Azərbaycan Respublikası adından QƏRAR Naxçıvan şəhəri İş № 2-1(122)-570/2024 30.05.2024 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Şərur Rayon Nikah Evinə qarşı "onun barəsində olan xx.xx.1981-ci il tarixli, 107 №-li doğum akt qeydində düzəliş edilməklə adının "Könül", doğum tarixinin xx.xx.1981-ci il kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində olan xx.xx.1981-ci il tarixli, 107 №-li doğum akt qeydlərində düzəliş edilməklə adının "Könül", doğum tarixinin xx.xx.1981-ci il kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1981-ci ildə Şərur şəhərində doğulmuşdur. O vaxtkı qaydalara əsasən mərhum babası Hidayət tərəfindən ona “Gülruh" adı verilmiş və doğum haqqında şəhadətnamə gecikmə ilə alındığından doğum tarixi də barəsində olan xx.xx.1981-ci il tarixli, 107 №-li akt qeydlərində xx.xx.1981-ci il kimi qeyd edilmişdir. Ailə daxilində "ad vermə" ilə bağlı mübahisə olduğundan valideynləri tərəfindən ona həmişə "Könül" adı ilə xitab edilmiş və demək olar ki, sonradan hər kəs onu "Könül" adı ilə tanımışdır. Belə ki, o, orta məktəbə rəsmi sənədlərə əsasən "Gülruh" adı ilə daxil olmuş və 1996-1997-ci tədris ilində Şərur şəhəri 2 saylı tam orta məktəbi tərəfindən ona ümumi orta təhsil haqqında şəhadətnamə verilərkən həmin sənəddə adı "Gülruh" kimi göstərilmiş, lakin sonradan bütün rəsmi sənədlərdə adı "Könül" kimi qeyd edilmişdir. Belə ki, ilk dəfə şəxsiyyət vəsiqəsi alarkən, eyni zamanda 1999-1997-ci tədris ilində Şərur şəhəri 2 saylı tam orta məktəbi tərəfindən ona tam orta təhsil haqqında attestat verilərkən adı "Könül" kimi qeyd edilmiş, sonrakı mərhələlərdə isə ona verilmiş diplom və şəhadətnamələrdə adı "Könül" olaraq əks olunmuşdur. Ailə qurduqdan sonra isə bu səbəbdən soyadı dəyişdirilsə də, barəsində olan bütün rəsmi sənədlərdə və şəxs olaraq hər kəs onu "Könül" olaraq tanıyıb bilməkdədir. Lakin mərhum atasının vəfatı ilə əlaqədar vərəsəlik işləri ilə bağlı müvafiq qurumlara müraciət zamanı adının dəyişdirilməsinə dair qaydalara tam olaraq riayət edilmədiyi, barəsində olan doğum akt qeydlərində müvafiq düzəlişin lazımi qaydada aparılmadığı məlum olmuşdur. Bundan sonra tərəfindən müvafiq tələblə cavabdeh orqan - Şərur Rayon Nikah Evinə müraciət edilmiş, lakin həmin orqan tərəfindən akt qeydlərində düzəlişlərin edilməsinin onun səlahiyyətləri xaricində olduğu, bununla bağlı müvafiq məhkəməyə müraciət edilməsi bildirilmişdir. Odur ki, hazırki tələblə məhkəməyə müraciət edir və hesab edir ki, tələbinin əsaslı olması səbəbindən iddia təmin edilməli və ona aid akt qeydlərində düzəliş olunmalıdır. İddiaçı göstərilənlərə əsasən məhkəmədən onun barəsində olan xx.xx.1981-ci il tarixli, 107 №-li doğum akt qeydlərində düzəliş edilməklə adının "Könül", doğum tarixinin xx.xx.1981-ci il kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 09 fevral 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil vəsatət verərək iddia ərizəsində texniki səhvlik nəticəsində iddia tələbinin “İddiaçı barəsində olan xx.xx.1981-ci il tarixli, 107 №-li doğum akt qeydlərində düzəliş edilməklə adının "Könül", doğum tarixinin xx.xx.1981-ci il kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" yazıldığını, iddia tələbinin “İddiaçı barəsində olan xx.xx.1981-ci il tarixli, 107 №-li doğum akt qeydində düzəliş edilməklə adının "Könül", doğum tarixinin xx.xx.1981-ci il kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi oxunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin protokol qərardadı ilə iddiaçının vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş vəsatət təmin edilərək İddiaçı cavabdeh Şərur Rayon Nikah Evinə qarşı iddia tələbinin "onun barəsində olan xx.xx.1981-ci il tarixli, 107 №-li doğum akt qeydində düzəliş edilməklə adının "Könül", doğum tarixinin xx.xx.1981-ci il kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi oxunması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, sərəncamla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər cavabdehə təqdim edilmiş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın yazılı etirazının qısa xülasəsi: Cavabdeh Şərur Rayon Nikah Evi iddiaya dair məhkəməyə ünvanlanan 29 dekabr 2023-cü il tarixli, 3-16-5/8-13-268/2023 nömrəli məktubla iddiaya dair yazılı münasibətini onunla əsaslandırmışdır ki, İddiaçı ərizə ilə Şərur Rayon Nikah Evinə müraciət edərək Şərur Rayon Nikah Evi tərəfindən tərtib edilmiş xx.xx.1981-ci il tarixli, 107 nömrəli doğum haqqında akt qeydində təvəllüdünün “xx.xx.1981”-ci ildən “xx.xx.1981”-ci ilə dəyişilməsini və adının “Gülruh”dan “Könül”ə dəyişdirilməsini xahiş etmişdir. Şərur rayon Nikah Evi İddiaçı müraciətinə əsasən doğum haqqında akt qeydində “uşaq məlumat qrafasında adının “Gülruh” adından “Könül ” adına və doğum tarixinin “xx.xx.1981”-ci ildən “xx.xx.1981”-ci ilə düzəliş etmək mümkün olmadıqda Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət etməsini tövsiyə etmişdir. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmənin sərəncamı ilə iş şifahi məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab olunmuş, şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclası 30 may 2024-cü il tarixə təyin edilmişdir. Cavabdeh Şərur Rayon Nikah Evi məhkəməyə 22 aprel 2024-cü il tarixli, 3-16-5/8- 13-194/2024 nömrəli məktub göndərərək xx.xx.2024-cü il tarixdə məhkəmə iclasında iş yükünün çoxluğu ilə əlaqədar iştirak edə bilməyəcəklərini bildirib işə onların iştirakları olmadan baxılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Yazılı sübutlar: - Şərur Rayon Nikah Evi tərəfindən Şərur rayon Şərur şəhərində yaşayan İddiaçı ünvanlanmış 29 noyabr 2023-cü il tarixli, 3-16-5/8-15-615/2023 nömrəli məktubdan görünür ki, Şərur rayon Nikah Evi tərəfindən xx.xx.1981-ci il tarixli, 107 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. Həmin akt qeydində vətəndaşın adı X2, təvəllüdü isə xx.xx.1981-ci il yazılmış, lakin şəxsiyyət vəsiqəsində adı “Könül” təvəllüdü “xx.xx.1981”-ci il yazılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarına düzəliş kifayət qədər əsaslar olmadıqda məhkəmə tərəfindən həyata keçirilir. Doğum haqqında akt qeydində adın “Gülruh”dan “Könül” adına, təvəllüdünü isə “xx.xx.1981”-ci ildən “xx.xx.1981"-ci ilə düzəliş edilməsi Nikah Evində mümkün olmamışdır. Göstərilənlərə əsasən aidiyyəti üzrə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. - 11 avqust 2003-cü il tarixli, İİ-AZ seriyalı, 034843 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, xx.xx.1982-ci il təvəllüdlü X3 ilə xx.xx.1981-ci il təvəllüdlü X5 11 avqust 2003-cü il tarixdə nikah bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 14 nömrə ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən xx.xx.2003-cü il tarixdə verilmiş, 103 qeydiyyat nömrəli şəhadətnamənin təsdiq edilmiş surətindən aydın olur ki, X1 tibb bacısı ixtisas dərəcəsi verilmişdir. - A seriyalı, 105381 nömrəli diplomun təsdiq edilmiş surətindən görünür ki, Naxçıvan Dövlət Universiteti tərəfindən X1 dövlət attestasiya komissiyasının xx.xx.2003-cü il tarixli, 21 saylı protokolu ilə tarix ixtisası ali peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilmişdir. - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş 29 noyabr 2023-cü il tarixdə verilmiş doğum akt qeydindən çıxarışdan məlum olur ki, X2 27 noyabr 1981-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayon Şərur şəhərində anadan olmuşdur. Bu barədə Şərur rayon Nikah Evi tərəfindən xx.xx.1981-ci il tarixdə 107 nömrəli doğum haqqında akt qeydi tərtib edilmişdir. Doğum akt qeydində ata adı X4, ana adı X6, valideynlərinin milliyəti azərbaycanlı olaraq qeyd edilmişdir. - M.Seyidov adına Şərur şəhər 2 №-li tam orta məktəb tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 87 nömrəli arayışdan aydın olur ki, X5, həqiqətən, 1996/1997-ci tədris ilində Şərur şəhər 2 №-li tam orta məktəbində ümumi orta təhsil haqqında şəhadətnamə almışdır. - M.Seyidov adına Şərur şəhər 2 №-li tam orta məktəb tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 88 nömrəli arayışdan məlum olur ki, X5, həqiqətən, 1998/1999-cu tədris ilində Şərur şəhər 2 №-li tam orta məktəbində tam orta təhsil haqqında attestat almışdır. - Şərur Rayon İcra Hakimiyyətinin Mahmudkənd kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 dekabr 2023-cü il tarixli arayışdan aydın olur ki, İddiaçı Şərur rayonunun Mahmud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində təsərrüfat qeydiyyatında durur. - Şərur Rayon Polis Şöbəsi tərəfindən 06 fevral 2017-ci il tarixdə verilmiş AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1981-ci il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur şəhərində doğulmuşdur. - AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı xx xxxxxx 1981-ci il tarixdə doğulmuşdur. - Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş 22 fevral 2024-cü il tarixli, 3-13-43/2-2647/2024 nömrəli məktubdan aydın olur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarında xx.xx.1981-ci il təvəllüdlü İddiaçı cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunması, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və ya məhkumluğu barədə məlumat yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin İV hissəsinə görə isə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 159.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. - 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir. - 161.2-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın: - 1.1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. - 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 13.1-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeyd edilməsinin düzgünlüyünə nəzarət baxımından, Qeydiyyat şöbəsinin və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinin, icra hakimiyyəti nümayəndəliyinin fəaliyyətinin yoxlanılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən, konsulluq idarəsinin fəaliyyətinin yoxlanılması ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir. 13.2. Bu məqsədlə qeyd olunan orqanlar aidiyyəti üzrə: 13.2.1. vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydalarına, habelə vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarına düzgün əməl olunmasına qeydiyyat şöbələrinın və icra hakimiyyəti nümayəndəliklərinin fəaliyyətinin təşkili qaydalarına riayət edilməsinə nəzarət edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın: - 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. - 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. - 8-ci bəndinə görə ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. 10.2-ci maddəsinə əsasən hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur. 10.3-cü maddəsinə əsasən bu Qanunda nəzərdə tutulmuş prinsiplər digər prinsiplərin əhəmiyyətinin azaldılması kimi şərh oluna bilməz. 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 28.1 və 28.1.1-ci maddələrinə əsasən fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək, mübahisənin həllində tətbiq edilməli hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmənin əsaslandırması: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı tərəf subyektiv hüquqa malik olmuşdur. Məhkəmə icraatı gedişində müəyyən olundu ki, xx.xx.1981-ci il tarixli, 107 №-li doğum haqqında akt qeydində iddiaçının ad qrafasında yanlışlıqla “Könül” əvəzinə “Gülruh”, doğum tarixi qrafasında isə “xx.xx.1981-ci il” əvəzinə “xx.xx.1981-ci il” yazılmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi ilə bağlı məsələdə qanuni marağı olduğu halda hər kəsin prinsip olaraq bu hüquqa malik olduğu ilə bağlı tənzimləmə gətirmişdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar. Həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət hüququn mahiyyətini dəyişməməlidir. Həmçinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatının əsas məqsədlərindən biri də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm də dövlət mənafeyi və ictimai mənafe üçün aparılmasıdır. Məhkəmə qanunvericiliyin yuxarıda göstərilmiş müddəalarına istinadla qeyd edir ki, cavabdeh tərəfindən İddiaçı barəsində aparılmış doğum haqqında akt qeydində dəyişiklik edilməsinə heç bir qanuni maneə olmamışdır. Cavabdehin öz imtinasına gətirdiyi arqument - vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatında iddiaçının doğum haqqında akt qeydində dəyişiklik edilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”da nəzərdə tutulan əsasların olmamasıdır. Bu baxımdan qeyd olunmalıdır ki, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, göstərilən Qərarda nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar müəyyən etməklə, vətəndaşın müraciətinə imtina etməkdə cavabdeh haqlı sayıla bilməz. Halbuki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, iddiaçının əsas hüquqi marağı doğum haqqında akt qeydində müvafiq düzəlişlərin aparılmasıdır. Qeyd olunan hal üzrə orqanın imtinasında göstərilən arqument isə hazırkı iddianın təmin edilməməsi üçün qanuni əsas sayıla bilməz. Belə ki, məhkəmə araşdırması zamanı toplanmış sübutlar işin halları baxımından iddiaçının iddia tələbinin təmin edilməsi üçün yetərli dərəcədədir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh Şərur Rayon Nikah Evi iddiaçının tələbindən imtina etməkdə haqlı olmamışdır. Beləliklə, İddiaçı cavabdeh Şərur Rayon Nikah Evinə qarşı "onun barəsində olan xx.xx.1981-ci il tarixli, 107 №-li doğum akt qeydində düzəliş edilməklə adının "Könül", doğum tarixinin xx.xx.1981-ci il kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3, 4.1, 34.1, 58.7, 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddia təmin edilsin. İddiaçı barəsində olan xx.xx.1981-ci il tarixli, 107 №-li doğum akt qeydində düzəliş edilməklə adının "Könül", doğum tarixinin xx.xx.1981-ci il kimi qeyd edilməsi öhdəliyi cavabdeh Şərur Rayon Nikah Evinin üzərinə qoyulsun. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Tural Əliyev
Məhkəmə qərarları › İş №2-1(122)-570/2024
Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərar — İş №2-1(122)-570/2024
30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver