2023
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-566/2023
13.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver