Məhkəmə qərarları › İş №2-1(122)-571/2025

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-571/2025

09.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-571/2025 09.01.2025 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Əliyev Tural Yusif oğlunun sədrliyi, Rzayeva Əpruz Qasım qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı "Culfa rayon Yaycı kənd XDM İcraiyyə Komitəsində 11 yanvar 1993-cü il tarixdə adına doğum akt qeydləri kitabında 04 nömrə ilə qeyd edilmiş 5 yanvar 1993-cü il doğum tarixinə düzəliş edilərək xx xxx 1993-cü il kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddianın mümkünlüyünün yoxlanılması məsələsinə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı nümayəndəsi vasitəsilə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Culfa rayon Yaycı kənd XDM İcraiyyə Komitəsində 11 yanvar 1993-cü il tarixdə adına doğum akt qeydləri kitabında 04 nömrə ilə qeyd edilmiş 5 yanvar 1993-cü il doğum tarixinə düzəliş edilərək xx xxx 1993-cü il kimi qeyd edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Culfa rayon Yaycı kənd XDM İcraiyyə Komitəsində doğum haqqında akt qeydləri kitabında 11 yanvar 1993-cü il tarixdə 4 nömrə ilə qeyd edilməklə adına verilmiş XVİİ JQ (7KF) N294276 saylı doğum haqqında şəhadətnamədə doğum tarixi 5 yanvar 1993-cü il kimi göstərilmişdir. Lakin onun adına verilmiş AA******* nömrəli, xxxxxxx FİN kodlu Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində 02 mart 2019-cu il tarixdə 16 dekabr 1992-ci il tarixdə Naxçıvan şəhərində doğulmuş X2 ilə Səadət Sarayında (Bakı Nikah Evi) rəsmiləşdirilmiş və nikahın bağlanması haqqında akt qeydləri kitabında 121 nömrə ilə qeyd edilməklə verilmiş AZ- İİN303741 saylı nikah haqqında şəhadətnamədə və 18 mart 2021-ci il tarixdə adına verilmiş C02969295 nömrəli Azərbaycan Respublikası vətəndaşının pasportunda onun doğum tarixi xx xxx 1993-cü il kimi göstərilmişdir. Hazırda o, X1 şəhərində yaşayır. Orada da müəyyən sənədləri var və həmin sənədlərdə də doğum tarixi xx xxx 1993-cü il kimi qeyd edilmişdir. Doğum haqqında şəhadətnaməmdə doğum tarixinin digər sənədlərində göstərilən doğum tarixi ilə fərqli olması onun üçün problemlər yaradır. 11 yanvar 1993-cü il tarixdə Culfa rayon Yaycı kənd XDM İcraiyyə Komitəsində doğum haqqında akt qeydləri kitabında 4 nömrə ilə adına aparılmış 5 yanvar 1993-cü il doğum tarixinə düzəliş edilərək xx xxx 1993-cü il kimi göstərilməsi barədə Cavabdehnə göndərdiyi ərizəyə 27 noyabr 2024-cü il tarixdə 3-16-5/8-15-225/2024 nömrəli məktubla verilmiş cavabda düzəliş edilməsinə kifayət qədər əsaslar olduğunu təsdiq edən sənədlər olmadığından düzəlişin edilməsinin məhkəmə qaydasında müəyyən edildiyi göstərilmişdir. İddiaçı göstərilənlərə əsasən məhkəmədən Culfa rayon Yaycı kənd XDM İcraiyyə Komitəsində 11 yanvar 1993cü il tarixdə adına doğum akt qeydləri kitabında 04 nömrə ilə qeyd edilmiş 5 yanvar 1993cü il doğum tarixinə düzəliş edilərək xx xxx 1993-cü il kimi qeyd edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinin tələbinə müvafiq olaraq iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul olunmuş, iddianın mümkünlüyünün yoxlanılması ilə bağlı məhkəmə iclası 09 yanvar 2025ci il tarixə təyin edilmişdir. Məhkəmə tərəfindən iddiaçıya yardım məktubu ünvanlanaraq, iddia ərizəsinin səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığı, tərəfindən Nümayəndə etibarnamə ilə verilmiş səlahiyyətlərin sırasında iddia ərizəsini imzalamaq səlahiyyətinin nəzərdə tutulmadığı bildirilmiş, iddiaçı tərəfindən və ya onun tərəfindən belə səlahiyyət verilmiş şəxs tərəfindən imzalanmış iddia ərizəsinin məhkəməyə təqdim edilməsi təklif olunmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmənin əsaslandırması: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 1.2-ci madəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 69.1-ci maddəsinə əsasən, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 74.1-ci maddəsinə əsasən, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. 74.2-ci maddəsinə əsasən, iddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 149.1-ci maddəsində əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli qərarının: 1.1, 1.2, 1.3-ci bəndlərində qeyd olunan hüquqi mövqeyə görə məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 3.1-ci bəndinə əsasən inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. 3.2-ci bəndinə əsasən İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. 3.3-cü bəndinə əsasən yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. 3.4-cü bəndinə əsasən birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. 16.1-ci bəndinə əsasən iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. Məhkəmə qeyd edir ki, məhkəməyə daxil olmuş iddia ərizəsini iddiaçının nümayəndəsi (atası) Nümayəndə tərəfindən imzalanmışdır. İddia ərizəsinə xx.xx.2024-cü il tarixli etibarnamənin və iddiaçının doğum haqqında şəhadətnaməsinin surəti əlavə edilmişdir. Lakin həmin etibarnamədə iddiaçı tərəfindən Nümayəndə müəyyən səlahiyyətlərin etibar edildiyi göstərilsə də, həmin səlahiyyətlər içərisində “iddia ərizəsini imzalamaq” səlahiyyəti nəzərdə tutulmamışdır. Etibarnamədə qeyd edilənlər də “iddia ərizəsini imzalamaq” səlahiyyəti kimi qəbul oluna bilməz. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74.2-ci maddəsinin tələbinə əsasən, bu səlahiyyət xüsusi olaraq göstərilməlidir. Beləliklə, iddia ərizəsi səlahiyyətli şəxs tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 03 nömrəli, 31 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, ərizə səlahiyyəti olmayan şəxs tərəfindən verildikdə və bu vəziyyətdə icraata qəbul edildikdə məhkəmə prosesinin sonrakı mərhələlərində iddiaçının özünün bilavasitə iştirak etməsi və iddia ərizəsini yazılı müdafiə etməsi halında MPM-nin 259.0.3-cü maddəsində göstərilən əsasla ərizənin baxılmamış saxlanılmasını istisna edir. İddiaçının bilavasitə iştirakının təmin edilməsi üçün xx.xx.2025-ci il tarixə məhkəmə iclası təyin edilmiş, iddia ərizəsində qeyd edilən ünvana bu barədə yardım məktubu göndərilmiş, lakin iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Göründüyü kimi prosessual qanunvericilikdə iddia ərizəsinin iddiaçı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanması ilə bağlı tələbin müəyyən edilməsi iddiaçının iradə ifadəsinin və hüquqi marağının mövcudluğunun müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Hazırki iş üzrə iddia ərizəsi müvafiq səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə olan halda, məhkəmənin qənaətinə görə iddia ərizəsində göstərilənlər iddiaçının iradə ifadəsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Beləliklə, məhkəmə İddiaçı Cavabdehnə qarşı "Culfa rayon Yaycı kənd XDM İcraiyyə Komitəsində 11 yanvar 1993-cü il tarixdə adına doğum akt qeydləri kitabında 04 nömrə ilə qeyd edilmiş 5 yanvar 1993-cü il doğum tarixinə düzəliş edilərək xx xxx 1993-cü il kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiasının mümkün sayılmaması qənaətinə gəlir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdehnə qarşı "Culfa rayon Yaycı kənd XDM İcraiyyə Komitəsində 11 yanvar 1993-cü il tarixdə adına doğum akt qeydləri kitabında 04 nömrə ilə qeyd edilmiş 5 yanvar 1993-cü il doğum tarixinə düzəliş edilərək xx xxx 1993-cü il kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan qərardad rəsmi qaydada təqdim olunduğu vaxtdan (elan olunduğu vaxtdan) 10 (on) gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar