Məhkəmə qərarları › İş №2-1(122)-57/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-57/2023

05.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-57/2023 05.05.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: X4 Heydər oğlunun sədrliyi, İbrahimova Səbinə Adələt qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin təmin olunması, ona Qarabağ müharibəsi veteranı adının və Qarabağ müharibəsi veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-10436/2022 nömrəli qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı 1990-1992-ci illərdə Sədərəyin müdafiəsi uğrunda döyüşlərdə iştirak etmişdir. Həmin döyüşlərdə iştirak etməsi ilə bağlı hərbi biletinin 7-ci səhifəsində qeyd aparılmışdır. Sədərək uğrunda gedən döyüşlərdə İ tağımın İİ bölmə komandiri kimi iştirak etsə də, hal-hazıra kimi müharibə veteranı statusu ala bilməmişdir. Bu məqsədlə müxtəlif təşkilatlara müraciət etmək məcburiyyətində qalmışdır. Bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə, NMR Sədərək rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinə ərizə ilə müraciət etmişdir. Lakin bu günə kimi verilmiş ərizələrə rəsmi qaydada cavab verilməmişdir. İddiaçı iddia ərizəsinin təmin olunması, ona Qarabağ müharibəsi veteranı adının və Qarabağ müharibəsi veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. İddiaçı məhkəməyə göndərdiyi 20 fevral 2023-cü il tarixli yeni iddia ərizəsində iddia tələbini “ona müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin NMR Sədərək rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinin üzərinə qoyulması” kimi ifadə etmişdir. Sonradan 03 mart 2023-cü il tarixli məhkəmə iclasında 20 fevral 2023-cü il tarixli iddia ərizəsində texniki səhvlik edərək cavabdeh qismində NMR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək rayon şöbəsini göstərdiyini bildirib, həmin iddia ərizəsində cavabdehin AR Müdafiə Nazirliyi kimi oxunmasını xahiş etmişdir. Məhkəmənin protokol qərarı ilə iddiaçının vəsatəti təmin edilərək 20 fevral 2023-cü il tarixli iddia ərizəsində cavabdehin AR Müdafiə Nazirliyi kimi oxunması qərara alınmışdır. Cavabdeh orqanın yazlı etirazının qısa xülasəsi: Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi iddiaya dair məhkəməyə ünvanlanan 17 yanvar 2023-cü il tarixli, 11/198 nömrəli yazılı münasibətini onunla əsaslandırmışdır ki, inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil, imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə, şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasıdır. Şəxsə “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - Şəxsin xidmət keçməsi: Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. - Bunun müvafiq sənədlərdə əks edilməsi: Bu zaman zəruri sənədlər məfumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 28 sentyabr tarixli qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı, hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 5235 nömrəli arayışına əsasən iddiaçının xx.xx.1992-ci il tarixdən sonraki hərbi xidməti barədə məlumatın olmadığı qeyd edilmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə işin şifahi məhkəmə baxışına keçirilməsi üçün kifayət qədər əsaslar olduğu nəzərə alınaraq şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 05 may 2023-cü il tarixə təyin olunmuş, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışdır. Cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: İş materiallarında olan: Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən İddiaçı ünvanlanmış 05 oktyabr 2022-ci il tarixli, 4/3-11060 nömrəli məktubdan məlum olur ki, “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.2022-ci il tarixli iclasında baxılmış və barələrində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmış, N nömrəli hərbi hissə tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 5235 nömrəli arayışa əsasən xx.xx.1992-ci il tarixdən sonrakı hərbi xidməti barədə məlumat olmadığına görə “müharibə veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. НЭ seriyalı, ******* nömrəli hərbi biletin surətinin 7-ci səhifəsində İddiaçı 1990-1992сi illərdə Sədərək rayonunda gedən döyüşlərdə iştirak etdiyi qeyd olunmuşdur. Naxçıvan MR Dövlət Müdafiə Komitəsi tərəfindən İddiaçı 148 nömrəli vəsiqə verilmişdir. Naxçıvan MR Dövlət Müdafiə Komitəsinin 09 mart 1992-ci il tarixli, 70 nömrəli əmrindən çıxarışın surətindən görünür ki, İddiaçı 1-ci tağımın 2-ci bölmə komandiri kimi Sədərək rayon qərargahının sərhəd zastavasına qəbul edilmişdir. 13 dekabr 1996-cı il tarixli, 20/X11 nömrəli arayışın surətindən məlum olur ki, İddiaçı 1990-1992-ci illərdə ermənilərə qarşı könüllü dəstələrdə fəal iştirak etmişdir. Sədərək Rayon Polis Şöbəsi tərəfindən 29 aprel 2005-ci il tarixdə verilmiş AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxx 1951-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Sədərək kəndində doğulmuş İddiaçı Sədərək rayonu, Sədərək kəndində pasport qeydiyyatındadır. Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək Rayon Şöbəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 17 yanvar 2023-cü il tarixli, 3-43-74/2-17/2023 nömrəli məktubdan məlum olur ki, 1951-ci il təvəllüdlü İddiaçı qeydiyyat kartası istefada olmanın son yaş həddinə görə (xx.xx.2016-cı il tarixli, 824 №-li akt, sıra sayı 10) ləğv edildiyi üçün Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sədərək Rayon Şöbəsində onun döyüşlərdə iştirakı və tərxis olub-olmaması barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 17 yanvar 2023-cü il tarixli, 32 nömrəli arxiv arayışından aydın olur ki, Zeynalov X2 Dövlət-Müdafiə Komitəsi üzrə xx.xx.1992-ci il tarixli, 71 nömrəli əmrlə (§ 2, sıra nömrəsi 18) Sədərək Regional qərargahının 1-ci tağımın 2-ci bölmə komandiri vəzifəsinə təyin olunub. İddiaçı xidməti, döyüşlərdə iştirakı və ehtiyata buraxılması haqqında məlumat yoxdur. Sədərək Rayon İcra Hakimiyyəti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 17 mart 2023-cü il tarixli, 5-26/2-64/2023 nömrəli məktubdan məlum olur ki, İddiaçı müharibə aparılan illərdə Ermənistan Silahlı Qüvvələrinin ölkəmizə hücumu zamanı Sədərək rayonunun müdafiəsində, “Könüllülər dəstəsi”nin tərkibində iştirak edib-etməməsi barəsində Sədərək Rayon İcra Hakimiyyətində və Sədərək rayon Dövlət Arxivində heç bir sənəd yoxdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Həmin maddənin İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin 2-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin maddənin 8-ci abzasına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 7-ci maddəsinin 1-ci abzasına əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin 3-cü abzasının tələblərinə əsasən veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin: 1-ci maddəsinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanununun 37ci maddəsində həqiqi hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – müvafiq icra hakimiyyəti orqanı tərəfindən hərbi hissəyə göndərildikləri gün; son – həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2007-ci il Qərarında Konstitusiya Məhkəməsi hesab edir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etməklə məcburetmə haqqında iddia qaldırmışdır. Hazırkı mübahisəyə müharibə veteranı statusunun verilməsi ilə bağlı münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilməlidir. Həmin normaların yuxarıda istinad olunan müddəalarına görə isə iddia təmin edilə bilməz. Belə ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edibetməməsi məsələsi böyük əhəmiyyətə malik olan bir hal kimi çıxış etsə də, məhkəmə araşdırması zamanı bu məsələ istər göstərilən hüquq normaları baxımından, istərsə də iddiaçının məhkəməyə verdiyi ifadələrdən öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müharibə veteranı adı qanunvericiliyə əsasən səlahiyyətli dövlət qurumları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma, travma, kontuziya alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilməlidir. Lakin iddiaçının döyüş əməliyyatları aparan hərbi hissənin tərkibində hərbi xidmət keçməsi mötəbər sübutlarla təsdiq edilmədiyindən, döyüşlərdə iştirakı və ehtiyata buraxılması barədə məlumat olmadığından, iddiaçının mötəbər sübut kimi iddia ərizəsində istinad etdiyi hərbi biletdə əks olunan məlumatlar AR Müdafiə Nazirliyinin Mərkəzi arxivinin və sair rəsmi aktlarla dəstəklənmədiyindən, iddia sübuta yetirilmiş sayıla bilməz. Eləcə də, iddiaçının hərbi biletinə, Dövlət Müdafiə Komitəsinin 70 nömrəli əmrindən çıxarışa və xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən, onun xx.xx.1988-ci il tarixdən xx.xx.1992-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi və qanuni əsaslarla ehtiyata buraxılması “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında” Əsasnamədə təsbit edilən sənədlərlə öz təsdiqini tapmır. Belə olan halda, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, 4/3-11060 №-li məktub ünvanlanaraq iddiaçıya veteran statusunun verilməsindən imtina olunması sonuncunun hüquqlarının pozulması kimi qiymətləndirilməməlidir. AR İnzibati Prosessual Məcəlləsinin 73-cü maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Şərh edilən hallar isə iddiaçının “döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxs” statusunu əldə etməsinə mane olur. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçıya müharibə veteranı statusunun və vəsiqəsinin verilməsindən imtinası əsaslı olmuşdur. Odur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası əsassız olduğundan təmin edilə bilməz. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2, 4.1, 33.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “ona müharibə veteranı vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Elnur Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar