Məhkəmə qərarları › İş №2-1(122)-573/2023

Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi Qərardad — İş №2-1(122)-573/2023

05.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № 2-1(122)-573/2023 05.06.2023 NAXÇIVAN MUXTAR RESPUBLİKASININ İNZİBAT MƏHKƏMƏSİ Hakim Muradov Hicran Xasay oğlunun sədrliyi, Məmmədov Kamal Cahangir oğlunun katibliyi, İddiaçı və cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinə qarşı “Şahbuz Rayon Daylaqlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 01 iyul 2016-cı il tarixli, 06 nömrəli əmrinin ləğv edilərək onun işə yenidən bərpa olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair inzibati mübahisə üzrə işə Naxçıvan Muxtar Respublikası İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şahbuz Rayon Daylaqlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 01 iyul 2016-cı il tarixli, 06 nömrəli əmrinin ləğv edilərək onun işə yenidən bərpa olunmağı öhdəliyinin cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilərək şifahi icraat qaydasında mümkünlük iclası 06 iyun 2023-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmiş, həmçinin İddiaçı yardım məktubu ünvanlanaraq qaldırılan iddianın mahiyyət etibarilə İPM-nin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia hesab olunduğu, həmin iddia növü üzrə ilkin zəruri mümkünlük şərtinin iddia müddətinə əməl edilməsi ilə bağlı olduğu, Şahbuz Rayon Daylaqlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 01 iyul 2016-cı il tarixli, 06 nömrəli əmri mübahisələndirildiyindən, ilk öncə, məhkəmə tərəfindən iddia müddəti ilə bağlı mümkünlük şərtinin araşdırılmasının zəruri olduğu, Şahbuz Rayon Daylaqlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 01 iyul 2016-cı il tarixli, 06 nömrəli əmri iş materiallarına əlavə edilmədiyi kimi, həmin qərarın iddiaçıya məlum olma və ya təqdim olunma anını müəyyən etməyə imkan verən müvafiq sənədlərin də iş materiallarında mövcud olmadığı bildirilərək, iddia tələbinin dəqiqləşdirilməsi və Şahbuz Rayon Daylaqlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 01 iyul 2016-cı il tarixli, 06 nömrəli əmrinin və həmin əmrin iddiaçıya məlum olma və ya təqdim olunma anını müəyyən etməyə imkan verən müvafiq sübutların məhkəməyə təqdim edilməsi üçün iddiaçıya 05 iyun 2023-cü il tarixədək müddət təyin edilmiş, əks halda iddia tələbinin İPM-nin 35.1-ci maddəsinə əsasən mümkünsüz sayılacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, Şahbuz Rayon Daylaqlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 01 iyul 2016-cı il tarixli, 06 nömrəli əmri əsasında işdən azad edildiyini, bu barədə əmək kitabçasında müvafiq qeyd aparıldığını, 2017-ci ildə əmrin ona təqdim edildiyini, işdən çıxarıldığı andan həmin əmrdən xəbərdar olduğunu, lakin onu mübahisələndirmək imkanında məhrum olduğunu, hazırda Şahbuz Rayon Daylaqlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 01 iyul 2016-cı il tarixli, 06 nömrəli əmrinin ləğv edilərək yenidən işə bərpa edilməsini tələb etdiyini bildirərək, məhkəmədən iddia tələbinin mümkün sayılaraq işə mahiyyəti üzrə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi X2 İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürdüyünü, işdən çıxarıldığı andan əmrin ona məlum olduğunu, lakin bundan 7 ilə yaxın müddət keçməsinə baxmayaraq əmri mübahisələndirmədiyini bildirərək, məhkəmədən iddiaçının iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdeh nümayəndəsinin izahatlarını dinləyib, iddia ərizəsini və iddia ərizəsinə əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, iddiaçı iddia qaldırmaq üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürdüyündən iddiaçının iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şahbuz Rayon Daylaqlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 01 iyul 2016-cı il tarixli, 06 nömrəli əmrinin ləğv edilərək onun işə yenidən bərpa olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının işdən çıxarılmasına əsas olmuş Şahbuz Rayon Daylaqlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 01 iyul 2016-cı il tarixli, 06 nömrəli əmrinin ləğv edilməsi tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Məhkəmə hesab edir ki, mübahisələndirilən əmr çıxarıldığı andan iddiaçıya məlum olmuş, iddiaçının əmək kitabçasında bu barədə müvafiq qeyd aparılmış və iddiaçının özünün də qeyd etdiyi kimi mübahisələndirilən əmr 2017-ci il tarixdə iddiaçıya təqdim edilmişdir. İddiaçı həmin əmri əldə etsə də, qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları ən əhəmiyyətli prosessual vasitələrdən biri də iddia müddətidir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə görə təbii fəlakət və digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə qeyd edir ki, yuxarıda istinad olunan normalarda nəzərdə tutulmuş qaydalar inzibati idarəçilikdə hüquqi müəyyənliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi, eyni zamanda hüquqi sabitlik və ədalət prinsiplərinin uzlaşması məqsədlərinə xidmət edir. Belə ki, bir tərəfdən hüquqi müəyyənlik və ya hüquqi sabitlik prinsipi mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edirsə, digər tərəfdən ədalət prinsipi müddətin üzrlü səbəblərdən buraxıldığı hallarda, şəxsin ilkin hüquqi vəziyyətin bərpa olunması imkanı ilə təmin olunmasını tələb edir. Bundan əlavə, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Bu baxımdan müddətlə bağlı tələblərə əməl edilməməsinin riski və bununla bağlı neqativ nəticələr şəxsin məsuliyyət sferasına aid edilməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxs qanunla müəyyən olunmuş müddəti üzrsüz səbəblərdən buraxdığı təqdirdə, ilkin hüquqi vəziyyətin (prosessual müddətin buraxılmasından əvvəlki prosessual vəziyyətin) bərpa olunmasını iddia etməkdə və nəticədə inzibati idarəçilikdə hüquqi müəyyənliyi və sabitliyi təhdid altına almaqda haqlı sayıla bilməz. İlkin hüquqi vəziyyətin bərpa olunması institutu ancaq qanunla müəyyən edilmiş müddətlərin, o cümlədən şikayətin verilməsi müddətinin buraxıldığı hallarda istifadə olunur. Bu zaman müddət buraxan proses iştirakçısına həqiqətən mane olan halların mövcudluğu müəyyən edilməlidir. Buraxılmış prosessual müddətin bərpa edilməsi yalnız o zaman mümkündür ki, müddətin ötürülməsi şəxsin təqsirli davranışına bağlı olmasın. Yuxarıda istinad olunan norma anlamında təqsir dedikdə qəsd və ya kobud ehtiyatsızlıq başa düşülməlidir. Prosessual müddətlərin bərpası ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, qanunla nəzərdə tutulmuş prosessual müddəti bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Bununla bağlı nəzərə almaq lazımdır ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət edilmədiyi kimi, hazırda buraxılmış prosessual müddətin bərpası barədə ərizə də məhkəməyə təqdim edilməmişdir. Bununla da iddiaçının hansı üzrlü səbəblər üzündən məhkəməyə müraciət etmək imkanından məhrum olduğunu müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, iddiaçı imkanı çərçivəsində olmasına rəğmən müddətə riayət olunmasını təmin etmək üçün zəruri və mümkün ehtiyat tədbirlərini də görməmişdir. Bu baxımdan iddiaçının tələbi mümkün sayılaraq hazırkı işdə mahiyyəti üzrə hüquqi dəyərləndirmə aparıla bilməz. “E.Həkimovun şikayəti ilə əlaqədar” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 03 noyabr 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə hesab edir ki, mübahisələndirilən əmr iddiaçıya 2017-ci ildən məlum olsa da, iddiaçı həmin qərarı məhkəmədə mübahisələndirməmişdir. Əmri aldıqdan uzun müddət sonra iddiaçının məhkəməyə müraciət etməsi üzrlü səbəb hesab edilə bilməz. İddiaçı qeyd olunan əmrlə onun hüquqlarının məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda qanunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarının 2.3cü bəndinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinə qarşı “Şahbuz Rayon Daylaqlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 01 iyul 2016-cı il tarixli, 06 nömrəli əmrinin ləğv edilərək onun işə yenidən bərpa olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3, 80, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı cavabdeh Şahbuz Rayon İcra Hakimiyyətinə qarşı “Şahbuz Rayon Daylaqlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 01 iyul 2016-cı il tarixli, 06 nömrəli əmrinin ləğv edilərək onun işə yenidən bərpa olunmağı öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi”nə dair iddiası mümkün sayılmasın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər. SƏDRLİK EDƏN: HİCRAN MURADOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar